Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nazarbayevin vəfatı: Rusiya Qazaxıstana qoşun yeridir

Qazaxıstanın əvəzsiz lideri Nursultan Nazarbayev vəfat etsə nə baş verəcək?

Virtualaz.org xəbər verir ki, Almaniyanın Elm və Siyasət Fondunun  (SWP) analitikləri Nazarbayevin vəfatından sonra Qazaxıstanda nələrin baş verəcəyinə dair ssenari işləyib hazırlayıblar. Onların gəldikləri qənaət isə sensasion hesab edilə bilər. Bu ssenari haqda “Alman dalğası” yazır.

Ssenariyə əsasən Nazarbayev 2021-ci ilin fevralında, 81 yaşında qəfil vəfat edəcək. Qazax hakim elitasındakı parçalanma Nazarbayevin varisinin kim olacağına dair vahid namizədi müəyyənləşdirməyə imkan verməyəcək. Və Astana beynəlxalq təzyiqlər altında həmin ilin iyulunda rəqabət əsasında seçkilər keçirməyə razılaşacaq.

Bu seçkiləri şərti olaraq “xarizmatik namizəd Muxtar Kunanbay” udacaq. O, “millətçi, antirusiya, hətta demokratik şüarlar altında” seçicilərin geniş dəstəyini qazanacaq.Kunanbayın bu şüarları onu Qərbin gözündə əsl demokratik alternativə çevirəcək və ona güclü beynəlxalq dəstək qazandıracaq.

Analitiklərə görə qazax hakim elitanın sıralarında parçalanma ona görə baş verir ki, Rusiyadakı iqtisadi böhran onun Mərkəzi Asiya üçün əhəmiyyətini azaldıb. Eyni zamanda Çinin regionda fəallığı artıb. Xüsusən energetika və bank sektorunda. Nəticədə hakim elitada Çinə meylli qruplaşmanın mövqeləri Rusiyaya meylli qruplaşmaya nisbətən güclənir.

Rusiyanın hakim elitaya təsirinin azalması əhalinin geniş təbəqələrinin də əhvalına təsir edir, qazaxlar üçün Rusiya ilə inteqrasiyanın ziddiyətli olduğu getdikdə daha aydın şəkildə özünü büruzə verir. Qazaxıstan rəhbərliyi əsasən rejimin stabilliyini təmin etmək üçün Rusiya ilə inteqrasiyaya gedib və bu siyasətin iqtisadi baxımdan çatışmamazlıqları ilə barışıb. Bundan isə ilk növbədə əhali ziyan çəkir.

Beləliklə, ssenariyə əsasən Kunanbay seçkiləri udur, ancaq hələ səlahiyyətlərinin icrasına başlamayıb. Rusiya KİV-lərində isə seçkilərin qalibinə qarşı güclü kampaniya gedir. Bu kampaniya Şimali Qazaxıstanın rusdilli əhalisi arasında qorxu və xof yaradır. Moskva özünü Qazaxıstandakı rusdilli əhalinin müdafiəçisi elan edir. Hansı ki, elə indidən, son iki ayda Rusiyanın Şimali Qazaxıstanda on minlərlə adama pasport verdiyi ortaya çıxıb.

Elə seçkilərin ertəsi günü Şimali Qazaxıstanın əsasən ruslar yaşayan 40 rayonunda “özünümüdafiə dəstələri” meydana çıxır. Eyni zamanda Rusiya Kustanay aeroportuna xüsusi təyinatlılar yeridir, Rusiya-Qazaxıstan sərhədinə qoşun cəmləşdirir və orada “Qazaxıstandan keçən terrorçuları dəf etmək üçün” genişmiqyaslı manevrlərə başlayır.

Bu situasiyada Qazaxıstan Senatının indiki sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Kasım-Jomart Tokayev “özünümüdafiə dəstələrinə” qarşı heç bir tədbir görmür: Qazaxıstan ordusu kazarmalardan çıxmır. Bu da Kunanbayın tərəfdarlarının daha da artmasına gətirib çıxarır. Seçkilərin qalibi öz tərəfdarlarını küçələrə çıxarır və hökumətin istefasına nail olur.

Rusiyanın Qazaxıstana müdaxiləsi fonunda Tacikistanda kütləvi nümayişlər başlayır. Bu nümayişlər Rusiyanın regiondakı hərbi iştirakına və Düşənbədəki rejimə qarşı yönəlir. Müxalifət xaricdəki islamçı qruplardan dəstək alır, hökumət məcbur olur ki, bütün təhlükəsizlik qüvvələrini hakimiyyəti qorumaq üçün Düşənbəyə cəmləşdirsin. Bu da Dağlıq Bədəxşan və Rəşt əyalətinin islamçıların nəzarətinə keçməsinə gətirib çıxarır. Rusiya öz maraqlarını qorumaq üçün Tackistandakı hərbi bazanı işə salır.

Analitiklər Orta Asiyada hadisələrin bu ehtimal olunan ssenarisini cızdıqdan sonra bu qənaətə gəlir ki, əgər regionda antirusiya meylli və özünü demokrat adlandıran real müxalif qüvvə meydana çıxsa Qərb onu dəstəkləmək üçün tələsməməlidir. Çünki regionda antirusiya meylli qüvvələrin hakimiyyətə gəlməsi uzağa gedən nəticələrə səbəb olacaq.Digər tərəfdən “rəngli inqilabların” təcrübəsi göstərir ki, özünü demokrat və qərbmeylli adlandıran qüvvələr hakimiyyətə gələndən sonra öz vədlərinə o qədər də sadiq qalmırlar.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

XƏBƏRDARLIQ: “Azərbaycan əhalisi azala bilər”

%d bloqqer bunu bəyənir: