Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
doner

Paytaxt dönərxanaları kütləvi şəkildə bağlanmaq təhlükəsi ilə üz-üzədir

Müştərilərini itirmək istəməyən obyekt sahibləri, son bir neçə gündür ki, ancaq ziyana işləyirlər
Ölkədə ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu barədə bir neçə gün öncə də məlumat vermişdik.

Qiymətlər ətin növünə və yerinə görə dəyişir. Belə ki, bazarlarda bir kilo sümüklü ətin qiyməti 4 manatadək bahalaşaraq, 6 manatdan 9.5 manata qalxıb. Eləcə də sümüksüz ətin qiyməti 8 AZN-dən 12 AZN-dək bahalaşıb. Şəhərdəki ət dükanlarında 1 kilo sümüklü ətin qiyməti 10 manat, sümüksüz isə 12 manatdır. Hətta əldə etdiyimiz məlumata görə, bəzi yerlərdə qiymətlər 13-14 AZN-dək qalxıb. Ət və ət məhsullarının qiymətlərindəki artımın kafe və dönərxanalara necə təsir etdiyini öyrənmək üçün Sputnik-in əməkdaşı paytaxtın bir neçə iaşə obyektinə baş çəkib. “Elmlər Akademiyası” metrosunun çıxışında fəaliyyət göstərən “Köhnə Bakı” restoranının administratoru Rafiq Mirzəyev bildirib ki, hazırda yemək porsiyalarının qiymətində dəyişiklik edilməyib.
“Ancaq ət qiymətləri ucuzlaşmasa, biz də məcburən qiymətlərə əl gəzdirəcəyik. Axı bu vəziyyətdə bizə xeyir qalmır. Sadəcə olaraq müştərilərimizi qaçırmamaq üçün yeməklərin qiymətini qaldırmırıq. Çünki düşünürük ki, bu bahalaşma uzun çəkməyəcək. Ümid edirik ki, ət tezliklə ucuzlaşacaq”, — deyə kafenin administratoru əlavə edib.
Dönərxanalarda da gərgin gözlənti davam edir. Müştərilərini itirmək istəməyən obyekt sahibləri, son bir neçə gündür ki, ancaq ziyana işlədiklərini bildirirlər. Qeyd edirlər ki, qiymətləri qaldıracaqları təqdirdə, müştərilərin sayı kəskin azalacaq ki, bu da obyektin bağlanacağına gətirib çıxaracaq. Memarlıq və İnşaat Universitetinin yanında yerləşən dönərxananı işlədən Zamiq Heydərov, qiymətləri dəyişmədiklərini, ancaq əti çörəyə az qatdıqlarını söyləyib: “Qiymət artımı etməmişik, sadəcə olaraq çörəyin içinə əvvəlki kimi bol ət qoymuruq. Ancaq bunu elə edirik ki, müştəri içəridən ac çıxmasın. Məsələn əvvəl əti çox, tərəvəzi normal qoyurduqsa, indi əti normal, tərəvəzi çox edirik”.
Paytaxt sakinləri Sputnik-in əməkdaşı ilə söhbət zamanı hökumətdən təcili və təxirəsalınmaz işlər görməsini tələb ediblər. “Benzinin qiymətini səbəbsiz qaldırdılar, çox az adam səs çıxardı. Çünki benzinsiz yaşamaq mümkündür. İşığın kubunda qiymət artımına getdilər, buna da heç kim heç nə demədi. Çünki nə də olsa, lampadan az istifadə edərək də yaşamaq olar. Ancaq, çox xahiş edirik, qida məhsullarının, xüsusilə ətin qiymətinin bahalaşmaması üçün bir şeylər etsinlər”, — deyə Yasamal rayon sakini Natella Orucova bildirib. “Axı insan yeməksiz, susuz necə yaşaya bilər? Ölkədəki orta aylıq əmək haqqını, məgər nazirliklərdə bilmirlər? İnsanlara ödədikləri əmək haqlarına görə qiymətlər təyin etsinlər. Biz hökumətdən təcili addımlar atmasını gözləyirik”, — sakin qeyd edib.
Mövzunu Sputnik-ə dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ət məhsullarında olan bahalaşma hələ bir müddət də davam edə bilər: “Hazırda Peruda yaşayan və vaxtilə Azərbaycanı ətlə təmin edən, çeçen əsilli bir dostum internetdən mənə yazır ki, kənd təsərrüfatı, heyvandarlıqla bağlı Azərbaycanda qarşıya qoyulan proqramlar düzgün yerinə yetirilməyib. Hansı ki, meqafermalar, heyvandarlıq üçün yem bazaları yaradılmalı idi. Ölkənin bu sahədə strateji sərhədləri mövcuddur. Qarşıya qoyulan planın 30%-i də yerinə yetirilməyib. Təsəvvür edirsiniz, bunu mənə Perudan yazırlar”.
“Ona görə də ətin qiyməti qalxır. Hökumət bunu əvvəlcədən bilirdi, hətta proqnozlar da verirdi. Kənd təsərrüfatı ilə bağlı kooperasiyaların yaradılması haqda qanun qəbul edilib. Yəni fermerlər birləşib kooperasiyalar, böyük meqa fermalar yaratmalı idilər. Lakin realda biz bunu görə bilmədik. Ola bilsin, bu sahəyə ayrılan vəsaitlər lazım olan yerlərə çatmayıb”, — E. Hüseynov bildirib. Ekspert, əhalinin ət qiymətlərindəki bahalaşmadan haqlı narahatlıq keçirdiyini isə bu sözlərlə əsaslandırıb: “Soyuqlar başladığı üçün əhalinin ətə tələbatı da artıb. Bu qida məhsulunda olan bahalaşma da təbii olaraq, insanlarımızı ciddi narahat edir. Niyə də narahat etməsin. Çünki bu ölkədə bir daha qalxan qiymət bir daha enmir. Mən bu şüarı bir çox yerdə haqlı olaraq səsləndirirəm. Düşünürəm ki, bahalaşma hələ bir az da davam edəcək. Çünki xaricdən gətirilən ətlərə qoyulan gömrük rüsumları qiymətlərə öz təsirini göstərir”. “Açıq etiraf etmək lazımdır ki, hökumət yerli sahibkarlar üçün rahat şərait yaratdı, ancaq sahibkarlarımız onlara tanınan bu fürsəti düzgün dəyərləndirə bilmədilər”, — deyə mütəxəssis vurğulayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İsti suyun qiyməti artacaq? – Rəsmi açıqlama

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: