Loading...
Loading...

Qarabağ Moskva və Ankaranı müharibəyə cəlb edə bilər – ANALİZ

 

Aprelin əvvəllərində Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar bərpa olundu. Aprelin 5-də, döyüşlərin başlanmasından 4 gün sonra Moskva döyüşən tərəfləri atəşi dayandırmağa razı saldı. Bu zaman əksəriyyəti mülki şəxs olan 200-dən artıq insan həlak oldu.

 

Ermənistan tərəfi 88 nəfər itirdiyini açıqlamışdı. Azərbaycandakı bir sıra QHT-lər isə 100-dən artıq azərbaycanlının həlak olduğunu hesablamışdı.

 

Aprel döyüşləri 1994-cü ildən bəri Qarabağda müşahidə edilən ən ciddi zorakılıq hadisəsi idi. Bakı periodik olaraq itirilmiş torpaqlarını qaytarmaq üçün müharibə edəcəyi ilə bağlı bəyanatlar versə də, bu, Azərbaycan ordusunun tam miqyaslı hücumu deyildi. Çox güman ki, baş verənlər məhdud miqyasda keçirilən əməliyyatlar idi. Məqsəd Ermənistana təzyiqləri artırmaq və Qarabağ münaqişəsini yenidən beynəlxalq gündəmə qaytarmaq idi.

 

Azərbaycan ordusu özünə iki yüksəkliyi, o cümlədən İranla sərhədin bir neçə kilometrliyində yerləşən və müəyyən strateji əhəmiyyət daşıyan Lələ-Təpəni geri aldı. Hərbi əməliyyatlar azərbaycanlıların hakimiyyət ətrafında sıx birləşməsinə səbəb oldu.

 

Lakin nəticədə Qafqazın təhlükəsizlik sistemində vaakum yarandı. Mayın 16-da Qarabağ münaqişəsinin üç həmsədri – Rusiya, ABŞ və Fransa Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdi. Görüşün nəticələrinə görə, tərəflər çoxdan formalaşmış tələbləri qəbul etdilər. İlk növbədə atəşkəs rejimi möhkəmləndirilməli, baş verən insidentlər araşdırılmalı (Ermənistanın tələbi), sülh danışıqları iyunda bərpa olunmalıdır (Azərbaycanın tələbi). Danışıqlar üçün əsas 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi sənəddən ibarətdir. Bu mərhələli həll planına görə, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələri bərpa olunur, Ermənistan tərəfi nəzarətdə saxladığı ərazilərin bir hissəsini Azərbaycana qaytarmaqla Qarabağ erməniləri üçün təhlükəsizlik təminatı alır.

Bu situasiya içində həm imkanlar, həm də təhlükələr gizlədir. Hər iki tərəfin təklifi çox fərqlənir və apreldə baş verən zorakılıq hər iki ölkədəki radikalları qızışdırdı. Hər iki ölkənin və Qarabağın sakinləri qarşıda da vəziyyətin gərginləşəcəyini gözləyir, bəziləri isə hətta döyüşməyə hazırlaşır. Təmas xəttindəki situasiya təhlükəli qalmaqda davam edir, yeni atəşkəs pozuntusu və itkilər barədə məlumatlar gəlir.

 

Sülh danışıqları qırılma nöqtəsində

 

Aprel döyüşləri beynəlxalq oyunçular üçün də riskləri artırdı. İndi Qarabağ münaqişəsindən yayınmaq yaxud tərəfləri 20 il əvvəl imzalanan atəşkəsə riayət etməyə çağırmaq effektli deyil.

Seçim belədir: ya daha ciddi danışıqlar prosesi, yaxud regionun digər dövlətlərinə də təsir edəcək tam miqyaslı müharibə olacaq.

20 il əvvəl Qarabağ münaqişəsi beynəlxalq gündəmdə indikindən daha üstün yerdə dayanmışdı. Yeni yaranmış ATƏT-ə böyük ümidlər bağlanırdı. 1992-ci ildə ATƏT Qarabağ münaqişəsini həll etmək üçün Minsk konfransı keçirmişdi. Konfrans baş tutmasa da, münaqişə tərəfləri atasında vasitəçilik məqsədi ilə Minsk qrupu yaradıldı. Rusiya yeganə vasitəçi ola bilmədiyi üçün məsuliyyət bütünlüklə ATƏT-in üzərinə düşdü. Bu münaqişə tərəflərinə vasitəçilərdən öz məqsədləri üçün istifadə etməyə imkan verdi.

 

Qafqaz əsirləri 

 

Aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin son illərin passiv formasına qayıdacağı inandırıcı deyil. Ya sülh danışıqları nəticə verəcək, ya da yenidən hərbi toqquşmalar başlayacaq. Müharibəni çox az adam istəyir. Lakin regionda emosiyalar gərilib və 1994-cü ilin atəşkəsi kifayət etmir. ATƏT-in münaqişəni nəzarətdə saxlamaq üçün yaratdığı konstruksiya dağılmaq ərəfəsindədir. Və əgər Azərbaycan və Ermənistan liderləri siyasi kompromisə getməsələr, ehtimal var ki, onlar öz aqressiv ritorikalarının və ictimaiyyətin gözləntilərinin tələsinə düşəcəklər. Bu yol isə yanlış hesablamalar, yaxud sırf təsadüf nəticəsində müharibəyə gətirib çıxaracaq.

 

Burada müxtəlif ssenarilər var. Məsələn, münaqişə atəşkəsin çox kobud formada pozulmasından başlaya bilər. Yaxud Azərbaycan tərəfi siyasi həll perspektivi görmədiyi halda, daha geniş ərazilər tutmaq və məsələni öz xeyrinə çevirmək üçün yeni əməliyyat apara bilər. Ermənistan parlamenti isə öz hədəsini yerinə yetirə bilər və Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. Bu Yerevanın danışıqlar prosesinə son qoyması demək olar.

 

Bir şey aydındır: hərbi əməliyyatların yeni mərhələsini dayandırmaq daha çətin olacaq. Çox güman ki, döyüşlərin coğrafiyası genişlənəcək, daha güclü texnika və daha çox qan töküləcək. Həm Bakı, həm də Yerevan bu zaman Türkiyə və Rusiya ilə olan qarşılıqlı hərbi yardım müqavilələrinə müraciət edə bilər, beləliklə, Moskvanı və Ankaranı müharibəyə cəlb edə bilər. Bütün bunlar,  beynəlxalq və regional oyunçuları Puşkinin məşhur poemasındakı kimi “qafqaz əsirləri”nə çevirir.

Yaranmış vaakumu yalnız koordinə olunmuş beynəlxalq səylər hesabına həll etmək olar. Qarabağa yerləşdiriləcək sülhməramlı qüvvələrin xarakterini, sayını və tərkibini müəyyənləşdirmək lazımdır. Bunsuz erməni tərəfi çətin ki, qoşunlarını işğal edilmiş torpaqlardan çıxartsın. Münaqişənin həlli ilə bağlı konkret təminatlar verilmədən hər iki prezidentdən siyasi kompromis tələb etmək döşəməsi olmayan ev tikmək kimi bir şeydir.

Amma sülhməramlı missiyanın planlaşdırılması minimum 3 problemlə üzləşəcək. Birincisi, beynəlxalq aləm Qarabağ münaqişəsindən yorulub. Dünyanın supergücləri digər çoxsaylı problemlərlə məşğuldur və bu çətin vaxtda bölgəyə 4 min sülhməramlının göndərilməsi belə çox problemli olacaq.

İkincisi, ATƏT-in sülhməramlı münaqişələri idarə etmək təcrübəsi yoxdur. Bu isə o deməkdir ki, Qarabağdakı sülhməramlı missiya Birləşmiş Millət Təşkilatının, yaxud Avropa Birliyinin öhdəsinə veriləcək.

Üçüncü faktor isə, Rusiyanın məramının qeyri-müəyyən olması ilə bağlıdır. Regionda və Qərbdə bir çoxları Rusiyanın münaqişədə status-kvonun saxlanmasından yana olduqlarını düşünür. Lakin hər şey göründüyü qədər sadə deyil.

 

YEKUN

 

2016-cı ilin aprelində Dağlıq Qarabağda atəşkəs pozulduqdan sonra beynəlxalq oyunçular çox çətin məsələ qarşısında: zəifləmiş sülh prosesini yeniləmək, münaqişənin tam miqyaslı müharibəyə çevrilməsinə imkan verməmək dayanırdı. Bunun üçün Azərbaycan və Ermənistan liderlərini bəzi siyasi və hərbi addımlara getməyə razı salmaq lazımdır. Və bu addımlar liderlərə öz vətəndaşlarını inandırmağa imkan verməlidir. Nizamlanma prosesinin yeganə doğru formatı ATƏT-in Minsk qrupudur.

 

Bu formatı dəyişmək faydalı olmayacaq, əksinə çox vaxt alacaq. Rusiyanın, Fransanın və ABŞ-ın bu prosesi idarə etmək üçün kifayət qədər təcrübəsi və beynəlxalq çəkisi var. Nizamlanmada maraqlı olan digər ölkələrin də ümumi işə fayda vermələri önəmlidir. Avropa Birliyinin Balkanlardakı münaqişə həlli ilə bağlı ciddi təcrübəsi var. Eyni zamanda onun Cənubi Qafqazdakı nüfuzu 20 il əvvəlkindən daha çoxdur.

 

Sülh müqaviləsinin texniki və siyasi aspektlərini işləmək üçün ATƏT və Minsk qrupunun səyləri önəmlidir. BMT, Avropa Birliyi və neytral ölkələrin sülhməramlı qüvvə ayırması da vacibdir.

Və həll layihəsi beynəlxalq vasitəçilər tərəfindən təqdir olunduqdan sonra, vasitəçilər onu münaqişə tərəflərinə təqdim edə bilər. Müzakirələr üçün ATƏT-in Minsk konfrasını çağırmaq daha doğru olardı.

Qarabağ münaqişəsi Suriya və Ukrayna kimi dünya gündəmlərindən daha az maraq görür. Lakin ən yaxşısı strateji, iqtisadi və çoxsaylı insan ölümü ilə nəticələnəcək müharibəni gözləməkdənsə, indidən hansısa səyləri göstərməkdir.

Modern.az Korneqi fondunun Qafqaz üzrə aparıcı eli işçisi və jurnalist Tomas de Valın Qarabağ münaqişəsi ilə bağlı yazdığı elmi məqaləni ixtisarla təqdim etdi.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İlham Əliyev niyə tələsir?

%d bloqqer bunu bəyənir: