Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qəbul imtahanında üç fənn ola bilər

Nabatəli Qulamoğlu: «Hər halda intellektual səviyyə yaratmaq üçün minimum dörd fənndən imtahan verilməlidir»

Xəbər verildiyi kimi, ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn ola bilər. Dövlət Imtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər.

O, hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə də, I və II qruplarda olan riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan sualların eyni səviyyədə olmadığını söyləyib: “Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun”.

Məsələ barədə fikirlərini “Azadlıq”a bildirən təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu ölkə təhsilinin vəziyyətinin ən geridə qalmış ölkələrin təhsil səviyyəsində olduğunu söyləyir. Ekspert öncə təhsilin geri qalmasının səbəbləri sırasında universallaşmanın olduğu barədə deyilənlərə toxunur: “Yəni abituriyent hər şeyi öyrənsə də, əslində, heç nəyi öyrənə bilmir. Ona görə də Təhsil Nazirliyinin hazırladığı pilot layihəyə əsasən, ölkənin bir neçə rayonunda təmayüllər, yəni ixtisaslaşma üzrə təhsil aparırlar. Bu da hər hansı fənn blokunu daha ciddi öyrənmək, təkcə ali məktəb səviyyəsində deyil, hətta 8-9-cu sinifdən başlayaraq onu yüksək səviyyədə öyrənmək deməkdir. Yəni orta məktəblərdə konkret bir ixtisas blokunu öyrənmək. Təmayülləşmənin məhz fəlsəfəsi, strategiyasında həmin məsələ, qəbulda üç imtahanın keçirilməsi dayanır”.

N.Qulamoğlu qeyd edir ki, M.Abbaszadə üç fənn deyəndə də həmin təmayülləşməni nəzərdə tutur. Yəni elə düşünürlər ki, abituriyentlər nə qədər az fənn üzrə çalışsalar, bir o qədər dərin biliyə sahib olacaqlar. Ekspert bununla da əmək bazarında müəyyən qədər kadr probleminin həll olunacağının güman edildiyini bildirir: “Amma mən üç fənnlə razı deyiləm. Üç fənn intellektual səviyyəni müəyyən edə bilmir. Üç fənni tətbiq etmək buraxılış və qəbul imtahanını vahid formada keçirmək istəyindən doğur. Söhbət gələcəkdən, gələcək üçün olan layihədən gedir. Onun növbəti illərdə olacağı gözlənilir. Hər halda, intellektual səviyyə yaratmaq üçün minimum dörd fənndən imtahan verilməlidir. Qərar, əlbəttə, onlarındır və necə qəbul edəcəklərsə, hər halda, biz müşahidəçiyik”.((azadliq.info)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bu il 261 azərbaycanlı oğlan əcnəbi qızla evlənib

%d bloqqer bunu bəyənir: