Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Naxçıvan ordusu hücuma keçir və düşməni darmadağın edir

İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə  Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov hərbi təlimi izləyib.Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyırdı.

Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılıb.

Düşmən strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutub. Əlahiddə Ümumqoşun Ordu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirib, xüsusi təyinatlı qruplar gizli şəkildə düşmənə hücum edərək hakim yüksəklikləri ələ keçiriblər.

Bu zaman motoatıcı briqadalar minaatanlardan düşmənin komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirərək dərinlikdəki hədəfləri məhv ediblər.

İstənilən hava və məhdud görmə şəraitində düşmənin hərəkətsiz və hərəkət edən tanklarını, özüyeriyən artilleriya qurğularını, vertolyot və təyyarələrini məhv etmək üçün nəzərdə tutulan raket kompleksləri düşmənə böyük itkilər verib. Bu zaman hava hücumundan müdafiə bölmələri zenit-raket kompleksləri və zenit artilleriya qurğularından istifadə edərək düşmən aviasiyasına zərbələr endirib və strateji obyektləri hava hücumlarından qoruyub.

Sonra atəş dəstək vertolyotları düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirib və düşmən üzərində atəş üstünlüyü qazanılıb. Hərbi təlimdə səyyar tibb və təmir-təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Əks zərbə atəş hazırlığı komandasından sonra reaktiv sistemlər artilleriya qurğuları ilə birlikdə düşmənin aşkar edilmiş qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv edib. Düşmənin mina-partlayış zonası keçildikdən sonra əsas qüvvələr artilleriya bölmələrinin atəş dəstəyi ilə döyüşə daxil olub. Tank və motoatıcı bölmələr, yandan keçən dəstələr düşmənə cinahlardan və arxadan sarsıdıcı zərbələr endirərək möhkəmlənməyə imkan verməyib, ordu aviasiyası, atəş dəstək və hərbi nəqliyyat vertolyotları hücum qruplaşmasını havadan dəstəkləyib.

Bu zaman briqadanın tanklarla gücləndirilmiş ikinci eşelon bölmələri də döyüşə yeridilib, taktiki hava desantı xüsusi təyinatlı qruplarla qarşılıqlı əlaqədə düşmən müdafiəsinin dərinliklərindəki dağ aşırımlarını və mühüm yüksəklikləri ələ keçirərək Azərbaycan bayrağını qaldırıb. Bununla da Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti təlimdə yeni texnoloji vasitələri və silahları uğurla tətbiq edərək döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.

Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimin uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək

%d bloqqer bunu bəyənir: