Qulu Məhərrəmli: “İnamazdım ki, Mətbuat Şurası hansısa məmura görə media qurumunu məhşər ayağına çəksin”


“Mətbuat Şurası inzibati prinsiplərdən çıxış edir ki, bu da yolverilməzdir”

Xəbər verdiyimiz kimi, Mətbuat Şurası səlahiyyətlərini aşaraq üzvü olmadığı 24saat.org saytına qarşı ədalət prinsiplərini tapdayaraq “xəbərdarlıq” edib. Buna səbəb saytımızda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov haqda elektron KİV-lərdə yayılmış materialın təkrar dərci olub.

Maraqlıdır, Mətbuat Şurasının elektron KİV-in fəaliyyətinə müdaxilə etmək, yön vermək kimi səlahiyyəti varmı? Mətbuat Şurası ona üzv olmayan media orqanına hansı məntiq və əsasla xəbərdarlıq edir?

24saat.org-a açıqlama verən məşhur media eksperti, professor Qulu Məhərrəmli Mətbuat Şurasının məsələyə bu cür yanaşmasının təəssüf doğurduğunu vurğuladı:

“Mətbuat Şurası böyük məqsədlər üçün yaradılıb. İctimaiyyətlə media arasında əlaqə yaratmaq, media sahəsində müəyyən problemləri tənzimləmək, daha çox körpü rolunu oynamaq, barışdırıcı funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulub. Ona görə də Mətbuat Şurasında şikayətlər üzrə komissiyası yaradılıb. Vaxtiylə mən o komissiyanın sədri olmuşam. Lakin son proseslər göstərir ki, Mətbuat Şurasında bəzi işıqlı insanların olmasına baxmayaraq, bu qurumun fəaliyyətində onun üzərinə kölgə sala biləcək davranışlar özünü göstərir. Onlardan da biri saytlara bu formada təzyiq göstərməkdir. Bu situasiya ilə bağlı onu deyə bilərəm ki, mən inamazdım ki, Mətbuat Şurası hansısa məmura, oliqarxa görə hansısa media qurumunu danlasın, onu məhşər ayağına çəksin.

Əlbəttə, jurnalistlər çalışmalıdırlar ki, dəqiq faktlar yazsınlar. Haqqında yazdıqları məsələlərlə bağlı faktik əsaslar olsun. Bizdə bəzən məlumat mənbələrinə çatmaq çətin olur. O halda jurnalistlər öz mülahizə və ehtimallarını yazırlar.

Əgər media tənqid etdiyi quruma öz rəyini, fikrini, arqumentlərini ortaya qoymağa imkan verirsə, bu çox normal haldır. Əgər etmirsə, o zaman bunu müzakirə etməyə dəyər.

24saat.org saytı ilə bağlı Mətbuat Şurasının ortaya qoyduğu mövqe onun inzibati prinsiplərdən çıxış etdiyini göstərir. Hesab edirəm ki, bu, yolverilməzdir və Mətbuat Şurasındakı dostlarımız bu məsələyə diqqət yetirməlidirlər. Mətbuat Şurasının nüfuzunu qoruyub saxlamaq lazımdır”.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Elçin Şıxlı: “Mətbuat Şurasının ona üzv olmayan media qurumuna nə isə deməyə ixtiyarı olmamlıdır”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: