Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Niyə başqasına olar, mənə yox?”

«Eyni ərazidə onlarla, bəlkə yüzlərlə ev tikilib. Hamısı da eyni sənədlə. Bu sənəd keçərli deyilsə, bu qədər evi necə tikiblər? Bəs niyə məni tikməyə qoymurlar? Çünki 4 min manat rüşvət istədilər. Dedim, qanuni torpağımdır. Bələdiyyədən almışam. İndi sizə niyə rüşvət verim ki?».

Qarabağ veteranı Səfər Əliyev Bakı sakini olsa da, uzun illərdir ki, ailəsi ilə Yasamal rayonu ərazisində kirayədə yaşayır. Yaşayış vəziyyətini düzəltməkdən ötrü Hökməlidə 3 sot torpaq sahəsi alıb. Ancaq deyir, Binəqədi rayon İcra Hakimiyyəti işçisi və Xocasən bələdiyyəsi onun ev tikməsinə əngəl yaradır:

«HAMI RÜŞVƏT VERİB TİKDİRİR»

«Utanmadan polisə də şikayət ediblər. Ancaq Hökməli qəsəbəsində yerləşən həmin 3 sot torpağı sahibindən qanuni qaydada almışıq. Sənədlərimiz də var, həyat yoldaşımın adınadır. Həmin ərazidə başqaları da eyni qaydada alıb ev tikdiriblər. Mənim sənədlərim keçərli deyilsə, o zaman eyni sənədlərlə tikilmiş yüzlərlə evi də söksünlər».

Səfər Əliyevə evin tikintisinə qohumları əl tutur. Deyir, kirayədə qaldığı ev şəraitsiz olduğundan iki azyaşlı övladı xəstəliyə tutulub. Həyat yoldaşı da xəstədir:

«Demir, «tikmə»? Demir, «bu sənədlə tikmək olmaz»? Mən razı. Qoy hüquq-mühafizə orqanları araşdırsınlar, görək eyni sənədlə bu qədər ev necə tikilib. Elə araşdırmaya başladıqları ilk gündən yüzlərlə korrupsiya, rüşvət faktı ortaya çıxacaq. Çünki hamı rüşvət verib tikdirir».

TORPAQLAR KƏND TƏSƏRRÜFATI TƏYİNATLIDIR

Binəqədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə məsələyə belə münasibət bildirdilər:

«Səfər Əliyev kənd təsərrüfatı təyinatlı torpaqda ev tikmək istəyir. Nazirlər Kabinetinin müvafiq qərarı var ki, belə torpaqlarda fərdi ev tikmək qadağandır. Bu torpaqlardan yalnız kənd təsərrüfatı məqsədilə – əkin, heyvandarlıq üçün istifadə oluna bilər».

«Ancaq vətəndaş iddia edir ki, ərazidə çoxlu evlər tikilib» sualımıza isə qısa cavab verildi: «Narazılığı varsa, məhkəməyə müraciət etsin».

DİGƏR EV SAHİBLƏRİNİ MƏHKƏMƏYƏ VERSİN

Hüquqşünas Fuad Hüseynov deyir, kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evi tikmək qanunla qadağandır. Ancaq əgər vətəndaş prinsipial olaraq məsələnin kökünə getmək istəyirsə, o zaman ərazidə tikilmiş evlərin sökülməsi üçün məhkəməyə müraciət edə bilər:

«Qanun ona bunu etməyə imkan verir. O, icra hakimiyyətini yox, həmin evləri tikmiş şəxsləri məhkəməyə verə bilər. Həmin şəxslər də, təbii ki, məhkəmədə evləri hansı yolla tikdiklərini etiraf edəcəklər. Bax, bundan sonra tikintiyə göz yummuş qurumun məqsədi ortaya çıxacaq və vətəndaş quruma qarşı rahat döyüşə biləcək». azadliq.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Fermer: «Zərdabın məmurları fəaliyyətimizə əngəl yaradır»

%d bloqqer bunu bəyənir: