Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qarabağ məsələsini daha 20 il müddətinə uzatmaq istəyirlər”

Rafiq Manaflı: “Danışıqlar prosesi barədə Metyu Brayza, Sarkisiyan və rus diplomatlarının müsahibsindən xəbər alırıq”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflının 24saat.org saytına verdiyi müsahibəni təqdim edirik:

– Rafiq müəllim, Milli Şuranın fəaliyyəti, son günlər gördüyü işlər haqda nəyi demək olar?

– Milli Şura fəaliyyət göstərir, Koordinasiya Mərkəzinin toplantıları keçirilir. Son dövrlər Milli Şura adından iki bəyanat qəbul edilib. Bəyanatlardan biri Dağlıq Qarabağ konfliktinə dair Vyanada keçirilən görüş, onun yekunları, digəri isə heykəl məhbusları ilə bağlı olub. Bir sözlə, ictimai-siyasi məsələlər müzakirə edilir. Hazırda siyasi qurumun fəaliyyəti necə ola bilər ki? Təbii ki, müsahibələr vermək, bəyanatla çıxış etmək. Nəzərə alın ki, aprelin əvvəlində cəbhədə hərbi qarşıdurma oldu. Bu zaman Milli Şura hakimiyyətin əksinə fəaliyyət göstərmədi, əksinə ordumuzu dəstəklədi. Bu proses bir müddət davam etdi. Bundan başqa, siyasi fəaliyyət açıq müstəviyə keçməsi kütləvi tədbirlərlə baş verir. Ancaq indilikdə fəaliyyət bəyanatlarla, müsahibələrlə ictimaiyyətə çatdırılır. Hələlik kütləvi tədbirlərə dair qərar verilmir. Bu da, adamda belə qənaət yaradır ki, siyasi fəaliyyət yoxdur. Ancaq biz fəaliyyətimizi davam etdirir, iclaslarımızı keçiririk.

– Hansı səbəbdən Milli Şuranın sessiyaları keçirilmir?

– Milli Şuranın sessiyasını keçirməyə dair Koordinasiya Mərkəzinin qərarı var, sadəcə olaraq bu tədbiri keçirmək üçün yer yoxdur. Başqa sözlə, biz yerlə bağlı hara müraciət ediriksə, mənfi cavab alırıq. Bizə ye lazımdır. Koordinasiya Mərkəzini biz müxtəlif yerdə keçirə bilirik. Çünki bu zaman 10-15 nəfər bir araya gəlir. Ancaq sessiya üçün daha geniş məkan lazımdır.

– Ancaq indiyə siz dəfələrlə sessiyanı keçirmişiniz…

– Bəli, dəfələrlə keçirmişik. Ancaq o zaman dostlarımızın birinin ofisi var idi. Bizdə onun ofisində sessiya keçirirdik. Lakin sonradan həmin şəxsin ofisini əlindən aldılar. Bundan sonra növbəti yerdə ofis götürdük, orada bir neçə dəfə sessiya keçirdik. Sonra bu qərargahdan da bizi çıxardılar. Başqa sözlə, indi hansısa bir dostumuzun ofisində toplantı keçirsək, onu incidəcəklər. Odur ki, dostlarımıza problem yaratmaq istəmirik.

– Bu vəziyyət qeyri müəyyən müddətə qədər davam edə bilər?

– Təbii ki, bu vəziyyət qeyri müəyyən vaxta qədər davam edə bilməz. Görək necə olacaq. Ya səyyar formada sessiya keçirərik, ya da hansısa bir variant olar. Ancaq bu müzakirələrdən asılı məsələdir.

– Artıq yay mövsümünə daxil oluruq. Kütləvi etiraz aksiyaları haqda Milli Şuranın mövqeyi nədən ibarətdir?

– Ümumiyyətlə kütləvi tədbirlər haqqında məsələ hər dəfə müzakirə edilir, lakin indiki dönəmdə məqsədəuyğun hesab olunmur.

– Hansı səbəbdən?

– Səbəb ictimaiyyət tərəfindən geniş dəstəklə bağlıdır. Hələlik camaat mitinqlərə çıxmağa hazır deyil. Milli Şura olaraq bizim stabil elektoratımız var, lakin onlarla aksiya etmək istəmirik. Aksiyada eyni simaların olması deyil, yeni insanların gəlməsi vacibdir. Cəmiyyət bu işdə fəal olmalıdır. Ancaq hələlik cəmiyyətin daxilində bu ovqat mövcud deyil.

– Demək istəyirsiniz ki, cəmiyyət hakimiyyətlə razıdır?

– Yox! Biz gözəl bilirik ki, kütləvi narazılıq mövcuddur. Öncə qorxu mərhələsi var idi və insanlar qorxurdu. İndi qorxu mərhələsi fikrimcə, keçib. Çünki insanlar hər yerdə öz narazılıqlarını ifadə edirlər. İkincisi, hərəkət mərhələsidir, ancaq ictimaiyyət bu mərhələyə çatmayıb. Beyinlərdə narazılıq mövcuddur, lakin bu hərəkət mərhələsinə çatmayıb.

– Son günlər Müsavat Partiyası ilə AXCP arasında danışıqlar aparılır. Müsavat tərəfindən danışıqları aparan Tofiq Yaqublu həm də Milli Şuranın üzvüdür. Bu fakta Milli Şuranın bitərəf üzvlərinin münasibəti necədir?

– Bu məqam daha çox AXCP-Müsavatın daxili problemi olsa da bizim diqqətimizdən kənarda qalmır. Tofiq Yaqublu səmimiyyətlə bu işə qoşulub. Müsavatda da bizim Tofiq Yaqubluya hörmətimizi bilirlər. Görürlər ki, Tofiq bəyin xətrini çox istəyirik, onun yanımızda böyük hörməti var. Müsavatda bu amildən istifadə edərək Tofiq Yaqublunu dərhal görəvləndirib. Heç şübhəsiz ki, AXCP-Müsavat danışıqları Milli Şuraya qarşı yönələn addımdır. Bu Müsavatın istəyidir və bizə qarşıdır. Amma bu istənilən halda AXCP-Müsavat münasibətidir və onların daxili işidir. Müsavat AXCP-yə bununla bağlı müraciət edib. Məndə olan xəbərə görə, AXCP-də Müsavata bildirib ki, bu mövzu onlar üçün aktual deyil.

– İddia edirsiniz ki, AXCP-Müsavat danışıqları Milli Şuraya qarşı yönəlib. Fikirlərinizi konkret əsaslandıra bilərsinizmi?

– Bilirsinizmi, Müsavat Milli Şuranı tərk edib və bu zaman Milli Şuraya ciddi zərbə vurub. Baxmayaraq ki, Müsavat daxilində böyük bir hissə bu partiyanın Milli Şuradan çıxmasının əleyhinə idi. Buna baxmayaraq Müsavat qurumu tərk etdi və bizə ən böyük zərbəni vurdu. Bu gün Milli Şura daxilində əsas dayaqlardan biri AXCP-dir. Tədbirlərdə, toplantılarda AXCP-nin resurslarından istifadə edilir. İndi Müsavat AXCP ilə danışıqlar aparıb müqavilə bağlamağa çalışır. Bu baş verəcəksə, o zaman Milli Şuranın taleyi, Müsavat-Milli Şura münasibətləri necə olacaq? Müsavat bizə bir dəfə zərbə vurub. Təbii ki, Müsavat AXCP ilə Milli Şuranın gücləndirilməsi haqqında söhbət aparmayacaq. Bizim yanaşmamız budur. Əlbəttə, mən hər şeyi açıb demək istəmirəm. Amma kül halında hesab edirik ki, Müsavatın bu addımları Milli Şuraya qarşı yönəlib.

– Siz Koordinasiya Mərkəzinin toplantıları zamanı AXCP-Müsavat danışıqlarına dair cəbhəçilərdən izahat və ya məlumat istəmisiniz?

– Müəyyən məlumatlar var. Təbii ki, bizim gedən proseslərdən xəbərimiz var. AXCP-dən məsələnin nə yerdə olduğunu soruşmuşuq. AXCP-nin Milli Şurada təmsil olunan rəhbərliyi bu məsələdə bizimlə eyni mövqeyi bölüşür.

– Prezidentlərin Vyana görüşü, hazırda Qarabağla bağlı aparılan diplomatik danışıqlar prosesini necə qiymətləndirirsiniz?

– Azərbaycan Ordusu cəbhədə ciddi əməliyyatlar apardı. Ancaq sonradan ordunun hücumu dayandırıldı. Biz dünyaya göstərdik ki, bizim güclü hərbimiz var, daha əvvəlki nizamsız ordumuz yoxdur. Əksinə, nizamlı ordu, müasir silahlara malikik və ürəyimiz istəyəndə uğurlu əməliyyatlarda apara bilirik. Xüsusilə, bunu Rusiya və Ermənistana göstərdik. Bu imkandan istifadə edərək danışıqlara qatılmaq olardı. Ancaq indi aparılan danışıqlar göstərir ki, məsələni daha 20 il müddətinə uzatmaq niyyəti var. Biz yüzə yaxın şəhid verdik, cəbhədə irəlilədik. Fikrimcə, bu avantajdan diplomatik danışıqlar zamanı maksimum istifadə etmək lazımdır. Ancaq fakt odur ki, danışıqlar haqda bizdə məlumat yoxdur. Biz danışıqlar prosesi barədə təsəvvür edin ki, Metyu Brayzanın çıxışından. Sarkisiyanın müsahibəsindən, rus diplomatlarının açıqlamasından nələrisə götürə bilirik. Bizdə ictimaiyyətə məlumat vermirlər. Sanki Qarabağ məsələsi də, monopoliyadır. Problem xalqın problemidir və xalqla birlikdə həll edilməlidir.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ermənilər Azərbaycana cavab verməyə hazırlaşır

%d bloqqer bunu bəyənir: