Prezidentin yeni sərəncamı- sənaye məhəllələri nəyi dəyişəcək?

Dövlət başçısı iyunun 13-də İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır;

2.2. Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Ekspertlər musavat.com-a sənaye məhəlləsinin yaradılmasının məqsədlərini açıqlayıblar. Həmçinin fermerlərə, sahibkarlara vəsaitin kim tərəfindən veriləcəyi, kredit alma imkanları, qonşu İranın investorlarınnı cəlb edilmə imkanları da müzakirə edilib. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu, yeni bir tendensiyadır: “Sənaye məhəllələrindən birincisi şimal bölgəsində yaradıldı, iş bitmək üzrədir.Demək olar ki, layihəyə nə qədər vəsait xərcləndiyi açıqlanmadı. Dövlət büdcəsi hesabına infrastruktur yaradıldı. Yeni yanaşma ilə sənaye müəssisələrimodeli Türkiyədən götürülmüş bir modeldir. Türkiyədə bu, geniş yayılıb. Özəl sektorun altyapısını, infrastrukturunu dövlət hesabına qurmaq şərti ilə, sonradan ucuz qiymətə özəl sektora icarəyə verirlər. Özəl sektor sənaye müəssisələri yaradır, yeni iş yerləri yaradır. Əslində praktika olaraq pis praktika deyil. Sadəcə sənaye müəssisələrinin, parklarının yaranması özü ilə paralel bir neçə istiqamətdə işlərin də getməsinə imkan yaratmalıdır. Yəni orada özəl sektorla investisiya qoymalıdırsa, özəl sektorun investisiyalara çıxış imkanları olmalıdır. Uzunmüddətli kredit imkanları olmalıdır. Azərbaycanın indiki durumunda bu, çox problemli görünür”.

Ekspertin sözlərinə görə, xarici investorların orada iştirakını təmin etmək üçün bəzi üstünlüklər qazandırılmalıdır. Onların vergilərinin bir müddət azaldılması və yaxud azad olunması məsələsi gündəmə gəlməlidir. Bildiyim qədəri ilə, bu məsələ həll olunmayıb. Yeni yaradılacaq sənaye sahələrində heç bir vergi güzəştləri nəzərdə tutulmayıb. İnvestorları cəlb etmək üçün müəyyən üstünlüklər verməsən, investorlar gəlməyəcək. Təbii ki, Masallının təbii coğrafi mövqeyi İran investisiyalarının oraya gəlməsini coğrafi baxımdan asanlaşdırır. Əgər cəlbedici təkliflər olmasa və investorlar üçün problemlər həll olunmasa,investorların cəlb olunması problem yaradacaq. Düşünmürəm ki, belə çox sürətli şəkildə prosesi həyata keçirə biləcəyik. Hüquqi müstəvidə də dəyişiklik olmalıdır, qanunlarda təkmilləşdirilməlidir. Normal məhkəmələrin yaradılmasına da gedilməlidir. Bunlar bir-birini tamamlayıcı addımlar olmalıdır ki, effekt versin. Xırda bir misal deyim, bu yaxınlarda İran Bankının Azərbaycanda mülkiyyət məsələsi ilə bağlı məhkəmə işi oldu, məhkəmə işini uduzdu. Halbuki İran Bankının nümayəndələri deyirdilər ki, mülkiyyətin onlardan alınması qanunsuz olub. Bu tipli xəbərlər çox olduqca, məhkəmə qərarları çox olduqca, investorların ölkəyə gəlməsi də problemə çevrilir”.

Ekspert Vüqar Bayramov isə musavat.com-a qeyd edib ki, sənaye məhəllələri xeyli vaxtdır müzakirə olunan məsələlərdəndir: “Bu məhəllələrin yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, regionlarda mövcud potensialı sənaye məhsulları istehsalına yönəltsinlər.Regionların sənaye potensialının çox olmasında baxmayaraq, sənayedə payı azdır. Sənaye Məhsulları istehsalında regionların payı azdır.

Məqsəd regionların payının artırılmasında nail olmaqdan ibarətdir. Təbii ki, sənaye məhəllələrinin yaradılması birmənalı şəkildə ona hədəflənir ki, regionların sənaye potensialınına nail olmaq mümkün olsun. Sənaye məhəllələrinin formalaşdırılması ilə yanaşı, dövlət bir sıra öhdəliklər yerinə yetirməlidir. Əvvəla, sənaye məhəllərininformalaşdırılması ilə yanaşı, dövlətin təşviqedici siyasətinin məhəllələr daxilində həyata keçirilməsi olduqca vacibdir. Sənaye məhəllələrinə vergi güzəştlərinin verilməsi həmin məhəllələrində fəaliyyət göstərəcək sənaye müəssisələrinin birbaşa güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsideməkdir.

Regionlarda sənayenin inkişafını tormozlayan əsas faktorlardan biri maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır. Güzəştli kreditlərə çıxış imkanlarının artırılması imkan olduqca vacibdir. Bu, imkan verəcək ki, sənaye məhəllələri regionlarda sənayenin inkişafına təkan versin. Bu, qeyri-nefti sektorunun inkişafının stimullaşdırılması üçün vacibdir. Bu baxımdan müsbət ideyadır. Amma sözsüz, bu ideyanın təşviqedici addımlarla dəstəkləmməsinə ehtiyac var. Birmənalı şəkildə sənaye məhəllələri vasitəsi ilə qeyri-neft sektorunun, eləcə də sənaye müəssisələrinin istehsalının artırılmasınıhədəfləyib. Bu halda dövlətinrolu və dəstəyi olduqca vacibdir. Dövlətin dəstəyi olmadan sənaye məhəllələrinin qeyri-neft sektorunun inkişafında rolunu təsəvvür etmək olduqca çətindir. Növbəti mərhələdə dövlətin hansısaformada sənaye məhəllələrinə və orada fəaliyyət göstərəcək şirkətlərə dəstəyi önəmlidir. Dövlət təşviq etdiyi dəstəyini artırarsa, o zaman sənaye məhəllələri qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərə bilər”.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Banklardan yeni kredit təklifi: Cəlbedici olsa da, risklidir – VİDEO

%d bloqqer bunu bəyənir: