Loading...
Loading...

Nalbandyan Helsinkidə çıxılmaz vəziyyətə düşdü

Finlandiyaya səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Helsinki Universitetinin Aleksanteri İnstitutunda “Dağlıq Qarabağ münaqişəsi: Son hadisələr” mövzusunda mühazirə ilə çıxış edib.

Azərbaycana qarşı iftiralar və tarixi saxtakarlıqlarla dolu çıxış etməyə üstünlük verən erməni nazir Finlandiya ictimaiyyətinə açıq yalan danışmaqdan belə çəkinməyib. Azərbaycanı etnik təmizləmə, qətliam və hərbi təcavüzdə ittiham edən E.Nalbandyan münaqişənin yaranmasında və həll olunmamasında günahın Azərbaycan tərəfində olduğunu dilə gətirib və “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb, bu torpaqlar o vaxt Stalin tərəfindən Sovet Azərbaycanına birləşdirilib”, – deyə bildirib.

Sonra E.Nalbandyan son vaxtlar təmas xəttində baş verən qarşıdurma ilə bağlı Azərbaycanı ittiham edərək bu hadisələrin yüzlərlə insanın ölümünə gətirib çıxartdığını qeyd edib. O, 4 günlük müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı müstəsna şiddətli güc nümayiş etdirdiyini qeyd edərək Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya Dağlıq Qarabağdakı kəndlərdən birində 92 yaşlı qadın da daxil olmaqla, 3 yaşlı qadının qulaqları kəsilərək öldürüldüyünü, erməni silahlı qüvvələrinin 3 əsgərinin başının kəsildiyini, eyni zamanda, erməni əsgərlərinin cəsədlərinə qarşı vəhşiliklərin törədildiyini bildirib.

Azərbaycanın böyük sayda silahlar almasından və onu erməni tərəfinə qarşı istifadə etməsindən beynəlxalq ictimaiyyətə car çəkən erməni nazir ölkəsinin bu silahların istifadəsi nəticəsində üzləşdiyi ağır fəsadlardan da danışıb və dünya ictimaiyyətini Azərbaycanın təcavüzkar siyasətinin qarşısını almağa çağırıb.
Nalbandyanın yalan, iftira dolu bu çıxışı tədbirdə iştirak edən Azərbaycan diaspor nümayəndələrinin kəskin reaksiyası ilə qarşılaşıb. Diaspor üzvü Fərid Zülfüqarov çıxış edərək Nalbandyanın işlətdiyi Dağlıq Qarabağın sovetlər dönəmində Azərbaycana verilməsi ilə bağlı ifadənin tamamilə yanlış fikir olduğunu vurğulayıb. O bildirib ki, hələ 1918-ci ildə Qafqaz ölkələri öz müstəqilliklərini əldə edərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olub. Nalbandyanın səsləndirdiyi “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ” əslində Dağlıq Qarabağın işğalından başqa bir şey deyil və bu işğal faktı BMT və Avropa Parlamentinin müvafiq qətnamələri ilə tanınır. Diaspor üzvü Ermənistanın paradoksal bəyanatlar səsləndirməsini, bir tərəfdən münaqişəni sülh yolu ilə həll etmək istədiklərini, digər tərəfdən isə Serj Sarkisyanın Bloomberg-ə verdiyi müsahibəsinə istinad edərək danışıqlar prosesindən çəkilməsini necə qiymətləndirdiyini və əgər Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, niyə bu ölkənin rəhbərliyi həmişə Minsk qrupunun, digər dövlətlərin və beynəlxalq qurumlarım təklif etdiyi həll yollarından imtina etdiyini soruşub.

F.Zülfüqarovun azərbaycanlı tələbə olduğunu bildikdən sonra E.Nalbandyan sualdan yayınaraq dünyanın müxtəlif yerlərində keçirdiyi mühazirələrdə Azərbaycan səfirlikləri tərəfindən hazırlanmış bu şəkildə “mənasız” suallarla qarşılaşdığını dilə gətirib.

Sonra Aalto Universitetinin tədqiqatçısı Karhan Özdenkçi Xocalı soyqırımını xatırladaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox insanın, uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə açıqlama verilməsini, o cümlədən Ermine Nagdalyanın Ermənistan parlamentində söylədiyi “Dağlıq Qarabağ Ermənistana aid deyil və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir” fikrinə münasibət bildirilməsini istəyib.

Suala cavab verən E.Nalbandyan azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının belə Azərbaycan tərəfindən həyata keçirildiyini, Ermine Nagdalyanın fikirlərinin isə təhrif olunduğunu söyləməkdən çəkinməyib. Tədbir iştirakçıları tərəfindən münaqişə ilə bağlı bir sıra digər sualları cavablandıran Nalbandyan utanmadan Azərbaycan tərəfindən təcavüzkar siyasətin həyata keçirildiyini və bunun regionun təhlükəsizliyi üçün hədə olduğunu deyib.(anspress.com)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Bütün istiqamətlərdə atəşkəs pozuldu

%d bloqqer bunu bəyənir: