Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ölkə də azad mətbuatın acı gününə salınıbsa…

(Milli Mətbuat gününə)

Şahvələd Çobanoğlu

Ötən ay bir dəfə günortadan sonra redaksiyada toplaşmışdıq, yayım firması bank hesabımıza pulumuzdan köçürsə, bir az qonorar alacaqdıq. Köçürməmişdilər və hamı qanqaralığını gizlətmək üçün dərin söhbətlər edirdi. Məsələn mən, azotun faydalarından başlayıb, Dünya Ticarət Təşkilatının kənd təsərrüfatının inkişafında oynaya biləcəyi rol barədə mülahizələr söyləməyə keçdim. Rahim bəy “Şpigel”də Putin haqda təzəcə çıxmış analitik yazıdan çıxış edib regionumuz barədə proqnozlar verirdi. Bəziləri bir az susmuşdu, amma nəhayət, Rövşən bəy Hacıyevin cümhuriyyət babalarımızın təhsilə verdiyi önəmlə bağlı bir fikrinə əlavələr etməyə başladılar.

Birdən kimsə sual verib durdu: Bu dünyanın axırı necə olacaq?

Nə qədər metafizik və tarixi sual olsa da, hamı duruxdu, hiss etdik ki, bu sual yenə də qonorar ala bilməməyimizi yada salaraq ovqatımızı məhv etmək istəyir. Belə bir sual Frensis Fukuyamalıq politoloji cavab yox, bu gün axşam və sabah səhər qarşılaşa biləcəyimiz ən cüzi xərclərin perspektivi barədə qayğılanmaq tələb edirdi nədənsə.

Elə bu an kimsə bütün dünyada demokratiyanın tərəfdarları ilə düşmənləri arasında uğurla bitəcək bir çarpışmanın getdiyini söylədi. Rahatlandıq, yayım firmasının pul keçirməməsi yenə də yaddan çıxdı, lakin birdən-birə mən özüm çox çətin bir ovqata qapıldım.

Haradansa ağlıma belə bir fikir düşdü: bəlkə kimsə indi kənardan bizə baxıb gülür. Dostlarımız demişkən, ən azı redaksiyanı dinləmək üçün avadanlıq qarşısında oturan maaşlı adam gülə bilərdi bu halımıza baxıb. “Azadlıq” qəzetinin durumunu yaxşı bilirsiniz. Son illərdə üzləşdiyimiz maliyyə sıxıntıları ilə bağlı xəbər verəndə, dəstək istəyəndə bəziləri hətta bizə söz atırdı ki, nə qədər dilənə-dilənə gedəcəksiniz. Haradansa bu namərd tənələr də yadıma düşdü, lap pis oldum. Lap pis…

Birdən heç kimin gözləmədiyi, bəlkə də istəmədiyi halda “Azadlıq” qəzetinin maliyyə vəziyyəti barədə danışmağa başladım:

– Dostlar, sizə bir məsələni deyim. Əslində, bizim qəzetin iqtisadi durumu hazırda Azərbaycanın iqtisadi vəziyyətindən yaxşıdır…

Hamı təəccüblə üzümə baxdı, amma mən davam etdim:

– Bəylər, ciddi sözümdür. Bizə reklam qadağası var. Qəzetimizin satışı üçün də böyük əngəllər var. Köşklərin sayı normal ölkələrdəkindən artıq 10 dəfələrlə azdır. Əhalinin yarıdan çoxunun yaşadığı kəndlərə qəzet getmir. Bakıda hətta metro girişlərindən qəzet satışını yığışdırdılar. Bununla belə bizi məhv etmək üçün satışdan veriləcək 100 min manata qədər pulu yayım firmaları ödəmir, yəni dövlətin bizə verəcəyi var. Bu o deməkdir ki, biz iqtisadi cəhətdən ən ağır şəraitlərdə belə ayaq üstə dura bilərik, birbaşa maliyyə əngəlləri olmasa. Əngəllər tamamilə yox olsa, redaksiya heç bir köməksiz qəzeti yaşada, işçilər də yüksək maaş ala bilər…

Amma Azərbaycan bu qədər neft və qazla, zəngin bir coğrafiya ilə ayaqda dura bilmir. Manat 2 dəfə ucuzlaşdı. Bir neçə ay əvvəl ÜDM-in azaldığını yazanda Dövlət Statistika Komitəsi redaksiyaya rəsmi məktub yolladı ki, mən ölkə ictimaiyyətini çaşdırmaq istəyirəm. Amma bu ay özləri ÜDM-in endiyini elan edərək, ölkə ictimaiyyətini “çaşdırdılar”. Ən yüksək vəzifə sahiblərinin şirkətləri çökməkdə, dayanmaqda davam edir.

Bizim durumumuz çox acıdır, amma yenə də bir təsisat olaraq “Azadlıq” qəzetinin vəziyyəti sırf iqtisadi göstəricilərə görə, Azərbaycan Respublikasının durumundan yaxşıdır. Elə buna görə də, ölkə əhalisinin böyük əksəriyyəti bizim kimi ağır duruma düşüb.

Əziz oxucular! Mənim iş yoldaşlarım çox hazırlıqlı adamlardır. Amma onlar mənim bu çıxışıma, bu çıxışımda irəli sürdüyüm mülahizəyə qarşı çıxmadılar. Çünki siz oxucuların da nə durumda olmağınızdan xəbərdardırlar. Ölkədə vəziyyət o qədər dəyişib ki, çox sayda insanın vəziyyəti hər cür iqtisadi qadağa və əngəllə üzləşən “Azadlıq” qəzetinin işçilərinin durumuna oxşayır və pisləşməkdə davam edir. Onu deyim ki, “Azadlıq” qəzeti ölkənin bu günlərə doğru getdiyini illərdir deyirdi və üzləşdiyi basqıların da səbəbi budur.

***

Əvvəlki illərdə yazırdım ki, “Əkinçi”nin getdiyi kəndlərə indi qəzet getmir.

Qəzet evlərini – köşkləri bağlayıb, jurnalistlərə ev verirlər.

***

Hazırda vəziyyət bir az fərqlidir…

Müstəqil mətbuata reklam vermək qadağan olunub, lakin ölkədə reklam olunmalı bir şey də yoxdur.

Müstəqil mətbuat çox ağır vəziyyətə salınıb, lakin ölkənin iqtisadi durumu azad mətbuatın durumundan heç də yaxşı deyil.

Hamısı da ölkədə azad mətbuatı, azad sözü boğmağa görə oldu…

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Azərbaycanda ideoloji terror həyata keçirilir”

%d bloqqer bunu bəyənir: