PA-dan VK-nın referenduma dair ilkin rəyinə qəzəbli reaksiya…


“Azərbaycanla ultimatum dildə danışırlar…”

Sentyabrın 21-də Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsi ilə əlaqədar mətbuat konfransı keçirdi.
Xatırladaq ki, sentyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib. Onların ilkin rəyi isə neqativ olub. Qurum prezidentlik müddətinin uzadılmasına, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsinə tənqidi yanaşıb.
Bu, Venesiya Komissiyasının yekun rəyi yox, ilkin rəy, layihədir. Yekun rəy oktyabrın 15-də Venesiya Komissiyasının plenar iclasında təsdiqlənəcək.
Bu barədə danışan PA-nın şöbə müdiri yaranmış durumla bağlı Azərbaycanın rəsmi mövqeyini açıqladı: “Mənim yadıma gəlmir ki, bu və ya digər məsələ üzrə Venesiya Komissiyası Azərbaycanla bağlı üç aydan tez hansısa rəyə gəlsin”.
Dövlət rəsmisinin sözlərinə görə, adətən bu kimi məsələlərlə bağlı ilkin rəy hazırlandıqdan sonra elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilirdi, Azərbaycan tərəfi dinlənilirdi, ondan sonra həmin rəy verilirdi: “Lakin naməlum  səbəblərdən bu dəfə referendum aktı layihəsinə dair bütün bu prosedurlar kobud surətdə pozulub. Bu prosedurun pozulması bir fövqəladəlik hissi yaratmaya bilməz. Bu sorğu Venesiya Komissiyasına sentyabrın 6-da təqdim  olunub. Cəmi 2 həftədən sonra Azərbaycanın rəy bildirmək hüququ əlindən alınaraq, bu rəy Venesiya Komissiyasının saytında dərc olunub”.
Ş.Əliyev əlavə edib ki, məhkəmədə qarşı tərəf ittiham edilməkdən əvvəl dinlənilmək hüququ verilir: “Lakin bu hüquq bizim əlimizdən alınıb. 29 düzəlişdən ibarət referendum aktının müzakirəsinə dair rəydə deyilir ki, 60 gün müddətində referendumun keçirilməsi mümkün deyil. Lakin belə görünür ki, həmin 29 dəyişikliyə dair referendumla bağlı 14 gün müddətində rəyin hazırlanması mümkündür”.
Ş. Əliyev bildirdi ki, rəydə kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir: “Məsələn, rəyin 25-ci bəndində konstitusiyanın 159-cu maddəsinə istinad edilir, ancaq konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur. Əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. Onlar Azərbaycan prezidentinin səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə onun vəzifəsini vitse-prezidentlərin əvəz etməsini qeyri-demokratik sayırlar. Normal müzakirələr keçirilsəydi, komissiya üzvlərinə demək olardı ki, elə ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir, heç kim də bunu qeyri-demokratik adlandırmır”.
Ş. Əliyev Nazirlər Kabinetinin ölkədə islahatların lokomotivinə çevrilə bilmədiyi barədə mətbuatda dərc olunan tənqidlərə də toxundu: “Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir”.
“Venesiya Komissiyasının rəyində əsas arqumentlər ondan ibarətdir ki, təyinatlı vitse-prezidentlər institutu demokratik standartları pozur. Normal müzakirə olsaydı, onlardan soruşmaq olardı ki, bu, harada yazılıb? Onların rəyi heç bir demokratik ölkənin təcrübəsinə əsaslanmır. Belə demokratik standart yoxdur, onu heç kim qarşımıza qoya bilməz”-deyə, Ş.Əliyev bildirib.
Dövlət rəsmisi qeyd edib ki, 26 sentyabrda keçiriləcək referendumla bağlı komissiyanın hazırladığı rəydə kifayət qədər qəbulolunmaz məqamlar var.
Ş.Əliyevin sözlərinə görə, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır: “Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Məsələn, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər”.
Şöbə müdirinin sözlərinə görə, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır:
“Referenduma çıxarılan layihələr konstitusiyaya uyğunlaşdırılıb. Prezidentin səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki qızdırması şəraitində yaşayır. Hər 5 ilin 3 ilində əvvəl prezident, sonra parlament, daha sonra bələdiyyə seçkiləri gəlir. Bu vəziyyətdə çıxış yolu kimi prezidentin mandatının 7 ilə kimi uzadılması təklif edilir. Çox maraqlıdır ki, Fransada 7 il müddətinin 2000-ci ildə Jak Şirakın təşəbbüsü ilə 5 il müddəti ilə dəyişdirilməsinin səbəblərini axtaranda yeganə onu tapa bildim ki, Şirak bu haqda cəmi iki söz demişdi: ”7 il çoxdur, 5 il daha məqbuldur”.
Niyə daha məqbuldur? Nəyə görə? Heç bir izahatı yoxdur. Azərbaycana yönəldilən digər irad prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsidir. Prezidentin səlahiyyət müddəti 7 il olduğuna görə, onun xalqa özünə qarşı inam votumu üçün müraciət etmək imkanı olmalıdır, bu da məntiqli bir haldır. Ümumiyyətlə, Venesiya Komissiyasının rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır. İki həftəyə bu dəyişikliklərə rəy vermək mümkün deyildi. AŞ PA sədri yalnız referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciət edib. Mən bunu siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş AŞ PA-nın tərkibi ilə bağlıdır və siyasi proseslərin nəticəsidir. Bu, aysberqin bir hissəsidir, onun görünməyən tərəfi altdadır. O alt da nədən ibarətdir, onu demək çətindir”.
Avropa Parlamentinin Azərbaycanla münasibətləri normallaşdırmağa çalışdığı, bunun üçün Bakıya böyük bir nümayəndə heyətini göndərdiyi bir vaxtda, Venesiya Komissiyasının Bakıya qarşı “savaş” açmasının səbəbləri, bunun təsadüf, yoxsa razılaşdırılmış addım olub-olmadığı barədə “Yeni Müsavat”ın əməkdaşının sualının cavabında Ş.Əliyev bunları bildirdi: “Çox maraqlı sual verdiniz. Təəssüflər olsun ki, mən peşəkar hüquqşünasam və siyasətlə məşğul olmuram. Amma sizin sualınızda həmin suala cavab da var. Hesab edirəm ki, bu,  təsadüfi proseslər deyil”.
Ş.Əliyev ardınca əlavə etdi: “Bizə irad tuturdular ki, referendum aktının hazırlanmasına və müzakirəsinə parlament cəlb olunmayıb. Lakin 2009-cu ildəki referendum parlament tərəfindən təyin olunanda və müzakirələr aparılanda verilən rəydə yazılmamışdı ki, nəyə görə Azərbaycan Respublikasının İcra Hakimiyyəti cəlb olunmayıb. Referendumun elan olunması Azərbaycan Respublikası Prezidentinin Konstitusiya hüququdur və bu hüququ onun əlindən heç kim ala bilməz!
Mən tam rəsmi, tam  məsuliyyətlə deyirəm ki, referendum aktı layihəsi ilə bağlı Azərbaycan Prezident Administrasiyası ilə nə Avropa Şurası, nə də Venesiya Komissiyasından kimsə əlaqə saxlamayıb”.
Dövlət rəsmisi bildirdi ki, sözügedən qurumlardan kimsə onlarla layihəni müzakirə etməyə səy göstərməyib: “Bizimlə heç kim danışmaq istəməyib. Nə telefon zəngi, nə məktub gəlib. Nə rəsmi, nə qeyri-rəsmi belə bir cəhd olmayıb. Yalnız referenduma 20 gün qalmış AŞ PA Venesiya Komissiyasına sorğu verib. Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”.
Ş.Əliyevin sözlərinə görə, Azərbaycanla ultimatum dildə danışırlar.
Rəsmi Bakının referendumla bağlı Venesiya Komissiyasına nə səbəbə müraciət etməməsinin səbəbləri barədə sualın cavabında Ş.Əliyev “biz hesab etmədik ki, bu dəyişikliklər bu cür mühüm xarakter daşıyır”, dedi: “Xaricilər heç cür başa düşmür ki, söhbət prezidentə əlavə səlahiyyətlər verilməsindən getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Vitse-prezidentlər adı katiblər də ola bilərdi. Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi”.
PA təmsilçisi münasibətlərin perspektivləri barədə danışarkən xatırlatdı ki, Venesiya Komissiyasının rəyi məşvərətçi rəydir: “Bu, məcburi rəy deyil. Yenə təkrar edirəm, bizim Venesiya Komissiyası ilə münasibətlərimiz peşəkarlıq üzərində qurulmuşdu. Qurumun tərkibində yüksək təcrübəyə malik peşəkarlar təmsil olunur. Biz həmişə onlarla müzakirələr aparmışıq, mübahisələr etmişik. Bir-birimizlə müzakirələrdə ya razılaşmışıq, ya da razılaşmamışıq, rəyin müddəaları ya dəyişib, ya dəyişməyib. Yəni bu, məhsuldar bir proses olub. İndi bu prosedur tam pozulub. Bu, Avropa Şurası daxilində gedən siyasi proseslərin nəticəsi, aysberqin görünməyən tərəfidir. Əks təqdirdə, bu tələm – tələsiklik nəyə lazım idi?”
Ş.Əliyevin sözlərinə görə, qurumla Azərbaycan hökuməti arasında həyata keçirilən normal proseslər kobud şəkildə pozulub: “Venesiya Komissiyasının oktyabrın 14-15-də  plenar iclası olacaq. Bu rəy orada təsdiq olunmalıdır. Biz çalışacağıq ki, Azərbaycan hökumətinin o vaxta qədər hazırlanacaq rəyi rəsmi olaraq Venesiya Komissiyasının ekspert rəyinə əlavə olunsun”.
İqtidar təmsilçisi Venesiya Komissiyasının rəyinin siyasi sifarişli olduğunu da vurğuladı: “Belə rəy yaranır ki, bu, siyasi sifarişdir. Ona görə ki, iki həftə ərzində bu rəyin tələm-tələsik hazırlanması mümkün deyil. AŞ PA sədrinin məktubu nə iyul, nə avqust, nə sentyabrda yox, referenduma cəmi 7 gün qalmış Venesiya Komissiyasına göndərilib. Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm”.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendum sentyabrın 26-da keçiriləcək.(musavat.com)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Amerikalı həmsədr Qarabağla bağlı tərəqqi gözləyir

%d bloqqer bunu bəyənir: