Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pənah Hüseyn: “Bir ildən sonra on və ya yüz minlərlə insan mitinqə çıxacaq”

24saat.org sabiq deputat və baş nazir Pənah Hüseynlə müsahibəni təqdim edir.

Mitinqlərlə bağlı mövqeyiniz necədir, bu tədbirləri keçirməklə müxalif düşərgə məqsədlərinə çata bildimi?

– Mitinqlərə münasibətim müsbətdir. Hesab edirəm ki, müxalifəti təmsil edən partiyalar keçirdikləri mitinqlər zamanı minlərlə insanı bir araya gətirə bildi.

Bu proses davam etməlidir?

– Bunu daha çox mitinqi keçirən və bu işin təşkilatı hissəsini görən partiyaların özləri müəyyən etməlidir. Hesab edirəm ki, indi mitinqlərlə minlərlə insan çıxdısa, bir ildən sonra on minlər və ya yüz minlər çıxacaq.

Proqnozunuza görə, bir ildən sonra yüz minlərin insan mitinqlərə qatılacaq?

– Yox. Mən indi şərti deyirəm. Bir ildən sonra xalqın fəallığı artacaq. Ümumiyyətlə hesab edirəm ki, inqilab üçün şərait var. Yuxarılar köhnə qayda ilə idarə edə bilmirlər. Referendum kimi məsələlər bununla bağlıdır. Aşağılar da, yaşaya bilmirlər, yaşam getdikcə çətinləşir. Demək inqilabi fəallıq səviyyəsinin yüksəlməsi qalır. Mənim qənaətimə görə, bu proses yüksək fəallığa doğru getməlidir. Ən azından nəzəriyyə bunu deyir.

Nəzəriyyədən reallığa keçid edək. İnqilabi şəraitin olduğunu deyirsiniz. Bəs inqilabçılar da varmı?

– İnqilabçılara ehtiyac yoxdur. Hökumətin özü inqilab hazırlayır. İqtidar öz siyasəti ilə bu prosesi hazırlayır. İkincisi, inqilabi şərait olanda inqilabçılar da olur. Yəni inqilabçıları şərait özü yaradır.

Müxalifət düşərgəsində birlik formatına ehtiyac varmı?

– Müxalifət birdir. Sadəcə olaraq taktika baxımından özlərini ayrı göstərirlər.

Sizin özünüzün bu proseslərdə rolu nədən ibarətdir?

– Mənim rolum yüksək səviyyədədir.

Reallıqda bu rolunuz qabarıq görünmür…

– Hər şey üzdə görünmür ki… Dərində də müəyyən proseslər baş verir.

Yaxın dövr üçün yeni birlik modeli yaranacaq?

– Hesab edin ki, birlik modeli artıq formalaşıb. Nə zamansa ortaya çıxacaq. İndiki mərhələdə prosesləri müşahidə edək.

Hökumətin addımlarını, siyasətini necə şərh edirsiniz?

– Çox pis. Hökumət siyasət yeridir deyən də ki, daha çox siyasətsizlik siyasəti yeridir. Sanki başlarını itiriblər. Bilmirlər ki, nə ilə məşğul olurlar.

Hakimiyyət mitinqə icazə verdi, lakin mitinqdən sonra bir çox gənclər həbs edildi, inzibati qaydada cəzalandırıldı. Sizcə, niyə mitinqə icazə verdilər və sonra niyə insanları həbs etdilər?

– Görürsünüzmü, sonradan bu addımlar BMT-nin xüsusi məruzəçisi Mişel Fosterin hesabatına düşdü. Mən iqtidaryönlü bir xadimdən eşitdim ki, hökumət içində olan bəzi qüvvələr maraqlı imiş ki, gərgin durum hesabata düşsün. Sözün açığı, bu ehtimalı əsaslı hesab etmirəm. Ancaq belə fikirlər səsləndirənlər var.

Son hadisələrə, eləcədə referendumla bağlı beynəlxalq reaksiyaları qaneedici sayırsınız?

– Açıq deməliyik ki, reaksiyaların bəziləri normaldır. Üstəlik Azərbaycanın düşmənləri də var. Prinsipcə hakimiyyət bizim düşmənlərimizin onların siyasətindən istifadə edərək Azərbaycana qarşı hücuma keçməsi üçün şərait yaradır.

Ancaq bir çox müxalif siyasi düşərgə təmsilçisi hesab edir ki, referenduma münasibətdə beynəlxalq rəylər yetərli deyil…

– Neyləyəcəklər ki? Tənqid edirlər, bəyanatlar verirlər. Ermənipərəst dairələrdə bizim iqtidarın siyasətindən tam yararlanaraq Azərbaycanın üzərinə gəlir.

İqtisadi durum vacib məsələdir. Neftin qiyməti bəllidir, hökumətimiz indi kənd təsərrüfatının inkişaf etdirilməsi üçün addımlara başlayıb. Vəziyyətə və addımlara dair qiymətləndirməniz varmı?

– Müəyyən meliorasiya işləri həyata keçirilib, bəzi texnikalar alınıb və s. Ancaq proses göstərir ki, inzibati imkanlardan istifadə edərək pambıqla, baramaçılıqla vəziyyətdən çıxmaq çətindir. Bu yolla müasir səviyyəli iqtisadiyyat qurmaq bir qədər real görünmür. Onsuzda ölkəni indiyə qədər dağıdıblar. İndi bu addımlarla ola bilsin ki, camaata 3-5 qəpik pul çatar. Ancaq sovet sistemi əsasında buna aparmaq olmaz. Başqa sözlə, bu gedişlə vəziyyətdən çıxmaq olmaz. Elə bir adam yoxdur desin ki, bu cür metodla böhranlı vəziyyətdən çıxmaq mümkündür. Açığı, bir qədər ciddi danışsaq çox təəssüflə qeyd etmək lazımdır ki, böhranlı vəziyyətdən çıxış yolu görünmür.

Yəni ölkənin perspektiv imkanlarını qiymətləndirərək vəziyyətdən çıxmaq üçün yollar artıq mövcud deyil?

– Qalıb, Allaha.

Ölkənin resursunun olmadığını düşünürsünüz?

– Mənə elə gəlir ki, ortada xalqın siyasi iradəsi olacaq. Çünki hər bir cəmiyyətin özünü saxlama, qoruma insdinkti var. Xalq oturub fəlakəti gözləyə bilməz ki. Xalq hərəkata gələcək. Bundan sonra həmin situasiyada bu məsələlərdən daha konkret danışmaq mümkün olacaq. Mənə elə gəlir ki, hal-hazırda Azərbaycan xalqına normal demokratik hakimiyyət, müstəqil məhkəmə və azad seçilən parlamentə ehtiyac var. Bunlar olmadan azad iqtisadiyyat mümkün deyil. Azad iqtisadiyyatın olması üçün məhkəmə müstəqil olmalı, hakimiyyət qolları arasında qarşılıqlı nəzarət olmalıdır, normal qanunlar qəbul edilməlidir. Həm də, bir məqamı nəzərə almaq lazımdır. Əslində bizim xalq və millət yaradıcı, zəhmətkeşdir. Əgər ona mane olmasan bu vəziyyətdən çıxa bilər. Ancaq iş ondadır ki, mane olurlar, qoymurlar, xalqa imkan vermirlər.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Prezidentliyə namizəd gizli xidmətdən pul alıb

%d bloqqer bunu bəyənir: