Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nuru Paşa haqqında çəkilən o başıbəlalı film

Səadət Cahangir

Iki ay öncə dəyərli rejissorumuz Ziya Şıxlinskinin “Ruslar müharibə istəyirmi?” filminin nədən internetdən yığışdırıldığı haqqında yazanda, zəng edib demişdi ki, filmin nüsxəsini mənə bağışlamağa hazırdır. Mən də imkanı qaçırmayıb, kinomuzun bərbad durumu ilə bağlı məsələlərdən danışmağı xahiş etmişdim. Ziya müəllim bu problemlər haqqında mətbuata yana-yana danışan sənət adamlarındandır və tərəddüdsüz razılaşmışdı. Amma o zaman obyektiv səbəblərdən başım başqa problemlərə qarışdı, iş elə gətirdi ki, yalnız iki gün əvvəl Nuru Paşa haqqında çəkdiyi filmin nümayişində görüşdük. Rejissorun belə bir film çəkdiyi haqqında çoxdan məlumatlı idim. Filmi çəkincə hansı əngəllərlə üzləşdiyini də müsahibələrindən oxumuşdum, o üzdən canlı seyr etmək daha maraqlı idi…

Mətbuat Mərkəzində keçirilən təqdimat zamanı rejissor dedi ki, “Yazılsın tarixə bir qızıl xətlə!” adlı sənədli film milli ordumuzun 95 illiyinə ithaf olunduğuna görə, bu gün də onu Silahlı Qüvvələr gününə hədiyyə edir. Səmimi desəm, 14 dəqiqəlik filmdən elə təsirləndim ki, arada gözlərim belə doldu. Ölkənin ölüm-qalım mücadiləsi verən o tarixini bilirsiniz. Amma ekran qarşısında oturub “danışan” tarixi kadrlardan, fotolardan, görkəmli simalardan duyub, izləmək bir başqadır. Filmi 1918-ci ildə ölkədə cərəyan edən tarixi hadisələrin qısa xronikası da hesab etmək olar. Erməni-rus birləşmələri tərəfindən Bakıda və bölgələrdə törədilən dəhşətli qırğınlar, Türkiyəyə yardım üçün müraciət olunması, Nuru Paşanın başçılığı ilə türk ordusunun Gəncəyə gəlişi, general Əlağa Şıxlinskinin rəhbərliyi ilə milli ordunun formalaşmağa başlaması, Bakının xilası… Dövrün bütün bu tarixi hadisələri sənədli kadrların və fotoların dili ilə təqdim olunur. Bu arada operator Yuri Varnovskinin peşəkarlığını da xüsusi dəyərləndirmədən keçmək olmaz. Rejissorun film üçün xeyli arxiv işi gördüyü də məlum. Sualları cavablandıran zaman dedi ki, xeyli materialı Rusiya kino foto arxivindən əldə edib, bir hissəsini də Türkiyə arxivlərində Bakıya aid mənbələrdən. Xülasə, zaman, zəhmət və hövsələ tələb edən dəyərli bir iş görüb rejissor, sağ olsun…

Daha yaxşısını etmək olardımı? Şübhəsiz, daha yaxşısını etmək hər zaman mümkündür. Amma Ziya müəllimə ona görə ikiqat minnətdarlıq düşür ki, bu filmi çəkmək istəyini dilə gətirəndə kimsədən dəstək görməyib. Mədəniyyət Nazirliyi və Türkiyə səfirliyi belə, bu mövzunun maraq dairələrinə daxil olmadığını açıqlayıblar. Rejissor da inad göstərib, öz qohumlarının sponsorluğu ilə ideyasını reallaşdırıb. Dediyinə görə 10 min dollara başa gəlib film. Hələ biganəlik bununla yetməyib, filmin təqdimatı zamanı kimsə yaxına durmayıb. Nə qədər təzadlı görünsə də, dostlarının vasitəçiliyi ilə təqdimatı Bakıdakı Rusiya Mədəniyyət evində keçirib. Bütün bunları eşidib bilmək çox ürəkqırıcıdır. Nədən qaynaqlanır 1918-ci il tarixinə, bu torpaqlarda uyuyan türk şəhidlərinə, böyük komandan Nuru Paşaya olan bu yabançı münasibət? Nədən və kimlərdən qaynaqlandığını bilmək çətin deyil. Illərdir hökumət başında oturanların bu tarixə və onu yazanlara hansı mövqedə olduğunu bilirik. Illər öncə Nuru Paşaya heykəl qoyulması ideyasının razılaşdırıldığı, heykəlin hazırlandığı, sonra onun ucaldılması məsələsi ortaya gələndə kimlər tərəfindən əngəlləndiyini də bilirik. Ancaq hər şeyin zamanı var, o tarixi yazanların da zamanı gələcək bir gün. Hətta Ziya Şıxlinskinin dilə gətirdiyi arzunun – paytaxtın görkəmli yerində Nuru Paşayla Ziya Şıxlinskinin heykəllərinin ucaldılması zamanı da…

P.S. Ziya müəllimlə kinomuzun problemləri haqqında danışmaq razılaşmamız isə gündəmdə qalır. Zamanı olanda buna da vaxt ayıracağına söz verib.

azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Şair bəraət istəyir

%d bloqqer bunu bəyənir: