Loading...
Loading...

Ramiz Mehdiyevin bizə göstərmək istədiyi “əjdaha”

Azərbaycanda salamat nə qalıb ki, Qərb institutlarının dağıtmasından qorxaq?

PA rəhbəri Ramiz Mehdiyevin “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” başlıqlı məqaləsi hələ də müzakirə mövzusudur. Biz də ötən yazılarımızda məlum məqaləylə bağlı müəyyən şərhlərimizi vermişdik.

Ilk baxışdan bu məqalə daha çox hakimiyyətdaxili ziddiyyətlərin təzahürü kimi görünürdü. Çünki, hökumətin ağır maliyyə böhranı yaşadığı, Qərbin maliyyə institutları ilə əməkdaşlığın zərurətə çevrildiyi və Ilham Əliyevin bu istiqamətdə müəyyən cəhdlərinin olduğu vaxtda anti-Qərb təbliğatının yenidən start götürməsi ciddi ziddiyyətdən xəbər verirdi. Amma sonrakı mərhələdə “Azərbaycan”, “Yeni Azərbaycan” kimi qəzetlərin bu məqaləni tam şəkildə tirajlamsı onu göstərdi ki, Mehdiyevin məqaləsi ümumi siyasətin yetişdirdiyi meyvədir. O zaman aydın olur ki, Ilham Əliyevin alovlu bəyanatları, Qərblə əməkdaşlıqda maraqlı olduğunu ifadə etməsi görüntüdür, manevrdir. Ya da ki, Ramiz Mehdiyev məqalədəki mövqeyində haqlı olduğunu ümumi komandaya yenidən qəbul etdirə bilib və ağsaqqlla həmrəylik təmin olunub.

Amma bu yazıda toxunmaq istədiyimiz əsas məsələ Ramiz Mehdiyevin məqaləsindəki arqumentlərin real faktlar qarşısında gücsüz olduğunu sübut etməkdir.

Məlum məqalədə müəllif sitatlardan geniş şəkildə yararlanıb.  Qərb mütəfəkkirlərindən, Şərq filosoflarından, yazılı mənbələrdən sitatlar gətirir, bu sitatlarla mövqeyini gücləndirməyə çalışır. Bir sözlə, Mo-Tsızıdan başlayıb, Hantinqtonda qurtarmaqla, “böyük mütəfəkkirlər də mənim haqlı olduğumu təsdiqləyirlər” mesajı verir.

Müəllif daha sonra yazır: “Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları dövlətlərin suverenliyinin aradan qaldırılmasında böyük rol oynayır, ölkələrin iqtisadiyyatı üzərində öz nəzarətini hər vasitə ilə möhkəmləndirirlər. Onların həyata keçirdiyi siyasət ölkələrin milli iqtisadiyatını zəiflədir, əhalinin sosial durumunu pisləşdirir”.

Bu qədər izahatlardan, bu qədər sitatlardan sonra əsaslı bir sual meydana çıxır: Bəs, siz nə təklif edirsiniz, sizin alternativiniz nədir, yürütdüyünüz siyasət ölkəyə hansı töhfələri verib?

Ramiz Mehdiyev deyir ki, Qərbin maliyyə Institutları iqtisadiyyatları çökdürür, əhalinin sosial durumunu pisləşdirir. Biz isə deyirik ki, bütün bunları həyata keçirmək üçün Qərbin institutlarına ehtiyac yoxdur. Çünki, mövcud hakimiyyət uzun illər ərzində bu “missiya”nı yerinə yetirib. Yəni ölkəni bundan da pis vəziyyətə salmaq mümkündür?

Faktiki olaraq iqtisadiyyatımız neftdən asılıdır və neft erası da bitməkdədir. Bütün sahələr iri məmurların inhisarındadır. Rəsmi məlumatlar da təsdiqləyir ki, bütün iqtisadi göstəricilər sürətlə aşağı düşür. Bu ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoruna sərmayə qoyuluşu 73%, kənd təsərrüfatına sərmayə qoyuluşu təqribən 4 dəfə azalıb. Ölkədaxili mənbələrdən iqtisadiyyata sərmayə qoyuluşu 51% azalıb. 1994-cü ildə adambaşına düşən xarici borc 9 dollar idisə, 2016-cı ildə bu borc 750 dollardan artıqdı. Əhalinin bütün zəruri ehtiyacları idxalın hesabına ödənilir. Ölkəyə yüz milyardlarla neft pulu gəlsə də dövlət büdcəsi cəmi 15 milyarddır və varlı ölkənin hökuməti dünyadan pul dilənir. Rəsmi araşdırmalara görə, son 15 ildə ölkədən 95 milyard dollar vəsait oğurlanıb, ofşor hesablarda yerləşdirilib.

Göründüyü kimi, ölkə iqtisadiyyatına elə zərbə vurulub ki, Qərb institutlarının böyük planlar qurmasına ehtiyac qalmayıb. Hətta əminliklə demək olar, Qərb istəsə belə Azərbaycan iqtsadiyyatını bu qədər sürətlə çökdürə bilməzdi.

Əhalinin sosial durumuna gəlincə, vəziyyət daha faciəlidi. Rəsmi açıqlamalara görə, ötən ilin müvafiq dövrüylə müqayisədə əhalinin sosial vəziyyəti 38 faiz pisləşib. Əhalinin 2.5 milyon nəfəri kredit borcu ödəyir. Işsizlik və yoxsulluq səviyyəsi sürətlə artır. Heç bir Qərb bankı Azərbaycan vətəndaşına 30-35 faizlə kredit verməzdi, Azərbaycan hökuməti isə bunu “bacardı”. Qərb institutları milli valyutanı 100 faiz devalvasiyaya məruz qoya bilməzdi, Azərbaycan hökuməti bunu da “bacardı”. Yürüdülən siyasət Azərbaycan təhsilini, səhiyyəsini, hüquq ssitemini elə bir eybəcər hala salıb ki, düşmənin bu istiqamətdə hər hansı iş görməsinə ehtiyac qalmayıb. Azərbaycan “intiharlar ölkəsi”nə çevrilib ki, bunu da Avropa, ABŞ hökuməti realaşdıra bilməzdi.

Faktiki olaraq ölkə bir neçə adamın nəzarətinə keçib, şəxsi təsərrüfata çevrilib və böhrandan çıxmaq üçün heç bir real addım atılmır.

Bir sözlə, Ramiz Mehdiyevin böyük məqaləsində təsvir etdiyi “əjdaha”dan qorxmaq lazım deyil. Çünki, ölkəmizdə o əjdahanın yeyə biləcəyi heç nə qalmayıb. Ramiz Mehdiyevin  bəhs etdiyi təhlükə bizi çoxdan yaxalayıb. Azərbaycan xalqının “Qərb bizim iqtisadiyyatımızı ələ keçirər, sosial vəziyyətimizi pisləşdirər” kimi qorxusu yoxdur. Yəni bizmi qorxduğumuz çoxdan başımıza gəlib.

Ona görə də Ramiz Mehdiyev başqa arqument tapmalıdır.

Azadlıq.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qarabağda növbəti müharibənin vaxtı açıqlandı

Loading...
%d bloqqer bunu bəyənir: