Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putin Bakı səfəri öncəsi “Qarabağ kartı”nı açdı, reseptdən danışdı

“Bu, elə bir həll variantı olmalıdır ki…”; Azərbaycan KİV-lərinə ilk geniş müsahibəsində Rusiya lideri nizamlamanın “Kazan formulu” əsasında gedə biləcəyini dolayısı ilə təsdiqlədi; Kremlin özünün də çətin durumda olduğuna işarə vurdu, “strateji tərəfdaş” Azərbaycanla “strateji müttəfiq” Ermənistan arasında seçim qarşısında qaldığını etiraf elədi…

 

Avqustun 8-də Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşün gündəliyi artıq bəllidir. Sammit çərçivəsində həmçinin ikitərəfli təmaslar olacaq, regional əhəmiyyətli bir sıra digər məsələlər və problemlər diqqət mərkəzinə gətiriləcək.
Zirvə toplantısı ərəfəsində Rusiya prezidenti Vladimir Putin AZərTAc-a geniş müsahibə verib. Bakı sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Putin Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıb.
“Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir. İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir”, – deyə o vurğulayıb.
Rusiya lideri təbii ki, Qarabağ mövzusunda verilən sualları da cavablandırıb, 4 günlük aprel müharibəsindən sonra konfliktin həlli ilə bağlı rəsmi Moskvanın diplomatik təşəbbüskarlığından, aparılan sülh danışıqlarından söz açıb və problemin həllini necə gördüyünə aydınlıq gətirib. Habelə, bəzi mühüm açıqlamalar edib, mesajlar verib. Öncə onun bu mövzuda fikirləri ilə tanış olaq.
Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiyanın oynaya biləcəyi ilə bağlı suala Putin belə cavab  verib: “Rusiyanı Azərbaycan və Ermənistanı dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, problemin həllinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, konfliktin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb. Xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir”.
Konfliktin hansı prinsiplər əsasında həll ola biləcəyinə toxunan Kreml başçısı deyib: “Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhvalı alqışlayırıq. Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun. Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır… Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmasına birgə səylərlə kömək edə biləcəyik”.
Vladimir Putinin müsahibədə əksini tapmış Qarabağ açıqlamalarından bir neçə mühüm qənaət hasili olur:
Əvvəla, Rusiya prezidenti bununla ölkəsinin məsələ ilə bağlı kifayət qədər çətin durumda olduğunu, “strateji tərəfdaş” Azərbaycanla “strateji müttəfiq” Ermənistan arasında seçim qarşısında qaldığını etiraf edib.
İkincisi, Moskvanın yenə də Ermənistanı işğalçı adlandırmağa hazırlaşmadığını, işğalçı ilə işğala məruz qalan tərəfə eyni gözlə baxdığını, ən əsası, aprel döyüşlərindən sonra da sülh anlaşması üçün İrəvana təzyiq göstərmək niyyəti güdmədiyini ortaya qoyub. “Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar” ifadəsinin əsas anlamı budur. Ermənistana təzyiq göstərilmədən ixtilafın həllində irəliləyişə necə nail olunacağı isə bəlli deyil. Çünki təcavüzkar danışıqlar müstəqil tərıf deyil və bütünlüklə, Rusiyanın dedikləri ilə oturub-durur.
Üçüncüsü, belə məlum olur ki, Kreml müharibədə də maraqlı deyil və bu üzdən diplomatik təşəbbüslərini davam etdirmək zorundadır.
Putinin toxunduğu “həll prinsipləri” isə son vaxtlar Rusiya tərəfdən həvəslə təbliğ olunan “Kazan sənədi”nə aiddir və əslində yeni bir şey də sayılmaz. Bu sənəd münaqişənin mərhələli həll əsasında çözümünü ehtiva edir: öncə 7 rayon (ermənilər 5+2 variantında israr edir) qaytarılır, əvəzində Ermənistanın blokadası götürülür, kommunikasiyalar açılır, Dağlıq Qarabağa aralıq status verilir və yekun status sonraya saxlanılır, köçkünlər öz yurd yerlərinə qayıdır, bölgəyə sülməramlılar yeridilir.
Yeri gəlmişkən, Putinin danışmanlarından olan politoloq Sergey Markov neçə vaxtdır məhz bu həll modelini təbliğ edir.(musavat.com)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Fransada daha bir dəhşət – 13 nəfər öldü

%d bloqqer bunu bəyənir: