Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Prezidentə “fəhlə qanı yumaq məsləhəti?”

Britaniya mətbuatı yazır ki, keçmiş baş nazir Tony Blair-in şirkəti “Qazaxıstan diktatoruna” bahalı məsləhətlər verirmiş

“The Daily Telegraph” və “The Daily Mail” qəzetləri yazırlar ki, Britaniyanın keçmiş baş naziri Tony Blair-ə məxsus Tony Blair Associates hüquq-konsaltinq şirkəti “Qazaxıstan diktatoru” Nursultan Nazarbayevdən öz “məsləhət xidmətləri” üçün ilə 5 milyon funt sterlinq ödəniş tələb edirmiş.

Mətbuata sızmış sənədlərdən bəlli olduğuna görə Tony Blair-in Nursultan Nazarbayevlə ilk tanışlığı 2009-cu ildə baş versə də, keçmiş baş nazirə aid şirkət Qazaxıstanda azı 6 il “bizneslə” məşğul olub.

Fəhlə qanı və möhtəşəm “tərəqqi”

“The Daily Telegraph” bundan əvvəl ələ keçirdiyi sənədlər əsasında yazır ki, cənab Blair Nazarbayevə 2011-ci ildə neft şəhəri Janaözendə fəhlələrin qətliamı ilə əlaqədar “ictimai əlaqələr məsləhəti” təklif edib.

Nə qədər faciəli olmasına baxmayaraq, bu hadisə Qazaxıstanın möhtəşəm tərəqqisinə maneçilik törətməməlidir (Nazarbayevin Kembric çıxışından)
Qəzet işarə edir ki, bu layihə, əslində 14 fəhlənin ölümü ilə nəticələnmiş etiraz gülləbaranının ardıncaNazarbayev hökumətinin reabilitasiyası və imicinin yaxşılaşdırılması məqsədi güdürdü.

Məqalədə bu da qeyd olunur ki, Tony Blair Nazarbayevin 2012-ci ildə Kembric Universitetində etməli olduğu çıxışın yazılmasında bilavasitə iştirak edib.

Cənab Blair çıxışın Janaözen hissəsi üçün yazmışdı: “hər bir hadisədə olduğu kimi burada da məsələnin kökünə varmaq lazımdır və nə qədər faciəli olmasına baxmayaraq, bu hadisə Qazaxıstanın möhtəşəm tərəqqisinə maneçilik törətməməlidir”.

2011-ci ilin 16-17 dekabr hadisəsi zamanı ölkənin qərbindəki Manqıştau vilayətinin Janaözen şəhərində maaşlarının ödənməmiş hissəsini tələb edən neftçilərin etiraz aksiyası polis tərəfindən gülləbaran edilmiş, 14 nəfər həlak olmuşdu.

Hollivud filmlərindəki kimi gülləbaran

Sonradan ziyalıların da qatıldığı bu etiraz aksiyasının iştirakçıları “xuliqan” adlandırılmış, onlarca insan işgəncə altında alınmış ifadələrlə məhbus edilmişdi.

O vaxt şahidlər belə gülləbaranı “yalnız Hollivud filmlərində” gördüklərini deyirdilər.

janzon

Janaözen müttəhimləri

Nazarbayev bu hadisələrin ardınca dövlət neft şirkətinin, polisin rəhbərliyini işdən qovsa da, hadisələrin müstəqil beynəlxalq komissiya tərəfindən araşdırılmasına yol verməmişdi.

Rəsmi Astana təhqiqata kömək üçün BMT-dən nümayəndə dəvət etdiyini iddia etsə də, Birləşmiş Millətlər Təşkilatı Qazaxıstandan hər hansı dəvət almadığını bildirmişdi.

“The Daily Telegraph” yazır ki, Tony Blair-in sözçüsü bu xüsusda Nazarbayev hökumətinə verilən məsləhətin yalnız müstəqil beynəlxalq komissiya yaradılması təşəbbüsündən ibarət olduğunu söyləyib.

Sözçü habelə, Qazaxıstandakı fəaliyyətinə görə Tony Blair-in şəxsi mənfəət götürmədiyini iddia edib.

Məqalədə deyilir ki, əslində Tony Blair-in qurduğu şirkətlər şəbəkəsinin mürəkkəbliyi onun özünün və TBA şirkətinin nə qədər mənfəət götürdüyünün müəyyən olunmasını mümkünsüz edir.

Lakin buna baxmayaraq, sızmış email-lər TBA şirkətinin Qazaxıstanda çox ciddi “məsləhət biznesi” ilə məşğul olduğunu göstərir.

“Məsləhətli don gen olar”

Məsələn TBA vəzifəlisinin 2014-cü ildə Londondakı Qazaxıstan səfirliyinə göndərdiyi email-dən məlum olur ki, Blair-in şirkəti Nazarbayev hökumətindən “siyasi məsləhət” üçün 2, 65 milyon, ölkədə “qanunçuluq barədə məsləhət” üçün 2, 55 milyon dollar pul istəyib.

Daha 1 milyon dollar Qazaxıstanda TBA-nin yaratdığı Mülki Xidmət Akademiyasına verilməliydi.

Email-dən bu da aşkar olur ki, Blair Qazaxıstanın Milli Bankı barədə də məsləhət vermək istəyirmiş və bu məsələni müzakirə etmək üçün bankın ovaxtkı direktoru Kairat Kelimbetovla görüşməliymiş. Kelimbetov Qazaxıstan tengesinin 3 dəfə ucuzlaşması ilə bağlı 2015-ci ildə vəzifəsindən azad edilib.

“The Daily Telegraph” yazır ki, keçmiş Britaniya baş nazirinin və onun əshabələrinin Qazaxıstana bahalı səfərlərini də Qazaxıstan hökumət ödəməli imiş.

Azərbaycan qazını Şahdəniz yataqlarından Avropaya nəql etməli olan beynəlxalq kəmər konsorsiumunda da “siyasi məsləhətçi” olduğu söylənən Tony Blair-in sərvəti barədə sual Britaniya mətbuatı üçün müəmma olaraq qalır.

Bəzi mənbələrdə onun və ailəsinin sərvəti 80 milyon funt sterlinq olaraq təxmin edilir.

Tony Blairin sözçüsü bütövlükdə sərvətin mövcudluğunu danmasa da, 80 milyardın şişirdilmiş rəqəm olduğunu söyləyir.

(azadliq.org)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Z.Əlizadə: “Ermənistan Lavrovun təklifinə “yox” deyb”

%d bloqqer bunu bəyənir: