Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarpız zəhərlənməsi zamanı nə edək? – HƏKİM MƏSLƏHƏTİ

Son günlər qarpızdan zəhərlənmə hallarının sayı artıb. Hətta iyulun 25-də qarpızdan iki nəfər zəhərlənərək dünyasını dəyişib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb.

Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. DİN-in saytının verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

24saat.org musavat.com-a istinadən bildirir ki,qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi sayılır və bunun fəsadları uzun müddət davam edir. Azərbaycanda elə bir adam olmaz ki, qarpızı sevməsin. Elə insanlar var ki, qarpız onların qida rasionunda hər gün yer alır. Bəzən qarpızların içinin qırmızı çıxmasına və necə deyərlər, “bal kimi” dadmasına baxmayaraq, qarpızı yedikdən bir müddət sonra zəhərlənmə baş verir ki, buna da səbəb qarpız yetişdirilərkən onun tərkibinə vurulan gübrələr və dərmanlardır. Bir sıra mütəxəssislər avqust ayının 10-15-ə kimi qarpız yeməyi məsləhət görmür.

Qarpız alarkən onun zərərsiz olduğunu üzərinə baxarkən də təyin etmək mümkündür. Belə ki, təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən “küp” səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır.

Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqamlara diqqət etmək lazımdır. Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. İnsan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.

Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsir. Tumu böyrək daşını salır. Qarpız qabığından şəkər, yaxud bal ilə bişirilmiş mürəbbə sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır. Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Ən xırda ölçülü qarpızın diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Qarpız qəbul olunan müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır.

Ticarət şəbəkəsində, o cümlədən evdə qarpızı qapalı, arakəsməli yerlərdə bir sırada saplağı yuxarı olmaq şərti ilə saxlamaq lazımdır. Qarpızı bir neçə qat kağıza büküb çanta, yaxud torbada sərin yerdə 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq saxlamaq mümkündür.

Ümumiyyətlə, qarpızın əsl vətəni Afrika hesab edilir. Hazırda 1200 növü olan qarpızın 300 növü məhz ABŞ-da yetişir. Hətta 1998-ci ildə “Ginnesin Rekordlar Kitabı”na düşən 119 kiloluq dünyanın ən böyük qarpızı da ABŞ-da yetişdirilib. Dünyada qarpız istehsalında lider olan Çindən sonra ikinci yerdə olan Türkiyə qarpız satışında ABŞ-dan geri qalır. Bununla yanaşı, ABŞ qarpız yetişdirmədə Çin, Türkiyə, İrandan sonra 4-cü yerdədir. Azərbaycanda isə qarpız əsasən Sabirabad, Saatlı, Abşeron və digər rayonlarda becərilir. Qarpız ən tez 75-80, ən gec isə 100-200 günə yetişir.

Qarpız zəhərlənməsi zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Bir sıra mütəxəssislər hətta qarpız zəhərlənməsi zamanı zərərçəkəndə bir sıra fəsadların qaldığını deyir.

Maraqlıdır, qarpız zəhərlənməsi baş verən zaman həkim gələnə qədər ilkin tibbi yardım olaraq nə etmək lazımdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla qarpız zəhərlənməsi zamanı zərərçəkənə çoxlu maye içirib onun qaytarmasını tənzimləmək lazım olduğunu dedi: “Bu toksik bir vəziyyətdir. Qan təzyiqinin aşağı düşməsi, soyuq tər basması, mədə bağırsaq pozuntusu, işləmə, qusma kimi hallara rast gəlinir. Qarpız zəhərlənməsində qan göstəricilərinin enməsi müşahidə edilir. Məsələn, görürsünüz ki, qandakı leykositlər, eritrositlər kəskin aşağı düşür. Hazırda qarpızların əksəriyyəti xüsusi gübrələrlə hazırlanır. Bunların da bəziləri toksik təsir göstərir və yaxud da içərisində qalaraq orqanizmə neqativ təsir göstərir. Qarpızın içərisindəki ağ zolaqlar gübrələrin, qarpızı böyütmək üçün istifadə olunan dərmanların yığıldığı yerdir.

Daha sonra bitkilərin müxtəlif fito harmonları var ki, bütün bunların hamısı bitkilərin tez böyüməsinə gətirib çıxarır. Hazırda qida vasitələrində tərəvəzin tez böyüməsi üçün bu fito harmonlardan istifadə olunur. Bunların özləri də insan səhhətinə təsirsiz deyil. Ona görə də hesab edirəm ki, avqust ayında qarpızın yetişən, bostan vaxtıdır. Biz bunu sovet dövründən bilirik. Amma təəssüflər olsun ki, avqust ayında da qarpızın toksik təsirinə rast gəlinir. Zəhərlənən şəxs çoxlu maye içməlidir. Yaxşı olar ki, o, qaytarsın. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin və dərhal həkim çağırılmalıdır”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Dəniz suyu və qumunun faydaları

%d bloqqer bunu bəyənir: