Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağda böyük müharibə yaxınlaşır

Ermənistanda bir qrup silahlı iyulun 17-də polis binasını ələ keçirərək, bir nəfəri öldürdü, bir neçə polis əməkdaşını və yüksək rütbəli zabiti girov götürdü. Onlar həbsdə olan “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Səfilyanın azad olunmasını, prezident Serj Sarqsyanın istefa verməsini tələb etdilər. Lakin girovluqda olan şəxslərin hamısı iyulun 23-nə qədər sərbəst buraxıldılar.

Buna baxmayaraq, silahlı qrup zəbt etdikləri binanı tərk etmir və yenə də əvvəlki tələblərini təkrarlayır. Ermənistan müxalifətinin bir qismi də bu “azadlıqsevərlər”ə dəstək verir. Hətta prezident Sarqsyanın qiyamçıların lideri J.Səfilyanla görüşməyə razı olduğu haqda məlumatlar da yayılıb.

Görünən odur ki, Ermənistan hakimiyyəti bu insidentdən öz siyasi maraqları üçün hərtərəfli istifadə etmək niyyətindədir. Hərçənd, bu hadisənin belə asanlıqla baş verməsi və hüquq-mühafizə orqanlarının qiyamçılara qarşı heç bir silahlı əməliyyat həyata keçirmək niyyətində olmamasının özü kifayət qədər şübhə doğurur.

İndi hakimiyyət bu silahlı qiyam cəhdi və onların xalq tərəfindən dəstəklənməsi “kozır”ından yaxşıca istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini yenidən uzatmaq istəyir və indiki halda güzəştə gedilməyin çox mənfi, hətta ağır nəticələr verə biləcəyinə işarə vurur. Bununla da Sarqsyan hakimiyyəti mümkün təzyiqlərdən sığortalanmağa çalışır. Amma daha dərindən təhlil etdikdə bu senarinin daha öncədən hazırlanmış planın tərkib hissəsi olduğunu da düşünmək olar. Çünki bu ilin aprel ayında cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks həmlə əməliyyatlarından və işğal olunmuş torpaqlarımızın bir hissəsinin azad edilməsindən sonra əl-ayağa düşən Ermənistan rəhbərliyi və onun kənardakı havadarları maksimum dərəcədə vaxt udmağa və bu uğurun qarşısını almağa çalışırdılar.

Həmin hadisələrdən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında artıq 2 dəfə danışıqların olmasına baxmayaraq, ortada hələ də konkret bir şey, saziş və ya razılaşma yoxdur. Düzdür, belə bir sazişin dərhal ortaya çıxmasını gözləmək siyasi savadsızlıq olardı. Amma hər halda hər hansı razılaşmaya gətirib çıxara biləcək hansısa ortaq məqamın olmaması yenə də bu danışıqların fiaskoya uğrayacağı və məsələnin uzun müddətə dondurulmuş vəziyyətdə qalacağı və uzadılacağını fikirləşməyə əsas verir.

Aprel hadisələrindən sonra danışıqlar gedə-gedə Sarqsyanın 3 dəfə icazəsiz Azərbaycan Respublikasının ərazisinə gələrək işğal olunmuş Dağlıq Qarabağda olması və nəhayət, Azərbaycanla müharibəyə hazırlaşmağa çağırış etməsi məncə başqa ehtimala yer qoymur.

Dağlıq Qarabağa son səfəri çərçivəsində Sarqsyan müharibə veteranları ilə görüşdə deyib: “Qazın, səngərləri möhkəmləndirin, müharibəni gözləyin. Əgər Azərbaycan Qarabağın öz müqəddəratını həll etmə statusu ilə razı deyilsə, başqa çıxış yolumuz yoxdur, müharibə aparmalıyıq”.

Ermənistan təcrübəsi göstərir ki, orada kim ki, Dağlıq Qarabağ məsələsində güzəştdən danışırsa, onun axırı yaxşı olmur. Bu, 1998-ci ildə hakimiyyətdən uzaqlaşdırılan Levon Ter-Petrosyanla da belə oldu, 1999-cu ildə parlamentdə güllələnən Karen Dəmirçyanla da…

Həm də Qarabağ məsələsini düyünə salmaq üçün ən yaxşı üsulun Ermənistanda hakimiyyət dəyişikliyi olduğunu hamı yaxşı anlayır. Ona görə də vəziyyət çətinə düşən kimi, onlar bundan güclü təzyiq vasitəsi kimi istifadə edir, yararlanırlar.

Belə çıxır ki, İrəvan artıq neçə vaxtdır ki, himayədarlarının və  təlimatçılarının köməyi ilə sadəcə status-kvonu qoruyub saxlamağa, bu müddətdən istifadə edib hərbi gücünü artırmağa, işğal altındakı hərbi birləşmələrini hərbi silah və texnika baxımından təchizatını yaxşılaşdırmağa çalışırdı. Görünən odur ki, onlar Rusiya və digər mənbələrin hesabına buna müəyyən qədər nail də olublar. Onların hətta aprel əməliyyatları zamanı əldən verdikləri torpaqları yenidən geri almaq iddiasına düşdüyü və hətta bu məqsədlə planlar cızdığı da məlumdur.

Lakin nə zaman artıq o zaman deyil, nə də Azərbaycan və ordusu 30-25 ilki vəziyyətdə və gücdə deyil. Hər halda ermənilərin aprel hadisələri zamanı bu gücün yalnız bir zərrəsini öz dərilərində hiss etməklə necə qorxuya düşdüklərini yaxşı gördük. Azərbaycanda belə bir məsəl var: Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Ermənistan hakimiyyəti və cəmiyyəti Qarabağ məsələsində nə qədər tərslik etsə, bir o qədər yalnız özünə ziyan edəcək.

İndi ümid prezidentlərin Fransada keçirilməsi gözlənilən növbəti görüşünə yönəlib. Əgər bu görüşün vaxtı həddindən artıq uzadılsa və ya baş tutsa belə, orada irəliyə doğru real, ümidverici nəticə hasil olmasa, il başa çatmamış bölgədə böyük itkilərlə müşahidə olunacaq böyük hərbi əməliyyatların başlayacağı istisna deyil. Özü də bu dəfə daha geniş miqyasda, daha çox qüvvə, eləcə də daha müasir və daha məhvedici silahlarla…

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Manat 25 ildə neçə dəfə devalvasiya olunub? – TARİX

%d bloqqer bunu bəyənir: