Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
olu

Ölülərə hər gecə 50 manatlıq “ziyafət”

Elektron portallarda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin (MTE PAET TB) morqlarında ölülərin ödənişli saxlanması ilə bağlı məlumat yayılıb. Bizimyol.info saytına açıqlamasında Birliyin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev faktı təsdiq edərək morqda saxlanılan vəfat etmiş şəxslər üçün ödəniş olduğunu deyib. Ödənişin məbləği sutkada 50 manat hesablanır. Biz də öz növbəmizdə bu tələbin nə qədər əsaslı olub-olmadığını araşdırmışıq.

Meyitxanalar təsərrüfat hesablıdır, yoxsa büdcədən maliyyələşir?

Əvvəla qeyd edək ki, adıçəkilən qurum büdcədən maliyyələşən təşkilatdır və təsərrüfat hesablı deyil. Zaman-zaman Birlikdə işləyənlərin vəzifə maaşları da əhəmiyyətli şəkildə artırılıb. Bununla yanaşı, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Əsasnaməsi təsdiq olunub. Əsasnaməyə görə, Birlik öz fəaliyyətində Konstitusiya, “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Qanun, cinayət-prosessual məcəllələri, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Səhiyyə Nazirliyinin normativ hüquqi aktlarını rəhbər tutur və onların icrasını təmin edir. Birlik hüquqi şəxsdir, dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir, əmlaka, müstəqil balansa, müvafiq xəzinə hesablarına malikdir, öz adından müqavilələr bağlaya bilər.

MTE PAET TB-nin işi meyitdən pul qazanmaq deyilmiş

Birliyin əsas vəzifələri bunlardır: zorakı ölüm hallarında meyitlərin ekspertizası; zorakı ölümlərə şübhə olarkən və meyitin məhkəmə-tibb qaydasında müayinəsinin vacibliyini şərtləndirən digər hallarda meyitlərin məhkəmə-tibbi ekspertizası; sağlamlığa zərər vurmanın xarakterinin və ağırlıq dərəcəsinin, yaşın, cinsi vəziyyətlərin müəyyənləşdirilməsi, həmçinin məhkəmə təbabəti sahəsində bilik tələb edən digər məsələlərin həlli üçün canlı şəxslərin (zərərçəkən, təqsirləndirilən və digər şəxslər) ekspertizasının keçirilməsi və rəy verilməsi; laborator müayinə üsullarının tətbiqi ilə ekspertiza etmək; cinayət və mülki iş materialları üzrə məhkəmə-tibbi ekspertiza; ilkin və digər istintaq hərəkətlərində (hadisə yerində meyitlərin müayinəsində, ekshumasiyada, istintaq eksperimentlərində, ifadələrin yerində yoxlanılmasında, müqayisə tədqiqat üçün nümunə götürülməsində) məhkəmə-tibb ekspertlərinin mütəxəssis kimi iştirakı; xəstə orqanizmdə baş verən patoloji proseslərin xarakterinin müalicə və diaqnostika işlərində buraxılmış səhvlərin təhlil edilməsi; vətəndaşların ərizə və şikayətlərinə əsasən müalicə-profilaktika müəssisələrinə tibbi sənədlər barədə müvafiq sorğu etmək və diaqnostika-müalicə işlərində buraxılan kobud səhvlərin aşkar edilməsi zamanı səhiyyə orqanları rəhbərliyinə vaxtında məlumat vermək; qəfləti ölüm, iş yeri, küçə, məişət travmatizmi, zəhərlənmə və ölümün digər növləri üzrə məhkəmə-tibbi və patoloji-anatomik materialları təhlil edib səhiyyə orqanlarına profilaktik tədbirlərin işlənib hazırlanmasında kömək etmək; iş yeri, küçə, məişət travmatizmi, zəhərlənmə, alkoqolizm, narkomaniya və digər aktual mәsәlәlәrin profilaktikası üzrə sanitar- maarif işləri aparmaq; kəskin yoluxucu və xüsusi təhlükəli xəstəlikləri aşkar etdikdə, səhiyyə orqanlarına təcili məlumat vermək. Qurumun hər rayonda morqları var. Əsasnamədən də göründüyü kimi, MTE PAET TB-nin əsas işi ekspertiza etməkdir, pul qazanmaq deyil. Cəsədləri yaxınlarına təhvil verilənədək saxlamaq da onların funksiyalarına daxildir.

Cəsədin ödənişli saxlanması sənədlərdə əksini tapmır

O vaxtkı səhiyyə naziri Əli İnsanovun 12 mart 1999-cu il qərarı ilə “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında” Əsasnaməyə görə, ekspertiza qurumları dövlət büdcəsi hesabına maliyyələşdirilir. Lakin qeyddə bildirilir ki, Birliyin maddi-texniki bazasını gücləndirmək və işçilərin sosial şəraitlərini və əmək haqqını yaxşılaşdırmaq məqsədilə məhkəmə-tibbi xidmətin bəzi sahələri tədricən pullu xidmət növünə keçirilir. Amma yazılmır ki, söhbət hansı sahələrdən gedir, bu, əlavə tibbi ekspertizalara aiddir, yoxsa morqda saxlanılan ölülərə. Yəni, bu 50 manat söhbəti heç bir sənəddə əksini tapmır. Hətta belə bir “tarif” müəyyənləşibsə də bunun Nazirlər Kabineti ilə razılaşdırılması və qiymət təyini ilə bağlı ortada hər hansı sənəd yoxdur.

Azərbaycanda morqlar boşdur

A.Əliyevin sözlərinə görə, morqda daha çox əcnəbilərin nəşi saxlanılır. Bu da əsasən ölənlərin ölkəsinə götürülməsi üçün müəyyən vaxt çərçivəsində sənədləşmə və digər işlərlə bağlıdır. Yerli əhalidən rəhmətə getmiş yaxınlarını morqda saxlamaq üçün müraciətlər demək olar ki, daxil olmur. Yalnız sahibsiz ölülər morqda 5 gün ərzində saxlanır. Yaxınları ortaya çıxmadığı zaman cəsəd müayinə edildikdən sonra Dəfn Bürosu tərəfindən basdırılır. O, həmçinin hazırda morqların boş olduğunu deyib.

Ruslar ölünü yuyur, geydirir, tabuta qoyur, əvəzində pul almır

Rusiya qanunlarında morqlarda ucdantutma bütün ölülər üçün pul alınmır. Mərhumun dəfn işlərinə məsuliyyətli olan qohumları və ya qanuni nümayəndələri rəhmətə gedəni morqda 7 sutka ərzində pulsuz saxlaya bilərlər. Ailələr özləri vaxta dair morq rəhbərliyi ilə razılığa gəlirlər. Əgər qohumlar ölüm barədə xəbər tutmayıblarsa, onlar axtarış etdikləri müddətdə cəsədin morqun soyuducusunda pulsuz saxlanma vaxtı 14 sutkaya qədər uzadılır. Bundan əlavə, patoloji anotomiya şöbəsinin pulsuz xidmətlərinə ölünün yuyulması, kəfənlənməsi, tabuta qoyulması, tabutun matəm zalına gətirilərək qohumlarına və qanuni nümayəndələrinə çatdırllması da daxildir. Yox əgər, ölənin cəsədi ayinləri həyata keçirən kommersiya təşkilatının morquna götürülübsə, bu xidmətlər ödənişlidir. Dövlət qurumları isə əlavə xidmətləri ödənişli göstərir. Və qiymətlər morqun preyskuratlarında qeyd edilir. Daha bizdəki kimi havadan deyilmir. Indi Rusiya morqlarında ölülərə göstərilən pullu xidmətlərə fikir verin. Morqların ödənişli xidmətlərinə bunlar daxildir: xarici görkəmdə ölümlə yaranan qüsurların aradan qaldırılması, yıxılma və ya yol qəzalarında ortaya çıxan travmatik xəsarətlərin qapadılması, nəşin balzamlanması (mumiyalama), ölənin üzünün kosmetik makiyajlanması (dəriyə təbii rəng vermək), cəsədin tualeti (dırnağın manikürü, saç kəsimi və digər prosedurlar) və yükün istənilən yerə göndərilməsi. Bu xidmətlərin təxmini dəyəri 12-15 min rubl və ya 300 manat civarındadır. Bizdə bu qədər pulu diriyə göstərilən xidmətlərdən alırlar, gəl ki, hər kəsin yaxınlaşa bilmədiyi cəsədlərə görə. Və ruslar deyirlər ki, meyitxana ticarət yeri deyil.

Ukraynalı deputatın özəl şirkətə 32 manat davası

Ukraynalı deputat isə rəhmətə gedənin dəfnə hazırlanması üçün Sumskiy vilayətində 500 Ukrayna qrivnası (buraya təkcə morqda saxlanma deyil, həm də cənazənin yuyulması, geyindirilməsi, makiyajlanması, parik qoyulub dəsmalla bağlanması daxildir), yəni 32 manat üçün hay-küy qaldırmışdı. Lakin, sonradan məlum olub ki, bu xidməti göstərən müəssisə şəhər səhiyyə idarəsinə tabe deyilmiş. Vilayətin məhkəmə tibbi ekspertizasına rəhbərlik edən Boris Qensitskiy müxbirlərə deyib ki, meyitin yarılması, ekspertizası və sahibinə verilməsinə qədər olan proses ödənişsizdir. Bu barədə elan da yazılıb, müəssisənin divarına yapışdırılıb. Əlavə pullu xidmətlərin heç biri ilə də məşğul olmurlar. Meyitin yarılmasından sonra soyuducuda 3 sutka saxlayırlar. Sanitarlar mərhumu yuyulmuş, geydirilmiş və tabuta uzadılmış şəkildə sahibinə verməyə məsuliyyətlidirlər. Xidmət onların aldıqları məvacibin qarşılığında olan funksional məsuliyyətidir. Qohumlar özləri də mərhumu geydirə, saçlarını daraya bilərlər, bu, onlara qadağan edilmir. Yaxınların iki seçimi var: ya bu işi sanitar görür, ya da özləri. Həmin məqsədlə hər morqda xüsusi təchiz olunmuş ayrıca otaq var. Vilayətin patoloji anatomiya bürosunun rəhbəri də bəyan edib ki, meyitin ekspertizası, saxlanma xidməti və təhvil verilmə üçün hazırlıq işlərinin hamısı ödənişsizdir.

Ölülərə sutkada 50 manatlıq “ziyafət”

Hər ölkədə dəfn xərcləri var, amma bu, ölənin yaxınlarının istəyinə və maddi durumuna görə dəyişir. Araşdırdığımız ölkələrdə meyitin morqda saxlanması üçün ödəniş tələb olunduğuna rast gəlmədik. Əksinə, cəsədin dəfnə hazırlığı kimi ilkin prosedurlar özəl şirkətlər istisna olmaqla dövlət müəssisələrinin qarşısında bir vəzifədir. Pullu xidmətlərə isə yuxarıda göstərdiyimiz kimi xarici görkəmdə yaranan qüsurlar, qəzalarda ortaya çıxan xəsarətlərin qapadılması, balzamlama, makiyaj, manikür, pedikür, saçların kəsilməsi daxildir. Bizim morqlarda bunları eləmirlər ki, qarşılığında da pul alsınlar. Ölünün soyuducuda qalmasına heç bir əlavə xərc tələb olunmur. Bir diri insanın sutkalıq yeyib-içmək tələbatı bu qədər deyil. Təsəvvür edin ki, bir cəsəd 30 gün morqda qalır və sonda ona görə 1500 manat ödəyirlər. Bu yazıq ölü o qədər pulu necə “xərcləyib”? Hətta bu, rəsmi olsaydı belə əsaslandırılmış qiymət deyil. Bir işin maya dəyəri var. Adıçəkilən dövlət müəssisəsi də kommersiya qurumu olmadığından onun gəlir götürməyinə (həm də belə bir iş üçün) soyğunçuluqdan başqa da adlar tapmaq mümkündür. Əsas və sənəd olmadan, elə rəy yaradırlar ki, guya morqda qalan ölülərə hər gecə ziyafət verirlər.

Onların vəkilləri susurlar

Qatı müsəlmanlar bəzən uzağa gedib, başqa dindən olanları kafir kimi qələmə verirlər. İndi baxın görün kafir kimdir: cəsəddən qazananlar, yoxsa ona hörmət göstərib ədəb-ərkanla son mənzilə yola salanlar? Bizdə bu xasiyyət varkən, inanıram ki, hələ ölənin yarılması və ekspertizasına görə də qeyri-rəsmi ödənişlər mövcuddur. Onların vəkilləri isə həmişəki kimi bu cür faktlara susmaqda davam edirlər.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Kredit büroları haqqında qanun qəbul edildi – Nə gözləyək?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: