Loading...
Loading...

Onkologiya Mərkəzi ilə bağlı qalmaqal yeni mərhələyə keçdi

Aslan İsmayılov Baş Prokurorluğa müraciət edəcək

«Onkoloji xəstədən rüşvət alanların heç bir mənliyi yoxdur»

Tanınmış hüquqşünas Aslan Ismayılovun Milli Onkologiya Mərkəzində korrupsiya halları, xəstələrə qarşı qeyri-insani davranışdan bəhs edən yazısı cəmiyyətdə böyük əks-səda doğurub. Internet saytlarında, sosial şəbəkələrdə çox izlənilən, müzakirələrə səbəb olan bu yazıya Səhiyyə Nazirliyindən cavab gəlib. Mərkəzin baş onkoloqu Azad Kərimli Aslan Ismayılovun Milli Onkologiya Mərkəzinə gələrək xəstələrlə görüş saatının olmadığı vaxtda xəstə ilə görüşmək istədiyini bildirib. Baş onkoloqun iddiasına görə, vəkil də bundan hiddətlənərək, istədiyini yazıb.

Azad Kərimli ölkədə onkoloji xəstələrin pulsuz dərman preparatları ilə təmin olunduğunu, onların pulsuz müayinədən keçirilərək müalicə olunduğunu da iddia edib.

Sözügedən problemə çox həssaslıqla yanaşıldığı çoxsaylı internet müzakirələrindən və şərhlərdən də aydın görünür. Elə Aslan Ismayılov özü də “Azadlıq”a açıqlamasında bu xüsusda araşdırmalarının davamlı olacağını bildirib. Həmçinin qeyd edib ki, Onkologiya Mərkəzində hansısa qohumunun yanına buraxılmadığı üçün qərəzdən belə danışması barədə deyilənlər həqiqətə uyğun deyil: “Mənə yalan və böhtan hissi yaddır. Dəfələrlə mənə bu mövzuda müraciətlər olsa da, yoxlamamış heç nə yazmamışam. Yoxlayıb, görəndən sonra yazmışam. Insanlar bu istiqamətdə fəal oldular, yoxsa məni çoxdan həbsə atardılar. Bu problemin şəxsən mənim deyil, millətin olduğunu deyərək yayımlamaq üçün ”haqqın.az”, “Yeni Müsavat”a şəxsən müraciət etmişdim. Lakin onlar bunu ictimailəşdirmədilər. Sözügedən problemi ictimai müzakirəyə çıxardığı üçün ilk növbədə “Azadlıq” qəzetinə, bütün sosial şəbəkə istifadəçilərinə minnətdarlığımı bildirirəm. Bu məsələni gündəmdən çıxarmamaq üçünsə yenidən cəmiyyətə müraciət edirəm”.

Aslan Ismayılov deyir ki, sosial şəbəkələrdə yazısına gələn 2000-ə yaxın şərhlərdə də Onkologiya Mərkəzində baş verənlərdən bəhs olunur, hansı prosedurlara nə qədər pul alındığı yazılır.

“Aldığım məlumata görə, Mərkəzdə iclas keçirilərək rüşvət hallarına son qoyulması tələb edilib. Mərkəzdə xəstəsi, qohumu olanlar real faktları mənə desinlər. Mən bu istiqamətdə araşdırmaları davam etdirəcəyəm ki, müəyyənləşdirim, rüşvəti doğrudan yığışdırıblar, yoxsa bu bir kampaniya xarakteri daşıyır. Məni haqq bildiyim işdən heç kim çəkindirə bilməz. Baş prokuror Zakir Qaralova da müraciət hazırlamışam. Bu problemlə əlaqədar rəylərini yazan, şikayətçi olan adamlar dindirilsin, rüşvət faktları araşdırılsın, yalan demişəmsə, baş prokuror məni yalançı kimi cinayət məsuliyyətinə cəlb etsin”, – deyə Aslan Ismayılov bildirib.

Ölkədə hazırda 50 min onkoloji xəstə olduğunu deyən Aslan Ismayılovun sözlərinə görə, Səhiyyə Nazirliyi bu xəstəliyin ölkədə geniş yayılmasının səbəblərini araşdırmalıdır: “Gördüyüm odur ki, orada olan xəstələr daha çox imkansızlardır. Ehtimal edirəm ki, kasıblar ucuz məhsullarla qidalanır və bu xəstəlik də məhz qidalanmam ilə bağlıdır. Təkcə rüşvətin kökünün kəsilməsi yox, xəstəliyin daha çox yayılmasının səbəbləri də araşdırılmalıdır. Onkoloji xəstədən rüşvət alanların heç bir mənliyi yoxdur. Həmin mərkəzin başında dayananlar bunu bilməlidir. Ən əsası isə, ilahi ədalət deyilən bir həqiqət var ki, onlar mütləq bunun cavabını alacaqlar”.

N

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Ermənilər cəbhənin Füzuli istiqamətində atəşkəsi pozub

%d bloqqer bunu bəyənir: