Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nemtsovun qətlində Putindən başqa daha iki nəfərin adı hallanır

“Rusiya qatillərin hakimiyyətdə olduğu ölkədir”

Boris Nemtsov-un silahdaşları – politoloq Andrey Piontkovsky və jurnalist Leonid Martynyuk siyasətçinin qətli barədə film çəkirlər. “Bu o demək deyil ki, insanı öldürmək lazımdır” adlı filmdə Çeçenistan rəhbəri Ramzan Kadyrov, prezident Vladimir Putin və ona yaxın olan Milli Qvardiya rəhbəri Viktor Zolotov Nemtsov-un qətlində suçlanırlar.

Filmin ideoloqlarından biri olan Andrey Piontkovsky-nin fikrincə, Boris Nemtsov-un qətlinin araşdırılması “hakimiyyətin ən yüksək səviyyəsində nüfuzlu güc klanları arasında kəskin rəqabət mövzusuna” çevrilib.

“Putin 400 min cangüdəndən ibarət ordunu niyə yaradır?”

Onun sözlərinə görə, FSB (“Federal Təhlükəsizlik Xidməti”nin rusca qısaldılmış adı –red.) və bütövlükdə güc strukturları heç vaxt Putin-in “Kadırov” layihəsini bəyənməyiblər. Güc qurumları Putin-in kadırovçulara həddindən çox ixtiyar verdiyini düşünürlər. Onların fikrincə, Putin güc strukturlarını Çeçenistandakı qələbədən məhrum edib. Piontkovsky deyir ki, onlar bu qətldə “Kadırov” layihəsinə qarşı çıxmaq, Putin-ə ciddi təzyiq göstərmək imkanı tapdılar. Onun fikrincə, Putin-in hakimiyyətdə olduğu 17 il boyunca Rusiya hakimiyyətinin ən yüksək mərtəbəsində bu səviyyədə qarşıdurma olmayıb:

“Putin şəxsən özünə sadiq 400 min cangüdəndən ibarət ordunu niyə yaradır? O, bizdən – əlinə şar götürüb, “Bolotnaya Meydanı”nda gəzən insanlardan qorxmur. Bizim öhdəmizdən gəlməyə OMON-un bircə alayı da yetər. Putin digər güc qurumlarının sədaqətsizliyi şəraitində onu qoruyacaq yeni güc strukturu yaradır”.

Putin-dən sitat

Politoloqun sözlərinə görə, filmin adı Putin-in sitatından götürülüb. O deyir ki, bu sitat onun başqa bir cümləsini xatırladır: “Putin öldürülmüş jurnalist Anna Politkovskaya-nın haqqında belə demişdi: “Bu miskin jurnalistin ölümü bizə yaşamasından daha çox problem doğurdu”. Putin belə ifadələrlə özünü ələ verir. Bu ifadəni ancaq potensial qatil işlədə bilərdi. O, olayı əxlaqi baxımdan yox, siyasi qətli yerinə yetirməyin mümkünlüyü, yaxud qeyri-mümkünlüyü baxımından qiymətləndirir… O bu hərəkətin praqmatizmini ölçüb-biçir. Məncə Putin-in öz dilindən səslənən bu deyim “Nemtsov işi”ndə ona ən güclü ittihamlardan biridir”.

“Anlayıram ki…”

15 dəqiqəlik “Bu o demək deyil ki, insanı öldürmək lazımdır” filminin premyerası oktyabrın 6-da Vaşinqtonda keçiriləcək. Müəlliflərdən biri – indi ABŞ-da yaşayan jurnalist Leonid Martynyuk-un sözlərinə görə, film, ilk növbədə, Amerika auditoriyası üçün nəzərdə tutulub. O deyir ki, Amerika auditoriyası “beynəlxalq araşdırmaya təkan verməyə” kömək edə bilər:

“Anlayıram ki, Rusiyada istintaq heç vaxt sona qədər getməyəcək. Onlar bilavasitə icraçıları həbs, hətta mühakimə edə bilərlər. Ancaq nə qədər ki Rusiyada bu cinayəti törətmiş adamlar hakimiyyətdədir, heç vaxt təşkilatçılar – sifarişçilər zənciri tamamlanmayacaq, heç vaxt hamı cəzalandırılmayacaq. Hakimiyyət özü özünü ittiham edə bilməz”.

Filmin iki məqsədi

Onun sözlərinə görə, filmin ilkin məqsədi müstəqil beynəlxalq araşdırmanın başladılmasına təkan verməkdir. İkinci məqsədsə “indi necə bir ölkədə yaşadıqlarını maksimum sayda rusiyalının diqqətinə çatdırmaqdır”:

“Yəni bu, sadəcə oğruların olduğu ölkə deyil. Oğrular da pisdir. Ancaq Rusiya gerçək qatillərin hakimiyyətdə olduğu ölkədir. Məsələn, Donbas və Krımdan sonra bu, ukraynalılara yenilik deyil… Məndə belə bir hiss var ki, Rusiya müxalifəti… elə həmin Mixail Kasyanov hakimiyyətdəkilərin, sadəcə, dələduz yox, qatil olduqlarını və onun ən yaxın silahdaşını öldürdüklərini rədd edir. Eyni təhlükə onu da izləyir. Ümumiyyətlə, bütün əsl, FSB ilə bağlı olmayan… müxalifət liderləri təhlükədədir.

Çoxluq hələ də necə bir ölkədə yaşadığını anlamayıb… Bunlar, sadəcə, oğru deyil, qatildirlər. Əsl qatil!”.

“Onu ABŞ-da prezident seçkilərindən əvvəl göstərmək istəyirlər”

Filmin yaradıcıları onu, ilk növbədə, internetdə yaymaq istəyirlər. Bu halda video kütləvi yayılacaq, onu daha çox insan izləyəcək, “jurnalistlərsə onu internetdə və hələ qalmaqda olan KİV-lərdə yaya biləcəklər”.

Martynyuk filmin premyera tarixinin də təsadüfi olmadığını deyir: “Filmin yaradıcıları onu ABŞ-da prezident seçkilərindən əvvəl göstərmək istəyirlər. Namizədlərdən biri Putini güclü lider adlandırır və deyir ki, Krım məsələsi ilə bağlı razılaşmaq və əməkdaşlıq etmək lazımdır. Digər namizəd isə bunun yolverilməz olduğunu söyləyir”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Nazir müavini rəis təyin edildi – Azərbaycanda

%d bloqqer bunu bəyənir: