Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul sərhəddə zay olur

Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif  səbəblərdən geri qaytarılması hallarının sayı artıb. Sonuncu dəfə Rusiya federasiyasına göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə  buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib.  Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına  göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə  təmin olunduqdan sonra ixracına icazə verilir.  Buna görə də geri qaytarılan pomidor məhsullarının  mənşə sertifikatının  düzgün olmaması, yəni dolayısı ilə  məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil. Üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan Respublikası ərazisində mümkün olmadığından  məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda  nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt  tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur.

Komitənin məlumatında həmçinin qeyd olunur ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında Rusiya Federasiyasına pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub. Problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyatı qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə yaranmış problem Rusiyanın cığallıq etməsi ilə əlaqələndirir. Ekspertin virtualaz.org saytına verdiyi məlumata görə, bu məsələnin siyasi motivləri var. Çünki meyvə-tərəvəzin hansı ölkədə istehsal olunduğunu müəyyən etmək çətindir.

“Bizim ölkəmizin iqlimi Türkiyənin iqliminə çox yaxındır. Bizdə Türkiyəyə uyğun sortlar yetişdirilir. Bunu necə müəyyən etmək olar ki, tərəvəz harada istehsal olunub? Ümumiyyətlə, Azərbaycanın özündə fərqli çeşiddə məhsullar çoxdur. Azərbaycanda istehsal olunan bütün məhsulların mənşəyi göstərilir, heç kim sənədsiz məhsul ixrac etmir. Bunu  o məhsullar haqqında demək olar ki, onlar yalnız Türkiyədə istehsal olunur. Amma bu meyvə -tərəvəz həm Azərbaycanda, həm də Türkiyədə istehsal olunur. Ümumiyyətlə, Şəmkirdə istehsal olunan pomidoru Moskva alıcısı çox yaxşı tanıyır. Azərbaycan sahibkarları kifayət qədər məhsul ixrac edə bilir və Türkiyə məhsulunu Rusiyaya aparmağa ehtiyac yoxdur”.

Ekspert hesab edir ki, min tonlarla məhsulun geri qaytarılması kənd təsərrüfatına ciddi ziyan vurur. Ümumiyyətlə, Rusiyanın tez-tez belə cığallıqlar etdiyini deyən V. Məhərrəmovun sözlərinə görə, son vaxtlar təkcə Azərbaycana deyil, Türkiyəyə, Ukraynaya, Avropa ölkələrinə qarşı belə mövqe nümayişini tez-tez görürük. Amma qonşu ölkənin özünü izolyasiya etməsi düzgün deyil.

Ekspert hesab edir ki, vəziyyətdən çıxış yolu müvafiq dövlət strukturlarının Rusiya ilə danışıqlara başlayıb kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracını stabilləşdirməsidir.

 

“Burada diplomatiya öz işini görməlidir. Çünki iqtisadi əlaqələr siyasi əlqələrə bağlıdır. Rusiya ilə siyasi əlaqələri yaxşılaşdırmaq lazımdır. Hökumətlərarası danışıqlar aparılmalıdır. Bundan başqa Azərbaycanlı sahibkarlar Avropa standartlarına uyğun məhsul istehsal etməyə çalışmalıdırlar. Əgər belə məhsul istehsal etsələr, Avropa bazarlarına çıxa bilərlər. Avropa bazarlarına çıxmaq isə bildiyimiz kimi daha dayanıqlıdır”.

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında yaranmış problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə saxladıq, problemi aradan qaldırmaq üçün hansı addımların atıldığını dəqiqləşdirməyə çalışdıq.

Xidmətdən virtualaz.org-a bildirdilər ki, məsələ ilə bağlı rəsmi açıqlama hazırlanır və yaxın saatlarda təqdim olunacaq. Bununla belə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev ötən gün telekanallardan birinə açıqlamasında deyib ki, Azərbaycan tərəfi Rusiya tərəfinin iradları ilə bağlı əks-arqumentlərini hazırlayıb və yaxın günlərdə müvafiq strukturlara rəsmən təqdim olunacaq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

985 saylı marşurutda sürücü qiyamı

%d bloqqer bunu bəyənir: