Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tb2

“Nardaran işi”: Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir

Taleh Bağırzadə: “Ramil Usubov artıq başını itirib”

Oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi davam etdirilib.

Vəkilin iki vəsatətindən biri təmin edilib

İclasda təqsirləndirilən şəxslərdən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova çıxış edib. Vəkil bildirib ki, Ş.Abduləliyev Nardaranda baş verən hadisə zamanı yaralanıb və xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib. Z. Sadıqova bununla bağlı xəstəxanadan məktub aldığını deyib və həmin məktubu məhkəməyə təqdim edərək iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Z.Sadıqova hadisə yerinə təcili tibbi yardım maşını çağırıldığını deyən polis əməkdaşlarının ifadələrinin iş materiallarından çıxarılması, məhkəmədə yalan ifadə verdikləri üçün barələrində tədbir görülməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Bu, birbaşa faktın saxtalaşdırılmasıdır

İclasda çıxış edən vəkil Yalçın İmanov isə deyib ki, ötən iclas zamanı ifadə verən şahidlər Valeh Abbasov və Samir Babayev istintaq zamanı verdikləri ifadələrdən imtina etdikləri üçün onlar və digər məhkəmədə ifadə verəcək şahidlər Sabunçu rayon 14-cü Polis İdarəsinə aparılaraq təzyiqə məruz qalıblar. Vəkillər adı çəkilən şahidlərə bölmədə işgəncə verildiyini deyib. Vəkil Gülşən Salmanova bu faktla bağlı Baş Prokurorluğa müraciət olunmasını istəyib. Bildirib ki, bu, birbaşa sübutların saxtalaşdırılmasıdır. Məhkəmə vəsatəti təmin edib. Bildirilib ki, faktla bağlı bu gün Bakı şəhər Prokurorluğuna məktub yazılacaq və məsələnin təcili yoxlanılıb, məlumat verilməsi tələb olunacaq.

Taleh Bağırzadə isə deyib ki, məhkəməyə gələn şahidlərə təzyiq edilir: “Bundan sonra şahidlər gəlib istintaqa verdikləri ifadələri təsdiq etsələr, biz əmin olacağıq ki, onlara işgəncə verilib. Güc strukturlarının məhkəməyə bu qədər təzyiq etmələri məhkəmənin imicinə ziddir. Bəziləri konkret güc nümayiş etdirmək istəyirlər. Ramil Usubov bu əməliyyatı keçirməklə hakimiyyətin imicinə MTN-dən çox zərbə vurub. Ramil Usubov artıq başını itirib. Öz günahlarını güc nümayiş etdirməklə ört-basdır etmək istəyirlər”.

Bu hakimiyyət çoxunu bədbəxt edib

Daha sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub:”Bir dəfə İmam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa “doğrudur” yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb, onu siyasətçi kimi tanımışam”. Vəkil Yalçın İmanov deyib ki, şahid istintaq zamanı ifadəsində deyib ki, F.Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə F.Qəhrəmanlının irqi, milli, dini ayrıseçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır.

İfadəsində “F.Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparır” fikri qeyd olunub.

Şahid istintaq zamanı belə ifadə vermədiyini, ifadəsinin təhrif edildiyini deyib.

Fuad Qəhrəmanlı isə deyib ki, proses siyasi xarakter daşıyır: “Bu hakimiyyət çoxunu bədbəxt edib. Günahsız adamları şahid kimi məhkəməyə çağırırlar. Hakimiyyətin 37-ci ili xatırladan repressiya siyasətində üzə duran kimi çıxış etmədiyiniz üçün təşəkkür edirəm. Utanıb, ölmək əvəzinə yenə də saxta ittihamı müdafiə edirlər. Ayıb olsun Azərbaycan hakimiyyətinə. İnsanlara o qədər hörmətsiz yanaşırlar ki, onların adından yalan ifadə yazırlar və hesab edirlər ki, onlar gəlib bu ifadələri məhkəmədə təsdiq edəcəklər”.
O, şahidə məhkəmədə verdiyi ifadəyə görə təşəkkür edib.

Daha sonra iclasda şahid İlkin Məmmədov dindirilib. O,”Azad xəbər” saytında redaktor işlədiyini, Taleh Bağırzadənin hakimiyyət əleyhinə çıxış etmədiyini, xalqa edilən əziyyətlərdən danışdığını deyib. Bildirib ki, onu ötən ilin dekabrın 1-də polislər həbs edərək, 22 sutka inzibati həbs cəzası veriblər: “Bu iş üzrə məndən ifadə alanda özüm həbsdə idim. Guya yolda söyüş söymüşəm. Mən bunu özümə təzyiq vasitəsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, mən Taleh Bağırzadəgillə işlədiyim üçün həbs olunmuşdum. T. Bağırzadə heç zaman dini dövlət qurmaq, silahlanmaq, dövlət çevrilişi etməkdən danışmayıb”.

Şahid Samir Mirzəzadə isə ifadəsində deyib ki, “Azad xəbər” saytında işləyib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyini deyən şahid yazılanları oxumadan imzaladığını, ifadə verən zaman fiziki təzyiqə məruz qalmadığını deyib. Bildirib ki, T. Bağırzadə çıxışlarında ölkədə baş verən proseslərdən danışıb. S. Mirzəzadə ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan dindarlarla birlikdə olduğunu da deyib: “Mən jurnalist kimi baş verən hadisələri çəkmək üçün getmişdim. Məni də tutub idarəyə apardılar. Biləndə ki, jurnalistəm, mənə dedilər: “Üzünü divara çevir”. Orada həbs olunanları gətirib dəhlizdə yerə uzandırırdılar. Mən baxmaq istəyəndə isə qoymurdular. Telefonumu alıb çəkdiklərimi sildilər, üç gündən sonra telefonumu verdilər. “Bandotdel”də ifadə verəndə isə jurnalist vəsiqəmi aldılar və qaytarmadılar”.

Şahidləri öyrədib deyirlər, gedin məhkəmədə söyləyin ki, Taleh Bağırzadə İlham Əliyevi söyüb
Daha sonra prosesdə fasilə elan edilib. Fasilədən sonra hakim bildirib ki, vəkillərin vəsatətləri barədə Bakı şəhər Prokurorluğuna müraciət edib. Lakin prokurorluq həmin məsələni araşdırmaq üçün məhkəmədən vaxt istəyib. Vəkil Nemət Kərimli isə deyib ki, təqsirləndirilən şəxslərlə bağlı ekspertiza keçirən şəxs təqsirləndirilən şəxslərin ancaq ad və soyadını soruşmaqla kifayətlənir, heç bir tibbi avadanlıqdan istifadə etmir və xəsarətləri qeydə almır. Vəkil təkrar ekpertiza keçirilməsini məhkəmədən xahiş edib. Hakim isə deyib ki, vəkillərin söylədikləri barədə Ekspertiza İdarəsinin rəhbərliyinə müraciət edəcək və belə hal varsa, qarşısını almağı xahiş edəcək. Hakim ekspertizanın rəyi gəlmədən ona qiymət verə bilməyəcəyini deyib.

Taleh Bağırzadə isə deyib ki, iclasda dəfələrlə Mehriban Əliyevanın polislər tərəfindən söyülməsi məsələsi danışılıb. Lakin bundan polislər başqa cür istifadə etmək istəyirlər: “Şahidləri öyrədib deyirlər, gedin məhkəmədə söyləyin ki, Taleh Bağırzadə İlham Əliyevi söyüb. Mənim çıxışlarım internetdə var. Mən heç kimi söymürəm, təhqir etmirəm. Bu, İlham Əliyev olsa belə söyüş söymərəm. Azərbaycan hakimiyyətini dağıdacaq, axırına çıxacaq əsas qüvvə Daxili İşlər Nazirliyidir”.

Təqsirləndirilən Cabbar Cabbarov isə deyib ki, polislər milli, dini ayrıseçkilik salırlar: “Bu maddələrlə bizi ittiham edirlər. Ancaq həmin cinayətləri elə polislərin özləri edirlər. Mehriban Əliyeva şüvəlanlı olduğuna görə, adın çəkən kimi söyməyə başlayırdılar. Biz danışanda siz bizim sözümüzü kəsirsiniz, ancaq bunda siz də maraqlı olmalısınız. Hər dəfə deyirəm ki, hansı polislər Mehriban Əliyevaya söyüblər. Elə onlar özləri dini, milli ayrıseçkilik salırlar. Keçən iclasda İlham Əliyevə də xəbər göndərdim ki, filan polislər xanımına söyüb. Ancaq bilmirəm bu xəbər ona çatıb, ya yox. İlham Əliyev əmin olsun ki, onun ailəsinə öz işçiləri söyüb”.

Proses noyabrın 7-də davam edəcək. (Meydan TV)

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Pan Gi Mun MDB ilə əlaqələrin genişləndirilməsini zəruri hesab edir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: