Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Quduz it dişləyən 3 uşaq anası ölüm ayağında: Bakı sakinlərinə də təhlükə var

Aprelin əvvəlində sahibsiz itin dişlədiyi 47 yaşlı Zaqatala sakini Pəri Qasımovada  quduzluq xəstəliyi aşkarlanıb. Telekanalların yaydığı xəbərə görə Zaqatalanın Faldarlı kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Pəri Qasım qızı Turacovanın aprel ayının əvvəlləri yaşadığı kəndin ərazisində naməlum it dişləyib. İt dişləməsindən sonra Pəri Turacova hadisə barədə xəstəxanaya müraciət etməyib və buna əhəmiyyət verməyib.

Bir müddətdən sonra vəziyyəti ağırlaşan qadın Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəni “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün təcili mütəxəssis həkimlər çağrılıb və xəstə RMX-nın Yolxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.Hadisə ilə bağlı rayona ezam olunan ixtisaslaşmış həkim xəstəni müayinə edərək, onun xüsusi rejimli palatada saxlanılaraq simptomatik müalicəsinin davam etdirilməsini tövsiyyə edib.

Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yolxucu xəstəliklər şöbəsində davam etdirilir. Xəstəxanadan bildirildiyinə görə qadında quduzluq əlamətləri get-gedə şiddətlənir, o sudan və havadan qorxur, tənəffüs çatışmamazlığı müşahidə edilir, arqessivliyi artır.  Rayon xəstəxanasının həkimləri deyirlər ki, ilk dəfədir quduzluğa yoluxmuş xəstə ilə qarşılaşırlar.

Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılovanın virtualaz.org-a bildirdiyinə görə, bu xəstəlikdən  sağalmaq  mümkün deyil və xəstəliyin inkubasiya dövrü 14 gündən başlayaraq 1 ilə qədər çəkə bilər.

“Bu itin dişləmə yerindən asılıdır. İt insanı aşağı ətraflardan dişləyərsə, o zaman ölüm 1 ilin tamamında da ola bilər. Bu müddətdə xəstəlik gizli qalır. Amma it dişləyən yer əl, barmaq və ya üzdürsə, bu zaman ölüm daha tez olur. Ölənə kimi isə belə xəstələr infeksion-yoluxucu reanimasiya şöbələrində saxlanılır. Onlarda havadan, sudan, işıqdan qorxma simptomları olduğundan xüsusi şərait yaradılır, çox hava axını olmayan otaqda saxlanılırlar. Belə xəstələr öldürülmür, çünki ölümcül xəstələrin evtanaziyası Azərbaycanda qadağandır. Xəstəlik özü ölümlə nəticələnir”.

Şöbə müdirinin sözlərinə görə, vaxtında peyvənd vurulsa, heç də heyvan dişləmələri ölümlə nəticələnməz. Çox zaman insanlarda dişləmə adi sıyrıq kimi olduğundan onu ciddi qəbul etmirlər və bu da ölümlə nəticələnir. Əslində bu it dişləməsi ilə bağlı ilk belə hal deyil. Heyvan dişləməsini çox zaman qulaqardına vurduqlarından bəlli nəticə ilə sonuclanır.

Zaqataladakı hadisə diqqəti bir daha paytaxt Bakıda və digər yaşayış məntəqələrində sürüylə dolaşan sahibsiz itlər probleminə yönəldir. Ümumiyyətlə, hər il dünyada 50 mindən artıq insan heyvan, xüsusən də it dişləməsi nəticəsində quduzluğa yoluxur.  Azərbaycanda ötən il heyvan dişləməsi nəticəsində 15 mindən artıq insan xəstəxanalara müraciət edib. Bu il də ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvan dişləməsi ilə bağlı müraciət edənlərin sayı 5 faiz artıb. Sahibsiz itlərin Bakı və ətraf rayonları bürüdüyünə görə paytaxt sakinləri də hər gün quduz it dişləməsi təhlükəsi ilə qarşılaşmış olurlar.

Redaksiyamıza sahibsiz küçə itləri ilə bağlı gələn şikayətlərin çoxu Bakının Suraxanı, Binəqədi, Xəzər, Sabunçu rayonları ərazisinə aiddir. Suraxanı rayonunda 316 saylı məktəbin ətrafındakı qəssabxanaların dövrəsində, 7-ci mikrorayon ərazisində, Pirallahı və Masazır qəsəbələrində sahibsiz itlərin sürü ilə gəzdiyi məhəllələr var. Xüsusən də gecə saatlarında və səhərə yaxın onlar daha təhlükəli olurlar. Valideynlər uşaqlarını tək məktəbə getməyə və ya küçədə oynamağa qoymurlar.

Əvvəllər belə itlərin güllələndiyini deyən sakinlərin sözlərinə görə, indi onları öldürməyə icazə verilmədiyindən toplayıb aparmalıdırlar. Amma əksər hallarda sahibsiz heyvanlarla mübarizə idarəsinə olunan müraciətlər nəticə vermir.  Ötən il sahibsiz heyvanların vaksinasiyasını həyata keçirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəlinin virtualaz.org-a bildirdiyinə görə, bu il vaksinasiya maddi çatışmazlıq səbəbindən yalnız qeydiyyatda olan itlərə şamil edilib:

“Bu il 250 min qeydiyyatda olan itdə vaksinasiya aparılıb. Amma təəssüflər olsun ki, sahibi olmayan və vəhşi itlərdə bu tədbir həyata keçirilməyib. Bu da vaksinin olmaması səbəbindəndir. Əgər vaksin üçün hər hansı sponsor tapılarsa və bu vaksin gətirilərsə, vaksinasiya da həyata keçiriləcək”.

Yolçu Xanvəli deyir ki, ötən il ilkin layihə kimi  Zaqatala, Qax, Şəki, Balakən rayonlarında  meşəlik ərazilərdə və Bakı və Abşeron ərazisində sahibsiz heyvanların məskunlaşdığı ərazilərdə aldadıcı yemlərin daxilində  bu tədbir həyata keçirilib.Onun sözlərinə görə, peyvəndləmə baha başa gəldiyindən hələ ki, yalnız qeydiyyatda olan heyvanlara aid edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyevanın virtualaz.org-a bildirdiyinə görə, bütün heyvan dişləmələri ilə bağlı tibb məntəqələrinə olunan müraciətlər qeydə alınır və mərkəzə təqdim olunur. Müraciət edən şəxslərə dişləyən heyvanın məlum və ya naməlum olmasından asılı olaraq 3 və ya 5 iynə təyin olunur.

Elmira Əliyeva onu da bildirdi ki, quduzluqla bağlı bütün vaksinlər Səhiyyə Nazirliyi tərəfindən pulsuz verilir:

“Ötən ilin ilk 4 ayı ilə müqayisədə bu il heyvan dişləmələri ilə bağlı daxil olan müraciətlərdə 5,1 faiz artım var. Bura təkcə it dişləmələri deyil, həm də pişik və digər gəmiricilərin dişləmələri də aiddir. Heyvan dişləmələri ilə bağlı müraciət edənlərə vaksinasiya pulsuz aparılır. Bəzən xəstələr müraciət etmirlər və bunun nəticəsi də ölüm olur”.

Əslində Bakıda sahibsiz küçə itlərini tutaraq zərərsizləşdirən Sahibsiz Heyvanlarla Müdbarizə İdarəsi adlı bir qurum da var. İdarənin rəisi Əhməd Məmmədovu hələ indiyə kimi otağında tapa bilməmişik, həmişə ərazidə olub. Elə bu gün də Əhməd müəllim ərazidə olduğundan idarənin əməkdaşından suallarımızın az bir hissəsinə cavab ala bildik. Məlumata görə, sahibsiz heyvanlarla bağlı olunan bütün müraciətlər telefon vasitəsilə qəbul olunur və həmin əraziyə xüsusi adamlar göndərilir. İndiyə kimi olunan müraciətlər əsasında göstərilən ünvanlarda olan itlərin sayını azaldılıb. Əllə bir-bir tutulan belə heyvanlar idarəyə gətirilir.

Onların sonrakı taleyi ilə bağlı onu öyrənə bildik ki, bu itlər idarənin həyətində təşkil olunan xüsusi yerdə saxlanılır. Orada nə qədər itin saxlandığına isə məlum deyil.

“Bu barədə məndə məlumat yoxdur. Düzdür, ərazimiz kiçikdir, amma biz bütün tutduğumuz sahibsiz heyvanları burada saxlayırıq”-idarənin adını açıqlamayan əməkdaşı telefon zəngimizə cavab olaraq bildirir.

Məlumat üçün bildirək ki, ölkəmizdə son illərdə sahibsiz heyvanları qoruyan bəzi sığnacaqlar yaradılıb və burada şəhərin müxtəlif yerlərindən yığılmış sahibsiz heyvanlar saxlanılır, onlara peyvəndlər, xüsusi dərmanlar vurulur.

Doğrudur, heyvana qorxmadan, sevgi ilə yanaşanda o da eyni reaksiyanı göstərir, yəni dişləmir deyirlər. Amma buna kim təminat verir? Həm də kim təminat verir ki, küçədə hər addım başı qarşılaşdığımız it sürüsündə quduzluq xəstəliyi yoxdur. Əslində dünyanın hər yerində sahibsiz küçə heyvanlarına rast gəlinir. Amma əksər hallarda parklarda və ya səkilərdə uzanıb yatan heyvanların çoxunun qulağında xüsusi düymə olur. Bu da onu göstərir ki, it nəzarətdədir və ondan sənə heç bir təhlükə gəlməyəcək.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı – VİDEO

%d bloqqer bunu bəyənir: