Loading...
Loading...
qubad

Qubad İbadoğlu: “Manat ucuzlaşmağa məhkumdur”

“Banklar istəyir ki, dollarla qoyulan pulları köhnə məzənnə və manatla qaytarsın”
24saat.org ADR Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu ilə müsahibəni təqdim edir.

– Qubad bəy, son bir ayda manat tədricən möhkəmlənirdi. Lakin son günlər milli valyutanın dollar qarşısında zəifləməsi müşahidə edilir. Bu dəyişikliyi nə ilə izah etmək mümkündür?

– Bilirsinizmi, mən əvvəllər də demişdim ki, manat qısa müddətli dövrdə və inzibati qaydada Mərkəzi Bankın özünün təyin etdiyi məzənnə çərçivəsində dollarla müqayisədə möhkəmlənə bilər. Ancaq bütövlükdə götürəndə manatın möhkəmlənməsi üçün iqtisadi əsaslar yoxdur. Yəni manatın möhkəmlənməsinə gətirib çıxaran amillərin heç biri iqtisadi xarakterə aid deyil. Bu sırf subyektiv amillərdir. Mərkəzi Bankın qərarıdır, eyni zamanda inzibati tənzimlənmə metodlarından qaynaqlanır. Manat gerçək məzənnəsini tapmalıdır. Manatın gerçək məzənnəsini tapması üçün onu ucuzlaşdırmaq lazımdır ki, ona yaxınlaşaq. Nə qədər ki, manatı süni olaraq bahalaşdırırıqsa, bir o qədər də gerçək məzənnəsindən uzaqlaşdırırıq. Bu da o deməkdir ki, biz hədəfə çatma yolumuzu və vaxtımızı uzadırıq. Bu çox pis yanaşmadır. Bu mənada mən Mərkəzi Bankın siyasətini bəyənmirəm və bunu ifadə etmişəm.

– Sona qədər hökumət manatın məzənnəsini qoruyub saxlaya biləcəkmi?

– Manat ucuzlaşmağa məhkumdur. Çünki Azərbaycan iqtisadiyyatının vəziyyəti bunu diktə edir. Ölkədə iqtisadi tənəzzül dərinləşir. Məsələn, ilin ilk sayında ümum daxili məhsul 2,1 faiz aşağı düşübsə, son 9 ayda bu 3,9 faiz olub. Bankların, maliyyə sektorunun vəziyyəti pisləşib, investisiya imkanları məhdudlaşıb, kredit qoyuluşları azalıb. İqtisadiyyat əvvəlki kimi aktiv deyil, valyuta gəlirləri aşağı düşüb, büdcənin özünün xərclərinin maliyyələşdirilməsində çətinliklər var, tədiyyə balansının kəsiri artıb. Xarici ticarət balansında müsbət saldo olsa da, bu cüzi rəqəmlərlə ifadə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, manat ucuzlaşmağa məhkumdur və düşünürəm ki, bu proses davam edəcək. Proqnozum ondan ibarətdir ki, ilin sonunda manat ucuzlaşmağa doğru gedəcək.

– Dövlətin idarəetmə xərclərinin 60 faizdən çox artdığını qeyd etmişiniz. Bildirmisiniz ki, bu ilin ilk 8 ayında ümumi dövlət xidməti üzrə xərcləmələr ötən ilə nisbətən 607 milyon manat çox olub. Tənəzzül dövründə belə xərclərin artması hansı nəticələr yarada bilər?

– Hökumət Maliyyə Bazarına Nəzarət Palatası yaradıb. Halbuki bu qurum yarandıqdan 3 ay sonra özünü maliyyələşdirmə sisteminə keçməli idi. Üstəlik bu qurumun yaradılması üç dövlət strukturunun ləğvinə gətirib çıxardı. Məsələn, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Monitorinq Xidməti və Dövlət Sığorta Xidməti ləğv edildi. Əslində bütün bunlar büdcənin idarəetmə xərclərinin rasionallaşdırmasına səbəb olmalı idi. Biz niyə büdcədən idarəetmə xərclərini artıra bilirik? Çünki digər sahələrlə bağlı xərcləri kəsə bilirik. Yəni birindən kəsib bu istiqamətə xərcləyirik.

– Hansı sahələrdən kəsib buna istifadə edilir?

– Məsələn, iqtisadiyyatın maliyyələşdirilməsi xərcləri. Bu gün iqtisadiyyat acdır, ona pul, sərmayə lazımdır. Bunu hökumətdə başa düşənlər də çoxdur. Lakin baxırsan ki, tam əks siyasət həyata keçirirlər. Anlamırsan ki, bu adamların məqsədi nədir, iqtisadi tənəzzülü dərinləşdirmək, adamlar həqiqətən də Azərbaycanı dərin böhrana salmaq istəyirlər? Çünki aydın məntiqlə bu gün baş verənləri izah etmək mümkün deyil. Görünür qərarların verilməsin də sıx iqtisadi yanaşma, rasionallıq, islahat yoxdur. Görünür yenə nazirlər, onların aparatı əvvəlki kimi yaşamaq, büdcə pulunu dağıtmaq həvəsindən geri çəkilmir. Əks halda nədən proqnozlaşdırılandan çox vəsaiti idarəetmə vasitəsilə istehlaka yönəltməliyik? Nəzərə alın ki, bu iqtisadiyyat üçün heç bir dəyər yaratmır və faydalı deyil.

– Bu cür davam edərsə Azərbaycan beynəlxalq maliyyə qurumlarında kredit almaq üçün növbəyə duracaqmı, yoxsa bu real deyil?

– Artıq bu çoxdan başlayıb. Bunlar gedib növbələrə yazılırlar, saatlarla danışıqlar aparırlar. Ancaq bildiyiniz kimi indi Azərbaycanın kredit almaq imkanları çətinləşib. Çünki ölkədə iqtisadi böhran var, perspektiv çox tutqun görünür. Odur ki, əvvəlki kimi Azərbaycana həvəslə kredit vermirlər. Azərbaycana kredit verəndə şərtlər irəli sürürlər. Əgər Azərbaycan bu şərtlərlə kredit idarə edəcəksə, bu zaman yəqin ki, kredit verəcəklər. Amma istənilən halda bu məsələ yəqin ki, Azərbaycanın kredit öhdəliyinin artmasıdır və bu bizi narahat etməlidir.

– Prezident QHT-lərin, xüsusilə xarici donorlarla bağlı fərman verdi. İlkin rəylər belədir ki, bu sənəd QHT-lərin fəaliyyətini, qrant almaq imkanlarını bir qədər asanlaşdıracaq. Siz, nə düşünürsünüz?

– Mən hələlik bunu şərh etməyə çətinlik çəkirəm. Prezidentin imzaladığı fərman ümumi və qısa yanaşma xarakterindədir. Orada ayrı-ayrı təşkilatlar qarşısında təkliflər irəli sürmək, hazırlamaq tapşırığını verib. Mənə elə gəlir ki, bu tapşırığın uyğun olduğu sənədlər ortaya çıxdıqdan sonra qiymətləndirmə mümkündür. Doğrusu, indi mənə tam aydın deyil ki, nədən xarici donorlar öz pullarını vahid pəncərə ilə verməlidirlər. Əgər söhbət qeydiyyat məsələsinin vahid pəncərə ilə həllindən getsəydi, bunu anlamaq olardı. Amma burada söhbət qrantların vahid pəncərə ilə ayrılmasından gedir. Donorlar öz işlərini koordinasiya edə bilərlər. Amma bura dövlətin müdaxiləsi ilə bağlı təcrübəyə rast gəlməmişəm. Odur ki, indi qiymətləndirmə aparmaq çətindir. Məncə, hazırlanan sənədlərdə bunun mexanizmi və tətbiqinin necə olacağını gözləmək lazımdır.

– Milli Məclisin komitənin toplantısında Vahid Əhmədovla Maliyyə Bazarına Nəzarət Palatası sədri arasında mübahisə yaşandı. Deputatın banklarda qalan əmanətlərin geri qaytarılmasının vacibliyini bəyan edib, palata sədri isə deputatı bank sirrini açıqlamaqda günahlandırıb. Siz bu durumu necə qiymətləndirirsiniz?

– Bankların vaxtı ilə ona əmanət etibar edən şəxslərə bu əmanəti qaytarmaq yanaşması bir qədər fərqlidir. Banklar istəyir ki, əvvəllər dollarla qoyulan pulları köhnə məzənnə və manatla qaytarsınlar. Bu mülkiyyətin pozulmasıdır. Çünki bankların həmin vəsait üzərində belə addımlar atmaq hüququ yoxdur. Pul sahibinə məxsusdur. İkincisi, bu sosial ədalət anlayışına ziddir. Digər tərəfdən, bu bankla müştəri arasında müqavilə şərtlərinin pozulmasıdır. Hesab edirəm ki, Vahid Əhmədov haqlıdır və onun qaldırdığı məsələ ciddidir. Çünki əmanətlərin qaytarılmaması sosial konfrontasiyalara gətirib çıxara bilər. Söhbət insanların illərlə topladığı vəsaitlərin sonradan geri almaq problemindən gedir. Məncə, dövlət orqanları buna məsuliyyətlə yanaşmalıdır.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ələsgər Məmmədli: “Mətbuat Şurasının ona hüquqi bağlılığı olmayan sayta xəbərdarlıq ünvanlaması düzgün deyil”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: