Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
resad-mahmudov.jpg

Rəşad Mahmudov: "Ürək-damar xəstəlikləri ilə mübarizə daha intensiv şəkil almalıdır"

Rəşad Mahmudov: “Azərbaycanda qan dövranı xəstəliklərindən ölən insanlar ümumi xəstəliklərlə müqayisədə 57,6 faiz təşkil edir”

24saat.org Milli Məclisin deputatı, ölkənin tanınmış kardioloqu Rəşad Mahmudovla müsahibəni təqdim edir.

– Ölkədə ürək-damar xəstəliklərinin sayı durmadan artır. Bir mütəxəssis olaraq bu haqda nə düşünürsünüz?

– Dünya statistikasına baxanda inkişaf etmiş, yüksək və orta gəlirli ölkələrdə ürək-damar xəstəlikləri ölümə və əliliyə səbəb olma baxımından bir nömrəli xəstəlikdir. Dediklərim Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də durmadan bildirilir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı birmənalı olaraq qeyri-infeksion xəstəlikləri içərisində ürək-damar xəstəliklərinin önümüzdə ki, yaxın 20 ildə böyük problem olaraq vurğulayır. Dünyanın bir çox ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri ilə əlaqədar dövlət proqramları sağlam şəkildə inkişaf edir. Azərbaycana gəldikdə ürək-damar xəstəliklərinin statistikası günü-gündən artır. Bunun ən böyük səbəbi ölkədə 20-30 il əvvəllə müqayisədə səhiyyənin inkişafı və paralel olaraq ortalama ömürün artıq 74 yaş ətrafında olmasıdır. Ortalama ömrün artması ilə yanaşı ürək-damar xəstəliklərinin görülmə ehtimalı var. Çünki erkən yaşda ölməyən insanların bir sonrakı müddətdə ürək-damar xəstəlikləri ilə qarşılaşma ehtimalı yüksəlir. Bu birinci səbəbdir. İkinci səbəb isə daha əvvəl diaqnozu qoyula bilməyən xəstəliklərlə bağlı yüksək texnoloji avadanlıq və peşəkar mütəxəssislər olması və diaqnozların qoyulması halıdır. Bunun da nəticəsində statistikada daha yüksək rəqəmlər görünür. Halbuki daha əvvəllər ani ölüm və infarkt nəticəsində ancaq diaqnoz qoyula bilirdi. Həmçinin ölkəmizin inkişafı və inkişaf etmiş ölkələr sırasında olması birmənalı olaraq ürək-damar xəstəliklərini məntiqli bir şəkildə artırır.

– Siz konkret ürək-damar xəstəlikləri ilə bağlı statistik məlumatlara maliksiniz?

– 2015-ci ildə ki, rəqəmlərinə görə, Azərbaycanda qan dövranı xəstəliklərindən ölən insanlar ümumi xəstəliklərlə müqayisədə 57,6 faizdir. Bu rəqəm özü bir göstəricidir. Bütün xəstəliklərlə müqayisədə xəstəliklərin yarısından çoxu ölüm və əlilliyə səbəb olma ehtimalı ürək-damar xəstəliklərinə bağlıdır. Əlbəttə, səhiyyədə son illər bəlli işlər görülür, inkişaf çoxdur. Amma əminliklə onu deyə bilərəm ki, ürək-damar xəstəlikləri ilə mübarizə daha intensiv şəkil almalıdır. Bu təkcə Bakı və mərkəzlərdə deyil, icbari tibbi sığortanın içərisində və yaxud ürək-damar xəstəlikləri üzrə dövlət proqramı içərisində özünə yer tapmalıdır. Çünki sığorta sisteminin tam oturmaması səbəbindən texnoloji əməliyyatlara görə xəstəxanalara müraciət edə bilməyən xəstələrin sayı çoxdur. Halbuki ölkədə buna qarşı aparılacaq mübarizədə kifayət qədər mərkəz və kadrlar var. Düşünürəm ki, ya ürək-damar xəstəlikləri ilə bağlı mübarizədə dövlət proqramı, ya da icbari tibbi sığortanın bu sahəni əhatə etməsi, bu xəstəliklə mübarizədə effektiv nəticələrə səbəb ola bilər.

– Müşahidələr göstərir ki, ürək-damar xəstəliklərində gəncləşir. Sizcə, hansı yaş qruplarında ürək-damar xəstəlikləri hallarına daha çox rast gəlinir?

– Əsasən 50 yaşdan sonra bunun intensiv şəkildə artımı halları olur. 50-70 yaş arasında daha yüksəkdir. Azərbaycanda ürək-damar xəstəliklərinin yaşında da gəncləşmə var. Bu gəncləşmə nəticəsində 30 yaşında qazanılan ürək-damar xəstəliklərinə görə müraciət edən xəstələrin sayı gündən-günə artır. Buna ölkəmizdə və dünyada var olan kommunikasiya ilə birlikdə stressli həyat tərzinin ciddi təsiri var. Eləcədə artıq uşaq yaşlarından etibarən təbii olmayan qidalardan daha çox istifadə edilməsi erkən yaşlarında bədəndə metobalizm problemləri yaradır. Amma ümumilikdə baxanda qazanılan ürək xəstəlikləri üçün ən geniş statistika 50 yaşından sonraya təsadüf edir.

– Azərbaycanda anadangəlmə ürək-damar xəstəliklərinin statistikası necədir?

– Anadan gəlmə ürək qüsurları fərqli bir sahədir. Azərbaycanda ildə ən azından minə yaxın ürək qüsurlu körpə doğulur. Söhbət müdaxiləyə ehtiyacı olan uşaqlardan gedir. Bununla əlaqədar dövlət proqramı çərçivəsində işlər aparılır. Əlbəttə, görülən işlər çoxdur, amma görüləcək işlərimiz də çoxdur.

– Sizə elə gəlmirmi ki, ölkəmizdə ürək-damar xəstəlikləri ilə bağlı peşəkar mütəxəssislər azdır. Üstəlik Türkiyə və ya Almaniyada təhsil alan gənc mütəxəssislər də ölkəmizə gəlməkdənsə həmin ölkələrdə qalıb işləməyə üstünlük verirlər…

– Əlbəttə, statistik olaraq Azərbaycan səhiyyəsinin digər sahələri ilə müqayisə etsək ölkəmizdə son 15 ildə ən çox inkişaf edən sahə ürək-damar xəstəlikləri sahəsidir. Bu birmənalıdır və reallıqdır.

– Peşəkar kadr problemi…

– Xaricdə ixtisaslaşıb ölkəyə gələn kadrlar kifayət qədərdir. Siz Azərbaycanı Almaniya və Türkiyə ilə müqayisə edərək bizə sual verdiyiniz zaman vətəndaş başına ürək-damar xəstəliklərinə görə ayrılan illik xərcə diqqət etməlisiniz. Almaniya və Türkiyədə bu rəqəm 500-1000 yevro arasındadır. Rəqəmlər müqayisə olunduğu zaman xaricdə olan ixtisasçının gəlib ölkədə işləməsi üçün icbari tibbi sığortanın tam oturması vacibdir. Əminliklə deyim ki, icbari tibbi sığorta doğru və effektiv şəkildə oturarsa xaricdə heç bir mütəxəssis ikinci sinif vətəndaş olaraq işləməyə üstünlük verə bilməz. Bu yəqin ki, xaricdə olan yüzlərlə azərbaycanlının geri qayıtması üçün fürsət yaradar. Bunun təməlində sığorta sisteminin tam oturması durur.

– Siz parlamentin Səhiyyə komitəsinin üzvüsünüz. Komitənizdə icbari tibbi sığortanın tətbiqi haqda müzakirə gedirmi, ümumiyyətlə illər əvvəl qəbul olunan bu qanun nə zaman tətbiq ediləcək?

– Əlbəttə, hamıya məlumdur ki, bu istiqamətdə ciddi işlər gedir. Bununla daha çox İcbari tibbi sığorta agentliyi məşğuldur. Bunun nə qədər effektiv olub-olmayacağı xəstələr tərəfindən bilinəcək. İrəliləyən illər üçün ən böyük arzumuz hamının inana biləcəyi, düşünmədən öz canımızı təslim edə biləcəyimiz Azərbaycan səhiyyəsinin olmasıdır.

– Ancaq səhiyyəyə inamdan çox inamsızlıq var…

– Fikrimcə, bu gün Azərbaycan səhiyyəsinə inamsızlığın ən böyük səbəbi tibbin inkişafı ilə bağlı problem deyil. Bu həm də pulsuz səhiyyə xidmətində real şəkildə yüksək texnoloji əməliyyatların tətbiq edilə bilməməsidir. Bu da insanlarda stress yaradır. Əminəm ki, icbari tibbi sığorta bu problemin həllində ciddi yollar açacaq. Bu da, həm tibbin inkişafına, həm həkimlərin keyfiyyətli iş görməsinə, həm də xəstələrin səhiyyəyə inamında ciddi rol oynayacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bilet almayan sərnişin cərimələnəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: