Rəsmi təbliğatı ifşa edən rəsmi rəqəmlər


Əliyevin prezidentliyi dövründə problemli kreditlərin həcmi 20 dəfə artıb

Prezidentlik müddətinin uzadılması məsələsi gündəmə gələndən hökumət sözçüləri bunun müsbət addım olduğunu sübut etməyə çalışırlar. Ümumi fikir bundan ibarətdir ki, görüləcək işlər çoxdur, böyük planlar var və bunu həyata keçirmək üçün 5 il müddəti azlıq təşkil edir. Yəni cəmiyyəti inandırmağa çalışırlar ki, prezidentin uğurlu fəaliyyətini başa çatdırmaq üçün 7 illik müddətə ehtiyacı var.

Amma keçmişin təhlili və real vəziyyət onu deməyə əsas verir ki, prezidentlik müddətinin uzanması problemlərin də uzanmasına xidmət edir. Hökumətin əsaslandırmasına istinad etsək, Ilham Əliyevin prezident olduğu dövrdə mənfi göstəricilər azalmağa doğru getməliydi.

Azərbaycan Mərkəzi Bankının kredit qoyuluşları hesabatında son illərin göstəricilərinə nəzər salaq. Hesabata görə, 2005-ci ildə vaxtı keçmiş kreditin həcmi 68,2 milyon manat olub. 2006-cı ildə 77,7 milyon manatlıq problemli kredit yaranıb. 2007-ci ildə qaytarılmayan kredit həcmi 100,3 milyon manata, 2008-ci ildə 159,8 milyon manata yüksəlib. 2009-cu ildə 303,5 milyon manatlıq vaxtı keçmiş kredit problemi yaşanıb. 2010-cu ildə bu məbləğ 492,9 milyon manata çatıb. 2011-ci ildə ölkədə 633,8 milyon manatlıq problemli kredit olub. 2012-ci ildə vaxtı keçmiş kreditin həcmi 748,8 milyon manata, 2013-cü ildə 792,8 milyon manata qalxıb. 2014-cü ildə kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında problemli kreditlər 976,3 milyon manat göstərilib. Ötən ilin göstəricisinə görə, həcm 1 milyard 508,5 milyon manata çatıb. 2016-cı il iyunun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 514,2 milyon manat olub.

Göründüyü kimi, Ilham Əliyevin prezidentliyinin ilk illərində 68 milyon manat təşkil edən problemli kreditlər, 2016-cı ilin birinci yarısında 1 milyard 514 milyona çatıb. Bəli, Əliyevin prezidentliyi dövründə problemli kreditlərin həcmi 20 dəfədən çox artıb.

Əslində real vəziyyət daha ağırdı. Amma statistik rəqəmlərə istinad etmək də müqayisə aparmaq üçün kifayət edir. Deməli, ötən 13 il müddətində əhalinin ödəmə qabiliyyəti sürətlə aşağı düşüb, sosial-iqtisadi vəziyyət pisləşib. Bunun başqa izahı yoxdur. Inkişaf, sosial rifah, həyat şəraitinin yaxşılaşması problemli kreditlərin artmasına xidmət edə bilməz. Başqa bir statistika da bundan ibarətdir ki, son 2 ildə məhkəmələr 382 min mülki işə baxıb ki, bunun da 267 mini kredit borcları ilə bağlıdır.

Demək istəyirik ki, Ilham Əliyevin hakimiyyəti dövründə ölkəyə neft pullarının axını başlasa da, vətəndaşın həyat şəraiti pisləşməyə xidmət edib. Hökumət neft pullarından istifadə edib ölkəni qurmaq əvəzinə, dağıtmağa üstünlük verdi. Nəticə isə göz qabağındadır. Bu gün 7 illik prezidentlik müddətinin üstünlüklərindən danışanlar, 13 il müddəti hədər verdilər. Yalnız hökumət komandası inkişaf etdi. Indiki mərhələdə prezidentlik müdətinin artırılması da hökumət komandasının daha 2 il büdcəyə nəzarət etməsini təmin edəcək.

Qısası, rəsmi statistika da göstərdi ki, bu hakimiyyətin vəziyyəti düzəltmək üçün zamana yox, iradəyə, məsuliyyətə, dövlət sevgisinə ehtyacı var. Həm də rəqəmlər göstərdi ki, 7 illik müddət üzərində qurulan təbliğat yalnız cəmiyyəti növbəti dəfə aldatmaq, qanusuzluğu qanuniləşdirmək üçündür.(azadliq.info)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Bakıda 1000-ə yaxın yaşayış binası söküləcək

%d bloqqer bunu bəyənir: