Natiq Cəfərli: “Bu ittihamı yayanlar İlqar Məmmədovun 3 il 8 ay həbsdə qalmasına baxıb utansınlar”


24saat.org Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli ilə müsahibəni təqdim edir.

REAL-da fikir ayrılıqlarının yarandığı, konkret olaraq sizinlə Azər Qasımlı arasında problemlərin olduğu deyilir. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

– REAL siyasətə yeni idarəetmə forması gətirib. Azərbaycanda son 20 ildə oturuşmuş bir anlayış var ki, partiya sədri nə dedisə bu həyata keçməlidir. Yəni idarə heyətində və ya digər seçkili orqanlarda müzakirələr açmağa ehtiyac yoxdur. Çox təəssüf ki, belə siyasi mədəniyyət formalaşıb. REAL-da isə hədəf və məqsədi eyni olan, eyni baxışlara malik insanlar İdarə Heyətində toplaşıb. Sadəcə bu məqsədə çatmaq yolları haqda müxtəlif diskussiyalar olur. Bu da normaldır. Azər Qasımlı ilə bizim aramızda heç bir problem yoxdur, biz dostuq və bir-birimizin evinə gedib-gələn insanlarıq. Sadəcə bəzi məsələlərlə bağlı fərqli fikirlərin olması normaldır.

Hər şeyin yaxşı olduğunu iddia etsəniz də sosial şəbəkələrdən belə görünür ki, arada həmdə intriqa mövcuddur…

– Hər hansı intriqa yoxdur və bu intriqalar sosial şəbəkəyə də sirayət etmir. Bunu intriqa kimi başa düşən və təqdim edənlər səhvə yol verir. Azərbaycanda siyasi səhnədə bir partiya və ya təşkilata mənsub insanların arasında diskussiya olmayıb. İndi REAL-da belə diskussiyanın olmasını nədənsə insanlar intriqa kimi təqdim etməyə çalışırlar. Əslində mən bunu REAL-ın gücü və özəlliyi kimi qiymətləndirirəm. Həmin insanları da qınamıram. Çünki belə təfəkkür formalaşıb. REAL-da fikir ayrılıqlarının olmasını intriqa deyil, demokratik təfəkkür, diskussiya mədəniyyəti hesab etmək lazımdır.

Konkret olaraq Azər Qasımlı REAL-ın mümkün qədər tez siyasi partiyaya çebrilməsinin, siz isə indiki formada fəaliyyətin davam etməsinin tərəfdarısınız. Problem bundan qaynaqlanmırmı?

– Fikir ayrılıqları olsa da, məqsədləri eynidir. REAL-ı gücləndirmək, güclü partiyaya çevirməkdir. Mənim də, Azər Qasımlının da, digər dostlarımızın da məqsədi eynidir. Amma bu məqsəd üçün hansı alətlərdən istifadə etmək lazımdır məsələsində ciddi müzakirələr açılır, bəzən bir-birimizlə razılaşır, bəzən mübahisələr edirik. Sonda da, bu müzakirələrdən daha doğru qərarlar çıxır. Bizim hədəflərimiz birdir. REAL şəxslərin deyil, ideyalar ətrafında toplaşanların təşkilatıdır. Bəli, bəzən tələskənliyə yol vermək istəyən təkliflər də olur. Biz də, reallığa uyğun addımlar atmağın vacibliyini qeyd edirik. Yəni taktiki gedişlər üzərində müəyyən mübahisələr olur və bu normaldır.

Azər Qasımlı elan edib ki, Natiq Cəfərlinin həbsi və azadlığa çıxması onun üçün qaranlıq qalıb…

– Fikrimcə, siz Azər Qasımlının BBC-yə verdiyi müsahibədə ki, fikirlərinə istinad edirsiniz. Mən bu fikrindən sonra Azər Qasımlı ilə əlaqə saxlamışam. Azər müəllim rusca təhsil aldığı üçün fikrinmi izah edə bilməyib. Mən də açıqlamamda demişdim ki, niyə həbs edildiyim və niyə azad edildiyim mənim üçün qaranlıqdır. Azər Qasımlı yəqin ki, bu anlamda fikrini ifadə etmək istəyib. Onun dediyinin məğzi budur. Buradan başqa nəticə çıxarmağa ehtiyac yoxdur. Mənim üçün bu günə qədər həbsim və azadlığa buraxılmağım sürprizdir.

Gəlin, açıq danışaq, REAL-ın siyasi partiyaya çevrilməsi niyə baş vermir?

– Partiyalaşmanı ölkədə gedən proseslərdən ayırmaq mümkün deyil. Ancaq partiyalaşma həm də strukturlaşma deməkdir. REAL strukturlaşmanı həyata keçirir. Bu günə qədər 17 məclis formalaşıb, bir neçə məclisin formalaşması prosesi ayın sonunda baş verəcək. Əslində strukturlaşma partiyalaşma ideyasının əsasıdır. Biz daha ciddi yerli qurumların yaradılmasının tərəfdarıyıq. Onsuz da, mən ehtimal edirəm ki, bizi partiya kimi rəsmi qeydiyyata almayacaqlar. Odur ki, partiyanın əsas məğzi strukturlaşma olduğundan biz ciddi addımlar atmışıq. Sonra bu işin formal olaraq qeydiyyata alınması məsələsi qalacaq. İnanmıram ki, hökumət bizi qeydiyyata alsın.

İddialar var ki, REAL daima ənənəvi müxalifəti tənqid edir, özlərini ciddi və yeniçi qurum kimi təqdim edirdilər. Lakin son referendum zamanı REAL-ın 2-3 üzvünü saxladılar və bundan sonra hərəkat referendum qarşı fəaliyyətini dayandırdı, oyundan çıxaraq prosesi yarımçıq qoydu. Bu ittihamları necə qəbul edirsiniz?

– Əvvəla bu daha çox taktiki gediş idi. Biz referendum prosesinə ona görə qoşulmuşduq ki, təbliğat işini qura bilək və insanlara referendumla bağlı məlumat verməklə parallel olaraq REAL haqqında da informasiya verək. Bizim 300 minə yaxın flauer müsadirə edildi, mən gecə ikən saxlanıldım, iki gənc inzibati qaydada saxlanıldı, bəzi dostlarımız polisə dəvət olundu. Bütün bunlar təbliğat işlərinin qurulmasında ciddi maneə idisə, bu zaman prosesdə iştirakın məntiqi yox idi. Bu əlavə resurs və zaman itkisinə səbəb olacaqdır. Odur ki, REAL İdarə Heyətinin məlum qərarı taktiki gediş olmaqla bərabər doğru qərar idi.

Yəni geriçəkilməniz doğru qərar idi?

– Bu əslində geriçəkilmə deyildi. Söhbət ondan gedir ki, referendumla bağlı təbliğata imkan verilmirsə, ümumiyyətlə prosesin məntiqsizliyini bir daha bəyan etmək fürsəti var. Məncə, REAL bu fürsətdən yaxşı yararlandı.

Bu məntiqlə sabah siz parlament və ya president seçkilərinə gedə, milləti özünüzə inandıra və hansısa mərhələdə seçkidə iştirakdan imtina edə bilərsiniz. Bu ciddi məqam deyilmi?

– Nəzərə alın ki, referendumla seçkilər arasında ciddi fərq var. REAL-ın prezident seçkilərində iştirak təcrübəsi var. Sədrimiz həbsdə olduğu halda biz onun namizədliyini irəli sürdük, qeydə alınması üçün 43 min imza topladıq. Lakin onu qeydə almadılar. Eləcədə 2010-cu ildə REAL təzə yaransa da biz 3 nəfər seçkiyə qatıldıq. 2015-ci il parlament seçkilərində isə 12 namizədimiz var idi. Kifayət qədər də cəlbedici kampaniya apardıq. Odur ki, referendumla seçkiləri eyniləşdirmək doğru deyil. Seçki dönəmində REAL-ın atacağı addımla referendum öncəsi atacağı addımlar arasında konseptual fərq var.

Yəni REAL cüzi repressiyadan çəkinərək referendum prosesindən çıxdı iddiasını əsassız sayırsınız?

– Bu əsassızdır. Bu ittiham və şayiələri yayanlar İlqar Məmmədovun 3 il 8 ay həbsdə qalmasına baxıb utansınlar. Heç bir təşkilatın rəhbəri bu günə qədər həbsdə olmayıb və ya bu qədər müddətdə həbsdə yatmayıb. İndi bu ittihamları səsləndirənlər bu fakta diqqət yetirsinlər. Əgər REAL həbs və represiyyalardan çəkinərək geri çəkilməsini seçim kimi qarşısına qoysaydı İlqar Məmmədovun həbsindən sonra dağılıb gedərdi. Bu qərəzli yanaşmadır.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Polad Bülbüloğlu: “Bircə Qarabağ problemini həll etmək qalıb”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: