Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Nardaran işi” məhkəməsində: “Polisi gözümün qabağında öz həmkarı vurdu” VİDEO

Təqsirləndirilən şəxslər dövlətin ayırdığı vəkili zaldan qovdu

“Nardaran işi” üzrə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin və qurumun daha 16 üzvünün məhkəməsi avqustun 4-də davam edib.

Budəfəki prosesdə təqsirləndirilən şəxslərdən 5 nəfər ifadə verib.

 

Əvvəlcə Rasim Cəbrayılov dindirilib. O, bildirib ki, qətlə yetirilən polislərdən birini onun gözü qarşısında digər polis yoldaşı güllələyib:  “Noyabrın 26-sı günorta namazı vaxtı mən həyətdə idim. Təxminən 70-80 nəfər qara maskalı evi mühasirəyə aldı, bir qismi də evə hücum etdi. Mənə 14 rezin güllə dəyib. Həyətdə həbs olunanlardan biri mən olmuşam. İçəri girən kimi atəş açmağa başladılar. Mənim əllərimi qandallayıb aparanda polislərdən biri gözümün qabağında yaralandı. Qara maskalılardan biri o birinə qışqırdı ki, “Zalım balası, neyəndin. Bu öldü ki!”. Yaralı maskalını qucaqlarına götürüb apardılar. İki mebel maşını gətirmişdilər. İnsanları zibil kimi maşına tullayırdılar. Yaralı polisi sağdakı maşına qoydular. Məni isə soldakına. Yazıblar ki, guya bizdə silah-sursat olub. Hamısı özlərində olub. Bizdə heç kibrit çöpü də olmayıb. Mən həmin gün və ondan sonra edilən vəhşilikləri ancaq efirlərdə, “Arka sokaklar” filmində görmüşəm. Onların elədiklərini sözlə ifadə eləmək mümkün deyil. Elə şeylər var ki, burada xanımlıar olduğundan danışa bilmirik. Bandotdeldə 5-ci mərtəbədə ayrı-ayrı torbalara silah qoyub, qablaşdırıb üstünü möhürləyib, adlarımızı yazmışdılar. Vallah, ittiham aktında yazılanlar boş şeydir. Hamısı yalandır. Bizi maşına mindirib aparanda maşının içində üstümüzdə elə gəzirdilər ki, sanki yerə kartof töküblər və üstündə gəzirlər. Silahın qundağı ilə vurub qaşımı partlatdılar. Mən hələ söyüşləri və təhqirləri demirəm. Fərahimi maşının içində döyə-döyə öldürdülər. Bandotdelə aparandan sonra gecənin bir yarısı üzü divara saxlayıb, əli qandallı döyürdülər.Təsəvvür edin ki, başımdakı yaranı tikmədilər, dedilər ki, başını yastığa qoyma, yataq dəstinə qanın dəyər. Gecə saat 3-də, hamı yatdığı vaxtda bizi qaldırıb 5-ci mərtəbədə dubinka ilə döyüb, toka verirdilər.

12 dekabrda Kürdəxanıya aparıb, 1 saat ərzində qeydiyyatdan keçirib, yenidən bandotdelə qaytardılar. Vəkilə yalvarırdım ki, evə xəbər ver. Çünki onların öldü-qaldımdan xəbərləri yox idi. İfadələrimi təsdiqləmirəm, çünki onu dəhşətli işgəncələr altında vermişəm. Məni işgəncə ilə Nardarana aparıb çəkilişə onların dediklərini təkrarlamağımı tələb ediblər. Çəkilişdə məni məcbur etdilər deyim ki, Tale Bağırzadə evin içində bizə atəş açmağı əmr edib. Mən bunu işgəncələr altında demişəm. Tale bizim ruhanilərdəndir və ona böyük hörmətim var. Biz tərəfdən heç kim polisə müqaviməyt göstərməyib, silahlı olmayıb.

Məni üst-başım cırıq şəkildə, qan içində dindiriblər. Yazıblar ki, guya Abbas Hüseynov və Əkbər silah gətirib və bizə paylayıblar. Bu onların öz uydurmasıdır. Abbas bir müddət mənimlə eyni kamerada qalırdı. Onu o qədər döymüşdülər ki, yerindən tərpənə, su içə bilmirdi. Bütün bu şərəfsizlikləri edənlərə ayıb olsun. “Qarmoşka”nı açıb vərəqi uzadırdılar ki, qol çəkin. Gecə yatanda fikirləşirdik ki, görəsən yenəmi gələcəklıər? Lap böyüklərinin yanına qalxanda mənə bir kitab göstərib dedilər ki, bu Tale Bağırzadənin müraicət kitabıdır. Mən də dedim ki, görmədiyim bir şeyi deyə bilmərəm. Elə düzüb-qoşublar ki, guya biz 26 noyabrda əməliyyatın olacağını bilirmişik və buna görə də 25-də bizə gətirib silah paylayıblar. Mən nə İslam dövləti qurmaq istəmşəm, nə də dövlət çevrilişinə cəhd etmişəm…”.

Daha sonra təqsirləndirilənlərdən Zakir Mustafayev ifadə verib: “Mənim barəmdə ittihamda yazılanların hamısı saxtadır. Mən də hadisə baş verən gün evdə, ehsan süfrəsində idim. Tale Bağırzadəni və digərlərini maşına mindirdilər. Amma mənim əlimi bağladılar. Sonradan mənim əlimi orada olan qadınlar açdı. Mən Nardaran sakini deyiləm. Maşınım da həmin evin qarşısında idi, şüşələri sındırılmışdı. Mənim özümü də həmin gün vəhşicəsinə döydülər. Hadisədən iki gün sonra həmin yerə gəlib, maşınımı götürmək istədim. Amma post qurmuşdular, Naradran sakini olmadığım üçün buraxmadılar. Bundan sonra normal həyatıma davam edirdim. Qardaşım Gəncədə yaşayır. Ona zəng edib deyiblər ki, sənin adına olan maşınla qəza tördəilib. Anca o polisə gedəndə məlum olub ki, onu yox, məni axtarırlar. Sonra mən maşınımın aqibətini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinə getdim. Dedilər ki, gözləməlisən. Səhər 11-dən axşam 8-ə qədər gözlədim. Sonra mənə dedilər ki, rəsi səni təhqir eləsə cavab vermə. Mən də başa düşmədim ki, məni niyə təhqir etməlidir? Rəisin otağına girəndə məni görən kimi dedi ki, “gəl görüm ə, bandit. Silahlar hardadır?”. Sonra məni təhqir etdi. Döyməyə başladılar. Əməliyyatçıların otağına aparıb stula qandalladılar. Döyüb, dedilər ki, burda bağlı qalsın. Mənə sabaha qədər vaxt verdilər ki, düşünüm. Deyim ki, guya Tale bizə silah verib, çevriliş hazırlayıb. Dedilər özünə yazığın gəlsin, 3 uşağın var. Mən isə bununla razılaşmadım, dedim ki, sizin də ailəniz var. Sonra məni rəisin maşınında, başıma torba keçirib bandotdelə apardılar. Kaş ki, Allahın bir möcüzəsi olaydı, bizə orada edilənləri sizə göstərə bilərdik. 28 gün orada saxlanıldım. Məni ailəmlə təhdid etdikləri üçün onların dediklərinə qol çəkdim. Dedilər ki, ailəni bura gətirəcəyik. Sonra da məndən tələb etdilər ki, əməliyyat çəkilişlərində onların dediklərini deyim. Məni Maştağaya apardılar, hasarın dibinə qumbara və silah qoydular. Dedilər ki, get ordan çıxar…

Nardaran hadisələri hakimiyyət daxilindəki hansısa bir xəyanətkar qruplaşmanın işidir. Mən bandotdeldə olanda vəkil istədim. Dedilər ki, vəkil yoxdu. Sonra məni Kürdəxanıya aparanda ailəmə dedim ki, mənə vəkil tutsunlar. Əlimi Qurana basıram ki, bizdə silah olmayıb. Bandotdeldə Kərim adlı şəxs mənə dedi ki, səni burda öldürüb, qanını itirərik dedi”.

Təqsirləndirilən Aqil İsmayılov isə ifadəsində bunları deyib: “Bu ittihamlar yalan və böhtandan başqa bir şey deyil. Kimlərinsə fərziyyəsi ilə tutulmuşuq. Hadisə günü xəbərdarlıq atəşi açmadılar, birbaşa insanları vurdular. Güllə yağdırdılar. Həmin vaxt məhərrəmlik ayı idi. Əvvəlcə Pirə getdim, ordan da Əbülfəzin evinə imam ehsanına. Əməliyyat olanda mən özüm təslim oldum. Bir metr məsafədə idim. Əllərim bağlı olduğu halda başıma avtomat sıxdılar. İndi baxın, görün günahkar kimdir. Maşının içində bizə olmazın işgəncələr verdilər. Maşının içində silahın qundağı ilə bizə haradan gəldi vururdular. Fərahimə o qədər vurmuşdular ki, dubinka əyilmişdi. Onu döyə-döyə vəhşicəsinə qətlə yetirdilər. Taleyi maşında o qədər vurdular ki, artıq səsi çıxmırdı. Mənim başımı partlatdılar. Elə hərəkət etdilər ki, bunu erməni etməzdi. Üstümüzə silah çəkib dedilər ki, sizi öldürəcəyik. Hamımız kəlimeyi şəhadəti gətirdik. Əkbərin cəsədinin üstündə gəzirdilər. Bizi maşında bandotdelə apardılar. Orada bir dəstə ac qurd kimi bizi gözləyirdi. Təkcə məni 3 nəfər döyürdü. Həkim gəldi, ona dedilər ki, bunun burnunu kəs. Həkim də dedi ki, Hipokrat andı olmasa idi, kəsərdim… Bunlar da özlərinə adam deyib, gəzirlər. Məni ailəmlə təhdid edib, qol çəkdirdilər. Konkret dedikləri o idi ki, qeyrətinizi burada qoyun gedin. Mənim cibimdə 30 qəpik pul olub. Bunlar onu limonka ilə səhv salıb. Mən heç bilmirəm ki, limonka necə olur. Necə oldu ki, hamımızın sol cibindən kitabça, sağ cibimizdən də qumbara çıxdı? Ölən 6 nəfərin qanı bunların üəzrindədir. Bu anaların göz yaşı tez-gec onların axırına çıxacaq. İstintaq zamanı təyin olunmuş vəkildən mənə qarşı irəli sürülən 120-ci maddənin nə demək olduğunu soruşdum, amma izah etmədi. Mən bu vəkildən indi imtina edirəm. O, vəkil kimi məni müdafiə etməyib”.

Bu zaman vəkil Səfər Hüseynov müvəkkilini yalan danışmaqda ittiham edib: “Yalan deyirsən, adamın vicdanı olar”.

Təqsirləndirilən şəxs də vəkilə cavab qaytarıb: “Vicdansız sənsən”.

Bu an məhkəmdə gərginlik yaşanıb və təqsirləndirilən şəxslər həmin vəkilin zaldan çıxarılmasını istəyib. Etirazların qarşısında vəkil zalı tərk edib.

Prosesin davamında Tale Bağırzadə danışıb: “Bizi narahat edən odur ki, Vəkillər Kollegiyası vicdanlı vəkilləri cəzalandırır, kollegiyadan xaric edir. Amma sifariş icra edən bu cür vəkillər iş başındadır. Bizi narahat edən vəkil vicdansızlığı, bunların da çirkaba bulaşmasıdır”.

Digər təqsirləndirilən İlqar Xudaverdiyev də dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

Sonra Ramin Yarıyev ifadə verib: “Adətən belə hadisələrdə xəbərdarıq atəşi açırlar. Amma bunlar birbaşa bizə atdılar. Əkbərin sinəsindən vurdular. Onun maşında qollarını və ayaqlarını sındırdılar. Məni və digərlərini maşında döydülər. Mən verdiyim ifadələri təsdiqləmirəm. Rafael və Əkbərin maşında cəsədi var idi. Fərahimi də döyüb öldürdülər. Biz silahlı şəxslərə necə müqavimət göstərə bilərik?”.

Taleh Bağırzadə bu yerdə replika verib: “Bu adam 3 ay idi ki, namaza başlamışdı. Bu, dini dərk etmədiyi halda necə İslam dövləti qura bilərdi? Biz həmişə demişik ki, bu hakimiyyət dövlət çevirilişi edir. Bu çıxışlarımıza görə həbs ediləcəyimizi bilirdik. Mən həbs ediləndə dedilər ki, niyə hökumət əleyhinə danışırsan? Niyə deyirsən ki, Azərbaycan ermənilərə qaz verir, amma bizə vermir?”.

Sonra təqsirləndirilən Əli Nuriyevin ifadəsi dinlənilib: “Mənim adımdan yazıblar ki, guya mən Zakirdən hacı Taleyin qaldığı evdə silah olduğunu eşitmişəm. O ifadənin mənə heç bir aidyyəti yoxdur. Mənə 7 rezin güllə dəyib. Qurana əl basıram ki, Abbas mənə nə silah, nə qumbara, nə də bıçaq verib. Dodağıma 4 tikiş vurublar. Alt və üst dişlərimi sındırıblar. Bizi bandotdelin həyətində düşürüb zülm edəndə ətraf binalarda olanlar eyvandan görürdülər. Mənim dodağımı həyətdə tikdilər. Qolumda güllə yerindən qan axırdı. Mənə təyin olunan vəkil deyirdi ki, sən cinayətkarsan, səni necə müdafiə edim? Dekabrın 30-u biz Kürdəxanıya köçürüldük. Yanvarın 1-də ilk dəfə evlə əlaqə saxladım. Ailəmə demişdilər ki, ayağımı kəsiblər. Anam telefonu götürən kimi dedi ki, “Əli, ayağını kəsinblər?”. Dedim ki, yox. İnanmadı. Ancaq məhkəmədə gəlib görəndə inandı ki, ayağım kəsilməyib. Mənə təyin olunan vəkilə dəfələrlə yalvardım ki, evə xəbər elə, sağam. Amma etmədi. Mənə vəkilin yanında 6-7 ağ vərəqə qol çəkdiriblər. Bandotdeldə Kərim adlı şəxs mənə tok verdi, dedi ki, səni öldürərəm, deyərəm, qaçmaq istəyirdi, yıxıldı. Dedim ki, öldürün, amma kiminsə üzünə qoymayın. Azyaşlı əmimoğlu və qardaşım var. Onların şəklini göstərib dedilər ki, əgər onların da bura gəlib, sən çəkən əziyyəti çəkməsini istəmirsənsə, yazılanları imzala. Allah o Kərimə lənət eləsin. Mənə verilən işgəncələrlə bağlı Prokurorluğa, Ombudsmana, Qırmızı Xaç Komitəsinə müraciət etdim. Ombudsamndan mənə cavab gəldi ki, siz müqavimət göstərmisiniz. Axı mən yalın əllə silahlı şəxslərə necə müqavimət göstərə bilərdim?…”.

Məhkəmə prosesi avqustun 10-da digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.


24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Belə işgəncələr Hitler və Stalin rejimlərində olub”

%d bloqqer bunu bəyənir: