Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Prokurorluq ”Azadlıq” qəzetinə xəbərdarlıq etdi

Rahim Hacıyevin sözügedən quruma çağırılmasının səbəbi həkim Natəvan Əliyevanın qətli ilə bağlı mərhumun keçmiş həyat yoldaşı Samir Əliyevin “Azadlıq”da dərc edilən müraciətləridir

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev mayın 6-da Baş Prokurorluğa çağırılıb. “Azadlıq” qəzetinin yazdığına görə, Rahim Hacıyevin sözügedən quruma çağırılmasının səbəbi həkim Natəvan Əliyevanın qətli ilə bağlı mərhumun keçmiş həyat yoldaşı Samir Əliyevin “Azadlıq”da dərc edilən müraciətləridir.

Samir Əliyev keçmiş həyat yoldaşının qətlində şübhəli bilinərək həbs olunub. O, redaksiyaya ünvanladığı son müraciətinə müstəntiqlə aralarında olan dialoqun stenoqramını da əlavə edib. Həmin stenoqram qəzetdə dərc olunub.

Baş Prokurorluqda bu materiallarla bağlı Rahim Hacıyevə xəbərdarlıq edilib. Qurum özü də bu barədə açıqlama yayıb. Açıqlamada deyilir: “25 iyun 2015-ci il tarixdə Bakı şəhər sakini Natəvan Əliyevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaq zamanı toplanmış sübutlarla cinayətin mərhumun keçmiş əri Samir Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Samir Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmin hadisə ilə əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə müvafiq açıqlama verilmişdir.

Cinayət işi üzrə intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi və bu barədə ölkə ictimaiyyətinə məlumatlar verilməsinə baxmayaraq “Azadlıq” qəzeti tərəfindən təqsirləndirilən şəxs Samir Əliyevin özünü müdafiə xarakteri daşıyan müraciəti əsasında onun guya cinayət işinin istintaqını aparan müstəntiqlə dialoqunun stenoqramının həqiqiliyi və əldə edilmə mənbəyinin qanuniliyi yoxlanılmadan, habelə istintaq orqanının münasibəti öyrənilmədən dərc edilməsi ibtidai araşdırma məlumatlarının yayılmasına, qətlə yetirilmiş N.Əliyevanın yaxın qohumlarının hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla qanunvericiliyin müddəaları kobud surətdə pozulmuş, bununla da curnalistika peşəsinə yaraşmayan mövqe nümayiş etdirilmişdir.

Qeyd edilənlərlə əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Qanunların müddəalarına əsasən cinayət işləri üzrə ibtidai istintaq yekunlaşmadan ibtidai araşdırmanın normal gedişinin və digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədlərinə zidd məlumatların yayılmasının yolverilməzliyi və gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub

%d bloqqer bunu bəyənir: