Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Prezident İlham Əliyev: “Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaq”

ilham-eliyev3Aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış edib. Modern.az saytı dövlət başçısının çıxışını təqdim edir:

  • Əvvəla Azərbaycanı Sammitdə iştirak etməyə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəvəti dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi qəbul edirik. Belə bir mötəbər beynəlxalq toplantıda iştirak etmək bizim üçün böyük şərəfdir. Biz Prezident Obamanın dünya miqyasında nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətini və səylərini tam dəstəkləyirik.

Öz növbəsində Azərbaycan nüvə materiallarının yayılmamasına böyük əhəmiyyət verir. Nüvə materiallarının yayılması ilə bağlı meydana çıxan təhdidləri və ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq biz nüvə materiallarının qanunsuz trafiki üçün ölkəmizin ərazisindən mümkün istifadənin qarşısının alınmasına böyük əhəmiyyət veririk. Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək dünya standartlarına uyğun güclü qanunvericilik bazasına əsaslanan hərtərəfli milli ixrac nəzarəti sistemini yaratmışıq. Bu günə kimi milli ixrac nəzarəti sistemimiz nüvə materiallarının qanunsuz daşınmasının qarşının alınmasında etibarlı bir mexanizm kimi özünü doğrultmuşdur. Lakin ərazimizin yüz faizinə nəzarət etmək imkanımız olmadığına görə proqramları tam şəkildə icra edə bilmirik. Bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin beynəlxalq səviyyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır.

Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ isə Ermənistanın 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin. Çox sağ olun.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Fransua Olland: “Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etmək olar”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: