Loading...
Loading...

“Natiq Cəfərlinin həbs sifarişi ən yüksək səviyyədə verilib”

24saat.org Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərli ilə müsahibəni təqdim edir:

– Rəsul bəy, REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsinə münasibətiniz necədir?

– Cəfərlinin həbsini tamamilə əsassız və siyasi sifariş nəticəsində qəbul edilən həbs qərarı hesab edirik. Düşünürəm ki, bu işdə hansısa bir cinayət əməlindən və cinayətə yaxın olan bir hərəkətdən söhbət belə gedə bilməz. Bu həbs Natiq Cəfərlinin həm REAL Hərəkatının icraçı katibi, həm də ictimai rəyə ciddi təsir edən iqtisadçı mütəxəssis olaraq son dövrlər nümayiş etdirdiyi fəaliyyətinə görədir. Həbsin həyata keçirilməsi zamanı və saatı ondan xəbər verir ki, sifariş ən yüksək səviyyədə olub. Nəticədə Natiq Cəfərlini həbs ediblər. Reallıq budur.

– Natiq Cəfərlinin həbsinin səbəbi və motivi haqda sizdə konkret informasiya var?

-Xeyir, bizdə informasiya yoxdur. Rəsmi ittiham barədə məlumatsızıq. Hadisə dünən gecə olub. Odur ki, vəkil Cavad Cavadzadə həm gec olduğuna görə, həm də yaradılan maneələr səbəbindən həbsin motivinin konkret nədən ibarət olduğunu müəyyənləşdirə bilməyib. Ancaq şübhəsiz ki, bu motivlə bağlı bizim ehtimallarımız var. Biz ehtimal edirik ki, 2014-cü ildə QHT-lərə qarşı atılan addımların tərkib hissəsidir. Sizə deyim ki, həmin dalğa zamanı Natiq Cəfərli dəfələrlə dindirilmişdi və hətta ölkədən çıxışına qadağa tətbiq edilmişdi. Hesab edirəm ki, Natiq Cəfərlinin həbsinin motivi böyük ehtimalla QHT-lərə qarşı 2014-cü ildə atılan addımlarla bağlıdır. Bu addımlar zamanı mən, İntiqam Əliyev və digər şəxslər də həbs edilmişdi. Ancaq burada daha çox qeyri rəsmi səbəb üzərində düşünmək lazım gəlir. Biz fikirləşirik ki, Natiq Cəfərlinin REAL-da icraçı katib qismində fəaliyyəti, eləcədə 26 sentyabra təyin edilən referendum məsələsi var. Yeri gəlmişkən qeyd edim ki, Natiq Cəfərli referendumla bağlı bizim təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir. Avqustun 5-də keçirilən iclasımızda həm də partiyalaşma ilə bağlı REAL-ın yaratdığı təşkilat komitəsində Natiq Cəfərli təşkilati məsələlər üzrə katibi idi. Eləcədə İlqar Məmmədova dəstək və yardım edilməsində birbaşa iştirak edən şəxs idi. Həmçinin son dövrlər ölkədə pisləşən iqtisadi vəziyyətlə bağlı ən real, məzmunlu, faktoloji və düzgün informasiyaları cəmiyyətə çatdıran şəxslərdən biri idi. Biz Natiq Cəfərlinin həbsinin motivlərini bunda görürük.

– REAL Hərəkatının referendumla bağlı yaratmaq istədiyi Təşəbbüs Qrupu ilə bağlı məsələ nə yerdədir?

– Bu proses baş tutub. Başqa sözlə, bu istiqamətdə biz qanunvericilikdə nəzərdə tutulan qayda da addımlar atırıq. Təşəbbüs Qrupunu qeydiyyatda aldılar, biz imza vərəqlərini götürdük. Öncədən nəzərdə tutduğumuz fəaliyyəti və planlarımızı həyata keçirirdik. Bu işlər davam edirdi ki, Natiqi həbs etdilər. Bununla bağlı işlər aparılırdı.

– Natiq Cəfərli saxlanıldıqdan sonra REAL-ın İdarə Heyəti toplaşaraq müzakirələr aparıbmı?

– Bəli, REAL Hərəkatı dünən axşam toplaşaraq müzakirələr aparıb və qərara alıb ki, bu gün mətbuat konfransı təşkil etsin. Gördüyünüz kimi bir neçə dəqiqədən sonra mətbuat konfransı keçirəcəyik. Mətbuat konfransından bəyanatımız olacaq. Biz həbsdən sonra toplaşıb müzakirə etdiyimiz məsələləri bu bəyanatda əks etdirmişik. Bu gün axşam saatlarında da İdarə Heyətinin toplantısı çağırılıb. Hazırda bütün idarə heyəti üzvləri ofisdədir. Yəni daimi əlaqələr və müzakirələr aparılır, əldə edilən informasiya təhlil olunur.

– Natiq Cəfərlinin həbsindən sonra onunla əlaqə yaradıla bilmisinizmi?

– Birbaşa əlaqə yoxdur. Onun vəkillə təmin edilməsi məsələsini həll etmişik. Cavad Cavadzadə rəsmi vəkildir və hazırda prokurorluğa gedib ki, sənədlərini təqdim etsin. Natiq Cəfərlinin ailə üzvlərinə həm dünən gecə, həm də bu gün səhər baş çəkmişik. İdarə Heyətinin üzvü Erkin Qədirli Cavadlının ailə üzvləri ilə görüşüb, Natiqə lazım olan əşyaları artıq ona çatdırmışıq. İlkin olaraq hansı işləri görülməlidirsə, artıq bu işləri yekunlaşdırmışıq. Amma siyasi anlamda bu keçirəcəyimiz İdarə Heyətinin toplantıları zamanı müəyyən qərarlarımız olacaq.

– İlkin məlumat belədir ki, Natiq Cəfərli prokurorluğa dəvət edilib və orada həbs olunub. REAL rəhbərliyinin onun prokurorluğa dəvət edilməsindən məlumatı olubmu?

– Yox, Natiqi prokurorluğa dəvət etməyiblər. Bizim qənaətimiz belədir ki, sadəcə Natiq Cəfərlini yaşadığı ərazidə evinə gedərkən həbs edərək ora aparıblar. Çünki Natiq Cəfərlinin avtomobili yaşadığı evin həyətində normal şəkildə parkin edilib. Görünən budur ki, Natiq avtomobilini həyətdə saxlayıb evinə qalxarkən onu həbs edərək prokurorluğa aparıblar. Başqa sözlə, Natiq Cəfərli prokurorluğa dəvət edilməyib.

– Hazırda Cəfərlinin həbsinə nə yerli, nə də beynəlxalq hüquq müdafiə təşkilatları, eləcədə beynəlxalq qurumlardan reaksiya yoxdur. Bunu necə qiymətləndirmək olar?

– Reaksiyalar olacaq. Bu gün şənbə, sabah isə bazar günüdür. Avropa və ABŞ-da fəaliyyət göstərən insan haqları qurumları, beynəlxalq təşkilatlar şənbə və bazar günləri işləmir. Mən düşünürəm ki, Natiq Cəfərlinin həbsi beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən xarici diplomatik korpusların, eləcədə ölkəmizdə fəaliyyət göstərə bilməyən qurumların da nəzarətində olacaq. Elə iki gün əvvəl ABŞ səfirliyinin nümayəndəsi REAL-ın ofisində Natiq Cəfərli ilə görüşüb, hərəkatın fəaliyyəti ilə bağlı qonağa məlumat verilib. REAL-ın bütün beynəlxalq qurumlarla əlaqəsi var. Düşünürəm ki, reaksiyalar mütləq olacaq.

– Natiq Cəfərlinin REAL-dakı fəaliyyətini kim əvəz edəcək?

– Natiq Cəfərli REAL-ın icraçı katibi olub, əksər işlərin həyata keçirilməsinə rəhbərlik edib. Bu gün keçiriləcək iclasda bu məsələyə diqqət ediləcək. Ancaq Natiqin həbsi REAL-da görülən işləri, eləcədə planlaşdıran fəaliyyətin qarşısını ala bilməyəcək.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Akif Çovdarovun intihara təşəbbüs etdiyi ilə bağlı xəbər təsdiqini tapır

%d bloqqer bunu bəyənir: