Loading...
Loading...

“Rus ayısının oyunu sülhməramlı qüvvələr adı altında Rusiya əsgərini təmas xəttinə yeritməkdir”

Sülhəddin Əkbər: Postsovet məkanında geosiyasi qarşıdurma son mərhələyə daxil olub

Milli Təhlükəsizlik nazirinin sabiq I müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər 24saat.org-un suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Partiyanızın dövlət qeydiyyatına alınması üçün aparılan işlərlə bağlı yenilik varmı?

– Bildiyiniz kimi Ədliyyə Nazirliyi partiyanı dövlət qeydiyyatına almaqdan imtina etdi. Bundan sonra biz qeydə alınmaq üçün hüquqi müstəvidə mübarizəyə başladıq. Artıq hüquqi müstəvidə mübarizəmizi başa vurmuşuq. Ali Məhkəmədə iki proses – Ali instansiya da, Ədliyyə Nazirliyinin mövqeyini müdafiə etdi. Hazırda biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət hazırlayırıq. Yəqin ki, yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik.

– Yəni bu problemi ölkə daxilində həll etmək mümkün olmadı?

– Olmadı. Biz Azərbaycanda bütün məhkəmə instansiyalarını keçdik. İki aya yaxın müddətdə gözlədik. Həm mənim, həm də partiyanın mövqeyi belə idi ki, Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək zorunda qalmayaq. Bu, bizim üçün mənəvi-psixoloji diskomfort yaradan məqamdır. Xüsusilə, mənim kimi istiqlalçı millət vəkili olan şəxs üçün. Bu mövqeyimi məhkəmə prosesi zamanı da qeyd etdim. Təəssüflər olsun ki, Azərbaycan hökuməti yanlış mövqeyindən geri durmaq niyyətində deyil. Ona görə də, biz məcbur qalıb Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.

– Sədri olduğunuz partiyanın fəaliyyəti varmı?

– Partiya öz nizamnaməsinə uyğun olaraq normal fəaliyyətini davam etdirir. Xüsusilə, partiya rəhbərliyi daima toplaşır, müzakirələr aparır. Bəzi rayon təşkilatları passiv durumdadır. Ancaq bir çox rayon təşkilatlarımızın konfransları keçirildi, bu proses hazırda davam edir. Partiya rəhbərliyi hər həftə toplanır, ölkədə gedən ictimai-siyasi proseslərdə iştirak edirik. Bir sözlə, mövcud vəziyyətə adekvat olaraq fəaliyyətimizi davam etdiririk. O ayrı məsələdir ki, ölkədə ictimai-siyasi passivlik hökm sürür.

– Ancaq siz nə Milli Şurada, nə Anti-böhran Koalisiyasında, nə də “Azadlıq” Siyasi Partiyaların Məşvərət Məclisində təmsil olunmursunuz. Buna səbəb nədir?

– Bizim siyasi analizimizə göstərir ki, Azərbaycanda yeni iqtisadi-siyasi şərait yaranıb. Yeni şəraitin öz yeni müxalifəti formalaşmalıdır. Biz bu prosesi gözləyirik. Yəni Azərbaycanda növbəti siyasi inkişaf mərhələsi keyfiyyətcə yeni qüvvələrin ortaya çıxmasını tələb edir. Azərbaycanda demokratik proseslərin inkişafı üçün milli burjuaziyanın siyasi səhnəyə çıxmasına ehtiyac var. Milli burjuaziya özlərinin siyasi qüvvəsini də yarada bilərlər, hər hansı siyasi qüvvəyə dəstək də verə bilər. Amma bu gələcəyin işidir. Bizim təhlilimizə əsasən bu proses bir qədər yubansa da, əvvəl-axır baş verəcək. Çünki Azərbaycanın sosial-iqtisadi inkişafı, regionda proseslərin istiqaməti buna doğru gedir.

– Aprelin əvvəlində cəbhədə hərbi qarşıdurma oldu, bu ay isə Vyanada danışıqlar prosesi başladı, Qarabağ konfliktinin həllinə dair razılıqların olması haqda fikirlər səsləndirildi. Siz, bu prosesi necə şərh edirsiniz?

– Bizim qiymətləndirmə budur ki, postsovet məkanında geosiyasi qarşıdurma son mərhələyə daxil olub. Bu Azərbaycan ətrafında, eləcədə Cənubi Qafqazda vəziyyətin kəskinləşməsinə təsir göstərir. Geopolitik vəziyyətin kəskinləşməsi hərbi-siyasi vəziyyətində kəskinləşməsinə səbəb olub. Hərbi-siyasi vəziyyətin kəskinləşməsi də, öz növbəsində regional konfliktlər zonasında ortaya çıxır. ABŞ-NATO və Rusiya qarşıdurması bu gün əsasən iki xətt üzrə gedir. Birincisi, şimal-cənub xətti üzrə. Bu Baltik-Qara dəniz xəttidir. İkincisi isə GUAM xətti üzrədir. Başqa sözlə, qarşıdurma şimaldan cənuba Baltik Qara dəniz üzrə, qərbdən şərqə isə GUAM xətti üzrə baş verir. GUAM xətti üzrə isə Gürcüstanda, Ukraynada, Moldovada və Azərbaycanda bildiyiniz kimi Rusiya tərəfindən yaradılan konfliktlər var. Qarşıdurma kəskinləşdiyinə görə, konflikt zonasında vəziyyətə təsir edir. Məhz bunun nəticəsidir ki, apreldən başlayaraq Azərbaycan-Ermənistan münaqişəsi zonasında durum pisləşib. Son hadisələrin konkret səbəbkarı Rusiyadır. Rusiyanın istəyi Azərbaycan vasitəsilə Ermənistanı cəzalandırmaq, İrəvanı “Lavrov” planı deyilən rus planına razı salmaqdır. Bu planın məqsədinə gəldikdə deyim ki, rus ayısının min bir oyunu sülhməramlı qüvvələr adı altında Rusiya sülhməramlılarının münaqişə zonasına-təmas xəttinə yeridilməsidir. 2-5 aprel hadisələri də, birbaşa bununla bağlıdır. Rusiya bir tərəfdən azad dünyaya, xüsusilə ABŞ-a mesaj verdi ki, Azərbaycan və Ermənistan prezidentlərini dəvət edib müzakirələr apara bilərsiniz, ancaq Qarabağ probleminin həlli mənim əlimdədir. İstənilən vaxt atəşkəsi poza, istənilən vaxt təmas xəttində sakitliyi yarada bilərəm. Yəni burada konfliktin həlli ilə bağlı danışmaq istəyirsinizsə, ancaq Kreml ilə danışmalısınız. Başqa sözlə, rəsmi İrəvan burada əsas söz sahibi deyil.

– Sizcə, aprel hadisələrindən sonra “Lavrov planı” işə düşüb?

– Hələlik bu planın baş tutduğu görünmür. Çünki Ermənistanın daxilində də ciddi müqavimət hiss edilir. Hətta 5 rayonun Azərbaycana qaytarılması müqabilində Ermənistan Rusiya sülhməramlılarının regiona gəlməsinə razılıq versə, bu düşmən ölkədə ictimai-siyasi sabitliyin pozulmasına səbəb ola və bu hakimiyyət dəyişikliyinə qədər inkişaf edə bilər. Odur ki, Ermənistan rəhbərliyi bu addımı atmaqdan çəkinir. Başqa sözlə, Ermənistan üçün bu qərarın qəbulu elədə asan məsələ deyil. Bu mənada Azərbaycan rəhbərliyi taktiki baxımdan əlverişli vəziyyətdədir. Çünki Azərbaycan tərəfi deyir ki, siz Ermənistanı buna razı salın. Bu gün əsas təzyiqlər əsasən Ermənistana yönəlib. Əgər Ermənistan hakimiyyəti 5 rayonun Azərbaycana qaytarılması müqabilində təmas xəttinə rus sülhməramlıların gəlişinə razılıq verərsə, bu zaman Rusiyanın təzyiqlər Azərbaycana yönələcək.

– Yəni strateji  baxımdan “Lavrov planı”  və ya Rusiyanın Qarabağa dair məqsədləri Azərbaycanın xeyrinə deyil?

– Birincisi yaranan vəziyyətdən Azərbaycan hakimiyyəti taktiki maraqları üçün istifadə edir. Özünüzdə gördünüz ki, bəzi yüksəkliklərin geri qaytarılması hakimiyyətin cəmiyyətdə mövqeyini xeyli möhkəmlətdi. Baxmayaraq ki, cəmiyyətdə xeyli sosial-iqtisadi böhran vəziyyət mövcud idi, hökumət bundan dərin narahatlıq keçirirdi. Digər tərəfdən cəmiyyətin fikrini yayındırmaq, habelə mövqelərini gücləndirmək baxımından hakimiyyətin əlinə fürsət düşmüşdü və bundan yararlandı. İkincisi, təbii ki, Azərbaycanın milli maraqlarına uyğun vəziyyət də yaranmışdı. Azərbaycan ordusu və dövləti də bundan istifadə etdi. Cəmiyyətdə orduya inam, yüksək vətənpərvərlik ab-havası yarandı. Yəni taktiki baxımdan bu vəziyyət həm hakimiyyət elitasının maraqlarına uyğundur, həm də milli maraqlarına. Lakin bu taktiki xarakter daşıyır və uzunmüddətli olmayacaq.

 

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycanla aramızda heç vaxt əyrilik ola bilməz – Jirinovski

%d bloqqer bunu bəyənir: