Loading...
Loading...

Polisdə döyüldüyünü deyən gənclərin işi araşdırılır

Şikayətçi cərimə meydançasında saxlanılan avtomobilinin yararsız vəziyyətə salındığını bildirir.

Bərdə şəhəri, Gəncə küçəsi ev 50-də yaşayan Ağdam rayonundan məcburi köçkün Abbasov Ziya Telman oğlu bu rayonun polis əməkdaşlarından şikayətçidir. O iddia edir ki,  polis əməkdaşları onu təhqir edib döyüb, əmlakına zərər vurub.
Taksi fəaliyyəti ilə məşğul olan Z.Abbasovun sözlərinə görə, o, 11.09.2016-cı il tarixində, gecə saat 00:30 iradələrində müştərini ünvanına-Bərdə rayon Məhkəməsinə çatdıran zaman mülki geyimli şəxs ona yaxınalaşaraq sənədlərini istəyib: “Elnur adlı şəxsdən polis olmasını təsdiq edən sənədi istədim. O bu sözümdən əsəbləşərək mənə təzyiq göstərdi və zorla başqa avtomobilə mindirməyə cəhd etdi. Sonradan bildim ki, Elnur Bərdə rayon Polis Şöbəsinin rəis köməkçisidir.
Mənə şillə vuran Elnur məni avtomobilə mindirməkdə israrlı idi. Səs-küyə qonşum Elşən Əzimov gəldi. O, mənə təzyiq göstərilməsinin səbəbini soruşduqda, Elnur onu təhqir edərək uzaqlaşmasını tələb etdi. Qonşum Elnurdan şikayət edəcəyini bildirdikdə onu zorla avtomobilə mindirdilər. Bəhruz adlı polis əməkdaşı isə mənim maşınımda oturdu. Bizi polis şöbəsinə gətirdilər”.
Ziya Abbasovun sözlərinə görə, Elnur polis şöbəsində onu döyüb: “O, məni və ailəmi təhqir edib, mənəvi və fiziki işgəncə verib. Sonra məndən əl çəkib, Elşəni döyməyə başlayıb. Polis əməkdaşı olan Bəhruz məndən avtomobilimin sənədlərini gətirməyimi tələb etdi. Mən avtomobilimin sənədlərini ona verib qapısını bağladım. Üzərimdə olan pul qabımı, saatımı avtomobilə qoydum. Həmin gün bizi səbəbsiz bir gün polis şöbəsində saxladılar. Vəkillə təmin olunmadıq. Avtomobilimin içərisində olanlar siyahıya alınmadı və protokol tərtib edilmədi. Növbəti gün məhkəməyə çıxarıldım, əgər onların dedikləri kimi izahat verməsəm şərlənib daha ağır ittihamla cəzalanacağımı bildirdilər. Məhkəmə 50 manat cərimə ilə bizi zaldan buraxdı”.
Şikayətçi bildirir ki, polis tərəfindən cərimə meydançasında saxlanılan avtomobili yararsız vəziyyətə salınıb.
Hüquq mühafizə orqanlarına müraciət edən Ziya Abbasov onu təhqir edib döyən polislərə və əmlakına dəymiş zərərlə bağlı ölçü götürülməsini tələb edib.
Məsələ ilə bağlı mövqe öyrənmək üçün Bərdə rayon Polis Şöbəsi ilə əlaqə saxlanılıb. Növbətçi hissədən bildirilib ki, vətəndaşın şikayəti ilə bağlı prokurorluqda araşdırma aparılır.
bizimyol.info

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Əli İnsanov barəsindəki cinayət işinin protokolları ilə tanış olub

Loading...
%d bloqqer bunu bəyənir: