Loading...
Loading...

Politoloq: “Hakim zümrədə vəziyyət göründüyü kimi deyil, çoxlu qruplaşmalar var ki, Əliyevin hakimiyyətinə iddia edir”

24saat.org politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.


Zərdüşt bəy, Türkiyədə dünən keçirilən “Demokratiya və şəhidlər” mitinqi haqqında təəssüratınız necədir?

– Əgər 3 milyon adam toplaşıb nəsə tələb edibsə, bu artıq kütləvi tədbirdir. Ancaq İstanbul qədim və nəhəng şəhərdir. Istanbulun əhalisi Azərbaycan əhalisindən iki dəfə çoxdur. Odur ki, oradakı mitinqdə 3 milyon insanın iştirak etməsi də normaldır. Bu kütləvi dəstəyi olan siyasətin olduğu deməkdir. Bu siyasətin icrası isə həm hakimiyyətə, həm də hansısa qüvvələrə xeyirdir. Yəqin ki, bu siyasəti həyata keçirməyə çalışacaqlar. Amma, bu siyasət hansı formada həyata keçiriləcək, bunun kimə xeyri olacağını tarix göstərəcək. Son dərəcə aydındır ki, çevrilişə cəhddən sonra Ərdoğan üçün öz istəklərini həyata keçirmək baxımından münbit şərait formalaşıb. Ola bilsin ki, Ərdoğan bu aksiyadan istəklərini icra etmək baxımından amil kimi istifadə edəcək.

Bəllidir ki, 15 iyulda türk insanı demokratiyanı müdafiə etmək məqsədilə küçələrə çıxmışdı. Sizcə, Ərdoğan mütləq hakimiyyətlikdən imtina edəcək, demokratiyaya meyl edəcək, yoxsa diktaturaya doğru revanş götürəcək?

– Mütləq hakimiyyətlik onun istəyidir, siyasi xəttidir. Demokratiyaya dəstək olmayacaq. Xatırlayaq, Heydər Əliyev hakimiyyətə gələndə bir türk jurnalist ona sual etdi ki, demokratiya bitdimi? Əliyev isə bildirdi ki, bundan sonra demokratiya sürətlə inkişaf edəcək. Demokratiyanın necə inkişaf etdiyini indi siz məndən gözəl görürsünüz.

İstanbuldakı mitinq Ərdoğanın qərbə mesajı ola bilərmi?
– Türkiyənin qərbə mesaj verməyə ehtiyacı yoxdur. Türkiyə ilə qərb ölkələrinin münasibətləri strukturlaşıb. Türkiyə NATO-nun üzvüdür, qərb ölkələri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq, iqtisadi ticarət mübadiləsi var. Bu sahələr yeni münasibətlərə ehtiyac duymur. Ancaq onu deyim ki, bəli, bu mitinqlə Ərdoğan qərbə göstərir ki, öz niyyətindən və siyasi xəttindən geri çəkilməyək.

Türkiyədə güclü müxalifət də var. Ərdoğan müxalifəti əzib keçəcək?

– Müxalifət hər halda cəhd göstərəcək, müqavimət təşkil etməyə çalışacaq. Amma mən inanmıram ki, dərbə cəhdindən sonra müxalifətin cəhdləri hansısa müsbət nəticə versin.

Sabah prezident Ərdoğan prezident Putinlə görşəcək. Bu görüş haqda fikirləriniz nədən ibarətdir?

– Hesab edirəm ki, bu görüş mühüm hadisədir. Hər iki tərəfin münasibətlərin normallaşmasına, sağlamlaşmasına ehtiyacını hiss edir. Bütün hallarda um-küsülərə son qoyulacaq, tərəflər var gücü ilə çalışacaq. Beləcə hər iki tərəf onlar üçün faydalı olan əməkdaşlığın bərpasına başlayacaq.

Bununla da, münasibətlər düzələcək?

– Bəli, vurulan rus qırıcı təyyarəsi tarix olacaq.

Bunun iqtisadi-siyasi nəticəsi nədən ibarət olacaq?

– Ola bilsin ki, Ankaranın Bəşər Əsədi devirmək siyasəti sona yetsin. Mümkündür ki, Ankaranın Ermənistana münasibəti dəyişsin. Bunların Azərbaycana da təsiri var. Fikrimcə, Türkiyə-Ermənistan münasibətləri normallaşsa bunun Azərbaycana da xeyri olar.

Ancaq bizim rəsmilər qeyd edirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın ziyanınadır…

– Onlar öz şəxsi mənafelərini düşünürlər. Vaxtında Surix protokolları reallaşaydı indi regionda daha mülayim mənzərə alınardı. Lakin Rusiya o zaman bunu istəmədi. Bizimkilər də səs-küy qaldırdılar və buna imkan vermədilər. Əslində isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bütövlükdə Ermənistan daxilində ki, vəziyyəti dəyişə, anti-türk meylinə son qoyula bilər. Amma bunu Kremli istəmir. Bizimkilər də bu məsələdə Kremli ilə həmfikirdir.

Rusiya-Türkiyə yaxınlaşması zamanı Ermənistan-Türkiyə sərhədlərinin açılmasına Moskva razılıq verə bilərmi?

– Məncə, bu Rusiyanın xeyrinə olan addım deyil. Rusiya çalışacaq ki, bu prosesin qarşısını alsın və lazım gəlsə Azərbaycandan da istifadə edəcək. Əlbəttə, Rusiya sözdə deyəcək ki, bunun əleyhinə deyil. Amma aydındır ki, Türkiyə-Ermənistan münasibətləri normallaşsa Rusiya və Qərbin Türkiyəyə təzyiq imkanı olan “soyqrım” məsələsi aradan qalxacaq. Odur ki, onlar istəməz ki, erməni-türk münasibətləri normallaşsın.

İran-Azərbaycan-Rusiya prezidentlərinin Bakıda görüşməsini necə qiymətləndirirsiniz?

– Müsbət. Bunu alqışlamaq olar. Əminəm ki, bu görüşdə ilk olaraq iqtisadi imkanlarının reallaşması mexanizmləri müəyyən ediləcək. Eləcədə Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəli istifadəsi mühümdür. Fikir verin, Çin böyük inadla İpək Yolunu reallaşdırmağa çalışır. Bununla iqtisadi mənafelərini və istəklərini həyata keçirmək istəyir. Bunu Rusiya da, Qazaxıstanda, İranda istəyir. Təbii ki, Azərbaycanda bunu istəyir. Kim istəməz ki, qazansın. Beləcə hər 3 tərəf faydalı şəraitdə öz mənfəətlərini götürür. Şimal-Cənub dəhlizi işləməlidir. Bu Azərbaycana 100 milyon dollarla gəlir gətirə bilər.

Görüşdə başqa hansı məsələlər gündəmdə olacaq və bu prosesin nəticəsi nədən ibarət ola bilər?

– Mən bildiyim qədər bu görüşdə Türkiyəyə siyasi dəstək məsələsi müzakirə edilə və bu ifadə oluna bilər. Həmçinin tərəflər Türkiyəni dilə tuta bilər ki, Əsədi devirmək istəyindən vaz keçsin.

Bəs Qarabağ məsələsi…

– Düşünmürəm. İranın bu münaqişədə rolu geniş deyil. Münaqişənin ağası Rusiyadır. Rusiya imkan verməz ki, Qərb və ya İran onun ağası olduğu məsələyə müdaxilə etsin. Odur ki, ilk olaraq iqtisadi məsələlərin tənzilmənməsi və rəvan getməsi əsas müzakirə mövzusu olacaq.

Azərbaycanda gözlənilən referendum Aktına münasibətiniz necədir?

– Əvvəla, bunu mühüm hadisə hesab etməzdim. Referendum Aktı olan vəziyyəti leqallaşdırır. Heç kəsə sirr deyil ki, Azərbaycanda prezident institutu güclüdür, az qala Rza şah Pəhləvinin hakimiyyətinə bənzəyir. Başqa sözlə, parlamentin, Nazirlər Kabinetinin gücü yoxdur, siyasi partiyalar görüntüdür. İndi bu vəziyyəti leqallaşdırmaq xətti seçilir. Əgər həyat bunu qəbul edəcəksə bu cür olacaq. Yox əgər həyat bunu qəbul etməyəcəksə, vaxtı gələndə bu məsələlər tarix olacaq.

Bizim hakimiyyət nədən indiki şəraitində bu addıma inamla gedir?

– Çünki daxili hakim zümrədə vəziyyət sabit və kənardan göründüyü kimi deyil. Çoxlu qruplaşmalar var ki, Əliyevin hakimiyyətinə iddia edir. Onların əlini vurmaq və sakitləşdirmək, iddialarına son qoymaq üçün real vəziyyəti qanuniləşdirirlər.

Təsəvvür edək ki, Referendum Aktı qəbul olundu. Bununla Azərbaycanda nə dəyişəcək?

– Heç nə dəyişməyəcək. İndi necədirsə, referendumdan sonra da elə olacaq. Qanunların işləmədiyi, haqsızlığın tüğyan etdiyi Azərbaycan yenə də olacaq.

Bəllidir ki, Azərbaycan əhalisi ağır böhran şəraitində yaşayır. Belə vəziyyət nə vəd edir?

– Əvvəla nəzərə alın ki, böhran sadə və qara camaat üçündür. Hakimiyyət üçün böhran yoxdur, cibləri doludur və bəh-bəh ilə yaşayır. Hakim zümrə və ona yaxın təbəqə böhranı hiss eləmir. Aşağı təbəqə isə böhranın nə olduğunu gündəlik həyatında yaşayır. Aşağı təbəqənin isə siyasətdə səs hüququ yoxdur. Onların səsi hüququnu əlindən alaraq satqın müxalifətə veriblər.

Bəzi müxalifət qurumları Referendum Aktına qarşı çıxırlar, sizcə, onların müqavimət təşkil etmək imkanları varmı?

– Mən 1990-cı il, yanvarın 7-də AXC-ni tərk etmişəm. Bu təşkilatın Azərbaycan üçün müsbət iş gördüyünü görməmişəm və görəcəyi ilə də maraqlanmıram.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ermənilərlə azərbaycanlıların bir evdə yaşadığı şəhər – Fotolar

Loading...
%d bloqqer bunu bəyənir: