Loading...
Loading...

NATO-nun Varşava sammiti: Rusiyanın mühasirəsini sürətləndirən daha bir addım – Təhlil

8-9 iyul 2016-cı il tarixlərində Varşavada keçiriləcək NATO-nun növbəti sammiti ərəfəsində Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrində hərbi alyans və regionda hərbi təhlükəsizlik məsələləri ilə bağlı məsələlər aktuallaşır. Digər üzv dövlətlərdən fərqli coğrafi məkanda yerləşən bu dövlətlərin bəziləri Rusiyadan mümkün hərbi müdaxilə təhlükəsinin qarşısının alınması və ya öz ölkələrində NATO-nun daimi hərbi bazalarının yaradılması və ya mövcud bazaların genişləndirilməsi üçün lobbiçilik edirlər. Bu problem bəzi MŞA ölkələri tərəfindən əvvəllər də qaldırılsa da, Ukraynada hərbi münaqişədən sonra NATO-ya münasibətdə həmən ölkələrin hərbi strategiyalarının əsas istiqamətinə çevrilmişdir.

Ukrayna münaqişəsi bütövlükdə NATO-nun Rusiyaya münasibətdə strateji yanaşmasının dəyişməsinə səbəb olmuş, 2014-cü ildən başlayaraq Alyans tərəfindən Şərq xəttinin gücləndirilməsi istiqamətində layihələr həyata keçirilməyə başlanılmışdır. NATO 2014-cü ildən Hazırlıq Fəaliyyət Planının icrasına başlamışdır. Plana əsasən, Alyansın Şərq və Cənub sərhədlərində mümkün təhlükələrin qarşısının alınması üçün qoşunların cəld göndərilməsi və cavab tədbirləri üçün təlimlər keçirilir, Baltik ölkələrinin hava sərhədlərinin qorunması məqsədi ilə patrul uçuşları reallaşdırılır. NATO tərəfindən  böhranlara cəld cavab verə bilən Əlahiddə Hazırlıqlı Birləşmiş Tapşırıq Qüvvəsi adlı briqada yaradılmışdır. NATO-nun bu regionda yeni fəaliyyətləri sırasında 2015-ci ildə Polşa və Rumıniyada yaradılan yeni Taktiki Qərargahları da göstərmək olar.

NATO-nun regionda iştirakının güclənməsi Alyans üzvləri arasında əsasən ABŞ tərəfindən dəstəklənir. Soyuq müharibə dövrünün sona çatması və Varşava paktı blokunun süqut etməsindən sonra ABŞ Avropada hərbi iştirakını xeyli azaltmışdı. Məsələn, soyuq müharibə dövründə Avropada ABŞ-ın 400000 nəfər şəxsi heyəti hərbi xidmətdə idilərsə, hazırda bu rəqəm 100000 nəfərdən də azdır. Sonrakı illərdə isə ABŞ-ın Avropadakı qoşunlarının hədəfi və əməliyyat obyektləri kimi Əfqanıstan, İraq, LiviyaYaxın Şərqdə mövcud olan potensial təhlükə mənbələri çıxış etmişlər. Keçmiş rəqib SSRİ-nin sələfi olan Rusiya isə artıq əsas rəqib kimi nəzərdən keçirilmirdi. Amma 2014-cü ildə başlayan Ukrayna münaqişəsindən sonra vəziyyət dəyişməyə başladı. 2014-ci ilin iyununda prezident Barak Obama tərəfindən Avropa Əminetmə Təşəbbüsü elan edildi. Bu təşəbbüsə əsasən, ABŞ-ın Avropada hərbi iştirakının gücləndirilməsi və Avropadakı müttəfiq dövlətlərin Rusiyadan mümkün təhlükələrdən müdafiəsinin təşkili məqsədi ilə ABŞ büdcəsindən 2015-ci il üçün 985 milyon, 2016-cı il üçün isə 789 milyon dollar maliyyə ayrılmışdır. Prezident Obama tərəfindən eyni məqsədlə 2017-ci il büdcəsindən 3,9 milyard dollar vəsaitin ayrılması irəli sürülüb. Bu vəsaitlər hesabına region ölkələrində NATO-nun 6 kiçik qərargahları – Qüvvələrin İnteqrasiya Birlikləri yaradılmışdır. Bu qərargahların başlıca vəzifələri həmin ölkədə münaqişə baş verdikdə hərbi əməliyyatlarda artıq iştirak edən yerli qüvvələrlə yenicə gətirilmiş çoxmillətli qüvvələr arasında koordinasiya işini həyata keçirir.

NATO-nun region ölkələrində iştirakının vacibliyini irəli sürən əsas dövlətlər kimi,Polşa, Baltikyanı ölkələr və Rumıniya çıxış edirlər. Polşada 2015-ci ildə keçirilən prezident və parlament seçkilərində Hüquq və Ədalət Partiyasının qələbə qazanmasından sonra NATO-nun ölkədə və ümumiyyətlə regionda möhkəmlənməsi rəsmi Varşavanın xarici və hərbi-təhlükəsizlik siyasətinin əsas məqsədlərindən birinə çevrilmişdir.

Qeyd edək ki, hərbi güclənmə və bu sahədə regional, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi konservativ Hüquq və Ədalət Partiyasının hər zaman ölkənin təhlükəsizliyi ilə bağlı əsas məqsədi olmuşdur. Hazırda Polşa bu məsələdə MŞA ölkələri arasında lider dövlət kimi çıxış edir. Müdafiə naziri Antoni Maçareviçin verdiyi məlumata görə, Polşa 2017-ci ilə qədər hərbi qüvvələrin şəxsi heyətini hazırkı 100 min nəfərdən 150 min nəfərə çatdırmağı planlaşdırır. 2016-cı ilin ötən dövrü ərzində ölkə prezidenti Andjey Dudanın Baltikyanı ölkələrə, Rumıniyaya və digər MŞA ölkələrinə rəsmi səfərlərinin əsas mövzusu təhlükəsizlik və NATO-nun regionda iştirakının genişləndirilməsi olmuşdur. Rəsmi Varşava Polşa, Macarıstan, Çex Respublikası və Slovakiyanın daxil olduğu “Vışeqrad-4” regional əməkdaşlıq qrupunda da yuxarıda göstərilən məsələ ilə bağlı NATO-nun qarşıdan gələn sammitində eyni mövqedən çıxış etmək üçün cəhdlər edir.

Polşanın müdafiə məsələləri ilə bağlı səyləri ABŞ tərəfindən də dəstəklənir. Polşa hərbi sahədə regional əməkdaşlıqda NATO-ya üzv olmayan dövlətlərin də iştirak etməsini məqsədəuyğun hesab edir. Regionda ABŞ-ın dəstəyi ilə Polşa, Ukrayna və Litvanın birgə briqadası (LITPOLUKRBRIG) fəaliyyət göstərir. Bu hərbi qruplaşmanın yaradılması haqqında müqavilə üç dövlət arasında 2009-cu ildə imzalansa da, briqada aktiv fəaliyyətə 2016-cı ildə başlamış və 2017-ci ildə tam şəkildə formalaşacağı bildirilir. Briqadanın qərargahı Polşanın Lublin şəhərində yerləşir, tam və operativ şəkildə fəaliyyətə göstərəcəyi təqdirdə, hərbi birlikdə 4000 nəfər şəxsi heyət xidmət edəcəkdir.

Ötən altı ay ərzində NATO-nun region dövlətlərinin iştirak etdiyi bir neçə təlimi keçirilmişdir. May ayında “NATO-nun parlaq sıçrayışı” adı ilə keçirilən təlimdə qarşıya tapşırıq kimi Alyansın hərbi birləşmələrinin uzun məsafədən – İspaniyadan başlamış Polşanın şimal-şərqinədək göndərilməsi qoyulmuşdur. Təlimlər zamanı Britaniya, Albaniya və digər ölkələrdən olan 2500 nəfər əsgər və 400-ə yaxın hərbi texnika Avropanın müxtəlif hissələrindən Polşanın Şetsin dəniz portu şəhərində yerləşən Şimal-Şərqi Çoxmillətli Korpusuna doğru yürüş etmişlər. Bu təlimlər Rusiya tərəfindən Baltikyanı ölkələrə və ya Polşaya hərbi müdaxilə baş verəcəyi təqdirdə, NATO qüvvələrinin həmin ərazilərə çatdırılmasının sınaqdan keçirilməsi məqsədi daşımışdır.

NATO tərəfindən bu cür təlimlər müntəzəm şəkildə keçirilsə də, son vaxtlar baş tutan hərbi təlimlərin tapşırıq ssenarilərinə nizami qoşunların müdaxiləsi ilə paralel şəkildə qeyri-nizami silahlı birləşmələrə qarşı əməliyyatların keçirilməsi, başqa sözlə, hibrid əməliyyatlara hazırlıqlar da daxil edilmişdir. Bu isə Rusiya tərəfindən Ukraynada həyata keçirilən hibrid müharibəsi əməliyyatlarının MŞA dövlətlərinə qarşı təkrarlanması təhlükəsinə hazırlıq kimi izah oluna bilər. 2016-cı ilin mart ayında NATO-nun hər il keçirdiyi “Böhranın İdarəedilməsi təlimi”nin senarisi (hibrid müharibəsi xarakterli təlimlər) digər üzv Şərqi Avropa ölkələri kimi Rumıniyada da baş tutmuşdur.

12 may 2016-cı ildə Rumıniyanın Deveselu hərbi hava bazasında ABŞ-ın raket əleyhinə müdafiə sistemi fəaliyyətə başlamışdır. Polşada da qurulmaqda olan ABŞ-ın raket hücumundan müdafiə sistemləri bazasının 2018-ci ildə fəaliyyətə başlayacağı gözlənilir. Ölkədə yerləşən daimi NATO qüvvələrinin sayının artırılması haqqında Alyansın iyul sammitində qərar qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, ABŞ və NATO rəsmiləri tərəfindən raket əleyhinə müdafiə sisteminin Yaxın Şərqdən Avropaya yönəlik mümkün raket hücumlarından müdafiə üçün fəaliyyət göstərəcəyi bəyan edilsə də, Rusiya Prezidenti V. Putin bu sistemlərin onun ölkəsinin nüvə başlıqlı daşıyıcıların yerləşdiyi hərbi hissələrinə qarşı yönəldiyini bildirmiş və bununla bağlı əks tədbirlərin görüləcəyini söyləmişdir.

Varşava sammiti ərəfəsində, iyunun 13-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə Polşa və Baltikyanı ölkələrdə çoxmillətli 4 batalyonun daimi şəkildə yerləşdirilməsi haqqında razılıq əldə edilmişdir. Bu batalyonların hər birində rotasiya ilə 800 nəfər hərbçi xidmət edəcəkdir. Batalyonların yerləşdirilməsi haqqında rəsmi qərarın Varşava sammitində təsdiq olunacağı və Qara dənizdə NATO-ya üzv dövlətlərin müştərək hərbi donanmasının yaradılması haqqında yekun qərarın veriləcəyi gözlənilir. Yaradılacaq bu müştərək hərbi donanmaya Rumıniyanın komandanlıq edəcəyi bildirilir. Donanmanın yaradılması təşəbbüsü region ölkələri arasında əsasən Rumıniya tərəfindən təşviq edilir. Bu ideya Türkiyə və Alyans üzvü olmayan Ukrayna tərəfindən dəstəklənir. Bu donanmaya Gürcüstanın da qatılacağı gözlənilir.

Hazırda müştərək Donanmanın yaradılması ilə bağlı rəsmi Buxarest İtaliya və Bolqarıstan ilə danışıqlar aparır. Rumıniya Prezidenti Klaus İohannisin 14-15 iyun tarixlərində Sofiyaya səfəri zamanı Bolqarıstanın da müştərək hərbi donanma layihəsində iştirakı ilə bağlı razılıq əldə edilməsi haqqında informasiyanın mətbuatda yayılmasından sonra Bolqarıstan rəsmiləri ziddiyyətli bəyanatlarla çıxış etmişlər. Belə ki, Bolqarıstanın Baş naziri Boyko Borisov ölkəsinin “Rusiyaya qarşı”müştərək donanma layihəsində iştirak etməyəcəyini bildirmişdir. Prezident Rosen Plevneliyev bu məsələ ilə bağlı qərarın qəbul edilmədiyini və müştərək donanmanın “heç kimə qarşı” yaradılmadığını bəyan etmişdir. Müdafiə naziri Nikolay Nençevisə Bolqarıstanın müştərək donanma layihəsi ilə bağlı heç bir öhdəlik götürmədiyini və bunun NATO səviyyəsində nəzərdən keçirilməli olduğu haqqında açıqlama vermişdir. Bolqarıstan rəsmiləri tərəfindən ziddiyyətli bəyanatların verilməsi Rusiyanın ölkənin siyasi və iqtisadi sahələrində təsir imkanları və 2016-cı ilin sonunda keçiriləcək prezident seçkiləri kampaniyasında Rusiya meylli əsas müxalifət partiyalarının, həmçinin “Rusiyanı hədəf alan” müştərək hərbi donanma məsələsindən hazırkı hakimiyyətə qarşı istifadə etmək təhlükəsi ilə izah edilə bilər.

Qeyd edək ki, müştərək hərbi donanmanın yaradılması ilə bağlı rəsmi Sofiya təmsilçilərinin ziddiyyətli münasibətlərinə baxmayaraq, Rumıniyadakı NATO Quru Qoşunlarının təlim briqadasında iştirak etmək üçün Bolqarıstanın rotasiya əsasında 400 nəfər hərbçi göndərməsi ilə bağlı iki dövlətin müdafiə nazirləri arasında iyunun 13-də Brüsseldə razılaşma əldə edilmişdir.

Nəticə

Göründüyü kimi, Varşava sammitində əsas müzakirə mövzusu olacaq NATO-nun Şərq falanqasının gücləndirilməsi tədbirlərinin həyata keçirilməsinə artıq başlanılmışdır. Rusiyadan mümkün hərbi müdaxilə təhlükəsinə daha çox həssas olan Baltikyanı dövlətlərin müdafiə sisteminin təşkili və bu ərazilərə hücumun, Ukraynada olduğundan fərqli olaraq, daha çox maliyyə xərcləri və vaxt tələb edəcəyi üçün rəsmi Moskvanın siyasi-hərbi strateqlərində əminlik yaratmaq məqsədilə NATO Litva, Latviya və Estoniyada iştirakını möhkəmləndirməkdə inadlı görünür. Baltikyanı dövlətlərin müdafiəsində bu ölkələri  quru ərazi vasitəsi ilə Alyansın digər üzvləri ilə birləşdirən Polşanın şimal-şərqində yerləşən Suvalki Dəhlizinin (Suwałki Gap) önəmini nəzərə alan NATO 2017-ci ildə operativ fəaliyyətə başlayacaq 4 hərbi qruplaşmadan birini bu ərazidə yerləşdirməyi planlaşdırır. Qeyd edək ki, Suvalki Dəhlizi Kalininqrad vilayəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus ilə əhatələnir. İstər Baltikyanı dövlətlər, istərsə də Polşanın NATO-nun daha çox sayda hərbi bazalarının ölkələrində, azsaylı şəxsi heyətlə də olsa, yerləşdirilməsinə inadla can atmalarına əsas səbəb kimi mümkün hərbi gərginliyin qarşısını almaqdır. Çünki hərbi əməliyyatlar başlanacağı təqdirdə NATO-ya üzv dövlətlərə (xüsusilə ABŞ, Britaniya, Almaniya) məxsus hərbçilərin xəsarət almaları həmin dövlətlərin Alyans müqaviləsinin mövcud 5-ci maddəsinin uzun bürokratik müzakirələrə yol vermədən işə düşməsinə təsir edəcəyinə şərait yaradacaqdır.

Digər tərəfdən bu təhlükə NATO ilə birbaşa hərbi münaqişənin arzuolunmaz olduğunu anlayan Rusiya üçün də Alyans hərbçilərinin xidmət keçdiyi ölkələrə hücum etməkdən daşındıran amil kimi çıxış edə bilər. Son dövrlər Baltik dənizində NATO üzvü olmayan Skandinaviya dövlətləri, digər coğrafi region olan Qara dənizdə isə Ukrayna və Gürcüstan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi Alyansın Rusiyaya yönəlik preventiv tədbirləri kimi qiymətləndirmək mümkündür. Buna cavab olaraq Rusiyanın şimal-qərb istiqamətində Kalininqrad vilayətində, cənub-qərb istiqamətində isə Qara dəniz hövzəsində və Ermənistanda hərbi iştirakını gücləndirəcəyini proqnozlaşdırmaq olar.

Avropa İttifaqının üzvü olan dövlətlər arasında da NATO-nun qitədə iştirakının gücləndirilməsi ilə bağlı yekdil fikir mövcud deyildir. Məsələn, əgər Aİ-nin əsas dövlətlərindən olan Almaniya və Fransa bu məsələyə soyuq yanaşırlarsa, Britaniya tərəfindən Alyansın Şərqi Avropada güclənməsi təşəbbüsləri dəstəklənir. Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO-nun son dövrlər Şərqi Avropada keçirdiyi hərbi təlimləri kəskin tənqid etmiş, Alyansın Şərq sərhədlərində “simvolik tank paradları”nın təhlükəsizlik gətirəcəyi haqqında fikirlərin səhv olduğunu bəyan etmişdir.

Beləliklə, iyulda keçiriləcək NATO-nun Varşava sammitində Mərkəzi və Şərqi Avropa dövlətlərindən Polşa, Rumıniya və Baltikyanı ölkələrin hərbi təhlükəsizlik sahəsində Alyansdan gözləntilərinin müəyyən mənada özünü doğruldacağını söyləmək mümkündür. NATO-nun şərqə doğru genişlənməsi istiqamətində, Ukrayna və Gürcüstanın üzvlük məsələləri ilə bağlı indiki mərhələdə konkret qərarların qəbul edilməsi real görünmür. Amma növbəti sammitdə hər iki dövlət və o cümlədən Moldova ilə NATO arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən addımların atılacağını ehtimal etmək mümkündür. Bu addımlar isə hər iki dövlətin NATO üzvü olan region dövlətləri ilə iki və ya çoxtərəfli əməkdaşlıq platformaları, Alyans tərəfindən bu dövlətlərə hərbi təhsil və texniki bazaların yerləşdirilməsi məsələlərinin gücləndirilməsi ilə bağlı maddi-texniki yardımın ayrılması ola bilər.

NATO-nun Mərkəzi və Şərqi Avropada Rusiya ilə münasibətlərinə gəldikdə isə, bu münasibətlərin yaxın illərdə gərgin olaraq qalacağını söyləmək mümkündür. Belə ki, NATO-nun Rusiya ilə kommunikasiyanı rəsmən bərpa etməsinə və ABŞ-ın dünyanın digər regionlarında Rusiya ilə bəzi məsələlərdə (İranla nüvə razılaşması təcrübəsi kimi) əməkdaşlıq etmə imkanlarına baxmayaraq, Avropada münasibətlər yaxın dövrlərdə gərgin olaraq qalacaqdır.

 

Nurlan Əliyev,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti

 

Newtimes.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq

%d bloqqer bunu bəyənir: