Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
0583725a-8075-4c52-b94f-ecf5f5b68a83

“Qəza ölümlə nəticələnə bilərdi, sağ qaldım…” – Hadı Rəcəbli

“Kiminsə işdən sonra vaxtı qalırsa, başqa sahədə də işləsin” ifadəmi yanlış istiqamətə yozdular.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Report-a müsahibəsində deyib.

Onun sözlərinə görə, insanların sosail ehtiyacı ilbəil dəyişir:
“İnsan təmin ola-ola adekvat tələbatı da artır. Telefon, fotoaparat 5 il öncə necə idi? İndi necədir? İnsan istəkləri də buna uyğun dəyişir. Yəni, təmin oluna-oluna bu istəklər artır. İnsan heç vaxt nə iləsə qane olmur. 20 il öncə vətəndaşlarla görüşəndə bizdən yalnız işıq, qaz problemlərinin həll olunmasını istəyirdilər. Zaman keçdikcə bu problemlər həll olundu, amma yeni arzular yarandı, yenə nəsə istəyirlər.
Yaxşı yaşamaq üçün, maaşın sonsuz istəklərimizə çatması üçün nə lazımdır? Bir evdə iki əmək qabiliyyətli insan işləməlidir. Bir müddət öncə, “Kiminsə işdən sonra vaxtı qalırsa, başqa sahədə də işləsin” ifadəmi yanlış istiqamətə yozdular. Əslində, dediyim sosial rifahın yaxşılaşdırılması üçündür. Əmək Məcəlləsinə də dəyişiklik edilib, əvvəllər iki yerdən artıq yerdə işləmək olmazdı, indi isə elə deyil, vaxtın varsa, istədiyin qədər müəssisədə çalışa bilərsən.
Məsələnin başqa tərəfi də var, indi adi suvaqçı ayda 2 min manata qədər pul alır. Amma polis orqanlarında 300 manata gözətçiliyə razıdırlar, suvaqçı işləməyə yox. Bizdə bu tipli peşələrin təbliği zəifdir.
Vəzifəli şəxslərin keçdiyi həyat yoluna diqqət edin, əksəriyyəti fəhləlikdən başlayıb, dözüb işləyib. Axı insan niyə zəhmət çəkməsin ki?”.
Jurnalistlərlə yaxşı münasibət qurduğunu deyən deputat bəzən haqqında böhtan, yalan dolu informasiyalar yayıldığını gizlətməyib:
“Jurnalistlərlə mənim münasibətim çox yaxşıdır. Amma onların bəziləri bu münasibətləri pozurlar, yalan yazırlar, fikirləri konteksdən çıxarırlar, sensasiya yaratmaq xətrinə fikirləri təhrif edirlər. Bəzən sosial şəbəkələrdə, saytlarda anonim, özlərinin təşkil etdiyi, həqiqətdən kənar, hətta təhqiramiz şərhlər yazırlar. Bu, məni ağrıdır. Buna baxmayaraq, bir dəfə də olsun jurnalist həmkarlarımla bağlı məhkəməyə müraciət etməmişəm. Əslində, heç vaxtım da yoxdur. Vallah, hərdən üzdəniraq, xarici kəşfiyyata işləyən, elektron mətbuatda az qala ölkəmizdəki biznesin yarısını mənim adıma yazırlar. Onların fantaziyasına həsədlə yanaşıram, məni bu qədər varlı görmək istədiklərini yüksək qiymətləndirirəm. Yaşadığım bina 70-ci illərdən tikilib, yeni tikili, villa deyil. Heç şəxsi maşınım da yoxdur. Dövlətin verdiyi maşından istifadə edirəm. Vaxtım çatmadığından, rəsmi olaraq bizneslə məşğul olmuram, mənim də qohumların çoxdur. İndi nə edək, onlar da heç bir işlə məşğul olmasınlar? Axı bu hansı qanunda yazılıb?!”.
Millət vəkili daima seçicilərlə görüşdüyünü deyib. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti sosial problemlərlə bağlıdır:
“Qarabağ əlininə maşın verilib. 10 il keçib, həmin maşın xarab olub. Gəlib deyir ki, təzə maşın verin. Axı hələ də növbədə maşın almayanlar var… Mənzil verilərkən iki uşağı olub, indi uşaqları çoxalıb, deyir ki, yeni mənzil verin. Bəzən nə edirsən, deyirlər, azdır. Amma elə ailələr var ki, problemlərini dilə gətirə bilmirlər. Mən özüm onlara xüsusi diqqət göstərirəm. Bəzən ağır vəziyyətdə olub, işi düzəlməyən üçün, hətta zəng edib dövlət qurumlarına deyirəm ki, xalamoğlu gəlir, ona kömək edin. İşdə otağımda başımın üstündə Qurani Kərim var, əməllərimdə Allahdan və qanunlardan qorxuram, haqq adamıyam, kiminsə haqqına heç vaxt girmərəm. İnsanlara daim kömək etməyə çalışıram. Bunu qəbuluma gələnlər yaxşı bilir”.
H.Rəcəbli məmurlarla dostuqdan da danışıb. 69 yaşlı deputat yalnız həmkarı Hüseynbala Mirələmovla dostluq etdiyini bildirib:
“Məmurlarla münasibətim yaxşıdır. Zəhmətkeş məmurlar çoxdur, amma təəssüflər olsun, məmurların içində harınlaşanı da var. Prezident İlham Əliyevin “Məmur vətəndaşın xidmətçisidir” ifadəsini yaddan çıxardanlar da az deyil. Onların vəzifədə ömrü uzun olmur, əvvəl-axır çıxdaş olurlar. Deputat Hüseynbala Mirələmovla 64 ildir ki, dostam, məktəbdə bir masada oturmuşuq, Milli Məclisin iclaslarında da bir masada otururuq. Səmimiyik, sevincimizi, kədərimizi belə bilirik. Dostluq budur.
Dostluq məsələsində çox həssas, ehtiyatlıyam. Harınlamış məmurlar var ki, heç deputatların telefonlarına cavab vermirlər. Deputat xalqın nümayəndəsidir axı, onlar dərdini bizə danışır, biz də ona uyğun köməklik göstəririk. Bəzi məmurlar var, ona deputat belə, 3-4 gün zəng edir, cavab vermir. Ona qarşı bizdə şəxsi nifrət oyanır. Bu, deputata qarşı belə edirsə, deməli, sadə vətəndaşı heç saymır. Belə məmurlar gec-tez cəzalarını alırlar. Vəzifə bu gün var, sabah yoxdur. Elə insan tanıyıram ki, işdən çıxarılandan sonra oğluna toy edib, amma stollar boş qalıb, kimsə getməyib. Yaxşı olar ki, məmurlar sadə olsunlar, vətəndaşlarla işləsinlər”.
Millət vəkili bir müddət öncə başına gələn qəzadan danışıb.
“Xeyli vaxtdır, maşın sürmürəm. Sonuncu dəfə qəza oldu, o qəzadan sonra daha maşın idarə etmədim. Qəza ölümlə nəticələnə bilərdi, sağ qaldım, əlim bir neçə yerdən sınmışdı, ondan sonra qorxdum”, – deputat qeyd edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qarabağda başkəsən general hakimiyyətə gəlir…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: