Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107595

“Ölümü cəza saymaq gülüncdür”

Sərdar Cəlaloğlu: “Ölümü cəza saymaq o deməkdir ki, Allahla görüşmək cəzadır”

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında ölüm hökmünün bərpası ilə bağlı Milli Məcisdə səslənən fikirlərə münasibət bildirib. Belə bir cəzanın bərpasına lüzum görmədiyini bildirən S.Cəlaloğlu, ölümü cəza növü hesab etməyin də yanlış olduğunu vurğulayıb:

“Ölümü cəza saymaq gülüncdür. Qurani-Kərimdə qisasla bağlı ayə var. Lakin orada da qeyd olunur ki, bağışlasanız, bu, daha yaxşı olar. Yəni dinimizin özü də ölüm cəzasını haqlı olduğunuz təqdirdə belə mütləq bir cəza kimi görümür. Çünki Allah-təala deyir ki, əgər siz Allahla görüşməyə inanırsınızsa, ölməyə tələsin. Bu baxımdan siz ölümə cəza kimi baxırsınızsa, belə çıxır ki, Allahla görüşmək insan üçün cəzadır. Bu, absurd və qeyri-əxlaqi bir yanaşmadır. Ölüm heç vaxt cəza ola bilməz.

Cəzada üç məqsəd var. Birincisi, ictimai xəbərdarlıq, ikincisi islah, üçüncüsü isə əvəzçıxmadır. Ölüm əvəzçıxma kimi başa düşülə bilər. Ictimai xəbərdarlıq kimi də başa düşülə bilər. Lakin islah kimi başa düşülə bilməz. Çünki insanın ölməsi ilə hər şey bitir. O, islah olunmur, ölür.

Ölüm cəzası ədalət mühakiməsinin zəifliyindən, cəmiyyətin islahtetmə gücünün zəifliyindən xəbər verir. Bu baxımdan mənə elə gəlir ki, ölümü cəza hesab etmək və onun tətbiqinə çalışmaq yanlışdır.

Hüquq tarixi göstərir ki, cəzalar ağırlaşdıqca, cinayətlərin sayı artır. Ölüm cəzasına layiq cinayətlər insanlıq yaranandan bu günə qədər davam etməkdədir. Adam öldürmək, zorlamaq, başqasının əmlakını zorakılıqla ələ keçirmək, quldurluq və s. min illərdir ki, mövcuddur. Min illərdir ki, cəmiyyətlərdə buna görə ölüm cəzası verilir və min illərdir ki, bu cinayətlər nəinki azalır, əksinə artır. Cəzalar ağırlaşanda cinayətlərin icrası da mürəkkəbləşir. Cinayətkarlar törətdikləri cinayətin izlərini itirməyə ciddi səy göstərirlər. Bununla da hüquq-mühafizə orqanlarının işini daha da çətinə salırlar. Cəzanın ağırlaşması ilə cinayətlərin azalması arasında heç bir bağlılıq və fakt yoxdur.

Azərbaycanda ölüm cəzasına layiq əməllər o qədər geniş yayılmayıb ki, bu cəzanın tətbiq edilməsi zərurəti meydana çıxsın. Düzdür, Azərbaycanda da sosial-iqtisadi zəmində ağır cinayətlər baş verir. Bunların da müqabilində ağır cəzalar nəzərdə tutulur. Buna ömürlük həbs cəzası, 15 il azadlıqdan məhrumetmə, xüsusi rejimlə islah müəssisəsində cəza çəkmə və s. daxildir.

Türkiyədə dövlət çevrilişi və PKK-nın aktivləşməsi ilə ölüm cəzasının tətbiqinin gündəmə gəlməsi görünür Azərbaycanda da bəzi adamlarda həvəs yaradıb.  Lakin ordakı vəziyyətlə Azərbaycandakı vəziyyət eyni deyil. Türkiyədə elə adamlar var ki, onlara ömürlük həbs cəzası verilsə də, onlar cəmiyyət üçün təhlükəli şəxlsər olaraq qalacaq. Azərbaycanda isə bir insanı bir həftəliyə həbsxanaya salmaqla, onunla bağlı təhlükə aradan qalxır. Ona görə də Milli Məclisdə bu cür ideyaların ortaya atılmasını yanlış hesab edirəm”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Rövşən Lənkəranskini “satan” dostundan Lotu Quliyə xəbərdarlıq – Yanvarın 17-də…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: