Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rəsmi dövlət qəzeti- Fətullah Gülənə bağlı şəbəkə heç Türkiyədə görmədiyi dəstəyi və himayəni məhz Azərbaycan iqtidarından alıb

24saat.org saytı AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI, Azərbaycanın rəsmi qəzeti olan “Azərbaycan” qəzetində 16 may 2009-cu ildə çap olunan “”Today’s Zaman”ın, onun sahiblərinin erməni sevgisi və Azərbaycana nifrəti haradan qaynaqlanır?” başlıqlı yazını təkrar yayımlayır.

Məlumat üçün bildirək ki, Fətullah Gülən şəbəkəsinin ingilis dilli “Today’s Zaman” qzəetində Azərbaycan və Azərbaycan iqtidarı tənqid edildikdən sonra “Azərbaycan” qəzetində bu yazıya cavab yazılıb. Daha sonra qəzetin internet versiyasından silinən yazıda müəllif iddia edir ki, Fətullah Gülənə bağlı şəbəkə heç Türkiyədə görmədiyi dəstəyi və himayəni məhz Azərbaycan iqtidarından və xalqından alıb, həmişə güzəştlə üzləşib!

***

“Today’s Zaman”ın, onun sahiblərinin erməni sevgisi və Azərbaycana nifrəti haradan qaynaqlanır?”

Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın, dost olan digər ölkələr tapmaq çətindir. Beynəlxalq siyasətin əsas prinsipi budur ki, dövlətlərarası münasibətlərdə hər bir ölkə məhz öz maraqlarını və mənafeyini güdməlidir. Lakin bu şərt həmişə Azərbaycan-Türkiyə münasibətlərində istisna təşkil edib.

Türkiyəni hər zaman sevmişik, bu ölkə rəhbərliyinin kim olmasından, hansı mövqe tutmasından asılı olmayaraq, həmişə də sevəcəyik! Bu, əsrlərin sınağından çıxmış bir istəkdir. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını müəyyənləşdirən əsas amil eyni soy-kökə, tarixə, inanca, adət və ənənələrə malik toplumların yeni dünya düzənində birgə olmaq çağırışıdır. Bu baxımdan ötən dövrlərdə və elə bugünümüzdə də əməkdaşlıqda hansısa anlaşılmazlıq yaranırsa, bu, ötüb keçəndir.

Bu gün Türkiyədə baş verən proseslər Azərbaycanda çox həssaslıq və operativliklə izlənilir. Qardaş cümhuriyyətdə son seçkilər və onun nəticələri, məşhur məhkəmə prosesi, ölkədə gərgin ictimai durum, sosial-iqtisadi çətinliklər, terrorçu qruplaşma ilə mübarizə – bir sözlə Türkiyə həyatının bütün çalarları Azərbaycanda diqqətlə izlənilir və qardaşlarımızın uğurlarına sevindiyimiz qədərdə də kədərinə, problemlərinə üzülürük.

Son iki aydır ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı xəbərlər qardaş ölkəni Azərbaycan ictimai fikrində əsas diskussiya predmetinə çevirdi. Erməni lobbisi başda olmaqla bir sıra xarici qüvvələr rəsmi Ankaraya türk düşməni olan terrorçu dövlətlə münasibətləri qurmaqla bağlı təzyiqlər edirdilər. Proseslər bu hadisənin baş verəcəyini istisna da etmirdi. Təbii olaraq bu xəbərlər Azərbaycan xalqında böyük çaşqınlıq yaratdı.

Erməni lobbisinin türk dünyasına qarşı açdığı savaşın hər iki cəbhəsi – həm Qarabağın işğalı, həm də Türkiyənin beynəlxalq miqyasda əsassız iddialarla təklənməsinə yönələn cəhdlər indiyədək birliyimizi alternativsiz seçim etmişdi. Hər iki ölkənin rəhbərliyinin yürütdüyü düzgün, səmərəli əməkdaşlıq xətti Azərbaycanın və Türkiyənin haqq səsini boğmaq istəyənlərə kəskin zərbə olmuşdu, dünya birliyi iradəmizi qəbul etmək zorunda qalmışdı. Vahid düşmənimiz olan ermənilər türk birliyinə xələl gətirmək, qarşılıqlı inamımıza şübhə yaratmaq üçün hər zaman min cildə giriblər. İndi isə havadarlarını da “beynəlxalq ekspertlər”, “xoşməramlı vasitəçilər” və digər qiyafələrdə bəzəyib Azərbaycanla Türkiyə arasında suyu bulandırmağa, gücümüzü təmin edən birliyimizi sarsıtmağa göndəriblər. Sözləri “sərhəd açılsın”, niyyətləri bölgədə təklənmiş Ermənistanın güclənməsi, məqsədləri Türkiyənin müqavimətinin zəifləməsi, hədəfləri isə üfüqdə parlayan ümumtürk birliyini məhv etməkdir. Təəssüf ki, içimizdə də “sapı özümüzdən olan baltalar” kifayət qədər düşmən dəyirmanına su tökmüşdülər, həm Türkiyəni, həm də Azərbaycanı zəiflətmək naminə hər cür rəzalətə, siyasi avantüralara baş vurmuşdular. Bu ürəkağrıdıcı proses özünü qardaş Türkiyədə son illər ərzində daha qabarıq büruzə verdi. Lakin türk xalqı hər dəfə öz müdrikliyini, iradəsini göstərdi və iki dövlət arasındakı qardaşlığa qarşı çıxan qüvvələrə kəskin etirazını nümayiş etdirdi.

Türkiyənin Baş naziri cənab R.T.Ərdoğanın Bakıya bu həftə gerçəkləşən səfəri mövzunu birdəfəlik qapatmağa imkan verdi. Belə ki, hörmətli Baş nazir Qarabağ münaqişəsi həll edilməyənədək sərhədlərin açılmayacağını birmənalı bəyan etdi. Azərbaycan rəsmiləri və ictimaiyyəti bu bəyanatı yetərli saydı.

Amma Türkiyə rəhbərliyinin Bakıda nümayiş etdirdiyi dəstək və tərəfdaşlıq münasibətini, təəssüf ki, qardaş ölkədə cərəyan edən bəzi məqamlar tamamlamır. Son zamanlar Türkiyədə fəallaşan “gözəgörünməz əllər”, əslində isə Türkiyə ilə Azərbaycan arasında gərginliyin yaranmamasından əndişələnən qüvvələr, həm cəmiyyətdə çaşqınlıq yaratmaq, həm də Bakı-Ankara münasibətlərinə kölgə salmaq üçün xüsusi fəaliyyət göstərməyə başlayıblar. Sıralarına jurnalistləri, siyasətçiləri, ziyalıları, hətta deputatları da alan bu dairələr bəzi telekanallarda və qəzetlərdə ölkəmiz barədə iftiralar səsləndirir, Türkiyə-Ermənistan sərhədinin açılmamasını Azərbaycana böyük minnət kimi elan edir və “Azərbaycana belə böyük güzəştə getməyin yersiz” olduğunu ictimai fikrə sırıyırlar. Bu azmış kimi, bəzi mətbuat orqanları Türkiyə və Azərbaycanın strateji seçimləri, hər iki ölkənin mürəkkəb beynəlxalq münasibətlər sistemində özünəlayiq yer tutmaq istiqamətində həyata keçirdiyi siyasəti hədəfə alırlar. Üstəlik, Türkiyənin bəzi mətbuat orqanları ölkəmizə qarşı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin ruhuna zidd, tamamilə böhtan və iftiradan ibarət kampaniya həyata keçirməyə cəhd göstərirlər.

Məsələn, Türkiyənin böyük mediaholdinqi “Zaman” qəzetlər silsiləsinin ingiliscə variantı olan “Today’s Zaman” nəşri xeyli müddətdir pərdəarxası yürütdüyü antiazərbaycan kampaniyasını artıq pərdələmir də! Qəzetin 8 may sayındakı “Şərq tərəfdaşlığı: daha çox üçün çox və ya daha az üçün çox?” sərlövhəli məqalədə müəllif Yeliz Hacıosmanoğlu Avropa İttifaqının bu təşəbbüsünə qoşulan 6 ölkədəki – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Belarusda ictimai-siyasi durumu, demokratik vəziyyəti “şərh” etmək həvəsinə düşüb. Ümumi xarakter daşıyan tənqidi sözlərin arxasınca Gürcüstan, Moldova, Ukrayna və Belarus haqqında bir neçə xırda “irad”lara toxunan “Today’s Zaman”ın yazarı keçir əsas mətləbə – Azərbaycana. Erməni lobbisi Türkiyəni beynəlxalq miqyasda hansı rəzalətlə aşağılayırsa, bu yazar da eyni tərzdə (sanki erməni məktəbi keçib) Azərbaycanı hədəf seçib. Azərbaycanda Konstitusiyaya edilən dəyişiklikləri, ölkədəki demokratik durumu, KİV-in vəziyyətini, polis-vətəndaş münasibətlərini və daha neçə belə mətləbləri qərəz süzgəcindən keçirən müəllif məmləkətimizə “Metsamor reaktivi” kimi püskürür, böhtan yağdırır.

Bu rəzaləti hansısa başqa nəşrdə görsəydik, üstündən keçmək də olardı. Ancaq səhifələrini başdan-başa Türkiyə iqtidarının təbliğinə həsr edən bu qəzetin ölkəmizlə bağlı belə iftira tribunasına çevrilməsi, şübhəsiz ki, yalnız yazarın və nəşrin rəhbərliyinin səhlənkarlığı kimi əsla, dəyərləndirilə bilməz! Bu, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaq istəyən planların tərkib hissəsi, “erməni dəyirmanına su tökən” fəaliyyətin davamıdır!

Sübut? Sübutun sadəcə birini təqdim edək: “Today’s Zaman” qəzeti Azərbaycanı “eninə-boyuna” aşağılasa da, digər 4 ölkəni tənqid etsə də, Ermənistan barəsində bir tək cümlə də yazmayıb! Görəsən, Şərq tərəfdaşlığına qoşulan 6 ölkədən 4-ü barəsində qismən loyal tənqid, Azərbaycan haqqında isə ən şərəfsiz formada böhtan yazan bu qəzetin Ermənistanda dinc mitinqçilərin gülləbaran edilməsindən, yüzlərlə insanın həbsə atılmasından, onlarla siyasi məhbusun mövcudluğundan, jurnalistlərin öldürülməsindən, bütün seçkilərin total saxtakarlıq şəraitində keçirilməsindən və bunun beynəlxalq birlik tərəfindən elan edilməsindən, ən nəhayət, bu terrorçu ölkənin Türkiyənin ən böyük düşməni olmasından həqiqətənmi xəbəri yoxdur?!.

“Today’s Zaman” və onun önündə, arxasında, başında, ayağında dayananlar artıq bütün səmimiyyətlərini, obyektivliklərini itiriblər. Ona görə də bu adamlara Azərbaycanın demokratik irəliləyişlərinin bütün beynəlxalq instansiyalarda etiraf olunmasından, referendumun 500 vebkamera vasitəsilə internetdən canlı izlənilməsindən, səsverməyə beynəlxalq təşkilatların heç bir irad bildirməməsindən, mətbuatda senzuranın nəinki mövcudluğundan, bu nəzarətin 10 ildən artıq müddətdir ki, ləğv edilməsindən və daha digər nailiyyətlərdən danışmağa nə hacət var ki? Onlar artıq “erməni xəstəliyi”nə mübtəla olublar, qatığı qara rəngdə görürlər! Bütun xarici təşkilatlar Ermənistandakı seçkiləri antidemokratik elan edir, amma “Today’s Zaman” bunu görməzliyə vurur, bütün dünya Azərbaycandakı seçkiləri təqdir edir, “Today’s Zaman” isə bunu məqsədli şəkildə təhrif edir. Görəsən, “Today’s Zaman”ın və onun sahiblərinin bu erməni sevgisi və Azərbaycana nifrəti haradan qaynaqlanır?

Erməni aşiqliyinin artıq geniş miqyas aldığı bu qəzet Azərbaycanda dövlət və özəl münasibətlərin birləşməsindən yazır. Rusların yaxşı misalı var: kimin camışı böyürsə də, heç olmasa səninki sussun! Əcəba, “Today’s Zaman”ın tribunası olduğu şəbəkənin iqtisadi qanadlarının Azərbaycanda geniş şəbəkə qurmasına indiyədək kim mane olub?! Bu şirkətlərə iqtisadi güzəştlərdən başqa nə tətbiq olunub? Görəsən, “Zaman”ın türkcəsində, ingiliscəsində, Azərbaycancasında reklam yerləşdirən, bu qəzetləri himayə edən şirkətlərin hansı biri iqtisadi maneə ilə qarşılaşıb? Bəlkə nə vaxtsa “Çağ” Öyrətim və ona bağlı olan “Qafqaz” Universitetinə, məmləkətin bölgələrindəki liseylərinə, kurslarına, mərkəzdə yerləşən ofislərinə, yaxud qazandıqları milyonlara hər hansı təhlükə yaranıb? Bu şəbəkə heç Türkiyədə görmədiyi dəstəyi və himayəni məhz Azərbaycan iqtidarından və xalqından alıb, həmişə güzəştlə üzləşib!

Azərbaycanı açıq şəkildə hətta Afrika ölkələrindən də aşağı səviyyədə görən “Today’s Zaman” qəzeti və onun rəhbərləri, ideoloqları bu sərsəm, əsassız və cəfəng iddialarının məsuliyyətini anlamalıdırlar və nəticə çıxarmalıdırlar!!! Bu şəbəkənin Azərbaycanı sevdiklərini deyən və dövlətimizdən, millətimizdən daim yaxşılıq görən insanlara səmimiyyətlərini sübut etməlidirlər! Yox, əgər onlar Azərbaycana yalnız gəlir qazanma və ideya yayma məkanı kimi baxırlarsa… Hər halda xalqımız adildir və düzgün qərar vermək iqtidarındadır! Dosta dostuq, amma bizdən para qazanıb “erməni dəyirmanına su tökənlərin” dəyirmanlarının üfunətli çarxlarını durdurmağı bacararıq!

Biz, “Today’s Zaman”ın antiazərbaycan mövqeyini ifadə edən məlum yazısının erməni lobbisinin təsiri altında ərsəyə gəlməsinin sübutunu göstərdik. İkinci təsdiqi də oxucuların ixtiyarına veririk: “Today’s Zaman”ın ingiliscə yayımlanan bu qərəzli məqaləsi dərhal Rusiyada xarici mətbuatın icmalını verən internet portalında yerləşdirilib. Çox maraqlıdır, görəsən, indiyədək bu portalda bir dəfə də olsun yazısı dərc edilməyən “Today’s Zaman”ın üzünə gün haradan doğdu ki, birbaşa erməni dairələrinin nəzarətində olan bu icmal saytı ona belə həssaslıqla və həvəslə yer ayırdı, məqalə operativliklə, elə həmin günün səhərisi tərcümə edilib, ön səhifələrdə yerləşdirildi?!.

“Today’s Zaman” məqaləsinin sonunda Azərbaycanla bağlı yekun mövqeyini əsl erməni siyasi ləhcəsi ilə izah edir: “Avropa İttifaqı bu vaxta kimi antidemokratik olan bu ölkələrdə baş verənlərə göz yummağa davam edə bilməz”. Bərəkallah, “Zaman”, “haqqın yolu”nu yaxşı tapmısan: Azərbaycanca nəşrində pafoslu tərifnamələrinlə ətimizi tökürsən, ingilis variantında isə…

Sevindirici haldır ki, Türkiyədə “Today’s Zaman” kimi yolunu azmış mətbuat azlıq təşkil edir. Ermənistanla sərhədlərin açılması məsələsində əksər Türkiyə KİV-ləri qəti mövqe ortaya qoyaraq, bu prosesin nəinki Azərbaycanın maraqlarına, habelə Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyini yazırdılar, həm də Türkiyənin öz mənafelərinə zidd olduğunu bildirirdilər. Həmin günlərdə çoxsaylı Türkiyə televiziya kanalları və qəzetlərinin əməkdaşları Azərbaycanda oldular, məsələnin mahiyyətini öyrəndilər və doğru, dürüst informasiya verdilər. Əlbəttə, onu da qeyd etməliyik ki, Azərbaycan müstəqilliyinin ilk illərində haqq səsini dünyaya yaymaq üçün türk mətbuatının imkanlarından istifadə etdi. Bu dəstəyi böyük şükranlıqla qeyd edirik. Amma əfsuslar ki, Azərbaycan sevgisini könül məsələsinə çevirən dəyərli türk mediasında bəzən “Today’s Zaman” kimi yolunu azanlara da təsadüf olunur.

Bəllidir ki, Türkiyədə əsas media orqanları hansısa maliyyə-iqtisadi holdinqin nəzarətindədir. Bu holdinqlərin başında isə siyasi partiyalara bağlı insanlar, kiminin qardaşı, kürəkəni, kimisinin digər qohumu dayanır. Sifarişlər isə adətən okeanın hər iki tayından gəlir. Anlayırıq, bu sifarişlərin son illərdə ən mühümü türk xalqını Ermənistanla sərhədləri açmağa inandırmaq olub. Lakin nə hoqqadan çıxsalar da, ən yeni təşviqat elementlərindən istifadə etsələr də niyyət alınmadı ki, alınmadı! Qardaş ölkədəki son bələdiyyə seçkilərinin, demək olar ki, elə səhərisi günündən etibarən bəzi media vasitələri Ermənistanla sərhədlərin açılmasının Türkiyənin qurtuluşu olmasını daha yeni metodlarla gündəmə gətirdilər. Televiziya ekranlarında diskussiyalarda, bəzi qəzetlərin az qala səhifələrinin tən yarısında bu məsələnin Türkiyənin maraqları baxımından önəmli olmasını “sübut edən” bəhanələr təqdim edildi.

Məsələn, Azərbaycanın evdar qadınlarının sevimli seriallarını yayımlayan telekanalın xəbər şərhçisi B.Obamanın elə səfəri günü bəyan etdi ki, “Türkiyənin qarşısında böyük şans yaranıb, Baş nazir Ərdoğanın bu şansı əldən buraxması Türkiyənin tarixində böyük eyib olar, biz Amerikanın yanında olmağımızı ona inandırmalıyıq, inandırmaq üçün isə sərhədlərin oktyabrda açılmasını gözləməməli, elə aprelin 24-ü günü bu tarixi dönüşü gerçəkləşdirməliyik”. Bu kanalın maliyyə mənbələrinin hansı ölkə olduğunu və bu mediaholdinqin elə Türkiyənin maraqlarına qarşı da çıxmasını hörmətli cənab Ərdoğan seçkilər ərəfəsindəki ən azı 10 mitinqində bəyan etmişdi. Ermənistanla qardaşlaşmağı təbliğ edən KİV-lərin sırasında digər mediaholdinqlər də xüsusi fəallıq göstərirdilər. Bir qəzet sayında az qala 10 köşə yazarı bu mövzuda fikir bölüşürdü. Televiziyada və qəzetlərdə səslənən əsas mülahizə bu idi ki, Türkiyə iqtidarı xalqın etiraz münasibətinə əhəmiyyət verməməlidir, siyasi reallıqlar xalqın eyforiyasından üstün olmalıdır, türk vətəndaşlarına səhv fikirləşdiklərini sonradan da başa salmaq olar, amma indi qətiyyətli addımlar atılmalıdır!

Türkiyə iqtidarının Ermənistanla sərhədləri Qarabağ münaqişəsi həll ediləndən sonra açacağını deməsi ilə bu qərəzli fəaliyyət yeni mərhələyə qədəm qoyub. İndi bəzi türk qəzet və telekanalları “Azərbaycana belə güzəştə getməyə dəyərdimi”, “axı Qarabağ problemi Azərbaycanın problemidir, biz isə ilk növbədə öz problemlərimizi həll etməliyik” kimi suallar üzərində saatlarla davam edən müzakirələr açır, səhifələrinin böyük bölümünü bu mövzuya həsr edirlər. Azərbaycanla bağlı dezinformasiyalar, tariximizi təhrif edən məqamlar ictimaiyyətə sırınır.

Azərbaycan xalqı, hakimiyyəti, ölkəmizin mediası Türkiyə ilə bağlı bütün məsələlərə həssas yanaşır, qardaş ölkənin hər bir problemini öz problemi kimi qəbul edir. Sadə Azərbaycan vətəndaşı hər hansı media orqanında Türkiyəyə yönəlik əsassız tənqid, təhqiri qəbul etmir və belə materiallar ciddi ictimai qınağa məruz qalır. Türkiyə mediasından adekvat münasibət gözləyən Azərbaycan oxucusu üçün “Today’s Zaman” qəzetində dərc olunmuş məqalə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin ruhuna zidd, yalan, iftira və tərbiyəsizlik nümunəsi kimi qəbul edilir. Ümid edirik ki, bu, Türkiyə mətbuatında Azərbaycanla bağlı sonuncu iftira yazısı olacaq!

İxtiyar Hüseynli

 Azərbaycan.-2009.-16 may.-S.3.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Ermənistanı Qarabağa birləşdirəcək Vardenis-Ağdərə yolundan ƏN SON FOTOLAR

%d bloqqer bunu bəyənir: