Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rəşadət Axundov: Əsl gülənçilər hakimiyyətin içində oturub

“Bütün real müxalif qüvvələr ciddi basqı ilə üz-üzədir”

Azərbaycan gəncliyinin müasir siyasi fəal kəsimi üç ildir həbs dalğaları ilə üzləşir. Məsələn, yenilikçiliyə, düşünülmüş siyasi və mədəni dəyişikliyə iddialı NİDA Vətəndaş Hərəkatının aparıcı üzvləri mütəmadi həbs olunurlar. Həbs olunanlarla yanaşı, azadlığa çıxan üzvlər də var ki, onların həbs təcrübəsi və posthəbsxana dövrünün özəllikləri barədə fikirləri gənc siyasi fəallar, həmçinin, sıradan oxucular üçün də maraqlı ola bilər. Onlardan biri də NİDA Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundovdur.

Rəşadət, posthəbsxana dövrü necə keçir? Azadlığa alışmaq çətin olmadı ki? Hətta, zarafatla olsa belə, soruşmaq istəyirəm. Arada həbsxanadan ötrü darıxdığın vaxtlar olurmu?

– Artıq hər şey arxada qalıb. Alışmaqla bağlı elə böyük bir çətinlik olmadı məncə. Gələcək planlarımı da qurmuşam. O plan üzrə hərəkət edirəm. Həm təhsil, həm də iş məsələsi ilə bağlı üzümüzə gələn bir ildə ölkədə olmayacağam. Həbsdən çıxandan sonra da dediyim kimi, bu, mühacirət deyil. Sadəcə, qarşımda bəzi imkanlar var ki, ixtisasım üzrə özümü təkmilləşdirmək və gələcək karyeram üçün mühüm hesab etdiyimdən dəyərləndirmək fikrindəyəm. Həbsxanadan ötrü darıxmıram. Düzdür, arada elə olur ki, müəyyən situasiyalarda yada düşür. Adam fikirləşir, görəsən, indi uşaqlar zonda nə edirlər, nə ilə məşğul olurlar.

Sizinlə eyni ərəfədə həbs olunan NİDA-çıların bəziləri həbs olunacaqlarını əvvəlcədən təxmin edirdilər. Siz də buna hazır idiniz, yoxsa qəfil oldu?

– Təbii ki, digər dostlarım kimi, mən də həbsimi gözləyirdim və həbs olunacağıma əmin idim. Martın 9-da 3 üzvümüzün işgəncə altında alınan ifadələri televiziyalarda yayımlandığından və adlarımız qeyd olunduğundan artıq buna yüz faiz əmin idik. Ona görə də, martın 10-u vəkillə müqavilə bağlayıb həbsə hazırlıq görməyə başladım. Düzdür, bizim arada 20 gün vaxtımız oldu. Hətta, ölkədən çıxmaq imkanımız da var idi. Bir çox dostlarımız da bunu bizə təklif etdi. Lakin bunu rədd etdik. Əgər belə davransaydıq, üzərimizə ləkə salmış olardıq, günahımızın olduğu qənaəti yaranardı. Yəni, bizə stop qoyulmamışdı. Məsələn, Zaur Qurbanlı uşaqların həbsi ilə öz həbsi arasında 3-4 günlük Gürcüstana da gedib qayıtmışdı. O, qayıtmaya da bilərdi. O dövrdə biz də istəsəydik, ölkədən birdəfəlik çıxa bilərdik. Ancaq biz getmədik və həbsimizi gözlədik.

Rəşadət Axundov, foto: musavat.com
Rəşadət Axundov, foto: musavat.com.

Oğlunuzun körpəlik dövrü siz həbsxanadaikən keçdi. Bu, necə hiss idi? Oğlunuzdan ayrı yaşamağı necə qarşılayırdınız?

– Bunu sözlərlə izah etmək çətindir. Tərif verməyə çalışsaq, buna natamam atalıq deyə bilərik. Ancaq özümü psixoloji cəhətdən buna hazırladığım üçün necə deyərlər, məhv olmadım. Təbii ki, əsas yük və çətinlik ailə üzvlərimin üzərinə düşürdü. Əziyyətin əsas hissəsi onlara aid idi. Ancaq bir misal deyim ki, belə hadisə ilə təkcə mən üzləşməmişəm. İlahiyyatçı Tale Bağırzadə 3 dəfə həbs edilib və hər üç həbsində övladı dünyaya gəlib. Yəni, belə çətinliklərlə üzləşən yeganə adam deyiləm, bundan daha ağırını yaşayanlar var.

Səhv etmirəmsə, səkkiz il altı ay həbs cəzası almışdınız. Bütün müddəti çəkməyə hazır idinizmi və o müddətdə nə etməyi planlayırdınız?

– Səkkiz il azadlıqdan məhrum edilmişdim. Yəni, edəcək bir şey yox idi, həbs müddətinin sonuna qədər içəridə də qala bilərdik. Ona görə də, özümü də, ailə üzvlərimi də həmişə psixoloji cəhətdən 8 ilə kökləməyə çalışırdım. Əfv ərəfələrində onlara ümidlənməməyi tövsiyə edirdim. Əgər 8 il otursaydıq, yəqin ki, o illərin itki olmaması üçün plan cızardım. Özümü inkişaf etdirmək üçün müxtəlif işlər görərdim. Əslində, həbsdə olduğum 3 il ərzində də elə bunları edirdim. Kitab oxumaq, dil öyrənmək, ixtisasım üzrə yeniliklərlə tanış olmaq, tərcümə ilə məşğul olmaq və sair.

Həbsxana yoldaşlarınızın çoxu o müddəti kitab oxumaqla keçirdiyini deyir. Siz hansı kitabları oxuyurdunuz?

– Təbii ki, siyasi məhbusların əsas məşğuliyyəti kitab oxumaq olur. Bu müddətdə həm yeni, həm də əvvəllər oxuduğum, ancaq təkrar oxunmasını vacib hesab etdiyim xeyli kitab oxuya bildim. Eləcə də, dövrü mətbuatı izləmək, televiziyanı izləmək, musiqi dinləmək üçün də imkanlar var idi və biz də bu imkanlardan yararlanırdıq.

Necə düşünürsünüz, sizin və yoldaşlarınızın həbsinə qədər və həbsindən sonra, yəni indi NİDA-nın fəaliyyətində nə kimi fərqlər var? Bu iki dövrü necə xarakterizə edirsiniz?

– Həbslər Nidanın fəaliyyətinə heç bir təsir göstərmədi desək, bu yalan və pafoslu çıxar. Həbslərin çox mənfi təsirləri oldu, həbslər insanların gözünü qorxutdu, təşkilatın ahəngini, planlarını pozdu. Ancaq buna baxmayaraq, çöldəki uşaqlar əlindən gələni etdi ki, bu hiss olunmasın. Onlar bir çox işlər gördülər, üstəlik, bizim müdafiəmiz və dəstəyimizlə məşğul oldular. Ancaq obyektiv reallıqlar var ki, bunları aşmaq mümkün deyil. Ümumi prosesdə süstlük yaranması bizim fəaliyyətimizə də əlavə mənfi çalar gətirdi. Ancaq indi təşkilat yavaş-yavaş toparlanmağa və əvvəlki fəaliyyətini bərpa etməyə başlayır.
NİDA-dan olan son həbslər barədə fikriniz maraqlıdır, bu həbslər hərəkata qarşı hansı münasibətdən xəbər verir?

NİDA yarandığı gündən etibarən repressiyalarla üz-üzədir. Sadəcə, bu basqının şiddəti müxtəlif dövrlərdə fərqli olub. Bu təşkilat heç vaxt tam sakitlik yaşamayıb. 2013-cü ildə kütləvi hücum var idisə, sonradan üzvləri tək-tək zərərsizləşdirmək taktikası seçilib və bu hələ də davam edir. Son həbslərdə isə NİDA-nı fərqləndirməzdim, bütün real müxalif qüvvələr son vaxtlar ciddi bir basqı ilə üz-üzədir, NİDA da bu prosesin tərkib hissəsi kimi eyni problemlə üzləşir.

Son həftələrdə baş alıb gedən “gülənçi” ittihamı və bu ittihamla yarqılananlar barədə nə düşünürsünüz?

– Hakimiyyət əslində, Türkiyədəki vəziyyətdən istifadə edib Azərbaycandakı müxalifləri təmizləmək qərarı verib. Bu prosesin real “Gülən təmizləməsi” ilə əlaqəsi yoxdur. Çünki həsb edilən adamlar tamam əlaqəsiz adamlardır. Əsl gülənçilər isə hakimiyyətin içində oturub və bəlkə də, gülənçi olmayan adamların həbsində də əlbir olub işləyirlər ki, fikri özlərindən yayındırsınlar. Burda maraqlı məqam odur ki, Türkiyə buna nə reaksiya verəcək? Əgər sona qədər səssizlik olacaqsa, deməli, Türkiyə növbəti dəfə Azərbaycan demokratlarının əzilməsində birbaşa və ya dolayısı ilə iştirak etmiş olacaq.

Meydan.tv

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyə Gülenle bağlı Azərbaycanın addımlarını necə qiymətləndirir?

%d bloqqer bunu bəyənir: