Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qərb Azərbaycana təzyiqləri artırmalıdır”

“Son 10 ildə bütövlükdə Avrasiya ölkələri arasında demokratik idarəçilik baxımından ən böyük geriləmə Azərbaycanda olub”

“Qərblə Azərbaycan arasında müsbət əlaqələr və enerji bağlarının inkişafı Əliyevin avtoritar rejiminin sərtləşməsinə səbəb oldu”

“Freedom House” beynəlxalq insan haqları təşkilatının saytında Azərbaycandakı korrupsiya, neft-qaz vəsaitlərinin mənimsənilməsi barədə məqalə dərc olunub. Müəllif Rebekka Folinin məqaləsinin tərcüməsini təqdim edirik:

Türkiyədəki sonuncu çevriliş cəhdi belə bir narahatlıq yaratdı ki, getdikcə avtoritarlaşan ölkələr strateji enerji proyektlərini təhlükə altına sala bilər, o cümlədən, Avropa Birliyinin Xəzər dənizi regionundan qaz idxalı üçün planlaşdırdığı Cənub Qaz Dəhlizini. Hərçənd, Azərbaycandakı repressiv şərait də həyəcan təbilinin çalınması üçün kifayətdir. Bu vaxta qədər Azərbaycanın enerji sektorunda baş vermiş artım ölkədə korrupsiyanı körükləyib, vətəndaş azadlıqlarına təzyiqləri artırıb. Yeni boru xətti marşrutundan əldə ediləcək beynəlxalq status isə onsuz da ləkəli vəziyyətdə olan insan haqlarının durumunu daha da pisləşdirə bilər.

Azərbaycan uzun müddət ABŞ və Avropa diplomatiyasının fokusunda olub. Neftlə zənginlik, nisbətən sekulyar cəmiyyət və Qərbə qarşı isti münasibət Azərbaycanı Rusiya və Iranın dominantlıq etdiyi regionda vacib partnyora çevirir. 2001-ci ildən sonra Bakının Əfqanıstanda NATO və ABŞ qüvvələri ilə əməkdaşlığı onun təhlükəsizlik sferasındakı əhəmiyyətini göstərdi və Qərb dairələrində Azərbaycanın geostrateji önəmini artırdı.

Son onillikdə Azərbaycanın neft və qaz sektorunun genişlənməsi belə bir ümid yaradırdı ki, ölkə post-sovet iqtisadi və siyasi irsindən yaxa qurtara bilər. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz boru xətti ÜDM-in ikirəqəmli artımına səbəb oldu və bəzi sosial proyektlərin maliyyələşməsinə səbəb oldu.

Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz axınının dəfələrlə kəsilməsi Rusiyanı ixracatçı kimi etibarsızlaşdırdı və Avropanı təhrik etdi ki, Azərbaycanın alternativ təchizatçı qismində qərarlaşacağı yeni enerji siyasətini ərsəyə gətirsin. Avropa Komissiyası Azərbaycanın Xəzər ehtiyatlarındakı qazın Gürcüstan və Türkiyə ərazisindən keçərək, Avropaya çatdırılması üçün yeni boru xətti şəbəkəsi – Cənub Qaz Dəhlizininin çəkilməsi planlarını hazırladı.

Bu boru xətti Avropa bazarlarını – Balkanlar və Italiyanı Xəzər qazı ilə təmin edəcək. Tarixdə ilk dəfə Rusiyanın iştirakı olmadan bölgəyə qaz təchizatı baş tutacaq.

Təəssüf ki, Qərblə Azərbaycan arasında müsbət əlaqələr və enerji bağlarının inkişafı prezident Ilham Əliyevin avtoritar rejiminin sərtləşməsinə səbəb oldu. Ölkənin böyük enerji sərvətləri isə korrupsiyalaşmış elitanın əlini gücləndirdi. Avropa Birliyinin 2015-ci il sentyabr hesabatında bildirilir ki, “son 10 ildə bütövlükdə Avrasiya ölkələri arasında demokratik idarəçilik baxımından ən böyük geriləmə Azərbaycanda baş verib”.

ABŞ və Avropa Azərbaycanı korrupsiya ilə mübarizəyə təşviq etdi, müstəqil sərvətlər fondunda (SOFAZ) şəffaflıq yaratmaq təşəbbüsünü, rüşvətin qarşısını almaq üçün legitim səyləri ? ölkənin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) üzvlüyünü müsbət dəyərləndirdi.

Bəziləri hələ də mübahisə edir ki, Azərbaycan “resurs lənəti”nin qurbanına çevrilib. Bu nəzəriyyə ondan ibarətdir ki, enerji sərvətlərinə malik ölkələr daha yavaş demokratik inkişafa meylli olur. Həqiqətən, prezidentin Neft Fondunun idarəetməsinə birbaşa müdaxiləsi, dövlətin enerji şirkəti SOCAR-dakı qeyri-şəffaflıq patrimonializm və himayə şəbəkələrini gücləndirərək, biznesə nəzarətə əngəllər törətdi.

Hökumətin azğın korrupsiya siyasəti EITI kimi təşəbbüslərdən gələn pozitiv effektləri kölgədə qoydu. Ancaq Əliyevin tam gücü ilə işləyən lobbi maşını kürü diplomatiyasından istifadə edərək, bir çox Qərb elit dairələrinin gözündə ölkənin müsbət imicini saxlamağa nail oldu.

Baxmayaraq ki, Azərbaycanın enerji sərvətləri ölkədə qeyri-şəffaf biznes mühitini bəsləyir, qeyri-neft sektorunu artımdan və sağlam investisiyalardan məhrum edir, o, həm də media və başqa institulara nəzarəti gücləndirməyə imkan yaratmaqla korrupsiyalaşmış hakimiyyətin yerini möhkəmlədir.

Vətəndaş cəmiyyəti qrupları illərdir rejimin avtoritar addımlarını izləyir. Seçki hiylələri, qərəzli həbslər və müxalifətə qarşı zorakılığa dair bir çox sübutlar qeydə alınıb.

Ancaq tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılova bildirib ki, Azərbaycan hökuməti “demokratik ölkələr tərəfindən yetəri qədər tənqidə məruz qalmır, buna görə də vəziyyət getdikcə pisləşir”. Məsələn, prezident Corc Buş çıxışında Azərbaycan haqda demişdi ki, “vətəndaşların ehtiyacını qarşılamağa qadir, demokratiyanın gələcəyin dalğası olduğunu başa düşən müasir müsəlman ölkəsidir”. 2010-cu ildə Hillari Klinton öz çıxışında vətəndaş cəmiyyətinə basqılara toxundu, ancaq o, həm də bildirdi ki, “Azərbaycan böyük inkişaf yolu keçib”.

Son 3 ildə repressiyalar kəskin şəkildə artıb. Hökumət 2014-cü ildə “Azadlıq” radiosunun Bakı ofisini qapatdı. 2015-ci ildə insan haqları fəalları saxta ittihamlarla həbs edildi, polis dinc aksiyanı bibər qazı ilə dağıtdı və etirazçılar dəyənəklərlə döyüldü. Hal-hazırda yüksək profilli müxalifət üzvləri Ilqar Məmmədov, Fuad Qəhrəmanlı, Fərəc Kərimov və başqaları hələ də həbsdədir.

Bu təzyiqlər rejimin iqtisadi və siyasi stabilliyini təhlükəyə atan qlobal neft qiymətlərinin enməsi ilə eyni vaxta təsadüf etdi. Gələcək mövqeyini gücləndirmək niyyəti ilə Əliyev indi də konstitusiyaya düzəlişlər təklif edib. Bu düzəlişlər prezidentlik müddətinin 7 ilə qaldırılmasını, parlament və mülkiyyət hüquqlarının zəiflədilməsini, leqal immunitet qazanmaq məqsədilə vitse-prezident postlarının yaradılmasını və dövlət məmurlarının insan hüquqları pozuntularına görə məsuliyyətinin azaldılmasını nəzərdə tutur. Düzəlişlərlə bağlı referendumun 2016-cı ilin axırı keçirilməsi gözlənilir.

Baxmayaraq ki, Avropa Birliyi və ABŞ rəsmiləri Rusiyadan yan keçəcək Cənub Qaz Dəhlizinin reallaşmasında maraqlıdır, Azərbaycanın eksport gəlirlərinin və təbii qaz təminatçısı kimi regional nüfuzunun artımı ölkədə avtoritarizmin güclənməsinə də xidmət edə bilər. Bu amillər proyektin uzunmüddətli geopolitik əhəmiyyətini şübhə altına salır.

Şəffaflıq, demokratik islahatlar, insan hüquqlarına hörmət üçün Azərbaycana təzyiq etmək əvəzinə Qərb ölkələri elə təəssürat yaradır ki, onlar bu pozuntuları görməzdən gəlmək və əlaqələri möhkəmləndirmək yolunda addımlayır. Bu ilin mart ayında ABŞ dövlət katibi Con Kerri qeyd etdi ki, “Azərbaycan mürəkkəb regionda yerləşir və mən düşünürəm ki, prezident Ilham Əliyev regionun ehtiyaclarını qarşılamaq üçün böyük səylər göstərib, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşmasına liderlik edərkən”.

Azərbaycana strateji partnyor kimi bu cür baxış ölkənin iqtisadi və siyasi problemlərinin dərinləşməsinə imkan yaradır. Islahat üçün ciddi təzyiqlər olmadıqca Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ancaq vəziyyətin pisləşməsinə xidmət edəcək.

Azadliq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Gülənin Klintonla əlaqələri ABŞ-ı qarışdırdı

%d bloqqer bunu bəyənir: