Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Saakaşvili Ərdoğanı göylərə qaldırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Türkiyə KİV-lərinə müsahibə verib. Saakaşvili Rusiyanın Türkiyə məhsullarına embarqo qoymasının Moskvaya zərər etdiyini bildirib. O, Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi olduğunu da vurğulayıb.
Saakaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxından tanıdığını və onunla birgə işlədiyini bildirib. “Ərdoğan mənim üçün ilham qaynağı olub. Çox yaxşı bir dostdur. Ərdoğan sadə vətəndaşları çox düşünürdü və mənim fikrimcə onun seçkilərdə bir neçə dəfə qalib gəlməsinin səbəbi budur. O, böyük siyasi işlər görür. Əgər Ərdoğan bir vəd verdisə, nə olursa olsun o sözünün arxasında duracaq. O yalnız yeni Türkiyənin qurucusu deyil, eyni zamanda yeni bölgənin memarıdır. Gürcüstanı Ərdoğansız inşa etmək mümkün olmazdı. Ərdoğan olmasaydı Yaxın Şərqdə bir çox məsələ indikindən daha pis olardı. Mən onun ən böyük heyranıyam. Dünyanın Ərdoğan kimi insanlara ehtiyacı var. Ərdoğanın fərqli fikirləri bir neçə dəfə dünya liderleri tərəfindən tənqid olunsa da, sonradan görüldü ki, o, haqlıdır”. (modern.az)

Obama Avropa liderlərinə çağırış etdi

ABŞ prezidenti: “Dünyaya güclü və birləşmiş Avropa gərəkdir”

ABŞ prezidenti Barak Obama aprelin 25-də Hanoverə səfəri zamanı Avropanı birliyə çağırıb. O Hanoverdə açılan sənaye yarmarkasında çıxış edərkən deyib ki, dünyaya güclü və birləşmiş Avropa gərəkdir.
Obama həmçinin bütün NATO üzvlərini bu alyansa verməli olduqları payı tam ödəməyə çağırıb. O deyib ki, iyulda keçiriləcək Varşava sammitində bütün üzv ölkələrin təhlükəsizliklə bağlı üzərlərinə məsuliyyət götürmələrini təkid edəcək. ABŞ prezidenti həmçinin Avropa liderlərini Minsk razılaşmasını yerinə yetirməyincə Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb. Obama deyib ki, Rusiyanın təcavüzü müstəqil Avropa dövləti olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü kobud şəkildə pozur.
Qeyd edək ki, Rusiyaya qarşı bu sanksiyalar 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Braziliya oğurluq pulları ölkəyə qaytardı

Yayındırılmış vəsaitlər əsasən İsveçrə banklarına yatırılıb

Braziliya bəyan edib ki, korrupsiyalı rəsmilər, siyasətçilər və biznesmenlər tərəfindən xarici bank hesablarına ötürülmüş 125 milyon dollar pulu dövlət xəzinəsinə qaytara bilib. Ədliyyə Nazirliyi bildirir ki, bu, bundan əvvəlki onillik ərzində ölkəyə qaytarılmış oğurluq korrupsiya pullarından 8 dəfə böyük məbləğdir.
Rəsmilər deyirlər ki, onların şübhəlilərlə sövdələşmələri və danışıqları pulların qaytarılmasında əsas rol oynayıb. Bu pulların böyük bir qisminin Petrobras dövlət neft şirkətindən yayındırılaraq xarici bank hesablarına oturdulduğu bildirilir. Gizli kod adı “Maşınyuma əməliyyatı” (Operation Car Wash ) olan əməliyyatın gedişində onlarca siyasətçi və şirkət başçısı ya həbs edilmiş, ya da şübhəli kimi nəzarət altına alınmışdı. Müstəntiqlər deyirlər ki, yayındırılmış pulların bir qismindən rüşvətlərin verilməsi və seçki kampaniyaları üçün istifadə edilirmiş.
Portuqal dilli Folha de S.Paulo qəzeti müqayisə üçün yazır ki, 2005-2014-cü illər arasında ölkədən oğurlanmış pulların yalnız 15 milyon dollarını “repatriasiya” etmək mümkün olmuşdu.
2015-ci ildə xarici bank hesablarındakı oğurluq pulun 95 milyonu “Maşınyuma” əməliyyatı nəticəsində qaytarılıb. Ölkə xəzinəsindən yayındırılmış pulların əsasən İsveçrə banklarında müxtəlif hesablara yatırıldığı bəlli olub.
11 terror hücumunu Səudiyyə Ərəbistanı təşkil edib?

Ağ Evdə saxlanılan 28 səhifəlik məxfi sənəd ictimaiyyətə təqdim oluna bilər

Krallıq bu addım atılacağı təqdirdə ABŞ-dan 750 milyard dollarlıq investisiyasını çəkəcəyini açıqlayıb

“The İndependent” qəzetinin müxbiri Kim Sengupta yazıb ki, Vaşinqtondakı Kapitoli binasının bir otağında saxlanan 28 səhifəlik hesabat ABŞ və onun Yaxın Şərq müttəfiqi Səudiyyə Ərəbistanı arasındakı gərginliyi tarıma çəkib. Səudiyyə Ərəbistanının rəsmiləri bəyan ediblər ki, əgər bu sənədlər ictimaiyyət üçün açılsa, onda ABŞ-ı buna görə sonu bəlli olmayan nəticələr gözləyə bilər.
Hazırda ABŞ Konqresi bu 28 səhifənin açılmasına imkan verəcək qanun layihəsinin müzakirəsinə hazırlaşır. Məqsəd 2001-ci ilin 11 sentyabrında törədilmiş terror aktları qurbanlarının Səudiyyə Ərəbistanını məhkəməyə verə bilməsidir.
Bir sıra rəsmilər və siyasətçilər iddia edirlər ki, sözü gedən sənəd Əl-Kiadənin Nyu-York və Vaşinqton üzərinə etdiyi terror aktlarının Səudiyyə hökuməti ilə bağlılığını üzə çıxara bilər.
“The İndependent” yazır ki, Səudiyyə bu hesabatın açılmasından son dərəcə ehtiyat edir və əgər bu baş verərsə, ABŞ iqtisadiyyatına qoyulmuş 750 milyard dollarlıq investisiyanı geri götürəcəyi ilə hədələyir.
Əslində sözü gedən 28 səhifə tam hesabatın “Bir sıra həssas məsələlərə dair faktlar, müzakirələr və mülahizələr” adlı fəslini təşkil edir. 3 min nəfərin ölümü ilə nəticələnmiş terror aktlarına dair araşdırmanı Birləşmiş Konqres Təhqiqatı Komissiyası aparıb.

Nyu-York meri səudların çekini cırıb

“The İndependent” yazır ki, keçmiş prezident George W Bush bu sənədlərin nəşrinin Amerikanın milli təhlükəsizlik maraqlarına zərbə vuracağını və terrora qarşı müharibəni zəiflədəcəyini bildirmişdi.

Lakin müxbir Sengupta yazır ki, 28 səhifənin cidd-cəhdlə məxfi saxlanması və bu məxfilik ətrafında mübahisələrin davam etməsi bir çoxlarını sənəddə həqiqətən də ciddi iddialar ola biləcəyinə inandırır.

Məhz buna görə də konqresmen və senatorlar bir-birinin ardınca məxfi sənədin açılmasına çağırırlar. Belə bir tələblə, ən son çıxış edən, terror hücumu baş verərkən Nyu-Yorkun meri olmuş Rudi Guliani olub. Guliani iddia edib ki, Səudiyyə şahzadələrindən biri bu məsələdə diqqətin krallıqdan yayındırılması məqsədilə ona 10 milyon dollarlıq çek verib. Keçmiş mer bildirir ki, çeki cırdıqdan sonra onu verənə qaytarıb.

“Mən dedim ki, o, öz pulu ilə rədd olub cəhənnəmdə yana bilər. Amerika xalqı Səudiyyənin bu basqınlardakı rolu barədə məlumata malik olmalıdır. Biz sevdiyimiz insanları kimin qətlə yetirdiyini və ya kimin bizim hamımızı qətlə yetirmək istədiyini bilmək haqqına sahibik” – deyib Guliani. Ötən bazar Ağ Ev rəsmilərinin anonim şəkildə bildirdiklərinə görə, bu 28 səhifədən ən azı bəziləri açıqlanacaq. Ümumilikdə isə Ağ Ev hesabatın ictimailəşdirilməsinin əleyhinədir.

19 təyyarə qaçıran

Bu arada Senatın kəşfiyyat komitəsinin keçmiş sədri, demokrat senator Bob Graham inandığını bildirib ki, Səudiyyə Ərəbistanı 11 sentyabr hücumlarında ən yüksək səviyyədə iştirak edib.
O deyib: “Ən mühüm sual bundan ibarətdir ki, bu 19 nəfər təyyarə qaçıran yaxşı hazırlanmış 11 sentyabr qəsdini təkbaşınamı həyata keçiriblər, yoxsa onları dəstəkləyənlər olub? Belə bir sual da var ki, onlara belə bir dəstəyi ən böyük ehtimalla kim verə bilərdi? Məncə bütün dəlillər bunun Səudiyyə Ərəbistanı olduğunu göstərir”.

Senator deyib ki, onun ehtimalına görə 11 sentyabr hücumlarına birbaşa dəstək “krallığın ən yüksək hakimiyyət eşalonlarından” gəlib.

“The İndependent” yazır ki, bu sənədləri gözləri ilə görmüş iki konqresmen onların məxfiliyinin qaldırılması üçün qanunvericilik təşəbbüsünü irəli sürüblər.

Massaçusettsdən olan demokrat Stephen Lynç iddia edir ki, 2001-ci il terror basqınlarının arxasında “bir sıra səudiyyəlilərin” dayandığına dair sübutlar mövcuddur.

Respublikaçı Valter Cones deyib ki, o, Corc Buşun bu sənədlərin nəşr edilməsinə qarşı niyə çıxdığını başa düşür, çünki burada söhbət Buş administrasiyasının Səudiyyə Ərəbistanı ilə əlaqələrindən gedir.
“The İndependent” yazır ki, şübhələrin ultra-mühafizəkar krallığın üzərinə düşməsi Ər-Riyadın bir sıra zorakı islamçı qrupları maliyyələşdirməsindən qaynaqlanır. Bu iddialara son zamanlar Səudiyyənin Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən ən zorakı ekstremist qruplaşmaları pul və silahla təchiz etdiyinə dair ittihamlar da əlavə olunub.

Kral vəhhabilərdən qorxur

“The İndependent” yazır ki, İslamın hazırkı mühafizəkar və qəddar sünni doktrinası 1992-ci ildən bəri Səudiyyədən şüalandırılan vəhhabilikdir. Sengupta yazır ki, vəhhabi ruhani liderlər özlərinə ölkənin daxilində və xaricində aparılan siyasətdə aparıcı rollar verilməzsə, kral ailəsini devirəcəkləri ilə hədələyirlər.

Məqalədə bu da qeyd olunur ki, bu sayaq təzyiqə tab gətirməyən kral ailəsi vəhhabilərin hegemon rola malik olduqları İslami İşlər Nazirliyinin yaradılmasına razı olub.

Gələcəkdə Səudiyyə Ərəbistanına qarşı irəli sürülə biləcək məhkəmə iddialarının da ana xəttini 11 sentyabr hücumları ilə məhz bu nazirliyin əlaqələrinə dair iddialar təşkil edir.

Cənab Gulianinin bir Səudiyyə şahzadəsinin ona rüşvət verməyə cəhd göstərməsi barədə bəyanatından bir gün əvvəl Əl-Kaida ilə əlaqəsi olan Qassan əş-Şərbiyəyə aid aviasiya dərsləri şəhadətnaməsinin Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyinin sənədləri arasından tapılması barədə xəbərlər yayılmışdı.

Bu uçuş şəhadətnaməsi başqa sənədlərlə birlikdə əş-Şərbi 2002-ci ildə Pakistanda həbs olunduqdan sonra səfirlikdəki sənədlərin arasından çıxmışdı. 11 sentyabr hücumlarında birbaşa iştirakı olmayan əş-Şərbi o vaxtdan bəri Quantanamoda saxlanır.

“The İndependent” yazır ki, 11 sentyabr qurbanları üçün vəkillərin məhkəməyə təqdim etdikləri iddialarda bu vaxtadək şahzadə Hayfanın verdiyi pullardan San Diegodakı iki təyyarə qaçıranın istifadə etdiyi barədə mülahizələr əsas yer tuturdu.

Lakin FTB qətiyyətlə bildirir ki, kral ailəsi ilə 11 sentyabr terror basqınları arasında əlaqəni göstərən heç bir sübutlar yoxdur.

Buşun əmisi

Məqalədə deyilir ki, bundan sonra Bəndərin xanımı Hayfanın bank hesabları ilə bağlı qalmaqal yaranmışdı. O, çirkli pulların yuyulmasında şübhəli bilinirdi. FTB bir sıra tanınmış səudun Bəndərlə şərikli bank hesabları olduğunu da aşkar etmişdi.

“The İndependent” yazır ki, sözü gedən Riggs Bankda baş direktorlardan biri Corc Buşun əmisi Conathan Buş idi. Əmisi Buşa onun ilk neft şirkəti Arbusto üçün investorların tapılmasında kömək etmişdi. Conathan Buş qardaşı oğlunun 2000-ci ildəki prezident seçkisi kampaniyasında əsas fond toplayanlardan biri idi.

2004-cü ildə Riggs Bank çirkli pullar barədə qanunu pozduğuna görə 25 milyon dollar cərimə olunmuşdu. Bank həmçinin Çili diktatoru Augusto Pinochetin gizlətdiyi pullardan onun diktaturasının qurbanlarına təzminat kimi 9 milyon dollar ödəməyə məcbur edilmişdi. Pinochetin pullarının Britaniyadan çıxarılmasını məhz Riggs Bank təşkil etmişdi.

2005-ci ildə bank PNC Financial Services şirkəti tərəfindən alınmış və onun ziddiyyətli səfirlik hesabları biznesi ləğv edilmişdi. (BBC azeri)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Filippində terrorçular Kanada vətəndaşını edam ediblər

%d bloqqer bunu bəyənir: