Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qaynar Qazan”da Arif Hacılı (III hissə): “Surət Hüseynovla danışıb I Gəncə qiyamının qarşısını aldım”

Müsavat başqanı Arif Hacılı ilə uzun müddətdir müsahibə götürmək istəsək də, alınmamışdı. Təkcə “Qaynar Qazan”da yox, ondan əvvəl də Arif Hacılı heç bir zaman bizə müsahibə verməyə sıcaq baxmamışdı. Bunun bir çox səbəbləri var və mən o səbəblər üzərində dayanmaq istəmirəm. Amma “Qaynar Qazan”da bir neçə dəfə israr etmişdik. Cavab gəlməmişdi. Bu tərəfdən də sıravi müsavatçılar “niyə “Qaynar Qazan”da Arif Hacılıdan müsahibə götürmürsünüz?” deyə bizə sitəm edirdilər.



Xədicə İsmayılın müsahibəsinin doğurduğu rezonans bizi bir daha Arif Hacılı ilə müsahibəyə yönəltdi və bu dəfə alındı. Tam da köhnə nəsil siyasətçidir. Müsahibəyə başlayanda özünün diktofonunu birləşdirdi. Bu, bizə inanmamaq mənasına gəlirdi. Bizim müsahibəni bəyənməsə, özünün variantını yaymaq düşüncəsi idi. O zamandan qalmışdı. Hesab edirəm ki, gərək qalmayacaq.

Arif Hacılını çox hazırlıqlı siyasətçi olaraq gördüm. Bütün suallara cavab verməyə hazır idi. Sadəcə, bizim formatımız 1.5-2 saat olsa da, söhbət 3 saat uzanmış, amma Arif Hacılıya yönələn suallar hələ də bitməmişdi. Ona görə də bəzi suallarımızı verə bilmədik, amma əsasən, suallarımıza cavab ala bildik.

Arif bəylə müsahibə götürəndə nə Türkiyədəki hərbi çevriliş təşəbbüsü, nə də prezident İlham Əliyevin referendum təklifi olmuşdu. Ona görə də Arif bəy bir neçə dəfə müsahibənin yayınlanmasını təxirə salmağı təklif eləsə də, razılaşmadım. Məncə, indiki müsahibə belə gündəmdir və gündəmdə öz yerini də tutacaqdır.

Arif Hacılı bu dəfə Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti ilə münasibətlərinə biryolluq aydınlıq gətirib. Elə sözlər danışıb ki, artıq bundan sonra Müsavat Partiyası ilə “Yeni Müsavat” qəzetinin bir arada olduğunu, ya da bir-birinə təsir etdiyini kimsə iddia edə bilməz.

Arif Hacılının İsa Qəmbərlə, Qubad İbadoğlu ilə, Əli Kərimli ilə bağlı dediklərini, Lalə Şövkət və Etibar Məmmədov haqqında söylədiklərini də sıradan sözlər kimi qəbul etmək doğru olmaz. İndiki məqamda isə sensasion qiymətləndirmək bəlkə də ən normalıdır. Onunla Azərbaycanın son illərdə baş verən tarixi hadisələri haqqında da danışmaq fürsətim oldu. 4 iyun hadisələrinə, Sürət Hüseynova, onun illər əvvəl “Xural”a verdiyi müsahibədə səsləndirdiyi iddialara da münasibət bildirdi. Elə maraqlı məqamlar müşahidə etdim ki, güman ki, Arif Hacılı ilə bir neçə dəfə və bir neçə maraqlı məqamda müsahibələrimiz olacaq. Azərbaycan tarixi üçün. Azərbaycanın gələcəyi üçün.

Maraqlı şairdir həm də Arif Hacılı. Təbii ki, qalmaqallı “Darıxıram” şeirindən də danışdıq və o haqda Arif bəyin çarpıcı fikirləri var. Amma müsahibədən sonra saqqızını oğurlayıb 2003-cü il məhkəmələrində hakim Mənsur İbayev haqqında yazdığı şeirin iki bəndini ala bildim. Və onu Oxucuların ixtiyarına verirəm:

Vaxt var idi, yaman bərkdən gedirdin,
Bu işdən də xeyir-bəhər güdürdün,
Stalinə oxşadırdıq, gülürdün,
İndi sanki suya düşmüş cücəsən
Nə var, nə yox, Mənsur müəllim, necəsən?

İnkir-minkir gözləməkdə yolunu,
Tək səni yox, həm sağını, solunu,
İncitdiyin hər bir Allah qulunun,
Orda gərək hesabını verəsən
Nə var, nə yox, Mənsur müəllim, necəsən?

Zatən müsahibə çoxdur. Girişi də elə uzun etmək istəmirəm. 3 saatlıq müsahibəni 2 gün aralıqlarla yayınlayacağam və Oxucu-tamaşaçı özü qərar verəcək. Amma onu mütləq deməliyəm ki, bütün deyilənlərlə birlikdə, Arif Hacılı təsadüfi siyasətçi deyil. Mən onu elə gördüm. Və hesab edirəm ki, o, hələ Azərbaycan siyasətinə indən sonra da özünün töhfələrini verəcək.

Buyurun, “Qaynar Qazan”ın 23-cü qonağını, Müsavatın başqanını dinləyin. Bundan sonra qərar verəcəksiniz: “Müsavatın başqanı olsun cümhurbaşqanı” şüarının ona aidiyyatı var, yoxsa yox.

Əvəz Zeynallı

III Hissə

I hissəni buradan oxuya bilərsiniz:

Müsavat başqanı: ” O otaqda Ramiz Mehdiyevdən əvvəl mən oturmuşam” (QAYNAR QAZAN)

II hissəni buradan oxuya bilərsiniz:

Arif Hacılı: ““Yeni Müsavat” heç vaxt Müsavat partiyasının qəzeti olmayıb”

Vəhhabilik Osmanlıya qarşı yaradılıb

SAM_1350

– Tural Qurbanlı sual verir: “Zaqatalaya tez-tez gedib-gələn bir adam kimi oradakı vəhhabizmdən nə qədər məlumatı var? Suriyaya gedənlərin ailələri ilə görüş təması olubmu?” Mehman Əlibəyli maraqlı bir sual yazır: “Nəyə görə vəhhabi adlandırılan sünni dindarlar Müsavat partiyasına “rafizilərin partiyası” deyirlər? Bununla bağlı bir çox tandığım insanlar var ki, onlarla mübahisələrim də olub. Özüm əvvəllər Müsavat partiyasının üzvü olmuşam. Bir də sizlərin üzdə türklüyə bağlı, əslində isə İranla əməkdaşlığınızla bağlı  söhbətlər var. Bununla bağlı “Yeni Müsavat” qəzetində dinə aid yazılarda şübhədoğuracaq müəyyən məqamlar da olub. Hansı ki, Türkiyə mətbuatı bu yazılarla bağlı xəbər vermişdi. Son olaraq, Arif bəy, nədən vəhhabilər müxalifətdənsə İlham Əliyevin hakimiyyətdə qalmasının tərəfdarıdırlar?”

– Ziddiyyətli bir sualdır…

– Hə…

– İran başqa, vəhhabi başqa – onlar bir-biriləri ilə rəqabət aparan xəttlərdir. Konkret olaraq, vəhhabilik bir dini istiqamətdir və o dövrdə yaranarkən məhz Osmanlıya qarşı, yəni dini baxımdan türklərlə ərəbləri fərqləndirmək məqsədilə yaradılıb. Osmanlı imperiyasına qarşı ərəblərin bir millət olaraq bir dini xətt ətrafında birləşdirilməsinə nail olmaq məqsədilə yaradılıb. Ərəb ölkələrində hal-hazırda vəhhabilik rəsmi dindir. Səudiyyə Ərəbistanında, İordaniyada və bəzi başqa ölkələrdə vəhhabilik rəsmi din kimi qəbul olunur və onlar öz dövlətlərinin təsirini artırmaq məqsədilə dinin bu istiqamətini bütövlükdə yaxın ölkələrə, o cümlədən bizim regionda yaymağa çalışırlar. Vəhhabilik təkcə Zaqatalada yox, Azərbaycanın hər yerində kök salıb. Bakıda, Sumqayıtda, Gəncədə vəhhabilərin dayaqları, hesab edirəm ki, Zaqatalada olduğundan daha güclüdür. Biz bu məsələləri bilməliyik. Terrorçuluqla vəhhabiliyi də ayırmağı bacarmalıyıq, İŞİD-lə vəhhabiliyi də ayırmağı bacarmalıyıq. Bu məsələlər çox ciddi məsələlərdir və bu məsələlərə çox diqqətli yanaşmaq lazımdır. Əslində, bütövlükdə götürəndə vəhhabilik bütövlükdə Azərbaycana yad olan dini istiqamətdir. Çünki əvvəldən Azərbaycanda vəhhabilik mövcud olmayıb. Xüsusilə də 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən etibarən süni surətdə Azərbaycanda bu istiqamətin yayılması prosesi gedir. Azərbaycanlıların İŞİD sıralarına qoşulması, Suriyaya getməsi, təbii ki, Azərbaycan üçün tamamilə uyğun olmayan fəlakətli bir hadisədir. Mən bir dəfə bu barədə yazmışdım ki, əgər Azərbaycan vətəndaşları cihad istəyirlərsə, Yevlaxdan 20-30 km aralıda cihad üçün çox gözəl meydan mövcuddur və bunun üçün Suriyaya və ya başqa yerə getməyə ehtiyac yoxdur. İŞİD-ə qoşulan, Suriyaya gedən insanların ailələrinə gəldikdə isə, hesab edirəm ki, ən böyük faciəni bu ailələr yaşayır. Mən elə ailələr tanıyıram ki, çox böyük çətinliklərlə olsa da övladlarının ora getməsinin qarşısını ala bilməyiblər, ona görə də bu faciəni yaşamaq zorundadırlar. “Rafiziliy”in nə olduğunu isə təəssüf ki, bilmirəm. Müsavat partiyasının İran və Rusiyaya mövqeyi aydındır və şəxsən Müsavat partiyasının başqanı Arif Hacılının da həm İrana və həm də Rusiyaya mövqeyi kifayət qədər aydındır və bu barədə mən öz mövqelərimi həmişə, hətta müvafiq diplomatik çərçivələri nəzərə almadan açıq şəkildə bildirirəm. Çünki hesab edirəm ki, bu gün İranda və Rusiyada mövcud olan rejimlər Azərbaycanın mənafelərinə zidd siyasət yeridən rejimlərdir və bu rejimlərin dəyişdirilməsi istər Rusiyanın, istərsə də İranın demokratikləşməsi, Azərbaycanın mənafelərinə uyğun olar. Bilirsiniz ki, mən Krıma gedərkən, məni Rusiyada həbs etdilər…

Olmadığım bir İranın zindanı qalıb

SAM_1352

– Bəli…

– …Və geri qaytardılar. Bu, mənim Rusiyaya olan münasibətimin, Rusiyanın mənə olan adekvat göstəricisi idi. Cənubi Azərbaycana səfər etməmişəm. Düşünürəm ki, əgər İrana getsəm, oxşar hadisə orada da baş verəcək və çox zaman mənim dostlarım deyirlər ki, “…sənin olmadığın bir İranın zindanı qalıb, ora da get, oranı da gör…”

– İranla zarafat da eləmək olmaz. Bir də görərsiniz ki, adamı apardılar…

– Elə də asan deyil. Azərbaycan toplumunun İranda mövqeləri kifayət qədər güclənib. Hal-hazırda orada Azərbaycanın istiqlalı, Azərbaycanın azadlığı, Azərbaycanın ən azı mədəni muxtariyyatının təmin edilməsi istiqamətində açıq mübarizə aparan 10 minlərlə gənc var…

– Çox möhtəşəm bir hərəkat var…

– Son dövrlərdə İranın molla rejimi orada yaşayan azərbaycanlıların da müəyyən tələbləri ilə hesablaşmaq zorunda qalıb. Bilirsiniz ki, Urmiya gölü ilə əlaqədar yaranmış bu fəlakətli hadisəyə Tehran hökuməti göz yumurdu. Ancaq son dövrlərdə Urmiya gölünün qurumasının humanitar fələkət olacağı barədə fikirlər rəsmi nümayəndələr tərəfindən də dilə gətirilir. Bu da Azərbaycan toplumunun nəhayət ki, öz varlığını Tehran rejiminə diqtə etməsilə bağlıdır.

– Hətta dil haqqında, Azərbaycan dilində orta məktəblərin açılması ilə bağlı müəyyən müzakirələr gedir. Amma xoş bir şeydir, əslində…

– Düşünürəm ki, Azərbaycan toplumu öz iradəsini daha ciddi şəkildə ortalığa qoysa, orada daha ciddi dəyişikliklər ola bilər. Əslində, Azərbaycan türkləri çox ciddi bir qövmdür. Biz dünyanın bir çox aparıcı ölkələrində mühüm yer tutan, mühüm saya malik olan bir millətik. İran kimi bir dövlətdə əhalinin əksəriyyəti və ya ən çox sayda olan millət Azərbaycan türkləridir. Moskva kimi bir şəhərdə ruslardan sonra sayca ən böyük millət yenə də Azərbaycan türkləridir. Müxtəlif rəqəmlərə görə, Tehran şəhərində 5-6 milyon Azərbaycan türkü yaşayır. Təkcə İstanbul şəhərində müxtəlif rəqəmlərə görə, təxminən 2 milyon və ya 4 milyon Azərbaycan türkü yaşayır. Yəni bu bizim gücümüzdür və bu gücü toparlamaqdan ötrü biz daxili didişmələrə son qoymalıyıq. Azərbaycanın gələcəyini düşünən, Azərbaycanın demokratikləşməsini, firavanlığını düşünən hər bir şəxs çalışmalıdır ki, bu işə xidmət etsin. Qüvvələri toparlasın, qüvvələri bir yerə yığsın və bütövlükdə Azərbaycanın bir möhtəşəm, özünə layiq olan bir qövm kimi sözünü hər yerdə deməsinə, fikrini bildirməsinə şərait yaradan nəticəyə nail olmaq üçün bu yolda olan ən böyük maneə – Əliyev rejimini aradan qaldırmaq lazımdır. Nə qədər ki, Əliyev rejimi mövcuddur Azərbaycanın nə Qarabağ problemi həll olunmayacaq, nə Azərbaycan cəmiyyətində hansısa demokratikləşmə prosesi getməyəcək. Ölkədə hər hansı real, ciddi inkişaf da bu rejimin hakimiyyəti dövründə qeyri-mümkündür. Ölkəyə 100 milyarddan çox valyuta daxil olub, hətta Azərbaycan ərazisində yolların tikintisini belə başa çatdırmadılar. Yəni bu cür hakimiyyətin mövcud olduğu bir ölkədə müxalifət qüvvələrinin bir-birilə mübarizə aparmağa haqqı yoxdur.

Müsavat Divanı üzdə olmamağım barədə qərar qəbul etdi – 2 aya yaxın Azərbaycanda olmadım

DSC01063

– Tarixlə bağlı bəzi suallar var. Nizam Qayınbəyov soruşur: “Arif bəydən hər zamankı tərzindən fərqli olaraq səmimi cavab istəyirəm. 1992-93-cı illərdə AXC-Müsavat hakimiyyəti dönəmində Arif bəyin fasilə zamanı prezident kürsüsünə çıxıb foto çəkdirməsi bir deputata, bir dövlət müşavirinə nə qədər yaraşırdı? İndi YAP hakimiyyətindən kimsə belə qeyri-ciddi hərəkətə yol versəydi, Müsavat partiyasının başqanı kimi Arif Hacılı buna necə münasibət bildirərdi?”

– Mənə elə gəlir ki, hörmətli dostumuz bu məsələyə çox ciddi yanaşır. Özü də qeyd edir ki, bu, fasilə zamanı olub. Mən orada şəkil çəkdirməmişəm, sadəcə fasilə zamanı orada mövcud olan kreslolardan birində oturub, hansısa bir işlə məşğul olmuşam, kimsə də mənim şəklimi çəkib. Yəni bu məsələni belə şişirtməyə, bunu ciddi bir hadisə kimi qələmə verməyə ehtiyac yoxdur.

– Arif bəy, siz o zaman “Mən artıq siyasətdən gedirəm!” mesajını vermisiniz?

– Mən o vaxt parlamentdə çıxış etmişəm və bu çıxışım uzun müddət xatirələrdə qalmışdı. Bu çıxışla bağlı müxtəlif yanlış fikirlər səsləndirilib. Mən bir an da siyasətdən getməmişəm. Daim fəaliyyətimi davam etdirmişəm. Hətta iyul-avqust ayında mən öz siyasi fəaliyyətimi davam etdirmişəm. Yalnız bir neçə ay ərzində mən AR CM-nin 57-ci maddəsi ilə ölüm hökmünü nəzərdə tutan cinayət işi ilə axtarışda olmuşam və həmin vaxt Azərbaycanda hakimiyyəti qiyam yolu ilə qəsb etmiş Surət Hüseynov və onun rəhbərlik etdiyi “quldur dəstələri” məni fiziki cəhətdən məhv etmək barədə qərar vermişdilər. Həmin vaxt Müsavat partiyasının Divanı mənim bir müddət üzdə olmamağım barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən mən təxminən 2 aya yaxın Azərbaycanda olmamışam. Digər bütün vaxtlarda siyasi fəaliyyətimi davam etdirmişəm.

– Surət Hüseynovla bağlı Mübariz Abdullayev də bir məqamı xatırladıb. Ona gələcəm. O zaman siz həbsdə olarkən, mən Surət Hüseynov həbsdən çıxanda ondan bir müsahibə almışdım. O müsahibədə Surət Hüseynov haqqında deyilən “narkoman” ifadəsinə çox geniş cavab vermişdi və belə bir izah da göstərmişdi ki, “o vaxt Arif Hacılı Yevlaxda mənim yanıma gəlmişdi. Mən də xəstə idim, iynə vurmuşdular, yatmışdım. Köməkçim onlara demişdi ki, “İynə vurublar, yatıb”… Bu hadisədən sonra Azərbaycana mənim “narkoman” olmağımla bağlı şayiələr yayılmağa başladı. Bu informasiyaları da Arif Hacılı çıxarmışdı. Mən hələ o vaxtdan bu məsələyə sizin münasibətinizi bilmək istəyirəm. Bu yaxınlarda həmin müsahibəni təkrar yayımladıq. O baxımdan indi verəcəyiniz cavab da maraqlıdır.

– Surət Hüseynovun kim olması barəsindəki məlumatları mən hələ Azərbaycanda hərəkat başlamamış – o, Yevlax Yun Zavodunun direktoru olduğu dövrlərdən eşitmişdim. Yəni onun kim olduğu çox yaxşı bilirdim. Konkret o fakta gəlincə isə, mən Surət Hüseynovun yanına getməmişəm. Biz Mingəçevir şəhərinə getmişdik.

Hər zaman Surət Hüseynovu cəmiyyət üçün ziyanlı adam hesab etmişəm

DSC01054

– Pənah Hüseynlə…

– Sadəcə olaraq, həmin dövrdə Pənah Hüseynin təşəbbüsü ilə biz o vaxt onun yerləşdiyi Qonaq Evinə getdik. Açığı, mən ora getməyin də əleyhdarı idim, çünki mən Surət Hüseynovu çox yaxşı tanıyırdım. Mən hesab edirdim ki, ora getmək ümumiyyətlə doğru deyil. Ona oxşar hadisə həqiqətən də baş verib. Biz ora gələrkən bildirdilər ki, Surət Hüseynov yatıb, ona görə də sizinlə görüşə bilməz. Sonra biz Mingəçevir İcra Hakimiyyətinə qayıtdıq. Heç üstündən yarım saat keçməmiş Surət Hüseynovun adamları ora gələrək, Surət Hüseynovun üzr istədiyini, bizi təkrar Qonaq Evinə dəvət etdiyini və ya özünün gəlib bizimlə görüşmək istədiyini bildirdi…

– Siz də imtina etdiniz?

– Təbii ki, mən onunla görüşmək istəmədiyimizi, buna zərurət olmadığını dedim və Bakı şəhərinə gəldik. Açığı, mən əvvəldən də həmin vaxt onunla görüşməyin heç bir əhəmiyyəti olmadığı qənaətində idim. Mən əvvəldən Surət Hüseynov Azərbaycan cəmiyyəti üçün ziyanlı adam hesab etmişəm. Surət Hüseynovun həm prezidentin səlahiyyətli nümayəndəsi, Baş nazirin müavini olmasına kəskin etirazımı biildirmişəm və Surət Hüseynov fəaliyyət göstərdiyi bütün dövrlərdə onun görəvlərindən uzaqlaşdırılmasının zəruriliyini daim yüksək dövlət nümayəndələrinin, o cümlədən prezidentin diqqətinə çatdırmışam. Mənim Surət Hüseynova olan münasibətimi Surət Hüseynov çox yaxşı bilirdi. Çünki mən açıq şəkildə bu münasibəti daim ortaya qoymuşam. Ona görə də Surət Hüseynovun guya həmin hadisədən sonra nələrinsə baş verdiyi haqqında dedikləri tamamilə yalandır. Surət Hüseynov hələ biz hakimiyyətə gəlməzdən əvvəl – 1992-ci ilin aprel ayında hərbi birlik yaratmaq və hakimiyyəti ələ almaq barədə onun qərarı vardı. Bəzi sahə komandirlərilə bərabər belə bir hərbi birliyi hələ biz hakimiyyətə gəlməzdən əvvəl yaratmışdı. Yəni bu adamın Azərbaycan haqqında düşüncələri çox qəribə idi. O, Rusiya vasitəsilə Azərbaycanda hərb və qiyam yolu ilə hakimiyyətə gəlmək barədə düşünən bir şəxs idi və mən əvvəlki gündən bunun heç vaxt Azərbaycana xeyir verməyəcəyi qənaətində idim. Ona görə də Surət Hüseynova verilən görəvlərin yanlış olduğunu prezident də daxil olmaqla dövlət rəhbərliyində olan hər kəsin diqqətinə çatdırmışdım. Bu regiondan olan bütün icra hakimiyyəti başçıları da mənim Surət Hüseynova olan münasibətimi bilirdilər və mənimlə həmrəy idilər. Mən 1993-cü il fevralın 4-də sərhəd bölgəsindən olan 17 icra başçısını Bakıya çağıraraq, onları prezidentlə görüşdürmüşdüm. Və 17 icra başçısının hər biri Surət Hüseynovun vəzifədən kənarlaşdırılması zərurəti barədə fikirlərini mənim də iştirakımla prezidentin diqqətinə çatdırmışdılar. Surət Hüseynov bütün bunları çox yaxşı bilirdi və ona görə də əsas hədəfi mən idim. Surət Hüseynov Baş nazir olduğu dövrdə də verdiyi mətbuat konfransında başqa bir neçə nəfərlə yanaşı, mənim adımı çəkərək, özünün əsas düşməni kimi məni qeyd etmişdi. Mən buna vərdiş etmişəm. Yəni Azərbycana düşmən olan adamların demək olar ki, hamısı özünün 1N-li düşməni okaraq Arif Hacılını görür və mən bununla yalnız qürur duyuram.

– Surət Hüseynov bir şeyi də soruşmuşdu. Bu, təbii ki, tamam ayrı bir mövzudur. Fürsət varkən, sizdən o məsələyə də münasibət bilmək istəyirəm. O demişdi ki, “Sülhəddin Əkbərə, həbs elədiyim bütün adamların hamısına Üçtəpədə yer ayırmışdım. Onlar da orada yeyib içirdilər. Hər şey də əla idi. Hətta araq da gətirtmişdim. Onlar  orada kef edirdilər. Heç kimə bir çıtrma da vurulmamışdı”. Sizdə bu haqda məlumat varmı?

– Surət Hüseynov o səviyyənin adamı deyil ki, biz onun dediklərini belə detallı şəkildə müzakirə eləyək. Əlbəttə ki, o yalan danışır və orada nə baş verdiyini mənə elə gəlir ki, orada olan şəxslər daha yaxşı bilir və bu sualları onlara versəniz düz olar.

– Yadigar Sadığov yazır ki, “Arif bəy, Məhəmməd Əmin Rəsulzadənin tutduğu vəzifəni daşımaq necə bir hissdir?”

– Bu, ilk növbədə çox böyük məsuliyyət hissidir. Mən bu məsuliyyətin nə qədər böyük olduğunu dərk edirəm və bu mənim təkcə siyasi fəaliyyətimə yox, şəxsi həyatıma da, şəxsi həyatımdakı davranışlarıma da təsir göstərir. Bu, həm də qürur hissidir.

Hillari Klintonun seçilməsini istəyirəm, çünki bu seçimi Tramp edib

DSC01056

– Heydər İsayev soruşur ki, “ABŞ-dakı seçkilərdə hansı namizədi dəstəkləyir? Kim prezident olacaq və namizədlərdən hansının Azərbaycan və Qarabağ mövzularında daha səmərəli olacağını düşünür?”

– Biz adətən, bir qayda olaraq xaricdə keçirilən seçkilərdə kimi dəstəklədiyimizi açıq şəkildə bildirmirik. Çünki mən hesab etmirəm ki, mənim kimi dəstəklədiyimin bu seçkilərə təsiri ola bilər. Amma indi ABŞ-da elə bir vəziyyət yaranıb ki, bu məsələyə münasibət bildirmək vacibdir. Mən təbii ki, Hillari Klintonun seçilməsini istəyirəm.

– Tramp seçilsə, fəlakət ola bilər…

– Çünki bu seçimi Tramp edib. Əgər respublikaçıların namizədi tutaq ki, general Makkeyn olsaydı, bəlkə də mən başqa fikir səsləndirərdim. Amma respublikaçılar elə bir namizəd irəli sürdülər ki, Hillari Klintonu müdafiə etməmək qeyri-mümkündür. O baxımdan, mən demokratların yenə də hakimiyyətdə qalmasını və Hillari Klintonun prezident seçilməsini istəyirəm. Yeri gəlmişkən, Amerika prezidentləri haqqında da öz fikrimi bildirmək istəyərdim…

– Buyurun…

– Hesab edirəm ki, bəlkə də son 30 ildə seçilmiş Amerika prezidentləri içərisində mənim üçün ən simpatik olanı Barak Obama idi. Təəssüf ki, o, artıq Amerikanın prezidenti ola bilməz. Yəni hər cəhətdən bu siyasətçinin məsuliyyətli, səmimi, bəşəriyyətin gələcəyini düşünən bir şəxsiyyət olduğunu, Amerika xalqına layiq bir cümhurbaşqanı olduğu qənaətindəyəm.

– Həm də müsəlman olduğu üçünmü?

– Yox. Mən insanlara onların dini baxışlarına görə qiymət vermirəm, onların davranışlarına görə qiymət verirəm və hesab edirəm ki, Barak Obamanın bu illər ərzində davranışları hörmətə layiqdir.

– Arif bəy suallar çoxdur, amma mən də vaxtımız az olduğu üçün yekunlaşdırmaq istəyirəm.

– Bəzi maraqlı suallar da var idi…

– Hə… elə onlara da baxıram… O sullardan hansı diqqətinizi çəkmişdi?

– Məsələn, yazmışdılar ki, “siz çıxışlarınızın birində Şevardnadzenin adını çəkmisiniz” . Bunu mənim neqativlərimə yazmaları çox qəribəmə gəldi…

– Hə…

– Mən belə bir çıxış etmişəm və mənim fəxr etdiyim çıxışlardan biridir.

“Azərbaycanın da Ketavanisi, Şevardnadzesi var” deyə xəbərdarlıq etdim

SAM_1347

– Mən o sualı heç bura salmamışam. Çünki o sualı anlamadım.  

– Orada bildirilir ki, guya mən Şevardnadzenin “Azərbaycanın da Şevardnadzesi var!” deməklə Heydər Əliyevi təbliğ etmişəm. Bu, tamamilə yanlış bir fikirdir. O dövrdə siz bilirsiniz ki, H.Əliyevin cəmiyyətin müəyyən dairələrində nüfuzu vardı və onu təbliğ edənlər heç də az deyildi. Bir məqamda mən Mütəllibov hakimiyyətini, Azərbaycan parlamentini və Azərbaycan cəmiyyətini Azərbaycan üçün belə bir təhlükənin olduğu barədə xəbərdar etdim. O vaxt Müdafiə naziri Ketavaninin təşkil etdiyi qiyam nəticəsində Şevardnadze hakimiyyəti qəsb etmişdi. Səhv etmirəmsə, Mütəllibovun da iştirak etdiyi toplantıda mən çıxış edərək, Azərbaycanın da Ketavanisi var, Azərbaycanın da Şevardnadzesi var, bu hadisələr Azərbaycanda da baş verə bilər deyə xəbərdarlıq etdim. Və doğrudan da elə oldu. Mən dedim ki, Azərbaycanda da hərbi qiyam nəticəsində Heydər Əliyevin hakimiyyətə gəlməsi mümkündür. O dövrdə mənim bu çıxışım əliyevçilər tərəfinfən çox qəzəblə qarşılanmışdı. Arif Rəhimzadə bu çıxışıma qarşı dəfələrlə çıxış etdi, öz mövqelərini bildirdi. Həmin dövrdə müxalifət qəzetləri olan – “Səs”, “İki sahil” qəzetləri mənim bu çıxışıma çoxsaylı məqalələr həsr ediblər. İndi guya antiəliyevçi adamların bu məsələ ilə bağlı narahatçılığı mənə çox qəribə göründü. Mənim dediklərim düz çıxdı. Mən 1992-ci ilin əvvəlləində – Bizdən əvvəl hakimiyyətə gələn Mütəllibovun dövründə belə bir çıxış edərək, qıyam nəticəsində Heydər Əliyevin hakimiyyətə gəlməsi təhlükəsi barəsində cəmiyyəti xəbərdar etmişdim. Bununla belə Heydər Əliyev məhz qiyam nəticəsində Azərbaycanda hakimiyyətə gəlməyə nail oldu. Yəni bu baxımdan, mənə elə gəlir ki, belə bir çıxış yalnız təqdir oluna bilərdi. Buna qarşı çıxmaları mənə aydın olmadı.

– Əsəd Məmmədli yazır: “Müsavat partiyasının son qurultayında təbliğat-təşviqat kampaniyasında Qubad İbadoğlunu müdafiə etdiyim üçün Arif bəy məni sosial şəbəkədə bloka saldı. Niyə? Əleyhinə olan adamla sivil mübarizə daha ədalətli deyilmi?” Belə bir adamı tanıyırsınızmı?

– Xatırlamıram. Amma düşünmürəm ki, o kimisə müdafiə etdiyi üçün bloklamışam. Mən yalnız təhqiramiz ifadələr işlədən bir neçə nəfəri blok etmişəm. Ola bilər ki, bu adam da onlardan biridir.

– Vüqar Əhmədli də maralı fikir bildirir: “Əvəz Zeynallı türmədən çıxandan sonra özünü çox şübhəli aparır. Müsavata qarşı mövqeyi artıq hamıya bəllidir. Onun Tural Abbaslı və dəstəsinin yazdıqları sayıqlamaları “bəyənmə”sini də yaddan çıxarmayın. Səhifəsindən də onun kimliyi bəllidir. Tənqidlərə də, təhqirlərə də onun özü rəvac verir”.

– Çox diqqətli adamlar var. Görünür, kimin hansı yazıya “bəyən” düyməsini basmasına da nəzarət edirlər.

– Çox maraqlıdır. Hətta adamın nə vaxt hansı yazını bəyənib-bəyənməməyi yadına gəlmir. Yazıdır, baxırsan və tam oxumadan “layk” düyməsini basırsan. 

– Bilirsinizmi, indiki şəffaflıq şəraitində – mən əsasən sosial şəbəkəni nəzərdə tuturam – siyasi fəaliyyətlə, belə deyək, publik fəaliyyətlə məşğul olmaq həddən artıq çətindir. İnsan gərəkən hər sözə, atdığı hər addıma, hətta “layk” düyməsinə belə diqqət yetirməlidir və biz də bunu nəzərə almağa çalışırıq.

– Siz sonuncu dəfə 2012-ci ildə əfv olundunuz?

– Bəli.

İki dəfə əfv fərmanı ilə azadlığa çıxan yeganə adamam

DSC01050

– O, bir az da qalmaqallı hadisələrlə yadda qaldı. Mən istərdim ki, söhbətin yekununda o məsələləri də müzakirə eləyək. Mənə adının gizli saxlanmasını istəyən bir adamdan sual gəlib ki, o vaxt əslində hamını buraxmaq üçün Sahib Kərimovla sizə əfv ərizəsini yazmaq təklif olunub. Bu məsələ müzakirə olunub və qərara alınıb ki, “yox, yazılmasın”. Amma siz bununla razılaşmadan İlahm Əliyevə müraciət etmisiniz. Hətta burada elə bir sual var idi, mən onu çıxardım. Yeri gəlmişkən, onu da vermək istəyirəm. Guya həmin gün siz bir neçə saat “zon”da olmamısınız. Guya həmin məsələlərlə bağlı danışıqlara getmisiniz…

– (Gülür…) Mən Azərbaycanda iki dəfə əfv fərmanı ilə azadlığa çıxan yeganə admam. Hələlik. Hətta cinayətkar aləmdə də belə bir adam yoxdur ki, iki dəfə əfv olunsun. Ümumiyyətlə, bu, qanuna ziddir. Qanuna görə bir nəfəri bir dəfədən artıq əfv etmək qadağandır. Eyni zamand mən əfv ərizəsi yazmadan iki dəfə əfv fərmanı ilə azadlığa çıxmış yeganə adamam. Yəni söhbət təkcə siyasilərdən, siyasi məhbuslardan getmir. Ümumiyyətlə, Azərbaycan tarixində elə bir Azərbaycan vətəndaşı olmayıb ki, əfv ərizəsi yazmadan iki dəfə azadlığa çıxsın. Görünür, bu tip detallar bəzi adamları narahat edir.

– Müraciətiniz də bəzi dairələrdə əfvə müraciət kimi qəbul olunmuşdu…

– İkinci dəfə həbsxanada olduğum zaman mənə ümumiyyətlə, əfv ərizəsi yazmaq təklif olunmayıb. Sadəcə, 16-cı “zon”da heç kəsin əfv ərizəsi yazmamasını onlar mənim adımla bağlayırdılar. Onlar hesab edirdilər ki, mən bu adamlara əfv ərizəsi yazmağa icazə vermirəm. Əslində, belə bir şey yox idi. Onlar özləri əfv ərizəsi yazmaq fikrində deyildilər və əfv ərizəsi də yazmırdılar. Sadəcə, mənə bildirirdilər ki, bu, necə olur ki, bütün “zon”larda olan siyasi məhbuslar – bir nəfər, beş nəfər əfv ərizəsi yazır, amma məhz 16-cı “zon”dan heç kəs əfv ərizəsi yazmır. Bunu mənim adımla bağlayır və məndən də xahiş edirdilər ki, o adamlara təsir göstərməyim. Kim əfv ərizəsi yazmaq istəyirsə, yazsın. Mən də onlara əslində təsir göstərmirdim. Bu, yanlış bir fikir idi. Siz özünüz də həbsxanada olmusunuz və bu məsələləri də bilirsiniz. Şəxsən həbsxanada olduğum uzun dövrlər əfv ərizəsi yazmaq üçün kimlərəsə təzyiq olduğunun şahidi olmamışam.

– Mən də şahidi olmamışam.

– Təklif olunub.

– Xahiş ediblər.

– Xahiş olunub. Yoxsa kiməsə bunun üçün təzyiq olunsun, həmin adama işgəncə versinlər, mən belə şeylərlə qarşılaşmamışam.

– Mən də qarşılaşmamışam.

– Şəxsən elə şeyin şahidi olmamışam. Kim əfv ərizəsi yazıbsa, özü əfv ərizəsini yazıb.

– Deyirdilər, yazan yazırdı, yazmayan da yazmırdı.

– Sahib Kərimov başqa bir “zon”da olub, mən də bir başqa… Bu, absurd bir fikirdir. Mən bir dəfə İlham Əliyevə müraciət eləmişəm. İndi belə deyirlər ki, Arif Hacılı prezidentə digərlərinin əfv olunması ilə əlaqədar ərizə yazıb. Bu, yalandır. Mənim yazdığım yazı mətbuatda çap olunub.

– Bəli…

– Orada “prezident” sözü yoxdur. Bu bir. Orada “əfv” sözü də yoxdur. Bu da iki. Yəni bu yazını necə əfv müraciəti kimi dəyərləndirmək olar? Özü də söhbət mənim əfvimdən yox, digərlərinin əfvindən gedir.

– …Ki, dövlətin prezidentinə müraciət etmək də çox normal bir şeydir…

– Mən müraciətimdə bildirmişəm ki, məni həbsdə saxlayın…

“Azərbaycan müxalifətinin lideri Arif Hacılı olacaq” – kimi qənaətlər yarananda…

SAM_1354

– Amma uşaqları azad edin…

– …Çünki cinayət hesab olunursa, 12 mart və 2 aprel mitinqlərinin təşkilatçısı mənəm. Bu adamlar sadəcə orada iştirak ediblər. Məni həbsdə saxlayın, onları isə azadlığa buraxın. Bir çox mətbuat orqanları, bir çox siyasi dairələr bunu çox böyük siyasi cəsurluq nümunəsi kimi qələmə verdilər. Hətta Türkiyənin, başqa ölkələrin mətbuatında bu məsələ çox böyük müzakirə olundu. Ankaradakı Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal bəy bunu bir şərəfli tarixi nümunə kimi təqdim etdi. Bəzi mətbuat orqanları həbsdən çıxdıqdan sonra, “Azərbaycan müxalifətinin lideri Arif Hacılı olacaq” – kimi qənaətlərə gəlməyə başlayanda, bu məsələ bəzi adamları narahat etdi və mənim bu müraciətimi təhrif edərək cəmiyyətə guya mənim İlham Əliyevə hansısa bir xahişlə müraciət etdiyim düzgün olmayan bir xəbər barəsində yanlış və yalan fikirlər yaymağa başladılar. Mənim buna bənzər fikirlərim əvvəllər də olub. 2003-cü ilin oktyabr hadisələri zamanı, “16 oktyabrda insanları “Azadlıq” meydanına kim aparıb?” – sualı ortaya çıxmışdı. Bir çoxları, “bizim xəbərimiz yoxdur”, “biz ümumiyyətlə, “Azadlıq” meydanında olmamışıq” – kimi açıqlamalar verməyə başlamışdılar. Mən özüm “Yeni Müsavat” qəzetinə zəng etdim və bildirdim ki, “Azadlıq” meydanına insanları mən aparmışam. Hətta həmin müraciətimdə başlığın necə olacağını da onlara diqtə etdim. Dedim, yazın: “Arif Hacılı: İnsanları “Azadlıq” meydanına mən aparmışam”. Belə bir yazı 19 oktyabr 2003-cü ildə “Yeni Müsavat” qəzetində çap olundu. Yəni Axundov kitabxanasına, arxivlərə müraciət edin və baxın – 19 oktyabrda mənim belə bir yazım “Yeni Müsavat” qəzetində çap olunub. Doğrudan da əslində insanları mən aparmışdım, digərləri ilə birlikdə. Amma hamı bundan imtina edirdi və mən öz üzərimə götürdüm. Məhkəmədə də çıxış edəndə mən həmin mövqeləri səsləndirmişəm. 2 aprel mitinqləri ilə də bağlı bu fikirləri səsləndirmişəm və bildirmişəm ki, “təşkilatçı mənəm, o zaman o insanları niyə tutmusunuz?” Onların arasında kifayət qədər ciddi fəallıq göstərmiş müsavatçılar da var idi, sıradan biri, təsadüfən ora gələn adamlar da var idi. Mitinqə gəlmədiklərini, təsadüfən orada olduqlarını sübut etməyə çalışan, müstəntiqlər qarşısında sızıldayan adamlar var idi. Mən bu məsələni aradan qaldırmaq üçün dedim. O vaxtlar xatırlayıram ki, Xalq artisti Zeynəb Xanlarova da hakimiyyətə bir müraciət etdi ki, burada gənclər tutulub, onların heç bir günahı yoxdur. Onları meydanlara tökən liderlər həbs olunmalıdır, onlar isə azadlığa buraxılmalıdır. Liderlər deyərkən, mənə elə gəldi ki, onlardan biri də mənəm. Dedim ki, məni həbs edin, digərlərini də azadlığa buraxın. Bu cür davranış məncə yalnız təqdir olunmalı idi. Onsuz da tarix bu məsələlərin hamısına qiymət verəcək. O ki qaldı guya hansısa “adının bilinməsi istənilməyən mənbələr hansısa məlumatları” verir, bu, gülməlidir. Yəni mənim 16-cı “zon”dan zorakılıqla çıxarılmağım, Penitensiar Xidmətə aparılmağım və ondan sonra azadlığa buraxılmağım məlum faktdır. Mən bunu dəfələrlə demişəm, elə həbsdən azad olunan kimi demişəm.

– Elə sizi qəfildən evə gətirmişdilər?

– Günorta saatlarında məni çağırdılar və “voronok”la məni “etap” etdilər. “Arif Hacılını axtarırdıq, onu tapmırdıq”. Necə yəni? Bütün “zon” bilirdi ki, məni “etap” edirlər, özü də qeyri-qanuni “etap” edirlər. Bunu bütün “zon” bilirdi.

– Hə… O söhbəti deyirlər, evə gələndə?

– Mənim hətta əşyalarımı, yazılarımı, qeydlərimi belə götürməyə icazə vermədilər. Dərhal 3-4 zabit məni mühasirədə saxladı. Bu terminləri siz də yazşı bilirsiniz. Məni 16-cı “zon”dan çıxarıb, Penitensiar Xidmətə gətirdilər.

Məni Penitensiar Xidmətə gətirdilər

DSC01047

– Penitensiar Xidmətə niyə?

– Bunu onların özündən soruşmaq lazımdır.

– Çox maraqlıdır.

– Orada mənə elan etdilər ki, mən və digər siyasi məhbuslar barədə əfv fərmanı olacaq – hələ onda yox idi. Elan olunacaqdı, amma televiziyada hələ elan olunmamışdı.

– Orada bildiniz?

– Mən Penitensiar Xidmətdə gözlədim və ondan sonra da məni azad etmədilər. Hətta ondan sonra da məni – indi yaxşı xatırlamıram – Penitensiar Xidmətin ya iki, ya da üç zabiti avtomobilə oturdaraq, düz evimin qarşısına gətirib, düz yaşadığım binanın bloku qarşısında azadlığa buraxdılar. Yəni mənim 16-cı cəza müəssisəsində dustaq yoldaşlarımla yolasalma mərasimim olacaqdı, yəqin siz də bilirsiniz, böyük bir təntənəli yolasalma mərasimi olur – mən də həbsdə olan adamlar yaxşı bilirlər ki, kifayət qədər böyük nüfuza malik idim. Hər dustaq da yəqin ki, məni yola salmaq üçün ora çıxacaqdı. Bu yolla həmin mərasimin keçirilməsinin qarşısını aldılar. İstər-istəməz mənim azadlığa çıxdığım məqamda “zon”un qarşısına…

– Media gələcəkdi…

– Bəli, media gələcəkdi, qarşılanma törənləri olacaqdı. Bu, birinci dəfə deyil ki. 12 martda da məni həbs edərkən apardılar hansısa bölmədə uzun müddət saxladılar, sonra da gətirib, düz evimin qabağında, blokun qarşısında azad etdilər. Yəni belə bir ənənə mövcuddur. Bu yaxınlarda bir çox gəncləri martda verilən əfv fərmanı ilə azadlığa buraxarkən, gecə saatlarında evlərinə gətirdilər ki, yolasalma, qarşılanma törənləri baş verməsin. Hər yerdə artıq insanların yatdığı vaxtda, gecə saat 12-də, 1-də yataqlarından qaldırıb gətirdilər. Yəni onlar bununla faktiki olaraq mənim hüquqlarımı tapdalayıblar və mənim insanlarla sağollaşma, qarşılanma törənlərimdə iştirak etmək hüquqlarımı əlimdən alıblar.

– Siz onda təxminən əfv olunacağınızı bilirsiniz?

– Xeyr. Məni Penitensiar Xidmətdə saxlanıldığım və “evə gedirsən”- deyilən müddətədək müxtəlif bəhanələr gətirirdilər. Mən “zon”dan artıq tələb şəklində vəkilimə zəng vuraraq, məni “zon”dan “etap” edərək çıxardıqları barədə məlumat vermişdim, amma mənə qəti aydın deyildi. Onlar da deyirdilər ki, biz heç nə bilmirik. Mən hara “etap” olunmalı idim ki. Heç bir məhkəmə prosesi də yox idi. Yəni əslində bu şəkildə mənim hüquqlarım ciddi şəkildə pozuldu. İndi bunun mənim bir neqativim kimi, bir sirr açılması kimi deyilməsi, o adamların bu məsələdə qərəzli olmasından xəbər verir. Özü də bir çox adamların deyəsən, bu məsələlərdə narahatçılığı var. Mən hesab etmirəm ki, siyasətçi mütləq həbsxanada olmalıdır, jurnalist hökmən həbsxanada olmalıdır. Kimlərisə həbs edirlər, kimlərisə həbs etmirlər. Belə şeylər olur. Amma deyəsən, həbsdə olmayan bir çox adamlarda bu məsələlərlə əlaqədar komplekslər var və onlar da “filankəs həbsdə olarkən yaxşı dustaq olmayıb, yaxşı davranmıyıb” – kimi şayiə və böhtanlar vurmaqla bu üstünlüklərə qara yaxmağa çalışırlar.

– Amma biz burada da çox görmüşük, bayırda bol-bol danışan adamların “içəri” girəndən sonra nə vəziyyətdə çıxdıqlarını görmüşük.

– Mən heç vaxt o cür yanaşmamışam. 13 ay Bayılda “ölüm korpusu”nda olmuşam.

– V korpusda…

– Bilirsinizmi, həbsxana ora idi. Kürdəxanı təcridxanası ilə Bayıl həbsxanasını, özü də “ölüm korpusu”nu müqayisə eləmək qeyri-mümkündür. Mənim xəstələndiyim vaxtlar da olub, problemlərim də olub…

– Amma sizə də yaxşı baxıblar – nərd oynayırdınız…

– Üzr istəyirəm. Mən Bayılda da “kars”da olmuşam, Kürdəxanıda da “kars”da olmuşam, 14-cü “zon”da da “kars”da olmuşam, 16-cı “zon”da da “kars”da olmuşam. Ümumiyyətlə, heç bu barədə məlumat verməyi lazım bilməmişəm. Mən istəmişəm ki, insanlar həbsxanalardan qorxmasınlar, çəkinməsinlər, həbsxananı dözülməsi mümkün olmayan bir yer hesab etməsinlər.

“Bütün siyasi məhbuslar azadlığa çıxır”, – xəbərini mənə Mədət Quliyev deyib

DSC01060

– Siz Penitensiar Xidmətdə olarkən Mədət Quliyevlə şəxsən görüşdünüz?

– “Görüşdünüz” sözü bir qədər yeinə düşmür. Siz özünüz də həbsxanada olmuş adamsınız…

– Olsun, yəni o sizi yanına çağırıb?

– Tutalım ki, “depenka” sizi çağırır, siz getməyə bilərsinizmi?

– Yox. Rəis də çağırır. Kim çağırır, gedib görüşürsən.

– Necə getməyə bilərsən yəni?

– Yəni o çərçivədə görüşünüz oldu?

– Getməmək mümkündürmü?

– Yox, təbii ki… Mədət Quliyev əslində, çox adamla görüşüb.

– Anam dünyasını dəyişəndə də…

– Allah rəhmət eləsin.

– …Məni Penitensiar Xidmətə gətirdilər. Orada mənim sənədlərimi sürətlə hazırladılar ki, mən dəfn mərasiminə çata bilim və Mədət Quliyev mənə başsağlığı verdi. Həbsdən azad olunduğum zaman da “siz azadlığa çıxacaqsınız, bütün siyasi məhbuslar da azadlığa çıxır”, – fikrini mənə Mədət Quliyev deyib.

– Mədət Quliyevlə şəxsi münasibətiniz necədir?

– Mədət Quliyev bugünkü hakimiyyətin əsas dayaqlarından biridir və onun Penitensiar Xidmət rəhbərliyindən birbaşa kəşfiyyat idarəsinə – Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərliyə gətirilməsi də onu göstərir ki, İlham Əliyevə ən sadiq adamlardan biridir. Mənim ona münasibətim necə ola bilər? Əliyev rejiminə münasibətim necədirsə, ona da münasibətim elədir.

– Həbsxanada müzakirə olunan mövzulardan bir də sizin “Darıxıram” şeiriniz idi. Siz o şeiri yazdınız və “Yeni Müsavat” qəzeti də onu dərhal dərc elədi. Həmin şeirin dərc olunması üçün siz onu redaksiyaya göndərmişdiniz, yoxsa evə yazmışdınız?

– Bilirsinizmi, mən birinci şeirimi 10 yaşım olanda yazmışam.

– Sizin çox maraqlı şeirlərinizin olduğunu bilirəm…

– Müəyyən dövrlərdə mənim şair olmaq düşüncələrim olub. 10-15 yaxşı şeirim də var. Bunlar mətbuatda da çap olunub və s. Ancaq 80-ci illərin axırlarından mən özümdən də yaxşı şairlərin olduğunu gördüm – Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Musa Yaqubun, Vaqif Cəbrayılzdənin şeirləri ilə tanış olduqdan sonra şeir yazmaq fikrindən vaz keçdim. Mən gördüm ki, demək istədiyim fikirlər…

“Darıxıram” şeirimə 100 nəzirə yazılıb

DSC01059

– Daha parlaq şəkildə deyilir…

– Mənim demək istədiyim tərzdən daha yaxşı tərzdə, daha poetik ifadələrlə deyilir. Şeiri buraxdım. Amma belə, işim olmayanda müəyyən vaxtlarda bir xobbi kimi şeirlər yazmışam. Həbsxanada olduğum dövrlərdə çox şeirlər yazmışam. Həbsxanada rus dilində olan “şanson”ların oxunması kimi şeylər də adamı yorur. Özünüz də orada olmusunuz. Bir gün ərzində adam neçə dəfə “Dolya Vorovskaya”ya qulaq asa bilər? Bəlkə də 200 dəfə, qurtarır, təzədən qoşulur. Eyni vaxtda 7 pəncərədən eyni musiqi səslənir. O vaxtlar mən bəzi “şanson” şeirləri Kürdəxanı türməsi haqqında-filan yazdım. Belə şeirləri orada yazmışdım. Həbsxanada türmə yoldaşım olan bir bank işçisi var idi. O bu şeiri Kürdəxanı təcridxanasında yaydı və həbsxanada bu şeir çox böyük rezonans doğurdu. Yalan olmasın, bəlkə də 100 şeir var ki, mənim “Darıxıram” şeirimə nəzirə kimi yazılıb.

– Əks-səda doğurub.

– Ondan sonra məndən bu şeirin çap olunmasını xahiş etdilər. Mənim şairlik iddiam yoxdur, ona görə də hər hansı bir şeirimin çap olunmasında maraqlı deyiləm. Amma həbsxana yoldaşlarım xahiş etdilər ki, bu şeir çap olunsun, mən də bu şeiri çapa verdim. Bu şeir əslində azadlığın nə qədər ümdə dəyər olması barəsində şeirdir. Çoxları bu şeirin mahiyyətini dərk eləmir. Məncə yaxşı şeirdir, pis şeir deyil.

– Oxumuşam. Həbsxanada oxumuşam.

– Muhsin Yazıçıoğlunun

– “Üşüyorum…”

– Bir “Üşüyorum” şeiri var, Türkiyədə böyük bir hadisə kimi qarşılanır. Bəlkə də bu şeirə 10 mahnı qoşulub. Muhsin Yazıçıoğlu haqqında istənilən verilişdə bu şeir səsləndirilir və s. Yəni “Darıxıram” şeiri də bu tipli həbsxana şeirlərindən biridir. Bu məsələni bu qədər şişirtmək və bu şeri yazmağı mənə, hər hansı bir insana qüsur tutmaq və bunu onun siyasi mövqeyi kimi qələmə vermək cahillikdir. Mən həbsxanada olduğum dövrdə çoxlu məqalələr yazmışam. H.Əliyevin davranışları ilə bağlı, Azərbaycanın müstəqilliyi ilə bağlı, H.Əliyevin tutduğu rol haqqında, İ.Əliyev rejiminin fəaliyyəti haqqında mənim məhkəmələrdə ifadələrim var, mənim məhkəmədə son sözlərim var. Bunlar hamısı saxlanılır, bunların hamısı qorunur. Mənim siyasi mövqeyim, davranışlarım, məhz həmin ifadələrdə, həmin məqalələrdə öz əksini tapıb. Həbsdə olduğum dövrdə “Demokrat” qəzeti dərc olunurdu. Xatırlayırsınızsa…

– Bəli…

– Həftədə bir dəfə…

– Mustafa Hacıbəylinin qəzeti…

– O, daha çox Arif Hacılının qəzeti kimi dəyərləndirilirdi. Əslində, bu qəzetin yaranmasında, fəaliyyətində də rolum çox idi. Amma birbaşa təsisçisi deyildim. Bu qəzetin təsisçisi mənim universitetdən tələbə yoldaşım Elşən Qəniyev idi. Baş redaktoru isə Mustafa Hacıbəyli idi. Qəzet Müsavat partiyasının qərargahında çıxırdı və bu baxımdan da “Demokrat” qəzetinə mənə aid olan bir qəzet kimi baxırdılar. Mənim mövqeyim o qəzetdə çıxırdı. “Demokrat” qəzeti həmin dövrdə, mən çəkinmədən deyirəm, ən…

– Populyar qəzet idi…

– …ən radikal, ən birmənalı mövqe nümayiş etdirən qəzet idi. Hətta bəzi siyasi məhbus dostlarım deyiblər ki, “nə vaxtadək “Demokrat” qəzetində bu cür yazılar gedir, səni azadlığa buraxmayacaqlar. Səni azadlığa buraxmayacaqlarsa, bizi də azadlığa buraxmayacaqlar”. Bu şəkildə də fikirlər səsləndirilib. Mənim həbsxanada olduğum dövrdəki mövqelər bax, buralarda ortaya çıxır və açıq şəkildə də görünür.

“Darıxıram” əgər hadisədirsə, ədəbiyyat hadisəsidir, siyasət hadisəsi deyil

DSC01052

– Arif bəy, “Darıxıram”şeirinin müzakirəsində bəlkə səmimi bir məqam var? Bəlkə sizi çox istəyən adamlar, təəssüf edirlər ki, bizim liderimiz həbsxanada, bu rejimin əsarətində niyə “Darıxıram”şeirini yazır? Bəlkə düşməni sevindirməmək məsələsi var ortada?

– Belə bir şey yoxdur. Bu, kifayət qədər güclü şeirdir və “Darıxıram”şeiri əgər hadisədirsə, ədəbiyyat hadisəsidir, siyasət hadisəsi deyil.

Zəruri qeyd:

“Darıxıram”

Kürdəxanı qalasının
Divarları arasında
Qoşa, dəmir qapıların arxasında
Kilidləndim o gün gecə
Darıxıram bilsən, necə?!
Batıb səsim,
Yaşamağa yox həvəsim.
Dünya ilə aramızın sərhəddidir
dəmir torlu həbsxana pəncərəsi
…Azmış quşlar… ağ buludlar… göy… baxıram…
Binə hava limanından
Uçub gedən uçaqların
Arxasınca hey baxıram…
Uçur, gedir xəyallarım
Uçaqların arxasınca
İndi məndən uzaq düşən
Uşaqların arxasınca…
Uçur, gedir yaxın, uzaq şəhərlərə
Uçaqların enəcəyi
Şəhərlərin həsrətiylə darıxıram.
Şirin-şirin yuxulardan oyananda
Bağlı dəmir qapıları
Görüb hər gün
Azadlıqda açılacaq
Səhərlərin həsrətiylə
Darıxıram.
Uzaq oldu xəyallarım
Arzularım olarmı çin?!
Bir qurtum su
Sinə dolu nəfəs kimi
Darıxıram bu qəfəsdə.
Bircə addım azadlıqçün
Darıxıram hər gün, gecə
Darıxıram bilsən necə!

Möhkəmlik darıxmaqla bilinmir

– Dustaqçılıqda bir şey də var ki, deyirlər, “burda darıxmaq olmaz”. Amma darıxmaq da insana xasdır…

– Necə darıxmaq olmaz?

– Gərək bir az da möhkəm olasan…

– Məgər siyasətçi insan deyilmi? Möhkəmlik darıxmaqla bilinmir. Arif Hacılının necə möhkəm olduğunu onun həbsxana yoldaşları yaxşı bilirlər. Mən həbsxanada, “mənə filan şərait yaradılmasa, ümumiyyətlə, “zon”a çıxmayacam”, – ultimatumunu verən adamam.

– Bilirəm. Şəraitinizi də bilirəm.

– Hansı şərait var idi ki? Mən ora getmişdim, əvvəldə orada siyasi məhbuslar var idi. Onlara nə qəzet vermirdilər, nə bir yerdə yaşamaq hüququ tanımamışdılar. Onların orada heç bir normal şəraitləri yox idi. Mən getdim, rəhbərliyə şərt qoydum: Geyimim belə olacaq və siz məni hansısa geyimlərdən məhrum edə bilməyəcəksiniz. Sizin adamlarınızdan heç kimə ayağa durmayacam. Başqa dustaq kimi əlim arxada gəzməyəcəm.

– Belə şərtləriniz var idi?

– Əlbəttə… Mənim şərtlərim belə idi. Mən “karantin” dövrünün axırınadək “karantin”də qaldım bütün bunların əvəzində… Onlar mənə dedilər ki, biz sənə bütün bunları eləməyəcəyik, şərtlərimdən biri də mənə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin həbsxanaya gətirilməsi idi. Bu şərtlərin qəbul olunmayacağı təqdirdə səni “PKT”-yə bağlayacağıq, sonra da qapalı həbsxanaya gedəcəksən, deyirdilər. Mən dedim ki, “buna hazıram…” Amma sonra müzakirə etdilər və qərara gəldilər, bu şərtlərə əməl etdilər və mənim 16-cı “zon”da olduğum bütün dövr ərzində ora “Yeni Müsavat” və “Azadlıq” qəzetləri gəlirdi. Bütün dustaqlar da bu qəzetləri həbsxanada oxumaq imkanı əldə etdilər. Mən həbsxanadan çıxdım, yenə də həbsxanalara qəzetlər aparılmır. Buna müsbət yanaşmaq, təqdir etmək lazımdır.

– Təbii ki…

– Arif Hacılıya şərait yaradıblar, ona “Azadlıq” qəzeti, “Yeni Müsavat” qəzeti verirlər.

– Orada heç kimə heç nə vermirlər. Orada qəzeti alırlar. Yəni orada qəzet verilmir, qəzet alınır…

– Bəli… Bəli… Mübarizə ilə alınır.

– Heç bir dustağa, siyasi məhbusa könüllü qəzet verməyiblər.

– Bəli…

Kürdəxanıda 3 qəzet alırdıq – “Xural”, “Azadlıq”, “Yeni Müsavat”

DSC01049

– Amma kim döyüşübsə, alıb. Amma döyüşməyən almayıb.

– Kürdəxanıda olduğumuz dövrdə “Xural” qəzetini də alırdıq. Yəni 3 qəzet alırdıq – “Xural” qəzeti, “Azadlıq” qəzeti, “Yeni Müsavat”qəzetini…

– Orada da hamı oxuyurmuş və deyirlərmiş ki, “bu da bu günlərdə bura gələcək…” Yeri gəlmişkən, sizin “aprel məhkumlarının” məhkəməsini tam şəkildə verən də “Xural” qəzeti idi.

– Digər qəzetlər də verirdi, niyə…

– Yox, hamı verirdi, amma rejim haqqında, rejimin rəhbərləri haqqında açıq və sərt mövqeni o vaxtdan redaktələr başlamışdı. Mənim yadıma gəlir.

– Mən xatırlayıram ki, “Xural” qəzeti bağlanmaq ərəfəsində ən radikal qəzetlərdən biri idi və o, qısa müddətdə də çox böyük nüfuz qazanmışdı. Bir hadisə xatırlayıram. Həbsdə olarkən bir dəfə məndən müxalifət qəzetlərini istədilər. Mən də yığılmış müxalifət qəzetlərini bunlara təqdim etdim. Dedim, “neyləyirsiniz?” Dedilər ki, “verəcəyik dustaqlar oxusun”.

– Yəni bunu administrasiya – rəhbərlik istədi?

– Administrasiya deyəndə, ədliyyə naziri yanıma gəlməmişdi ki…

– “Starşina”nı nəzərdə tuturam.

– Nəzarətçi gəlib qəzetləri istəyir.

– Nəzarətçi də elə özlərinin əmrini yerinə yetirir.

– Bilirsinizmi, həbsxanada olmayan insanlar, həbsxananın reallıqlarından xəbərsizdirlər.

– “Nadzor” gəlib istəyir, sən də verirsən. Məndən də çox vaxt qəzet istəyirdilər, verirdim.

– Verdim. Həm də özüm maraqlı idim ki, bu qəzetləri oxusunlar. Sonra vəkil gəlib məni çıxaranda gördüm ki, stollar qoyulub, bu qəzetləri də üstünə düzüblər. Dedim ki, “bu nə məsələdir?”

– Bəlkə qonaq gəlirmiş?

– Hə. Dedilər ki, Avropa Şurasından nümayəndələr gəlib. Müxalifət qəzetlərini də ora qoyublar, guya orda müxalifət qəzetləri var. Amma yaxşı iş ondan ibarət idi ki, dustaqlar da qəzetləri istəyirdilər, oxumaq üçün. Hər halda o Avropa Şurasının nümayəndələri sonunda heç ora gəlmədilər. Onların gəlməsi gözlənilən 2-3 gün müddətində bütün məşhur VIII korpus o qəzetləri oxumaq imkanı əldə elədi.

Hüquqi müstəvidə sonadək getmək niyyətindəyik

– Şəmşad Ağa soruşur: “Bir müddət əvvəl Panama sənədlərinin araşdırılması üçün Baş prokurorluğa rəsmi müraciət ünvanlamışdınız. Müraciətə cavab almısınızmı? Bu mövzuda növbəti addımlarınız nədən ibarət olacaq?”

– Müraciətimizə cavab almamışıq. Cavab almamağımız da gözlənilən idi. Ancaq biz hesab edirik ki, bu cür ciddi məsələlərlə bağlı yalnız siyasi bəyanatlar verməklə kifayətlənmək olmaz. Mübarizə həm siyasi müstəvidə, həm də hüquqi müstəvidə getməlidir və biz bu prosesi hüquqi müstəvidə sonadək getmək niyyətindəyik. Əgər heç bir hərəkət olmasa – çox güman ki, olmayacaq – o zaman biz “hərəkətsizlik”lə bağlı müvafiq orqanlara müraciət edəcəyik. Eyni zamanda bu addımlar Azərbaycan üçün taleyüklü məsələni gündəmdə saxlamaq, yaddaşlarda saxlamaq üçün həddən artıq vacibdir.

– Təşəkkür edirəm.

– Çox sağ olun…

– Sizin müsahibə verməməyinizlə bağlı Mübariz Abdullayevin bir fikri var idi, elə onunla yekunlaşaq: “Əvəz Zeynallının Surət Hüseynovla müsahibəsi dərc olunmuşdu. Həmin müsahibə siz həbsdə olanda götürülüb. Müsahibədə Əvəz Zeynallı heç bir dəxli olmadığı halda deyir ki, Arif Hacılı bir vedrə qızıl alıb, Elxan Qədimovu Gəncəyə icra başçısı təyin edib. Surət də onun bu sözlərinə gülməklə cavab verib. Bildiyim qədər, o vaxt icra başçılarının hamısı dəyişib. Hər icra başçısı dəyişəndə bir vedrə qızıl alırdınız, yoxsa iki vedrə aldığınız da olub? Əgər bu deyilənlər böhtandırsa, niyə böhtançını məhkəməyə vermirsiniz? Əgər bu müsahibə baş tutacaqsa, həbsdə olduğunuz vaxt sizə bu cür böhtan atan qərəzli bir adamla ünsiyyətdə olmaqdan diskomfort keçirirsinizmi?” Arif bəy, həqiqətən də sizə sosial şəbəkələrdə bu cür məsləhət verənlər, ağıl verənlər çoxdur. Ya siz çox demokratsınız, ya da üzvləriniz aktivdir…

– Açığı, mən o müsahibə ilə bu yaxınlarda tanış oldum. Həmin dövrdə mən həbsxanada idim – Bayıl həbsxanasının ölüm korpusunda cəza çəkirdim. Bu müsahibədən də xəbərsiz olmuşam. Xəbərim olsaydı, yəqin ki, məhkəməyə müraciət edərdim. Çünki bu, mənim üçün çox müqəddəs məsələdir. Mən icra hakimiyyətləri sisteminə rəhbərlik etmişəm. O dövrdə çalışmış bir icra hakimiyyətinin başçısı deyə bilməz ki, Arif Hacılı ilə çay içib, çayın pulunu o verib. Hətta o icra başçıları arasında mənim dostlarım olub. Əvvəldən mənim dostluq etdiyim, evində çörək kəsdiyim, birgə yemək yediyimiz insan olub. Ancaq onlar icra hakimiyyəti başçısı təyin olunduqdan sonra mən onların hesabına hətta yemək yeməmişəm, çay içməmişəm ki, bu məsələlərdə prinsipiallıq qorunsun. Belə bir məqamda mənim guya Elxan Qədimovu icra başçısı təyin etmək üçün bir vedrə qızıl almağım barəsində iddia çox haqsız iddiadır və ciddi bir böhtandır. Yəqin ki, mən həmin dövrdə bu müsahibəni oxusaydım, məhkəməyə müraciət edərdim.

– Şükür, cəlbetmə müddəti də keçib…

– Düzdür, mən heç bir vaxt jurnalistlərdən məhkəməyə şikayət etməmişəm…

Dedilər ki, Surət Hüseynov səni güllələyəcək

– O fikir mənim fikrim olmayıb, yəqin ki, haradasa onu araşdırmaq olar. Təbii ki, mən o vaxt yəqin ki, onu haradasa oxumuşam və ya mənə deyiblər ki, elə bir fikir ortaya çıxıb.

– Bilirsinizmi, orada mən şərhləri oxudum və Elxan Qədimov haqqında yazıblar, guya o kababçı olub. Elxan Qədimov icra başçısı olmazdan əvvəl icra hakimiyyəti başçısının birinvi müavini idi. Yəni Mürşüd Məmmədli ora icra hakimiyyətinin başçısı təyin olunmazdan əvvəl də icra hakimiyyəti başçısının birinci müavini idi. Mürşüd Məmmədli də onu tərifləyirdi. Xatırlayırsınızsa, 1992-ci ilin fevral ayında Surət Hüseynov Gəncədə bir çevriliş cəhdi eləmişdi. Gəncədə, Yevlaxda icra başçılarını silahlı adamlar vasitəsilə mühasirəyə almışdı. O dövrdə mən Surət Hüseynovun yanına getdim və onun bu addımlarının səhv olduğunu ona dedim. Mən ora silahsız, təkbaşına getmişdim. Sadəcə olaraq, 709-cu hərbi hissənin qapısını dəqiq tanımadığım üçün məni kimsə müşayiət etməli idi. Azərbaycan Respublikasının dövlət müşaviri ora taksi ilə getməməli idi. Mən sürücümlə, başqa adamlarla ora getmək istəmirdim, çünki onları orada güllələyə bilərdilər. Ora ciddi bir quldur yuvası idi. O vaxt orada xeyli sayda polkovniklər, generallar, indi də, o vaxt da böyük bəyanatlar verən ciddi şəxslər var idi. Mən “kimsə məni müşayiət etsin, kimsə yanımda olsun”, – deyə müraciət etdim. Onlar mənimlə getməkdən imtina etdilər. Mənə də deyirdilər ki, ora çatan kimi sizi güllələyəcəklər. Yanımızda kim getsə onu da güllələyəcəklər. Ancaq orada elə bir vəziyyət yaranmışdı ki, 4 iyun qiyamına bənzər daha dəhşətli şəkildə hadisə baş vermişdi. Çünki o vaxt Surət Hüseynov korpus komandiri idi, Rəhim Qazıyev də Müdafiə naziri idi. Yəni daha təhlükəli şəkildə bu hadisə baş vermişdi.

– İsgəndər Həmidovla qurban kəsib barışanda?

– O sonrakı söhbət idi. Onlar sonra olub.

– O zaman siz Surət Hüseynovla görüşdünüz?

– Surət Hüseynovla ilk söhbəti, səhv etmirəmsə, fevral ayının 7 və ya 8–də onun hərbi hissəsində etmişəm. Orada məni avtomatçılar qarşıladılar, ilk sözləri o oldu ki, “indi biz səni güllələyəcəyik”. O vaxt elə Elxan Qədimov mənimlə Surət Hüseynovun hərbi hissəsinə getməyə razılıq verdi, başqaları cəsarət etmədilər. Mənim avtomobilimi də o idarə etdi və onunla birlikdə biz Surət Hüseynovun qərargahına getdik. Ora çatan kimi, Surət Hüseynovun böyründə qəribə adamlar var idi, deyirdilər ki, “Elxanı elə indi aparıb güllələyin!”

Surət Hüseynovla danışığım I Gəncə qiyamının qarşısını aldı

– Allah… Allah…

– Orada bizim Surət Hüseynovla təxminən 1 saatlıq söhbətimizdən sonra Surət Hüseynov qoşunlarını hər yerdən çıxardı, silahlı dəstələrini Yevlaxdan, Goranboydan, Naftalandan geri çəkdi. Gəncədə İcra hakimiyyəti və digər strukturlar onun silahlı adamları tərəfindən mühasirəyə alınmışdı. Onları mühasirəən çıxardım və faktiki olaraq, mənim Surət Hüseynovla danışığım I Gəncə qiyamının qarşısını aldı. Bu qiyam baş vermədi və həmin zaman Surət Hüseynovun yanına mənimlə birlikdə getməyə cəsarət edən yeganə adam Elxan Qədimov oldu.

– Çox maraqlıdır…

– Açığını deyim ki, Elxan Qədimovun icra hakimiyyəti başçısı olması təklifini mən verməmişəm. Həmin gün AXC Ali Məclisinin sessiyası idi və İcraiyyə Komitəsinin mənim haqqımda verdiyi yersiz və böhtan xarakterli bəyanatla mən orada çıxış etmək istəyirdim. Mənə dedilər ki, Prezident Aparatına çağırırlar, mən ora gəldim və orada prezident mənə bildirdi ki, mən təcili Gəncəyə getməliyəm, Elxan Qədimov Gəncənin icra başçısı təyin olunubdur. Mürşüd Məmmədov da icra hakimi vəzifəsindən azad edilibdir. Mən də Elxan Qədimovu təqdim etmək üçün Gəncəyə yola düşməliyəm. Təbii ki, mən Mürşüd Məmmədlinin vəzifədən çıxarılması və Elxan Qədimovun həmin vəzifəyə təyin olunması ilə bağlı xüsusi bir etiraz etmədim, ancaq açığını deyim ki, bunun hansı səsblərdən baş verdiyi mənim üçün indi də məlum deyil. Elxan Qədimovun başqa da müdafiəçiləri var idi. İcra hakimi vəzifəsində işləyəndə də Elxan Qədimov normal bir icra hakimi idi. Gəncə regionunda Surət Hüseynovdan qorxmayan, ondan çəkinməyən azsaylı adamlardan biri idi Elxan Qədimov və onun ora icra hakimi vəzifəsinə təyin olunmasının səbəblərindən biri də bu idi.

2018-ci ildə prezidentliyə namizədimiz İsa Qəmbərdir

SAM_1355

– Kamal Zeynallı soruşur: “2018-ci ildən nə kimi gözləntiləriniz var?” 2018-ci ildə prezidentliyə Müsavat partiyasından İsa Qəmbərin namizədliyi irəli sürüləcək. Belə bir qərar var, eləmi?

– Bu, Müsavat partiyasının qurultayının qərarıdır, yəni partiyanın iradəsidir.

– Yəni 2018-ə Müsavat partiyası indidən namizədliyini irəli sürüb. Bu məsələ müzakirə oluna və dəyişdirilə bilərmi?

– Bilirsinizmi, İsa Qəmbər haqqında, mənimlə münasibətləri haqqında, partiyada onun mövqeyi haqqında çoxlu suallar verilir. İsa Qəmbər Azərbaycan tarixinin yetişdirdiyi azsaylı görkəmli şəxsiyyətlərdən biridir. Yəni əgər biz bütün Azərbaycan tarixini hətta eşələsək, İsa Qəmbər Azərbaycan tarixində rolu olan, yeri olan və bundan sonra da olacaq bir, uzağı 10 nəfərin sırasına düşməyə layiq bir şəxsiyyətdir. Hər hansı bir partiya İsa Qəmbər kimi bir adamın o partiyanın namizədi olmasını istəyər. İsa Qəmbərin Azərbaycan Respublikasının presidenti olması Azərbaycan üçün bir şansdır, Azərbaycan üçün bir imkandır və Azərbaycan cəmiyyəti əgər onun əlinə imkan düşsə, demokratik seçki olsa, bu şansı buraxmayacaq, mən buna əminəm. Çünki biz 2003-cü ildə də bunun şahidi olduq ki, Azərbaycan xalqı, seçkilərdə könüllü şəkildə iştirak edən insanların əksəriyyəti seçkilərə gəldi və İsa Qəmbərə səs verdi. Yəni məsələ bu şəkildədir.

Müsavat mənə verdiyi görəvi mən nəinki heç kəsə vermərəm, hətta heç kəslə bölüşmərəm

SAM_1370

– Yəni sizin namizədiniz İsa Qəmbərdir.

– Müsavat partiyasının qurultayı İsa Qəmbərin namizədliyini irəli sürüb və bu baxımdan, İsa Qəmbərin Müsavat partiyasında olması Azərbaycan cəmiyyətinə lazımdır. Müsavat partiyasına da lazımdır, ancaq Müsavat partiyasını İsa Qəmbər idarə etmir. Bu, tamamilə yanlış fikirdir. Çox maraqlı bir məsələ var ki, mən Müsavat partiyasının başqanı olmayan dövrlərdə opponentlərimiz bəyan edirdilər ki, Müsavat partiyasını Arif Hacılı idarə edir, Müsavat partiyasının qərarlarını Arif Hacılı qəbul edir, filan mənfi qərarın qəbul edilməsini Arif Hacılı edib. İndi mən Müsavat partiyasının başqanıyam, Müsavat partiyasının Divanının da rəhbəriyəm. Müsavat partiyasının qərarları Məclisdə və Divanda qəbul olunur…

– İndi də deyirlər ki, İsa Qəmbər idarə edir…

– O Divan iclaslarında İsa Qəmbər ümumiyyətlə, iştirak etmir və Müsavat partiyasının siyasətinə qarışmır, müdaxilə etmir. Belə bir halda da deyirlər ki, Müsavat partiyasının qərarlarını Arif Hacılı qəbul etmir, İsa Qəmbər qəbul edir. Bu, tamamilə yanlış bir fikirdir. Müsavat partiyasının qərarlarını nə Arif Hacılı, nə də İsa Qəmbər qəbul etmir. Müsavat partiyasının qərarlarını Müsavat partiyasının strukturları qəbul edir. Müsavat partiyasının başqanı mənəm. Müsavat partiyasını mən təmsil edirəm. Müsavat partiyasının qurultayının Müsavat partiyasının üzvlərinin mənə verdiyi görəvi mən nəinki heç kəsə vermərəm, hətta heç kəslə də bölüşmərəm.

– 2018-ci ilə gecikmirsiniz ki?

– Seçkilərə hazırlıq dövrü əslində seçkilərdən seçkilərə qədər olan dövrü əhatə edir. Mən 2018-ci ilə nikbin yanaşıram. Həm dünyada gedən geopolitik proseslər, neftin qiymətinin ucuzlaşması və əslində, faktiki olaraq neft erasının başa çatması, Azərbaycan hakimiyyətinin dalbadal yol verdiyi səhvlər, apardığı yanlış siyasət, korrupsiyanın böyüməsi, Azərbaycan hakimiyyətinin özü ilə birlikdə bütövlükdə Azərbaycanı beynəlxalq birlikdən təcrid vəziyyətinə salması və digər amillər onu deməyə əsas verir ki, ölkədə vziyyət əsaslı surətdə dəyişəcək. Azərbaycan hakimiyyəti avtoritar rejimin ömrünü bundan daha artıq uzada bilməyəcək və Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı öz iradəsini toplayaraq, Azərbaycanda ciddi dəyişikliklərə nail olacaq. Düşünürəm ki, bu, uzağı 2018-ci ildə baş verəcək.

– Təşəkkür edirəm.

– Sağ olun.

 

Son

xural.com

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlham Əliyev Biləsuvarda yol tikintisinə pul ayırdı

%d bloqqer bunu bəyənir: