Loading...
Loading...

Qarabağ artıq dondurulmuş münaqişə deyil – TƏHLİL

2016-cı il indiyə kimi dondurulmuş münaqişə sayılan Qarabağ məsələsində buzların əriməsi ilə müşayiət olunur, artıq Cənubi Qafqazda geosiyasi situasiya  kifayət qədər dəyişib.

Həlli 30 ilə yaxın müddət ərzində müşkülə çevrilən Qarabağ düyünü bu il demək olar ki, yeni fazaya adlamış oldu.

Aprelin 2-5 tarixlərində təmas xəttinin şimal və cənub hissəsində başlayan hərbi qarşıdurmalar sanki yatmış vulkanın oyanması effektini verdi.

Davamlı olaraq cəbhəyanı kəndləri iri kalibrli silahlardan, son illər isə artilleriyadan atəşə tutmağı şakərinə çevirmiş işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun cavab zərbələrindən az qala koma vəziyyətinə düşdü.

Qarabağ ərazisi 1994-cü ilin mayında əldə olunan atəşkəsdən, 23 ildən sonra ən irimiqyaslı toqquşmalara səhnə oldu.

Hərbi əməliyyatların gedişi ilə bağlı ilk gündən həm Azərbaycan, həm də Ermənistan Müdafiə nazirlikləri, KİV-lər tam olaraq biri-birinə zidd informasiyalar verməyə başladılar.

Azərbaycan tərəfi uğurlu cavab əməliyyatları, erməni tərəfi isə uğurlu müdafiə taktikası barədə silsilə xəbər yaydı.

Qəfil alovlanan münaqişə adətən, Qarabağa bağlı “dejurnı” bəyanatlar verməyə öyrəşmiş BMT Baş katibi Pan Gi Mundan tutmuş Avropa Birliyinin xarici məsələlər üzrə ali komissarı Frederika Moqerini, ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın prezident başda olmaqla bir çox yüksək çinli məmurlarının vasitəçilik çağırışları ilə müşayiət olundu.

Mayın 16-da, “yeni Moskva atəşkəsi”ndən keçən vaxtdan 41 gün sonra təşkil edilən İlham Əliyev-Serj Sarkisyan görüşü yaranmış situasiyanın yenidən nəzarətdən çıxmaması məqsədi güdürdü.

İstər Qərb, istərsə də Rusiya əksər geosiyasi məsələlərdəki ziddiyətlərə baxmayaraq, Qarabağ münaqişəsində yekdil mövqe nümayiş etdirdilər. Qərb önəmli enerji marşrutlarının, neft borularının keçdiyi bölgədə hər hansı problem istəmir.

Rusiya isə ənənəvi təsir bölgəsi kimi baxdığı Cənubi Qafqazda Suriya və Ukraynadan sonra onu narahat edəcək yeni hərbi əməliyyat meydanın  yaranmasının tərəfdarı kimi görünmür.

Bu mənada görüş prezidentlərin yeni hərbi toqquşmaya getməyəcəkləri ilə bağlı təminat vermələri baxımından çox önəmli əhəmiyyət daşıyırdı.

Paralel olaraq, Qərb liderləri münaqişənin dondurulmuş vəziyyətdə qalmasının artıq perspektivsiz olduğunu, vaxt keçdikcə, danışıqlarda proqresin olmadığı şəraitdə idarəolunmaz məcraya yönəldiyini anladılar.

Buna görə Sergey Lavrovun 16 may danışıqlarından sonra tərəflərin kompromisə meylli olduqlarını və iyun ayında keçirəcəkləri görüş zamanı münaqişənin həlli ilə bağlı ümumi mənzərənin müəyyən olunacağını dedi.

Ona görə də 2016-cı ili Qarabağ münaqişəsi üçün “dönüş nöqtəsi” adlandıra bilərik.

Aprel müharibəsindən sonra artıq geriyə yolun olmadığını anlayan Ermənistan Rusiyaya arxalanaraq danışıqlar prosesindən yayınmaqdan, kompromislər vəd etməyən yalançı manevrlər kimi ənənəvi gedişlərindən vaz keçməyə məcbur oldu.

Sarkisyan və onun komandası hərbi-siyasi situasiyanın 1990-cı illərlə müqayisədə kəskin şəkildə dəyişdiyini və ölkəsinin öz təhlükəsizliyini üçüncü qüvvə olmadan təmin edə bilməyəcəyini başa düşdü.

Bütün bunların fonunda Ermənistan təbliğat maşının israrla gizlətdiyi faktlar Serj Sarksiyanın Vyanadan Yerevana qayıdarkən erməni jurnalistlərinə verdiyi açıqlamada bütün çılpaqlığı ilə üzə çıxdı.

“800 hektar ərazi itirildi. Amma daha əhəmiyyətli olan məsələ insanları qorumaq idi. Erməni hərbçilər bunu yerinə yetirə bildilər. Həmin ərazilərin heç bir strateji, yaxud taktiki əhəmiyyəti yox idi”.

Təbii ki, Serj Sarkisyanın bu etirafı bir çox tərəfləri ilə Azərbaycan üçün çox əhəmiyyətlidir. Artıq Azərbaycanın öz ərazilərini geri aldığını etiraf edən Sarksiyan uğradıqları hərbi məğlubiyyətin önəmini azaltmaq üçün itirdikləri 800  kvadrat kilometrlik ərazinin əhəmiyyətsiz olduğunu deyir.

Halbuki, Azərbaycan ordusunun Talış kəndi istiqamətində azad etdiyi yüksəkliklər həmin kəndin tamamilə boşaldılmasına və paralel olaraq qonşu Madagiz kəndinin də ordumuzun strateji atəş nöqtəsi altına düşməsinə yol açdı.


Maraqlıdır ki, əldə olunan 800 hektar ərazinin əksəriyyəti Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının payına düşsə də, Talış kəndi istiqamətində alınan yeni mövqelər daha əhəmiyyətlidir. Çünki Talış kəndi birbaşa olaraq Qarabağdakı qondarma terrorçu rejimin inzibati tərkibinə daxildir və bu mənada yerli ermənilər üçün önəmli psixoloji təsir metodu ola bilər.

Ümumilikdə, 2016-cı ildə baş verən proseslərin, xüsusən aprel müharibəsi stateji üstünlüyün Azərbaycanın əlinə keçdiyini göstərdi və Ermənistan cəmiyyətində dərin psixoloji effekt yaratdı.

Aprel müharibəsindən sonra Ermənistanın iqtisadi göstəricilərinin daha da geriləyəcəyi müşahidə olunacaq.

Bu, ilk növbədə ölkəyə yatırılan investisiyaların kəskin azalması, mühacirət edənlərin sayının kəskin artması ilə şərtlənir.

Bütün bunlar isə heç şübhəsiz ki, Qarabağ münaqişəsi ilə bağlı işğalçı dövlətin kompromislərə hazır olmasına yol açacaq.

modern.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan Qarabağla bağlı son qərarını verdi

%d bloqqer bunu bəyənir: