Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Övladımıza necə ölkə miras qoyuruq

Avropalı valideyn ədalətli cəmiyyət, azərbaycanlı valideyn cehiz üçün çalışır

Xalqımızın gözəl adət-ənənələri var. Qonaqpərvərlik, qohumsevərlik, ailəcanlılıq, xeyirdə-şərdə ətrafdakılara yardımçı olmaq və digər xüsusiyyətlər bəyəniləndir. Bəlkə də yeganə xalqıq ki, övladlarımızı gözümüzdən kənara qoymaq istəmirik, bütün həyatımızı oğul-qız toyu etmək, nəvə görmək üçün yaşayırıq. Bütün ömrümüz uzunu qazanıb qızımıza cehiz alırıq, oğlumuza ev tikirik və atalıq, analıq borcunun bundan ibarət olduğunu düşünürük.

Hətta avropalıları qınayırıq ki, uşaqları 18 yaşına çatan kimi müstəqil həyata buraxırlar, həyatın çətinliyi ilə üz-üzə qoyurlar, axşam evə gec gəlməsinə, səhər evdən tez getməsinə reaksiya vermirlər və s.

Amma məsələni daha dərindən və obyektiv müzakirə edəndə görürük ki, avropalı öz övladına daha böyük, daha mühüm miras qoyur, daha sığortalı həyat bəxş edir. Bəli, qanunların işləmədiyi, korrupsiyanın tüğyan etdiyi, mülkiyyət hüququnun olmadığı, səhiyyənin xəstələndiyi, təhsilin iflic vəziyyətə düşdüyü, yaltaqlığın dəyərə çevrildiyi ölkədə qıza cehiz vermək, oğula ev tikmək təhlükədən sığortalamır. Sabah həmin ev plana düşə bilər və əzab-əziyyətlə tikilən evə görə ədalətli kompensasiya verilməz. Yaxud övladınıza miras qoyduğunuz obyekt hansısa məmurun tamahına tuş gələr və obyektlə vidalaşa bilərsiniz. Və ya qeyri-rəsmi ödəniş tələbləri, qanunsuz vergi cərimələri, süründürməçilik övladınızı bu obyektdən imtina etməyə məcbur edə bilər. Ölkədə ədalətli, müstəqil məhkəmə sistemi olmadığına görə də övladınız haqqını bərpa edə bilməyəcək.

Ölkədə səhiyyə sistemi omadığı üçün övladınızın sağlamlığı təhdid altında olacaq. Ölkədə monopoliya hökm sürdüyünə görə övladınız müstəqil sahibkar kimi inkişaf edə bilməyəcək. Ölkədə təhsil sistemi məhv edildiyi üçün nəvələriniz karyera pilləkənini qalxa bilməyəcək. Yaxud yüksək biliyə sahib olsa da, layiq olduğu yerdə əyləşə bilməyəcək.

Yəni ədalətsizliyin, özbaşınalığın, qeyri-şəffaflığın hakim olduğu ölkədə övladınızı qayğınızla, atanızdan qalmış qızıllarla, babadan qalmış mülklə qoruya bilməzsiz. Bu ölkədə kredit borcu içində boğulanın, intihar edənin də evi var, onların valideyinləri də gecə-gündüz övladlarına keşik çəkiblər, toy ediblər və s. Amma nəticə göz qabağındadır.

Avropalı isə övladını müstəqil həyata buraxsa da, arxayındır. Bilir ki, ali məktəbdə oxuyan övladının yüksək təqaüdü var, bilir ki, diplom aldıqdan sonra işlə təmin olunacaq, bilir ki, gənc ailələr üçün dövlətin güzəştləri mövcuddur, bilir ki, övladı ev növbəsinə yazıla biləcək, aşağı faizli kreditlərdən yararlanacaq. Bəli, avropalı valideyn bilir ki, övladı üçün demokratik, hüquqi, sivil bir ölkə miras qoyub. Avropalı valideyn övladının obyektinə, evinə, bankdakı əmanətinə heç kimin toxuna bilməyəcəyinə əmindir. Bilir ki, seçkilər ədalətli keçirilir və hökumət xalqın iradəsiylə formalaşır. Əmindir ki, dövlətin sərvəti bir qrup adamın şəxsi təsərrüfatına çevrilməyib.

Ona görə də bir avropalı öz övladına bir azərbaycanlıdan daha böyük miras, daha sığortalı gələcək bağışlayır. Övladlarımızı seviriksə, nəvələrimizə təminatlı gələcək bəxş etmək istəyiriksə, ilk növbədə onlara demokratik Azərbaycan verməliyik. Ədalətin hakim olduğu ölkədə övladlarımız neft gəlirlərindən payını da alacaq, öz ayaqları üzərində dayanmağı da bacaracaq və şəxsiyyət kimi formalaşacaq.

Deməli, cehiz yığmaq, oğulu-qızı gözümüzün qabağında saxlamaq, övladımız üçün borca girib ev tikdirmək əsas deyil. Əsas olan övladımıza gözəl bir ölkə miras qoymaqdır.

Bu gün ölkəmiz sürətlə tənəzzülə doğru gedir. Bütün sahələr iflic vəziyyətdədir. Varlı ölkənin vətəndaşları dilənçi vəziyyətində yaşayırlar. 5-10 məmur xalqın haqqını oğurlayır. Ölkənin milyardları xaricə daşınıb və bu proses davam edir. Bu eybəcər gediş isə hamını təhdid edir.

18 yaşından sonra övladı müstəqil həyata buraxılması yox, övladın bütün ömrü boyu zülmün qəfəsində həyat sürməsi təhlükəlidir.

İlham

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Nikahsız bir evdə qalmağa icazə yoxdur” – İsmayıllıda qəribə qadağa

%d bloqqer bunu bəyənir: