Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rahim

“Rahim son vaxtlar “zampolit”dən şikayətlənirdi”

“Rahimin arzusu əsgərliyi başa vurandan sonra qalıb işləmək idi. Gizir olmaq istəyirdi. Niyə ölməliydi ki?!. O, hələ bu orduya, bu müharibəyə əsgər kimi lazım idi”.

Əsgər geyimini sevən Rahim…

Günay Cəbiyeva bu günlərdə hərbi xidmətdə həyatı ilə vidalaşan oğlu Rahim haqqında yana-yana danışır. Uşaqlıqdan əsgər geyiminə maraq göstərən Rahim hərbi xidmətə yollanmazdan əvvəl sənədlərini Naxçıvanski adına hərbi liseyə təqdim etsə də, imtahandan keçə bilmir. Ancaq tezliklə yaşadıqları ünvana gələn çağırış vərəqi gənci sevindirir – uşaqlıqdan arzuladığı əsgər həyatının dadını çıxaracaqdı.

Amma…

Rahim hərbi xidmətə həvəslə yollanır. Hövsandakı hərbi hissədə qulluq edir. Tez-tez anasıyla əlaqə saxlayır. Rabitəçi kimi xidmət etdiyi hərbi hissədəki durumundan ilk vaxtlar razılıq edir. Ancaq bir müddət sonra ananın daim səksəkədə olan qulağı əsgər övladından heç yaxşı xəbərlər almır. Ana danışır:

“Zampolit”ə 200 manatlıq nərd?

“Rahim deyirdi, “ana, bu “zampolit” məni boğaza yığıb. Eləcə deyir, “evdəkilərə de, onu göndərsinlər, bunu göndərsinlər”. Mənə zeytun yığdırır, şəxsi işlərinə buyurur”. Mən də “zampolit”ə 200 manatlıq bir nərd düzəltdirib göndərdim. Sonra bir şəkil çərçivəsi də alıb göndərdim. Ona görə göndərirdim ki, Rahimlə dolansın, uşağı incitməsin. Rahim nümunəvi əsgər idi, gedəndən az sonra manqa komandiri qoymuşdular. Hərbi hissədə hamıdan, hər şeydən razı idi, bircə “zampolit”dən başqa…”.

İş o yerə çatıb ki…

Ana deyir, Rahim son vaxtlar “zampolit”dən daha çox şikayətlənirmiş. Hətta iş o yerə çatıb ki, qohumlar işə qarışıb, hərbi hissə komandirinə zəng vuraraq şikayət ediblər. Bu da nəticə verməyib:

“Rahim zəng vurdu, dedi, “ana, dayı zəng vurandan sonra “zampolit” məni hədələdi, dedi, bir də qohumların komandirə zəng eləsələr, özündən küs”. Rahim dedi, “ana, ya vurub onu öldürəcəyəm, ya da o, məni öldürəcək”.

Qurumdan cavab gəlincə…

Ananın sözlərinə görə, bu ilin oktyabrında Rahimin hospitala yerləşdirildiyini eşidincə, Bakıya gəlib. Hərbi hissədən ona bildiriblər ki, Rahim komaya düşüb. Ana da hospitalda olan oğlunun vəziyyəti ilə bağlı Müdafiə nazirliyinə üz tutub. Ancaq qurumdan cavab gəlincə Rahim keçinib. Ana oğlunun ölümünün əsl səbəbinin ondan gizlədildiyini düşünür:

“Deyirlər, guya anadangəlmə xəstəliyi varmış, “sudurğası” tutub, komaya düşüb. Əvvəla, onu mən böyütmüşəmsə, mənim uşağımda heç bir xəstəlik olmayıb. Onun ta uşaqlıqdan bütün xəstəlik tarixçələrinə baxa bilərsiniz, sağlam olub. İkincisi, lap elə tutaq ki, bunda anadangəlmə “sudurğa” olub, belə xəstəni hərbi xidmətə niyə aparırdılar ki?”.

İş günü olmadığından…

Ananın cavabsız sualları çoxdur. O, Müdafiə nazirliyindən həmin suallara cavab istəyir. Müdafiə nazirliyi isə əsgərin ölümü ilə bağlı daha öncə yazılanlara hələ aydınlıq gətirməyib. İş günü olmadığından, “Qaynar xətt” də bu qurumdan açıqlama ala bilməyib.

Monitorinq göstərir ki…

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) ölkə rəsmi qurumlarının məlumatlarının, media materiallarının monitorinqini aparıb. Bu monitorinqin nəticələrinə görə, bu il sentyabrın 25-dək təhlükəsizlik və müdafiə sektorunda 134 hərbi qulluqçu dünyasını dəyişib. Bunun 105-i döyüş, 29-u isə qeyri-döyüş itkisidir. (azadliq.org)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Milyonlarla insanın inandığı yalan – VİDEOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: