Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ordumuzun aprel SINAĞI: Erməni cəsədləri Sarkisyanın ağlını əlindən aldı

Aprelin 2-də Kəlbəcərin işğalının 23-cü ildönümü qeyd edəcəkdik. Yenə də hər ilki kimi toplaşacaqdıq. Yarası qaysaq bağlayanların dərdini yenə təzələyəcəkdik.  (Hərçənd, 23-24 ildir Azərbaycan xalqının dərdi heç köhnəlmədi)

1988-ci ildən start götürən Dağlıq Qarabağ münaqişəsi 1993-cü ildə Azərbaycan torpaqlarının işğal edilməsi ilə nəticələnib. 1994-cü ilin mayında 20 illik atəşkəsin əldə olunmasına dair imzalanan Bişkek protokolu da ilk gündən vədinə sadiq qalmayıb. Ermənistan tərəfi isə atəşkəsi pozmaqda davam edir.

 

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın atəşkəsı pozması nəticəsində ön cəbhədə əsl müharibə ocağı közərməyə başladı. 3 gün davam edən elan olunmamış müharibədə düşmən tərəfi xeyli itki verdi. Bu səbəbdən də 3 günlük savaş düşmən ordusunda ciddi çaxnaşmaya səbəb oldu.

Üst-üstə yığılan erməni cəsədlərinin qarşısında Ermənistan prezidenti Serj Sarkisyandan tutmuş müdafiə naziri Seyran Ohanyanın komandasına qədər hamı ağlını itirmişdi. Təbii ki, bu məqamda ən doğru yol itkilərin sayını ört-basdır etmək idi. Amma nə vaxta qədər?!

Azərbaycan 2000 hektardan çox ərazisini düşməndən geri aldı. Üstəlik, Ermənistan 370 hərbçi, 12 tank, xeyli sayda zirehli texnika  itirdi.

Həmin ərəfədə, Ermənistan qəzəbini soyutmaq üçün  Azərbaycana qarşı təxribat maşınını işə salmaqda davam edirdi. Dezinformasiyaların mərkəzində  Azərbaycanın guya heç bir ərazisini geri almaması dayanırdı.

 

Əksinə, Azərbaycan ordusunun cəsarəti sayəsində Lələ təpə, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış yüksəkliyivə Seysulan məntəqəsi  artıq işğalçıların ləpirlərindən təmizlənib. Həmin ərazilərdə müdafiə istehkam qurğuları möhkəmlənib. Yeni səngərlər qazılıb. Artıq Ermənistan ordusu həmin yüksəkliklərə aşağıdan yuxarı baxmaq məcburiyyətindədir.

 

Ordum varsa, yurdum var!

 

Aprel döyüşlərində Azərbaycan ordusunun nəyə qadir olduğunu təkcə Ermənistan deyil, bütün dünya gördü. Ordu peşəkar hazırlıq səviyyəsindədirsə, dövlətin diqqət və qayğısı danılmazdır. Dövlət başçısı İlham Əliyev hər zaman ordunun peşəkarlıq səviyyəsinin daha da yüksək olması üçün çalışır.

 

2013-cü ilin oktyabrında prezident İlham Əliyevin tapşırığına əsasən Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyinat alıb. Həmin vaxtdan bu günə kimi ordunun tam və hərtərəfli inkişafına diqqət daha da artırılıb.

 

Stokholm Sülh Araşdırmalar Mərkəzi (Stockholm İnternational Peace Research İnstitute-SİPRİ) bildirib ki, 2006-2010 və 2011-15-ci illərdə silah idxalına görə Azərbaycan Avropa lideri olub. SİRPİ qeyd edib ki, 2011-2015-ci illərdə Azərbaycan silah idxalçılarının siyahısında 19-cu yeri tutub. 2011-2015-ci illərdə Azərbaycan Rusiyadan S-300PMU-2  hava hücümündan müdafiə sistemi üçün 200 ədəd 48N6E2 tipli raket, 24 ədəd Mİ-35M zərbə helikopteri və digər silah növlərini alıb. Bu da ölkə rəhbərinin orduya göstərdiyi xüsusi diqqətdir. Azərbaycan Silahlı Qüvvələrinin həm əsgəri, həm də zabiti dövlət başçısının orduya olan qayğısı nəticəsində  hər gün daha da qüvvətlənir.

 

Şəhidlərimiz-qürur yerimizdir!

 

Aprel döyüşlərində igid oğullarımız yeni səhifə açdılar. İgid oğullarımız arasında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevi yaxından tanıdıq. 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində doğulub.

Murad Mirzəyev həm də ordumuzun ən peşəkar, hazırlıqlı zabitlərindən biri olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Murad Mirzəyevin şəhid olması xəbərini Türkiyədəki Hərbi Akademiyada təhsil alan müxtəlif millətlərdən olan zabitlər eşidərkən göz yaşlarına hakim ola bilməyiblər. Çünki Murad Mirzəyevin peşəkar zabit olması akademiyada hər kəsə bəlli idi.

Digər şəhidimiz mayor İmanov Samit Gülağa oğludur. 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində doğulub. 1988-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.

Samit İmanovun qəhrəmanlığı bizə 2014-cü ilin avqust hadisələrindən çox yaxşı tanışdır. Həmin vaxt erməni təxribatının qarşısını almaq üçün Samitin dəstəsi əməliyyat keçirərək 20-yə yaxın ermənini məhv etmişdi. 2016-cı ilin aprel savaşında Samit İmanovun və Murad Mirzəyevin başçılıq etdiyi qruplar Talış yüksəkliklərindəki erməni postlarını darmadağın edərək çoxlu sayda ermənini məhv edir.

Aprel müharibəsi zamanı çiynindən və ayağından yaralananan  Samit İmanov, döyüş meydanından çıxarılmasına kəskin etiraz edir. Təhlükəli ərazidən uzaqlaşan qrup yenidən ora qayıdanda Samit İmanovu yerində tapa bilmirlər. Gecədən səhərə qədər axtarışlar nəticə vermir. Gündüz axtarışları zamanı qəhrəman mayorun cansız bədənini tapırlar. Aprelin 3-dən 4-nə keçən gecə qəhrəman zabitimizin son döyüşü olur.

Samit İmanov və Murad Mirzəyev prezidentin sərəncamına əsasən Milli Qəhrəman adına layiq görülüblər.

Növbəti qəhrəmanımız polkovnik-leytenant Şükür Həmidovdur. O, Ermənistan tərəfindən işğal edilən Qubadlı rayonunda doğulub. 3 günlük müharibədə Lələ təpə yüksəkliyinin azad edilməsində göstərdiyi igidlik təkcə hər bir azərbaycanlıya deyil, düşmənə də çox yaxşı tanışdır. Şükür Həmidova Lələ təpə yüksəkliyinin azad edilməsi zamanı göstərdiyi şücaətə görə müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik rütbəsi verilib.  Həmçinin, prezident İlham Əliyevin 22 aprel tarixli sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb. Biz bütün qəhrəman oğullarımızla fəxr edirik.

 

Beynəlxalq aləmin gözü Qarabağda “toqquşur”

 

Aprelin əvvəllərində cəbhədə baş verənlərdən beynəlxalq aləm narahat olmağa başladı. Xüsusilə, Rusiyanın bu məsələdə narahatlığı hər dəqiqə yenilənirdi. 3 günlük savaşda Azərbaycanın qələbəyə bir az daha yaxın olduğunu görən Rusiya prezidenti Vladimir Putin, tərəfləri döyüşə son qoymağa çağırıb. ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer isə deyib ki, status-kvonun uzun müddət davam edəcəyini düşünmür.

“Qarabağda atəşkəs müvəqqəti olacaq. Tərəflər danışıqlar masasında oturub sülh qərarına gəlməlidir”.

Rusiyalı analitik Qriqori Trofimçuk isə: “Azərbaycan ordusu planlı, daha incə hərəkət etdi. Təkcə şücaəti ilə deyil, həm də taktikası ilə torpaq alan ordu elə bu cür də edir”.

Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali komissarı Federika Mogerini isə “Vəziyyətin gərginləşməsi onu göstərir ki, münaqişənin hərbi yolla həlli yoxdur. Dinc əhali hədəfə alınmamalıdır”,-deyə bildirib.

Həmin ərəfədə Qarabağ müharibəsinin qaçılmaz olması dünya dövlətlərini Qarabağ münaqişəsi barədə dərin düşünməyə vadar etdi.

Prezident İlham Əliyevin “erməni əsgər ölmək istəmirsə, Qarabağdan rədd olsun” fikirləri həm də dünyaya çox ciddi mesaj idi. Üstəlik, Zakir Həsənovun “Xankəndiyə qədər gedin” əmrini verməsi dünya dövlətlərini qorxuya salmışdı.

Cəbhədəki aprel savaşından sonra Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşü keçirildi. Amma nəticə olaraq bir şey dəyişmədi, Ermənistan yenə də ənənəvi işğalçı ritorikasını davam etdirir.

 

Yumruq kimi birləşən, azərbaycanlılar!

 

Birinci Qarabağ savaşından sonra ənənələr, dəyərlər, münasibətlər, davranışlar köklü şəkildə dəyişikliyə məruz qalmışdı. Elan olunmamış 3 günlük “İkinci Qarabağ savaşı” isə yaxşı mənada özümüzlə bağlı bütün düşüncələrimizi alt-üst etdi.

 

Könüllü şəkildə Müdafiə Nazirliyinə müraciət edənlərin sayı-hesabı yox idi. Azərbaycanın dörd bir tərəfində insanlar orduya dəstək nümayiş etdirirdi. Eyvanlarımızın önündə 3 rəngli bayrağımız dalğalanırdı.

Qonşuya, qohum-əqrəbaya bir gündə 2-3 bəzən də 4 şəhid tabutunun gəlməsinə baxmayaraq hər kəs dövlətin, ordunun, əsgərin, zabitin yanında idi. Evində tək oğul böyüdən analar belə ilk dəfə idi ki, müharibə istəyirdi. Bir sözlə, bir yerdə yumruq kimi olmağımız, bir addımlamağımız qürurverici idi. Deməli, millətin içində ruh yüksəkliyi varsa, QƏLƏBƏNİ bayram etmək heç də uzaqda deyil.

 

Namidə BİNGÖL 

 

Yazı Azərbaycan Mətbuat Şurası ilə Azərabaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birlikdə keçirdiyi, “Milli ordumuzun aprel sınağı: vətənpərvəliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusundakı müsabiqəyə təqdim olunur.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Həbsdəki AXCP üzvləri Vicdan Məhbusu elan edildi

%d bloqqer bunu bəyənir: