Loading...
Loading...

Nardaran işi: Kərbəlada xanımlara qamçı, Nardaranda isə rezin güllə vurdular

Abbas Hüseynovun prosesə qatılmasına icazə verildi

Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilən “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Deyirdik, bu hökumət yeziddir

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclas başlamazdan əvvəl Taleh Bağırzadə çıxış edib. O bildirib ki, artıq Azərbaycanda Məhərrəmlik ayı başqa cür keçiriləcək:

“Artıq Allah seçim istəyir. 1400 il əvvəl Kərbəlada bacılara, xanımlara qamçı vururdular. Nardaranda isə rezin güllə vurdular. Deyirdik, bu hökumət yeziddir, xoşlarına gəlmirdi. Bu gün nəsə deyə bilməzlər. Çünki artıq yezidlik ediblər. Allah seçim istəyir. İmam Hüseyn dedi: “Yezid, mənim kimilər sənə beyət etməyəcək”. Bu məsələ qiyamətə qədər açıqdır. Çoxu deyirdi ki, hacı, belə danışma. Artıq höccət tamam oldu. Nardaran hadisələrində hakimiyyətin geydiyi din maskası yırtıldı. Kimsə bu maskanı tikmək istəsə, əli qana batacaq. Artıq qanun çıxarıblar ki, küçədə kim qara bayraq qaldırsa, İmam Hüseyn desə, 2 min manatdan 25 min manata kimi cərimə olunacaq. Bu hakimiyyət aradan getməlidir. İstəyir gedib Kəbənin başına çıxsın, içinə girsin xeyiri yoxdur. Biz şah istəmirik. Nardaran hadisələrində göstəriş yuxarıdan verilmişdi. Məhərrəmlik ayında yezidkimilər narahat olur. Heç kim zənn etməsin ki, bu hakimiyyətdəkilər nə vaxtsa islah olacaq. Bu, heç vaxt olmayacaq”.

Abbas Hüseynov iclasa qatıldı

Daha sonra proses başlayıb. Hakim Ə. Abbasov Abbas Hüseynovun məhkəməyə müraciətinin daxil olduğunu deyib. Bir daha Abbas Hüseynova xəbərdarlıq edib. Bildirib ki, qaydaları pozmaq olmaz və nəyəsə etirazı olsa, vəkilləri vasitəsilə, qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. A. Hüseynov isə qaydaları pozmadığını, zərərçəkmiş kimi dindirilən polislərə istiqamətverici suallar verilməsinə etiraz etdiyini deyib: “Biz o qədər zədələr almışıq ki, bunları rahat qəbul edə bilmirik”.

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəkkili Ramil Salmanov ifadə verib. O da digər şahidlər kimi Taleh Bağırzadə barədə onlara məlumat daxil olduğunu və buna görə orada əməliyyat keçirdiklərini, Cahad Babakişizadəni zərərsizləşdirdiyini deyib. Şahid vəkillərin suallarının çoxuna “xatırlamıram” cavabın verib. Vəkil Nemət Kərimli isə şahidin yaddaş pozğunluğundan əziyyət çəkdiyini deyib və bunun yoxlanılması üçün vəsatət vermək istəyib. Lakin hakim vəsatətin dindirmə bitdikdən sonra müzakirə ediləcəyini deyib.

Şahid suallara cavab olaraq deyib ki, zərərçəkmiş kimi istintaqa müraciət etsə də, müraciətin tarixini xatırlamır. O, hər hansı şikayətinin olmadığını da deyib. Fuad Qəhrəmanlı isə bildirib ki, şahidlər yalan ifadə verirlər:

“Adam gəlir burada yalan danışır, sonra da utanmaz-utanmaz baxıb adamın üzünə deyir ki, belədir də. Bu adam deyir ki, zərərsizləşdirdiyi adam bir əlində nunçaqi oynadırdı, bir əlində qumbara var idi. Həmin adam sinəsindən də güllə yarası alıb. Bu, necə ola bilər axı? Bu adam öz dili ilə yalan danışır. Deyir ki, həyətə səkkizinci adam olaraq girmişəm. Həyətdə də on nəfər olanda qumbara partlayıb. Sonra da deyir ki, mən qumbara partladığını görməmişəm. Bunu necə izah etmək olar?” Şahid gördüklərini söylədiyini deyib. Hakim isə hər şeyi eşitdiklərini bildirib: “Siz nədən narazısınız, bilmirəm”.

Cahad Babakişizadə zaldan çıxarılsın

Bu zaman təqsirləndirilən Cahad Babakişizadə şahidə nalayiq əl hərtəkəti göstərib. Hakim dindirməni dayandırıb və C. Babakişizdənin zaldan çıxarılması barədə göstəriş verib. T. Bağırzadə isə C. Babakiçizdənin düzgün hərəkət etmədiyini deyib: “Biz belə hərəkət etməməliyik. Başa düşürəm ki, o, gəncdir, dözmədi. Amma biz onların tayı deyilik. Bu formada mübarizə aparmamalıyıq”.

Hakim isə təqsirləndirilən şəxslərə bir daha xəbərdarlıq edib və bildirib ki, bundan sonra bütün hərəkətlərə məhkəmə tərəfindən qiymət veriləcək. Vəkil Yalçın İmanov isə Ramil Salmanovun ekspertizadan keçirilməsini istəyib. Bildirib ki, onun hadisələri xatırlayıb qavramasında şübhələri var. Hakim vəsatəti müzakirəyə çıxarmayıb. Daha sonra Yalçın İmanov hakimdən sentyabrın 22 və 23-də keçirilən iclasların protokollarını istəyib. Bildirib ki, həmin iclaslarla bağlı hakim vəkillərdən Vəkillər Kollegiyasına şikayət göndərib. O, həmin məktubun nüsxəsini də istəyib: “Bu, təzyiq mahiyyəti daşıyır və əsassızdır. Hesab edirik ki, həmin iclasın protokolları təhrif edilib”. Hakim protokolun hazır olmadığını, hazır olanda tanış olacaqlarını deyib. Bildirib ki, o, şikayət yox, kollegiyanın sədrinə məlumat yazıb: “Gedin, kollegiyada tanış olun. Mən sizdən şikayət etməmişəm”. Yalçın İmanov isə bildirib ki, hakim iclasda effektli vəkillik olmasını istəmir: “İstəyirsiniz vəkillər istintaqdakı kimi olsunlar, onların döyülməsində iştirak edib, “varanok”da gedib gəlsinlər. Biz müdafiə etdiyimiz şəxslərin istəyinə uyğun hərəkət etmişik”.

Daha sonra iclasda digər şahid BMCMİ-nin əməkdaşı Firuz Mehdiyev ifadə verib. O, Əbülfəz Bünyatovu zərərsizləşdirdiyini deyib. Vəkil Yalçın İmanov isə ondan Əbülfəz Bünyatovun aldığı xəsarətlərlə bağlı soruşub. Şahid xəsrətlər barədə bilmədiyini deyib. O, mənəvi zərər çəkdiyini də söyləyib.

Proses sentyabrın 30-da davam edəcək. (meydan.tv)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Vahid Mustafayev ANS-çiləri bir yerə yığdı – Yeni iş

Loading...
%d bloqqer bunu bəyənir: