Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəhidə ayrılan pullar “yeyildi” – Vəzifəli şəxslərin 11 minlik dələduzluğu

mustafaBərdə rayonunun Mustafaağalı kəndində yaşayan Muradovlar ailəsinin cəbhədə düşmən tərəfindən öldürülən oğlu şəhid statusundan məhrum edilib.

Bu barədə Aznews.az-a şəhid anası Əsli Muradova məlumat verib. Onun sözlərinə görə, 1995-ci ilin iyulunda hərbi xidmətə çağırılan oğlu Mübariz Muradov həmin ilin dekabr ayında şəhid olub: “Xidmətdə olduğu aylar ərzində bir gün olsun belə hospitalda olmayıb. Murovdağda ön mövqedə xidmətə cəlb olunub. 1995-ci ilin 27 dekabrında isə əsgərlikdən cənazəsini gətiriblər. Hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin səlahiyyətliləri “oğlunuz şəhiddir” deyə mənə təskinlik verirdilər. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilib və bizə Bərdə Rayon İcra Hakimiyyətindən şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi verilib”.

Həyat yoldaşını da itirən 9 uşaq anası Ə.Muradova 2008-ci ildə ailəsinin “şəhid” statusundan məhrum edildiyini deyir: “Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi bizə şəhid ailəsi kimi verilən təqaüdü kəsdi. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlığa müraciət etdik. Onlar şəhid statusu barədə arayış tələb etdilər. Hərbi Komissarlığa müraciət etsəm də oğlumun şəhid olmasını təsdiq edən arayış ala bilmədim. Şəhidlik statusu almaq üçün məhkəməyə müraciət etmək məsləhət görüldü. Hərbi Komissarlıqdan Bərdə Hərbi Komissarlığına və mənə məktub göndərildi. Həmin məktubda da mənim statusla bağlı hərbi komissarlıqdan arayış ala bilmədiyim üçün ailəyə verilən prezident təqaüdünün dayandırıldığı göstərilirdi”.

Şəhid anasının bildirdiyinə görə, Bərdə rayon ƏSMM onun oğluna verilən təqaüdü mənimsəyib:“Oğluma şəhidlik statusu verilməsi üçün 2014-cü ilin noyabrında Bərdə rayon ƏSMM-dən məktub aldım. Hərbi Komissarlıqdan oğlumun şəhid olması barədə arayış istəyirdilər. Yenə də ala bilmədim. 2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də 2008-ci ildən üzü bəri bizə verilən bütün təqaüdlər alınıb”.

Məsələni aydınlaşdırmaq üçün Muradovlar ailəsi ƏSMM-nin direktoruna ərizə ilə müraciət edib:“Ailəmizə ödənilməyən vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət etdik. Bu əsasla Bərdə Rayon Polis Şöbəzində araşdırma başladıldı. İşi aparan müstəntiq A.Mehdiyev təhqiqiatın sonunda işi cinayət əməli kimi qiymətləndirməyərək rədd etdi. Halbuki ortada 11350 manat mənimsəmə faktı var. Bu vəsaiti faktiki olaraq mən ala bilməzdim. Çünki bu pulu almaq üçün Hərbi Komissarlıq mənə istədiyim arayışı verməmişdi”.

Ə.Muradova hadisə ilə bağlı Bərdə rayon Prokurorluğuna müraciət edib. Prokurorluq RPŞ-nin qərarını ləğv edərən yenidən baxılmasını tələb edib. Lakin 2015-ci ilin noyabrın 2-dən başlayan təhqiqatdan hələ də bir xəbər yoxdur.

Ailəsinin haqqını tələb edən ana hazırda Hepatit C virusundan əziyyət çəkir: “Mənə göstərilən bu münasibətdən sonra səhhətimdə problemlər yarandı. Hazırda Hepatit C virusunun daşıyıcısı kimi müalicə alıram, ciddi problemlərim var. Bərdə ƏSSM isə sinəmə çəkilən bala dağının üstündən bir dağ da çəkib, məni yandırdı. Balamın şəhid adını şübhə altına aldı. Hansı mənəviyyata sığar ki, ölən balamın ruhuna hörmətsizlik edib, məni incitsinlər. Mənim balam ölüb, bundan betər dərd olarmı?”

Ana şəhid oğlunun haqqının bərpa edilməsi üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb:“Mən haqsızlığa uğrayan, əzilən, ayaqlanan anayam. Ədalətin olduğuna inanıram. Mən neçə aydır xəstə canımla yollarda qalmışam. Lakin şər və böhtan olan bu biabırçılığa son qoya bilmirəm. Mənə kömək edin, cənab Prezident. Yeyilən, mənimsənilən pulları da utanmadan , qızarmadan mənim üzərimə atırlar”.

Xatırladaq ki, Hesablama Palatası 2014-cü ildə Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirdiyi audit nəticəsində sözügedən qurumda Əsli Muradovanın ailəsinə qarşı edilmiş qanunsuzluqlara oxşar faktlar aşkarlamışdı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit nəticəsində vəzifəli şəxslər tərəfindən ünvanlı dövlət sosial yardımlarının təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilmədən artıq və yardım almaq hüququna malik olmayan şəxslərə əsassız ödənişlərin aparılması, müavinət işi mövcud olmayan şəxslərə heç bir əsas olmadan sosial müavinətlərin və təqaüdlərin təyini və ödənilməsi, bir sıra hallarda eyni aylar üzrə təkrar ödənişlərin aparılması, birdəfəlik müavinətlərin ödənişi zamanı əsassız olaraq artıq vəsaitlərin verilməsi və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinin on ikinci abzasının və prezidentin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim edilməsi qərara alınmışdı.





24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

DSMF Saatlı şöbəsində vətəndaşlara qayğı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: